Gecikmiş öpüş

Gecikmiş öpüş
30 noyabr 2012
# 11:27

Bu günlər saytlarda belə bir xəbər var: “Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıda fanatları ilə görüşdü”. Şəkillərə baxıram: cavan uşaqlar. Amma 25-30, 40 il öncə Türkan xanımın nə fanatları vardı...

Bu xəbəri oxuyanda yadıma həm də Flora xanım düşdü - Türkan Şoray və Flora Kərimova. İkisi də birdən. Bir-birindən ayrılmadan.

Bəlkə də onlar heç zaman üz-üzə gəlməyib, yan-yana durmayıblar. Onları bir-birinə az-az və ümumi şeylər bağlayır – hər ikisi sənətçidir, hər ikisi demək olar ki, həmyaşıddır və təxminən eyni vaxtda sənətə atılıblar.

Müğənni Flora xanımın “Qanun naminə” filmində çəkilməsini, aktrisa Türkan Şorayın isə az-az şarkılar oxumasını da nəzərə almaq gərək.

Onları ümumiləşdirən daha bir və ən böyük məqam isə birinin Türkiyədə, ümumiyyətlə, müsəlman dünyasında, digərinin isə Azərbaycanda uzun illər gözəllik, qadınlıq simvolu olmalarıdır (Burada o deyimin müasir terminini bilə-bilə işlətmədim, nəvəsi ilə oynayan Flora nənədən ayıbdır).

Vaxt vardı, milyonlarla gənc, yetkin, orta yaşlı kişi onların hər bir hərəkətinə, baxışına duruşuna vurğunluqla baxardı.

Kədərlidir, çox kədərlidir, milyonların gözündə sevimli və gözəllik simvolu olub da, axırda, yaşlaşanda ötüb keçmiş gəncliyə və gözəlliyə xiffət duymaq, o gözəlliyin sahibi üçün nə qədər acıdırsa, onu zamanında görənlər üçün də o qədər qəm-qüssəlidir. Bu, böyük nostaljilərindəndir. Keçən günə gün çatmaz axı...

Onlar gerçəkdən də gözəl idilər - o dövrün meyarları ilə, əlbəttə.

Bu gün gözəllik meyarları dəyişib, indi 90-60-90 ölçülü modellər dəbdədir.

Ancaq o vaxtlar nə Türkan Şorayın, nə də Flora xanımın bədən ölçülərinə baxan yox idi, hamı onların gözlərinə, baxışlarına baxır, jestlərinə diqqət edir, səslərini dinləyir, sifət ifadələrinə diqqət kəsilirdilər.

Uzun illər öncə kinoteatrda Türkan Şorayın çəkildiyi “Minə” filminə, həm də montajsız variantına baxdığımı xatırlayıram. Minə gözəl bir gəlin, əri isə eşşəyin biriydi. Bu üzdən o, özü kimi yaraşıqlı bir kişiylə yasaq eşq yaşamağa başlayır. Ekranda sevgi-erotika dolu səhnələr bir-birini əvəz edir və kinoteatrın lap arxa oturacağında, məndən bir cərgə geridə oturmuş oğlanın zarafatla nişanlısına dediyini eşidirəm: “Amma, Minə əcəb gözəldi ha... ufff, neynirsən, ay qız, dərimi qopartdın ki...”. O məqamda qızın onun qolundan (yaxud, böyründən, budundan) burma çimdik götürdüyünü təsəvvür etməkdən asan bir şey yox idi. Adi qısqanclıq halı. Hətta oğlan o sözü deməsə də, qız evə qayıdanda onun dünyasını burnundan gətirəcəkdi: “Nə gözünü zilləmişdin?” Çünki o vaxtlar milyonlara kişi gözünü Türkan Şoraya zilləyirdi və milyonlarla qadın öz kişisinin yad qadına zillənmiş baxışlarını görürdü. Görürdülər və qısqanırdılar.

Bir də Qasım kişinin komendantlıq etdiyi tələbə yataqxanasının qırmızı guşəsində qoyulmuş ağ-qara “Beryozka” televizorunda Flora Kərimovanın konsertinə baxdığımızı xatırlayıram. Hamı ağzını ayırıb baxır və yuxarı kursda oxuyan yaşlı bir tələbə bərkdən bəyan edir: “Vallah, mənə gəlsə, bu gün alaram Floranı”.

Bunu deyən tələbə Flora Kərimovanın filmdə gəlin roluna çəkildiyindən azı beş il sonra doğulmuşdu. Aralarındakı yaş o qədər olardı. Amma oğlan tam səmimiyyətlə deyirdi ki, onunla evlənməyə hazırdır. Bu da bir fanat sevgisiydi. Əndazəsini aşmış fanat sevgisi.

O zaman otaqdakıların heç birindən səs çıxmadı, deyəsən, hamı onun fikrini bölüşürdü.

Gözəl sənətçilərin pərəstişkarları çox olur və onları öz fanatları üçün kulta çevirən bir neçə detal var: sənətləri, gözəllikləri, məşhurluqları, hamının onlara sevgi bəsləməsi. Gənc vaxtı adama elə gəlir ki, onun zirvələrdə olan kumiri bir gün öz zirvəsindən enib onu, heç kəsin tanımadığı adi bir tələbəni öpsə, o tələbənin dünyada heç bir dərdi-qəmi olmaz.

O dövrlərdə İran aktrisası Ququşun çəkildiyi “Uzun gecə” filmi nümayiş olunurdu. O filmdə ulduz müğənni özündən yaşca kiçik, adi bir gənci sevir. Bu film o vaxtlar gənclərin başını ayrıca xarab eləmişdi.

Sonradan gənclik yoldaşlarımızla açılışanda onlardan bir çoxu gülə-gülə etiraf edirdilər ki, o zamanlar Flora Kərimovanı sevirmişlər və ürəklərindən keçirmiş ki, bir möcüzə baş versin, Flora xanım onları öpsün.

Əyildim və Flora xanım məni öpdü. Bu hadisə üç-dörd il öncə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən və Adil Qeybullanın baş həkim olduğu “Loqmed” klinikasında baş verdi. Böyrəyinin daşı tərpənmiş qardaşımı Adil həkimin yanına aparmışdım. Həkim əməliyyatda idi. Gözləyirdik. Birdən Flora xanım öz qudası ilə klinikaya daxil oldu, doktoru soruşdu, əməliyyatda olduğunu bilincə, bizimlə üzbəüzdəki oturacaqda oturub gözləməyə başladı. Birdən onun gözü mənə sataşdı. Diqqətlə baxdı, əli ilə işarə verib dedi: “Sına, bir mənə yaxınlaş”. Yaxınlaşdım. O oturmuşdu, mən ayaq üstə qarşısında dayandım. Flora xanım dedi: “Sifətin mənə çox tanış gəlir, mən səni harda görmüşəm?”

Kim olduğumu dedim və əlavə etdim ki, əvvəllər bir neçə dəfə görüşmüşük, sadəcə, indi narahat etməmək üçün yaxınlaşmadım. Adımı deyəndə Flora xanım məni tanıdı və dedi: “Əyil, səni öpüm, sına”.

Əyildim... Sonradan nə vaxt toyda, nişanda rastlaşırıqsa, ona rəğbət bəsləyən jurnalistlərlə birlikdə öz kumirimizə yaxınlaşırıq və o, bizi öpür.

Adamın bir vaxtlar əlçatmaz saydığı kumiri ilə yaxınlaşması, hətta öpüşməsi nə qədər fərəh doğurucu olsa da, əslində, yuxarıda dediyim kimi, həm də kədərlidir. Ona görə yox ki, aradan uzun illər keçib və bir vaxtlar ən gözəl qadın saydığımız xanıma qarşı hisslərimiz çox dəyişib, əsasən ona görə ki, həyatın gözəllikləri necə soldurduğunu bütün hisslərinlə duyursan.

Türkan Şoray da Bakıya gələndə onun yaxınlığında olan, hətta öpüşmək fürsəti bulan adamlar bu fərqi yəqin ki, hiss etdilər.

Hətta Türkan Şorayı nəzərdə tutaraq “Minə çox gözəldir” dediyinin üstündə qısqanc sevgilisi tərəfindən çimdiklənən oğlan artıq 25 illik arvadının gözü qarşısında onu öpərdisə də, bu dəfə xanım onu qısqanmazdı. Çünki, bu, artıq o öpüş deyil.

Həyat belədir, o, gözəllikləri soldurduğu kimi, öpüşlərin də atəşini söndürür.

# 6280 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #