Vicdan

Vicdan
24 yanvar 2014
# 13:55

Novruz kişi darmacalda elə xoşbəxtliklə xanımını səslədi ki, sanki İlahidən vəhy almışdı. Çoxdan idi divarlarından da göz yaşı daman evdə belə məmnunluq ifadə edən səs eşidilmirdi:

- Gəl, ay ömrüm-günüm, gəl! Tapmışam.

- Nəyi tapmısan? Kasıbın tapdığı ya dərd olar, ya da…

- Xilas yolunu tapmışam. Demirlər kimin nəyə ehtiyacı var, onu axtarır? Biz kasıbların pula ehtiyacımız var, varlıların da vicdana. Vicdanımı satacam. Bu ölkədə ən defisiti vicdan döyülü?

- Satılası nəyimiz qalmışdı ki, ağlına vicdanını da satmaqdan başqa bir şey gəlsin.

- Sən sonra biləssən illərlə bizi kasıb salan vicdan nə günlər yaşadacaq bizə.

- Xeyirlisi Allahdan.

Novruz kişinin müştəri gözü ilə baxdığı ilk adam elə öz dostu Ələmdar idi. Arada-bərədə əlborcu götürdüyü Ələmdarla xeyirləşməkdə məqsədi həm də kəşfiyyat xarakteri daşıyırdı. Nə olacaqdı ki, Ələmdar onu məsxərəyə qoysaydı. Amma əvəzində biləcəkdi ki, münasibəti nətəridi. Ağzını arayacaqdı, el-obanın varlı-hallılarından kiminin daha çox vicdana ehtiyaclı olduğunu aydınlaşdıracaqdı.

Ələmdarla salam-kəlamı çox əzabda saxlamadı Novruzu. Oxu elə Ələmdar atdı:

- Day satdığa bir şey qalmadı, ay Novruz. Günün nətəri olacaq?

- Vicdanımı satacam! – ciddi-ciddi söylədi.

Novruz gözlədiyi qəhqəhə və ironiyanı, kinayəni görmədi. Əksinə, Ələmdar əsl müştəri kimi ciddi görkəm aldı. Elə bil sınan-satılan Novruz yox, Ələmdarın özüydü:

- Ay Novruz, sən indi onu necə satassan, necə təhvil-təslim eliyəssən, hansı notariusda addan-ada keçirəssən?

Novruz qəribə bir halsızlıqda idi. Ömrünün tam bir yarısını dostluq etdiyi Ələmdarın bu qədər “maral” olmağını indiyəcən niyə bilməmiş olduğunu kəsdirəmmədi. Ələmdarın imkanlı olmağı həmişə “ağıllı adamdı” qənaətini yaratmışdı Novruzda. İndi əlini yağda yandırıb ağzına təpmiş kimi oldu. Halsızlaşdı: “Ya Rəbbim, Sən məni illərlə bunamı möhtac etmişdin? Şükür sənə”.

Tez də ayıldı. Allahın Ələmdara möhtac saxladığı illəri kompensasiya etdiyinin fərqinə vardı.

- Ayə, nə təhvil-təslim, nə notarius? Bircə şərti var: mən vicdanımı bütöv ha satmıram a, əvvəlcə xəyanət etməmək hissəsini sənə verəcəm. Bacarsan, sonrasına baxarıq.

- Anlamadım, ayə, necə yəni bir hissəsini, vicdan da hissəylə olurmu?

- Bax, bax, bilmirsən. Sənə izah edim, dana. Bax, bazardan maşını diri də ala bilərsən, hissə-hissə də. İndi əgər sən məndən vicdan almaq istəsən, səndə ümumiyyətlə olmayan vicdanı tam almağa imkanın çatmaz, onçun da götürürsən bir hissəsini alırsan.

- …

- Əvvəl-əvvəl mən sənə xəyanət etməmək hissəsini satacam, sən mənə sübut edəssən ki, səndə xəyanət etməmək vicdanı var, ondan sonra qalan hissələrə müştəri düşəssən.

- Xeyirləşək?

Hərif tələyə gəlmişdi. Novruz Ələmdarın bütün var-yoxunu vərəvurd edib gözəyarı bir qiymət fikirləşdi ki, day Ələmdar hürkməsin. Həm də bəd ayaqda qaxınc da edə bilsin. Lap indiyənəcən Ələmdar onu lağa-məsxərəyə qoyduğu kimi, “sənin vicdanın heç on min manatlığa gəlmir” deyə araya qoyacağını da gözə alıb ləzzət alırdı.

- On min manata!

Novruz elə əminlik və arxayınlıqla dedi ki, “on min manata”, özünə də qəribə gəldi ki, ay dadi-bidad, bəlkə az dedim. Ələmdar da, doğrudan da, Novruzun sakitcə və əminliklə “on min manata” deməyinə şirnikləndi, elə bildi ki, vicdan deyilən hər nədirsə, bu qədər dahilər, alimlər, filosoflar dəyər verirsə, bu zəhrimara, deməli, dəyər və deyəsən, Novruz kasıbçılığından ucuz satır.

Sevincək:

- Xeyirləşdik. Əmbə birdən sən o mənə verdiyin vicdanın xəyanət hissəsi özünü doğrultmadı, onda nətəri olsun?

- Ələmdar, vicdan adamda ya olur, ya olmur. Oldusa olur, olmadısa, saxlaya bilmədinsə, küsəyən arvad kimi çıxıb gedəcək dədəsi evinə, yəni gələcək mənim yanıma. Mən də onu təzədən satacam. Vicdan xəyanəti sevmir. “Birdən”i odu ki, gərək xəyanət etməyəsən. Etdin, vicdan mənə xəbər edəcək.

Razılaşdılar, sağollaşdılar.

Üstündən üçcə gün keçməmiş, Ələmdar qapısında göründü Novruzun. Əlində də on min manat.

- Novruz, qadoy alım, al bunu da, əmbə heç kimə mənim xəyanətkar olmağımı demə.

- Demərəm, ay Ələmdar, demərəm. İndi gördünmü vicdanlı olmaq nə zülümmüş!? Day lağ etməzsən vicdanlı adamlara?

- Yox, qadoy alım, yox!

***

Novruz Arifə də eyni cür vicdanını satdı – yaltaqlıq hissəsini.

***

Novruz Raufa da eyni cür satdı vicdanını – zinakarlıq hissəsini.

***

Novruz kənddə, məhlədə adam qoymadı vicdanını satmasın.

Novruza maraqlı gələn oydu ki, evə gələn yüz minlərlə manatın bərəkəti yoxuydu-gəldiyiylə getdiyi bir olurdu!

Novruz bu vicdan alverində bir daha öz vicdanlı olmağıyla qürur duydu. Ətrafı nə qədər vicdansız olsa da, anladı ki, onlar da əziyyət çəkir - elə vicdansızlıqlarından.

Onlar day Novruzun dediyini qəbul edirdilər – vicdan olursa olur, olmursa olmur.

Vicdan sahibinə sadiqdir!

Hər kəsin vicdanı var. Və hamıda vicdan tam deyil. Hissə-hissədir.

Odu ki, kimi yaltaq, kimi xəyanətkar, kimi yalançı, kimi qayğıkeş…

Hamısı birində olmur, hərəsində biri olur.

Novruz özü üçün anladı ki, onda olan vicdan düzlük, mərdlik və səmimiyyətdir...

# 4378 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #