İnkarçılarımız

İnkarçılarımız
3 iyun 2011
# 14:50

“İnkar mübarəkdir!” – ulu babalarımız bu sloqanla türk millətini, qoy elə öz sözümüzlə deyək, çıxılmazlığa soxub. Yüzillər boyu inkişafımız bu hikmətlə tormozlanıb.

İnkarla zəhərlənmişlərik.

“Biz nə millətik”, “yaşamağa haqqımız yoxdur”, “erməni bizdən yaxşıdır” – mən yer üzündə bizim qədər özünə nifrin yağdıran, bu cür zəhər saçan ikinci bir millət görmədim.

Dialektika bu inkarın inkarını tələb edirsə də, dayanıb durmuşuq.
Dərhal səbəblərə varaq.

Dəfələrlə dediyimiz kimi, Şərq arealında türklüyün inkarı – bu günah islam ümmətçiliyinin boynundadır. Ərəb-islam tarixi daim müqəddəslik haləsində qabardılıb, türklər aşağılanıb. Görün, ölüm və qandan ibarət tarix də müqəddəs sayılarmı?

Bu yandan da mədəniyyəti büsbütün Avropadan köçürmə olan, siyasəti Avropa-Asiya xəlitəsindən ibarət Rusiya imperiyası Azərbaycana qənim kəsilmişdi. Hayıf, sevdiyimiz rus klassikləri də imperiya istilaçılığına, bir növ şərə, biganə qaldılar. Demək, onlar imperiyanın inkarı səviyyəsində mədəni deyilmişlər.

Dünyanın bu yeni, insan haqlarıyla zəngin və hətta modern çağında belə köhnədən də köhnə fars şovinizmi durub-durub Azərbaycana ağız atır, azərbaycançılığın qatı əleyhdarı olaraq çıxış edir. Neyləməli, mədəniyyəti daim əsarətə-ətalətə köklənən, ümumən, üzü şərə yönəlik farsların yüzillər boyu Azərbaycanı ləkələməyə gücü çatdı və buna indi də macal tapır, cəhdlər göstərir.

Ancaq yeni dünya düzəni təfəkkürü qartımış fars şovinistlərinin ambisiyalarını tamamilə rədd edir. Fars-molla rejimi artıq hətta səhih-səlim informasiya istehsalçısı qüdrətində də deyil. Axtarsan, İran adlı dövlətdə, məsələn, Səhər-2 telekanalında, bəlkə adicə eşşəyin ölməsi xəbəri də düzgün tərtib olunmaz. Yaxud eşşəyin ölməsi fars rejiminə faydalı yöndə, dini maarifçilik tonunda şərh edilər.

İnsanlığın irəli sıçramasında böyük əməyi olan yəhudi xalqını yer üzündən silmək istəyən bir rejimin başında dərrakəli və normal təfəkkürlü insanların oturması inanılmazdır.

İslamın müqəddəs atributlarını siyasi təzyiq və hətta alver predmetinə çevirən İran dövlətində islam qardaşlığı bir yalan növüdür.

Gedək o yana. Qloballaşma aləti olan postmodernizm də mədəniyyətimizin kökünə balta çalmada. Bu dalğada muğam da rədd edildi, folklor da, aşıq sənəti də. Bu süni cərəyan həm də dünyada narkomaniyanın tüğyanı ilə üst-üstə düşür; burası maraq doğurmaya bilməz.

Bəlkə də narkomaniyanın təzahürü olan postmodernizmin ümumbəşəri mədəniyyətə hüquqi varislik səlahiyyəti yoxdur. Postmodernizm calaq effektində perspektivsizdir.

Qardaşlar, inkarçılıq yenilik deyil, sadəcə, manqurtluqdur. Prinsipsizliyimizi tolerantlıq kimi qələmə verməyək.
Arvadbazlığımızdan doğan beynəlmiləlçiliyimiz torpaqlarımızın əldən getməsi ilə nəticələndi.

İctimai nihilizm sosial nevroz tipində xüsusi bir xəstəlikdir.
Gələk bu yana. Dünyada Azərbaycan dövlətinə hörmətsizliyi öz jurnalistikamız doğurur. Jurnalistlərimiz Azərbaycan xalqının imajını təmiz korlayır. Bəzi qəzetlər korrupsiya və digər əngəllərimiz üzərində parazitizmə yuvarlanıb. Burda ən müxtəlif parazitlər yaşayır.

Ölkənin qapı-pəncərələri açılsın, deyirəm, Azərbaycan jurnalistikasından gölməçə qoxusu gəlir!

Cəmiyyətdə fərdlərin dövləti yox, yalnız özünü düşünməsindən böyük fəlakət ola bilməz. Gec olsun, güc olsun, nəhayətdə anlamalıyıq ki, biz yalnız dövlətimizin tərəqqisində özümüzü düşünmüş olacağıq. Normalda budur. İfrat tənqid milləti əlacsızlığa, gələcəksizliyə dirəyir. Durub desəm ki, söz deməkdə elə mahirik, bu, düz çıxmaz. Söz qüdrətimiz maarifçi demokratlarla getdi. İndi başqa millətlərə bizim jurnalistləri döyə-döyə də oxuda bilməzsən. Bəzi istisnalarla ölkə dışında bizimkilərin yazısı tam dəyərsizdir.

Təriflərimiz də tənqidlərimiz kimi söz biçarəliyidir.

İqtidar və həm müxalifət siyasətçilərimiz isə artıq bizdəki buqələmun pedaqoqikaya da yaramır. Getdikcə də radikal müxalifət liderlərimizdə ağıl zəifliyi məlum olur. Avtoritarizm qıcıqlarına refleksləri adekvat deyil.

Amma unutmayaq da: nihilizm sağalan xəstəlikdir.


30 may – 3 iyun 2011-ci il

# 3130 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #