Şumaxerin samokatı

Şumaxerin samokatı
7 yanvar 2014
# 17:02

Xəyalların uşaqlığı oldu bizimki. Kiçik ağlımızla, kiçik dünyamıza bir dünyalıq adam sığışdırmışdıq. Bu dünyada kimlər yox idi ki... Kemal Sunal, Romario, Riki Martin, Barış Manço, Mixail Şumaxer...

Yarı şirin, yarı acı keçən uşaqlığımızda çox “Şumaxerlik” etdik. Hər addımbaşı acgözlüklə topladığımız taxta qırıqlarının koppuş əllərimizi didib qanatması “usta” qabiliyyətimizi nümayiş etdirməyimizə mane olmurdu. Çünki barmaqlarımızın ucunu göynədən bu şirin ağrı bizi “Şumaxer” edəcəkdi. Və ala-bəzək taxtalardan hazırladığımız əldəqayırma “samokat”larımızla küçələrdə şütüyərdik. Bizim üçün daşlı-kəsəkli yarış meydançamız şumal, par-par yanan “Formula-1” magistralından heç də geri qalmırdı. Sən deyən azarkeşimiz də olmazdı. Özümüzə nə gəlmişdi axı? “Samokat”larımız “Ferrari” olmasa da, özümüz “Şumaxer” idik...

“Ferrari”ni Şumaxersiz, Şumaxeri də “Ferrari”siz təsəvvür etmək çətin idi. Almaniyalı pilotun əsas yarışa neçənci sırada başlamaq üçün çarpışmasını da qaçırmazdıq. Şumaxerin əsas rəqibləri – Kimi Raykonen (fin pilot) və David Koulthardı (britaniyalı pilot) belə lənətləməkdən çəkinməzdik, təki Şumaxerin uşaq dəcəlliyi, uşaq sevinciylə şampanı rəqiblərinin üzərinə fışqırtmağına baxa bilək.

Şumaxeri ölkəmizdə demək olar ki, tanımayan yoxdur. Avtomobilin spidometri bir balaca cızığından çıxan kimi kənardakılar “Lap Şumaxersən ki...”, “Şumaxerlik edirsən?!” kimi replikalara səni “qonaq” edə bilər.

Şumaxer “Formula-1” yollarında bir neçə dəfə fors-major vəziyyətə yaxalansa da, xəsarət almamışdı. Di gəl ki, yeddi dəfə dünya çempionu olan pilot Fransada dağ-xizək kurortunda yıxılıb kəllə-beyin zədəsi aldı.

Şumaxeri həyatda saxlayan isə başındakı dəbilqə olub. Elə “Ferrari”sində də dəbilqə ilə baxırdı azarkeşlərinə...

# 2863 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
#
#
# # #