Vicdanım Rövşən Abdullaoğlu olmağa yol vermir

Rövşən Abdullaoğlu, Vüqar Babazadə

Rövşən Abdullaoğlu, Vüqar Babazadə

10 iyun 2022
# 15:00

Kulis.az Vüqar Babazadənin “Hüquqşünasın başa düşmədiyi əfsanə” adlı yazısını təqdim edir.

Azərbaycan xalqının fövqəladə ağlı

Bu yaxınlarda tanışım mənə dedi ki, Azərbaycanda qeyrətsizlik baş alıb gedir. Bakirə qızlar azalıb. Vəziyyət heç yaxşı deyil. Ölkənin tərbiyəsi pozulub-filan. Tanışım yekə kişidir. 30-35 yaşı olar. Mühafizəçi işləyir. Mən ona cavab verdim ki, bu məni narahat etmir. Əksinə, qızların öldürülməsindənsə, qızların ikinci cins kimi görülməsindənsə, onların bakirə olmamağı yaxşıdır.

Bir az keçəndən sonra o telefonu götürüb TikTok-a girdi. Mən də gizlincə onun telefonuna baxmağa başladım. Hansısa canlıya girib, baxmağa başladı. Onun adını oxudum. Onun adı “Miwka” idi. Girib rəy bölməsinə yazdı ki, “Miwka” gəldi, necəsiz?. Sonra ordan çıxıb, başqa bir videoya girdi və orda kiməsə ana söyüşü söydü. Ordan çıxıb, qazilərin problemi olan xəbərdə kimləsə mübahisə elədi, bu dəfə isə ona yaxşı bir nəsil-nəcabət söyüşü söydülər.

Halbuki bu tanışım daima kişilikdən, qeyrətdən, namusdan danışırdı. Onun öz adını “Miwka” qoymağı, asanlıqla söyülməyi və rahatca kiməsə ana söyüşü söyməyini görəndə mat qaldım. Onun belə həyasızlığına təəccübləndim.

Və mənə məlum oldu ki, indiyə kimi qələmimi süngü edib, səviyyəsiz şeylərdən yazmağım, kiməsə guya həqiqətləri deməyim, bayağılığın qarşısını almağım, əslində, boş yerə imiş. Ona görə boş yerə imiş ki, ölkədə hər kəs hər şeyi çox yaxşı bilir. Hər kəs yaxşı bilir ki, vəziyyət nə yerdədir. Hətta xalqın elə bic nümayəndələri var ki, söhbəti məndən daha yaxşı bilirlər. Artıq yazmağa heç bir səbəb yoxdur. Anlamışam ki, hər kəs həqiqətin nə olduğunu dərk edib, sadəcə özünü axmaq yerinə qoyub. Yaxşı ki, bu həqiqətə daha tez çata bildim. Azərbaycanlılar “düşünürəmsə, deməli yaşayıram” ifadəsini “düşünmürəm, amma nolub ki, yaşayışıma?” kimi dəyişiblər və həqiqətən də, əla yaşayırlar. Heç bir narahatlıqları yoxdur. Bu laqeydlik, bu biganəlik, əslində, yaxşıdır. Amma gec-tez qoca tarix bu laqeydliyin qisasını alacaq.

Həqiqətən, bizim adamlar çox ağıllıdır. Onlar sadəcə bu ağıllarını pula sərf etdikləri üçün, pul haqqında düşündükləri üçün ortaya nəsə çıxara bilmirik. Məsələn, siz bir norveçlini, hollandı, nə bilim isveçlini bizim Vasmoy bazarında, Sədərəkdə, maşın bazarında, Beynəlxalq Avtovağzalda təsəvvür edə bilirsiz? Mən təsəvvür edə bilmirəm. Buna təxəyyülüm çatmır. Bir holland maşın bazarında. Vay, vay, dəhşətdir. Hollandı nə günə salarlar orda, bir Allah bilir, bir də Azərbaycanlılar.
Bu baxımdan götürsək, Azərbaycan xalqı ağıllı xalqdır, quyuya ölü atsan, qızıl küplə çıxacaq təcrübədə və ağılda adamlardır. Amma di gəl ki, bu başlarını qarpıza sərf edirlər.

Bu yaxınlarda xətrini çox istədiyim bir müəllimimə səmimi bir etiraf etdim. Dedim ki, Herman Hesseni oxuyuram. Herman Hesseni oxuyanda ruhdan düşürəm. Onun yazdığı möhtəşəm romanlar mənə əzab verir. Başa düşürəm ki, heç vaxt Hesse kimi yazıçı ola bilməyəcəyəm. Çünki nə mən Hesseyəm, nə də bu xalq alman xalqı. Əgər bu xalq alman xalqı kimi mədəni səviyyəsi yüksək xalq olsa, mən də Hesse kimi yüksək səviyyəli yazıçı ola bilərəm.
O isə mənim səmimi etirafımı, saf əzablarımı başa düşmədi və dedi ki, nə xalq, a kişi? Xalq neynəsin sənə? Niyə xalqın dalında gizlənirsən? Əgər sən heç vaxt Hesse kimi yazıçı ola bilməsən, burda xalqın nə günahı var? Gəlib-gedən hər kəs deyir ki, xalq belə, xalq elə.

Açığı müəllimimin sözlərində azca da olsa, həqiqət payı var. Əslində, belə baxanda hər şeydə azca da olsa, həqiqət payı var. Hər nəysə, bu, bizim mövzunun predmeti deyil. Amma onun sözlərində həqiqət payı çox azdır. Bu xalq məni necə yetişdirəcək? Pis çıxmasın mənim mədəni səviyyəm, Azərbaycan oxucusunun mədəni səviyyəsindən yüksəkdir. Əgər mən Rövşən Abdullaoğlu kimi, Çingiz Abdullayev kimi, Varis kimi, Qaraqan kimi özümü oxucunun səviyyəsinə salsam, bu halda ədəbi konyukturanın ən idbar növünə əl atıram.

Oxunmaq naminə yazıçı peşəkarlığından imtina etmək öz sənətinə, öz istedadına ən böyük hörmətsizlik, ən böyük xəyanətdir. Bu xalq onları yetişdirir. Mən ona görə onlar kimi ola bilmirəm ki, özümü oxucunun səviyyəsinə salmıram. Onların hisslərinin tərcüməçisi deyiləm. Ortada olan yazıçılar yazıçı sənətini minib-çapırlar, total bayağılıq və banallıqla dolu kitablar yazırlar. Buna görə də deyirlər ki, bizi xalq yetişdirib, xalqımıza təşəkkür edirik. Amma mənim üstümdə xalq heç bir əziyyət çəkməyib. Özümü nə qədər inşa etmişəmsə, bunda xalqın heç bir rolu yoxdur. Hər şeyi özüm etmişəm. Zəhmətlə və əziyyətlə. Mədəni səviyyəmi bu bataqlıqda yüksəltməyə çalışıram və portfoliom, imicim, reputasiyam tər-təmiz, kristal kimidir. Ona görə mən heç vaxt Elxan Elatlı kimi, Rövşən Abdullaoğlu kimi, “Djinqiz müellim” kimi ola bilmərəm. Əgər elə olsam, ilk növbədə özümə xəyanət etmiş hesab olaram.

Bu baxımdan da, xalqın yetişdirdiyi yazıçılara baxırsan, görürsən ki, xalq əgər bu adamları yetişdiribsə, sən, ümumiyyətlə, heç vaxt Hesse də ola bilməyəcəksən. Bu baxımdan işim çox çətindir. Nə Varis kimi, Qaraqan kimi ola bilirəm, nə də Hesse kimi. Varis kimi, Rövşən Abdullaoğlu kimi olmağa vicdanım yol vermir, Hesse kimi olmağa istedadım. Və bunun günahı da birbaşa xalqdadır. Mənim vəziyyətimdə olan çoxlu peşə sahibləri, çoxlu sənət sahibləri də var. Təsəllim odur ki, tək deyiləm.

Bu söhbətə daha heç vaxt qayıtmamaq şərtilə ilk və son dəfə yazacağam.

Bəzi adamlar var ki, onlar bütün həyatları boyu total həyasızlıqla məşğul olurlar. Ömründə beş dənə kitab oxumayan adamlar, ömründə yüz dənə kitab oxuyan adamlara məsləhət verirlər. Onları ələ salırlar. Onlar bu cəsarəti haradan tapırlar, necə belə tərbiyəsiz ola bilirlər başa düşmürəm.

Ümumiyyətlə, sosial şəbəkələrdə kimisə söymək, kimisə tanımadan alçaltmaq, aşağılamaq acizliyin, əzikliyin ən bariz göstəricisidir. İnternetdə kimisə söymək, kimisə bilərəkdən alçaltmaq natamamlıqdır, zəiflikdir. Qorxan it hürər. Qarşısına çıxan hər kəsi təhqir edən, ruhdan salan, bir az diri adam görən kimi onu lənətləyən, onun da ölməyini istəyən insanlar sadəcə bədbəxtdir.

Mən, əslində, onları da yaxşı başa düşürəm. Cəmiyyətdə bir status sahibi deyillər, dünya onların varlığından və yoxluğundan xəbərdar deyil, yeyib ifraz etməklə məşğuldurlar, heç bəzən yeməyə də nəsə tapmırlar, cansız əşyalardan xüsusi bir fərqləri yoxdur.

Bu varlıqlara baş qoşmaq lazımdırmı? Adətən yox, amma hərdən lazımdır. Onları tanıdığımı bilməkləri yaxşıdır. Kim olduqlarını, hansı xarakterin, hansı ağlın yiyəsi olduqlarını, içlərinin necə nifrətlə dolmağını, paxıllıq adlı qurdun onları necə yeyib-bitirdiyini bilirəm. Onlar da özlərini tanıyırlar. Mənim onlar haqqında dolğun təsəvvürlərimi görsələr lap hirsələnəcəklər. Hərdən lazımdır. Qoy nifrət etdikləri adamların onları çox yaxşı tanıdığını bilsinlər.

O adamlar haqqında heç nə yazmazdım. Sadəcə qonorar almalıyam deyə yazıram. Məni daima söyən, təhqir edən, hər fürsətdə səhv çıxarmağa can atan adamlar da mənə pul qazandırırlar. Onlar olmasaydı, bu gün yazı yazmağa mövzu tapa biləcəkdimmi bilmirəm? Hər halda, pis bir haldan da doğru nəticə hasil edə bildim.


Tələbələrin narazılığı və haqlı etirazı

Fürsət düşmüşkən burda tələbələrin narazılığını tirajlamaq istəyirəm. İctimai rəy nə qədər kəskin olsa, o qədər effektli olar.

TƏLƏBƏLƏR DEYİR:

(Bu müraciət Təhsil Nazirliyi və Nazirlər Kabinetinə Ünvanlanmışdır)

Azərbaycan universitetlərin və kolleclərinin dördüncü kurs tələbələri adından yazıb sizdən xahiş edirik ki, pandemiya və digər sadalayacığımız səbəblərə görə yekun attestasiyanın təyin olunması üçün keçirilən dövlət imtahanını ləğv edəsiniz. “Online” təhsil aldığımız ilk semestr yəni ikinci kursun ikinci semestrində dərslər qeyri-profesional şəkildə "WhatsApp" sosial şəbəkə platforması üzərindən aparıldı. Üçüncü kursu isə yenə də qeyri-profesional şəkildə "Microsoft Teams" proqramı vasitəsilə tədris həyata keçirildi.

Həmçinin tədris prosesində tədris proqramlarını yaxşı mənimsəyə bilməyən müəllimlər də tədrisin təşkilindəki zəifliyə səbəbiyyət gətirdi. Əlavə olaraq üçüncü kursda "Vətən müharibəsi" səbəbi ilə bir ay müddətinə ölkə səviyyəsində internet resurslarının dayandırılması təhsilin təşkilini yavaşlatdı. Qısaca belə deyə bilərik ki, bakalavrlar üçün təyin olunmuş 7 semestrlik tədrisin ilk 2 semestri qeyri ixtisas fənləri olub və bu fənlər Dövlət imtahanına şamil olunmur. Digər 5 semestrin yalnız 1-ni əyani, 3-nü distant, 1-ni isə hibrid formada təhsil almışıq.

Bunu da nəzərinizə çatdırmaq istərdik ki, ilk dəfə ÜOMG ilə diplom alan tələbələrdə sadəcə bir semestr distant olmuşdu, həmin semestr də praktika üçün ayrılmış semestr idi. Ondan sonrakı ilin sonuncu kurs tələbələri, hansı ki onlar da ÜOMG ilə diplomu aldılar. Onlar isə iki semestri distant formada keçmişdilər. Bütün bu arqumentləri nəzərə alsaq distant təhsildən ən çox əziyyət çəkən bizik və ÜOMG ilə diplom almaq daha çox bizim haqqımızdır. Əks halda bizdən Dövlət imtahanın götürüldüyü təqdirdə verilən bu qərarda qətiyyən ədalətdən söhbət gedə bilməz. Sizdən xahiş edirik ki, bu arqumentləri göz önündə saxlayaraq ədalətli qərar verilməsini təmin edəsiniz.

# 3763 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #