Gizli Bakı

Gizli Bakı
29 oktyabr 2013
# 11:19

“Bakıda mütəşəkkil, hətta bütün burada olan millətlərə qarşı üstünlük siyasəti aparan daşnaklar vardır. Erməni burjuaziyası, erməni tacirləri Tiflisdə gürcü burjuaziyasını, gürcü tacirlərini səhnədən çıxarıb ölkədə ağalıq etməyə başladıqları kimi, Azərbaycanda da, hətta onun mərkəzi sayılan Bakı şəhərində də hücuma keçmişlər. Onlar Bakı ticarətinin, Bakı neftinin, Bakıdakı möhtəşəm binaların səksən faizini mənimsəmişlər. Onlar az vaxtdan sonra Bakı sərvətdarlarını tamamilə sıxışdırıb aralıqdan çıxarmağa tələsirlər. Hazırda silah olmadan da, güllə açılmadan da müsəlman sərvəti ilə erməni sərvəri baş – başa vurmaqda və döyüşməkdədir.”

M.S Ordubadinin “Gizli Bakı” romanından

Əvvəllər mən Bakını çox sevirdim. Şərq və Qərb dəyərlərinin toqquşduğu bu polifonik məkana sevgimin kökü Xəzər dənizindən su içir, desəm, yanılmaram. “Xəzərin qucağında yatıb dincələn” Bakının qarışqa kimi qaynaşan insanları ilk baxışda adamda elə təəssürat yaradır ki, şəhər özü tənbəl, yatağan olsa da sakinləri işgüzar, çalışqan, kəl kimi dözümlü və sağlamdırlar.

Tofiq Quliyevin “Bakı haqqında mahnı”sını heç vaxt sonacan dinləyə bilmirəm. Mənə elə gəlir ki, bu mahnı Bakının yuxudan ayılıb özünə kənardan baxmasına mane olur.

Bakının dünyanın bütün ziddiyyətlərini özündə birləşdirən bir nöqtəsi var. Bura “Zavağzalnı” deyirlər. Keçmiş əyyamlarda erməni lotuları burada yerləşən kafedə donuz kababı çəkərdilər. İndi o kafenin yerində “Şuşa” restoranı tikiblər, kababçılar da özümüzünkülərdir. İldə-ayda bir Şuşa yadlarına düşə, ya düşməyə... Biz itirdiyimiz torpaqların adlarını Bakıda şadlıq saraylarına vermişik, içində düd deyincə yeyib-içib köpüklü sağlıqlar demişik, “Yanıq Kərəmi”yə qol götürüb oynamışıq...

Vağzalın üstündəki “Qarabağ” mehmanxanasının da axırına çıxdıq. Bu yer indi axşamlar vahimə doğurur və buranın hüznlü proyeksiyası çoxlarına Qarabağın özündən daha maraqlı görünür. Bu yeri zəbt etmək istəyən karlı- zorlu adamlar var. Onlar Bakıni göydələnlərlə fəth etmək istəyirlər. Bir vaxtlar Bakının yaraşığı olan “Xruşşovka”lara elə bu səbəbdən ölüm hökmü kəsildi.

Belə bir ideya təbii ki, rəhmətlik Xruşşovun öz ağlına gələ bilməzdi. Onun xaricdə görüb bəyəndiyi panellərdən tikilmiş kütləvi beşmərtəbə massivləri sonralar SSRİ-ni də ağuşuna aldı. O vaxtlar bu tipli tikililər Parisin fəhlələr yaşayan məhəllələrində kifayət qədər idi və onların istismar müddəti də çox az idi. Elə Bakının özündə də təzə tikilən bu binalara “vremyanka” deyirdilər. İndi bu binaların da axırı çatıb, tarix geniş ağzını açıb onları udmağa hazırlaşır.

Biz inqilabi romantikanin gerçəkliyin qart sifətinə çırpılan dalğalarında nələr görmədik? M.S. Ordubadinin təsvir etdiyi Bakı hələ də bizim üçün gizli olaraq qalır və yəqin ki, bundan sonra da belə qalacaq. Biz heç bu günümüzün gizli Bakısına, pərdə arxasındakı Bakıya rəhmətlik Ordubadi qədər bələd deyilik.

Bakı sadə insanlarımızın qafasında “can Bakı, can Bakı, can sənə qurban Bakı!” kimi sentimental əhvalda inikas edir. Toy-düyündə girdirmə Bakı arağından vurub keflənəndən sonra ara müğənnilərinə “Bakılı balasıyam” mahnısını sifariş verərək şabaş yarışına çıxmasaq qan düşər.

Tikilən körpülərin güdazına gedən körpülərdən xəbərimiz varmı? Hansı ki, o körpülər bizi uşaqlığımızın Bakısına aparırdı... Hardasa oxumuşdum ki, bu şəhərin işıqlı nəyi varsa, asanlıqla bir-iki çantaya yığıb aparmaq olar. “Bakı küləklər şəhəridir” deyib öyünənlərin ağlına həmişə şübhə ilə yanaşmışam. A balam, bu külək nə matah şey olub sizinçün?!

Müşfiqin “Küləklər”iylə indiki bu sırtıq, üzlü küləklərin nə əlaqəsi var, bilmirəm. Hələ o şeirin alt qatlarında gizlənən mənanı çözələyin, görün, nakam şair nə demək istəyib. Küləklər, bir də yağışlar həmişə Bakının paxırını açıb – töküb, əvəzində gül-bülbül şüərasının şah beytinə çevrilib. Bu da sənə daha bir təzad!

...Qara şəhərin sərhədləri boyunca uzanan genişlikdə sanki dünyanın sonuna yetişirsən. Göydələnlər bizi dünyadan, əsl Bakıdan ayrı salır. Göydələnlərdən yıxılıb ölənlər də şəhiddirlər. Sabah o göydələnlərdə rahat və asudə yaşayanlar binanın tikintisi zamanı əcəl-mayallaq olanları heç vaxt xatırlamayacaqlar amma...

Göydələnlərin kölgəsi altında yaşayan cırtdanlar bizik – o göydələnlərə tramvay pəncərəsindən, yastı – yapalaq damlardan boylananlar...

Uşaqlıqda mən Bakını çox sevirdim... Yayda sırtıq ağcaqanadları, qışda isə canavar ağızlı küləklərilə zəhləmi töksə belə uşaqsayağı xoşbəxtlik içində bu şəhərdə yaşamağımdan qürur duyurdum. Bu sevginin izləri köhnə qəlpə yarasının sızıltısı kimi hərdən məni yatmağa qoymur...

# 5870 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #