Kulis.az Vüqar Vanın “Qaranquşlar gələndə” adlı yeni yazısını təqdim edir.
Dərdsiz bir dəfə gülər, dərdli yüz dəfə.
Atalar sözü
Ağlım kəsəndən Tıq-tıq xanım nağılını oxumuşam, cizgi-filminə baxmışam, məşhur replikalarını eşitmişəm və bu qədər təzyiqə məruz qalarkən heç vaxt bu Tıq-tıq xanım haqqında əsaslı düşünməmişəm. Son vaxtlar isə eşidib-görməyə tez-tez adət etdiyim Tıq-tıq xanım qara-ağır duman təki beynimdə dolaşırdı. Düşündüm, haqqında yazı yazsam yaxşıdır.
Tıq-tıq xanım, əslində, bizim xalq nağılımızdır. Bu xalq nağılını Abdulla Şaiq – Allah o böyük kişiyə rəhmət eləsin – götürür, bəzi əlavə və düzəlişlərlə yenidən yazıb-hazırlayır. Sonradan Abdulla Şaiqin yazdığı versiyanı, ssenariləşdirib cizgi-film çəkirlər. Mən də bu gün daha çox məşhurlaşan, əsl adı “Pıspısa xanım və Siçan bəy” olan Tıq-tıq xanımdan danışacağam. Çünki nağılla cizgi film arasında çoxlu fərqlər var. Növbəti abzaslarda onları bir-bir sadalayaram.
Tıq-tıq xanım kimdir? Tıq-tıq xanım pıspısadır. Yəni dozanqurdu. Bildiyiniz kimi, dozanqurdu da dünyanın ən eybəcər, ən iyrənc, ən qorxunc canlılarından biridir.
Cizgi-filminin əvvəlində bizim Pıspısa xanım birdən başını yerin altından çıxarıb narazı-narazı harasa gedir. Yolda ayağına tikan batır və təsadüfən ayağı ilişib fındıq qabığına girir, sonradan digər ayağına da fındıq qabığı keçirir. Bir az irəlidə yarpaqların şehi ilə üzünü yuyub təmizləyir, soğan qabığından özünə paltar düzəldir və çevrilib olur saçı Suray xanım, donu Daray xanım.
Deməli, Pıspısa xanım ağlı və zəkası ilə yox, gözəlliyi və görünüşü ilə sosial sinfini dəyişmək qərarına gəlir. Buna müəyyən qədər də nail olur. Dikdaban geyinir, estetik əməliyyatlara girir, Ayfon alır, bahalı restoranlarda yeyib-içir və bütün bu dəyişikliklər onda özünə inam yaradır. Hər şeyi öz adıyla çağırsaq, qudurur.
Amma dikdaban geyinsə də, Ayfon işlətsə də, saçı uzun Suray xanım, donu uzun Daray xanım olsa da, mahiyyəti dəyişməyib. Mahiyyəti Dozanqurdudur, Pıspısadır. Zahiri gözəllikləri onu müvəqqəti olaraq Pıspısalıqdan çıxarıb.
Tıq-tıq xanım bu cür dəyişikliklərdən sonra başlayır özünə dost axtarmağa. Xalq nağılında, yəni bu mətnin ilkin versiyasında Tıq-tıq xanım özünə dost yox, ər axtarır. Abdulla Şaiq isə bunu uşaqlar üçün yazdığına görə, yaş amilini nəzərə alaraq, əri dəyişdirib dost edir. Amma cizgi filmdə də, Abdulla Şaiqin yazdığı variantda da böyüklər başa düşürlər ki, Tıq-tıq xanım özünə dost axtarmır, ər axtarır.
Dikdaban geyinən, Ayfon işlədən, bütün gün mollarda vaxt öldürən, nə qədər yeni plastik əməliyyat çıxırsa, hamısını elətdirən, qətiyyən zəhmət çəkmək istəməyən, hazır yeyən Tıq-tıq xanıma bir ər, daha doğrusu, pullu bir ər lazımdır ki, onun xərclərini qarşılasın. Bu ər də özbaşına tapılan deyil, gərək onu axtarasan.
Beləliklə, zahiri gözəlliyi ilə mərhələ adlamağa çalışan Tıq-tıq xanımın qabağına ilk çıxan potensial dost (ər) çoban olur.
Çoban ondan soruşur, “hara gedirsən, qara qız?”. Tıq-tıq xanım isə artıq özünə inanır, kişilər üçün təhlükəli əzalarını düzəltdirib.
Çobana cavabında belə deyir: “əəə, bura bax, qara özünsən, mən saçı Suray xanımam, donu Daray xanımam”. Çoban naəlac qalıb razılaşır. Bir dozanqurduna “xanım” deyə müraciət edir. Tıq-tıq xanım cavab verir ki, “çərə gedirəm, çürə gedirəm, sənə nə var hara gedirəm? Özümə dost axtarıram”. Çoban təklif edir, “dost axtarırsansa, mən hazır. Gəl, dost olaq”. Tıq-tıq xanım isə cavabında o məşhur sualını verir: “İşdir, birdən acıqlandırsam səni, nəylə vurarsan məni?”.
Tıq-tıq xanım, döyülməyə də razıdır. Təki onun aylıq xərcləri qarşılansın, mollarda rahat al-ver edə bilsin, plastik əməliyyatlarını təzələsin, maşın sürsün, bir sözlə, öz rahat həyatı üçün döyülməyə, aldadılmağa, təhqir olunmağa da hazırdır.
Tıq-tıq xanımın bu sualı məni çox düşündürür. Bir tərəfdən onun rahatlıq və rifah naminə döyülməyi qəbul etməyi məni çox məyus edir. Digər tərəfdən isə ona bir az da haqq qazandırıram. Klassik şərq poeziyasından bilirik ki, eşqin yolunda əziyyət çəkdikcə eşq daha da artır. Dostu sınayarlar, əziyyəti dosta verərlər. Dostluğun imtahanı əziyyətlədir. Birdən mən pis iş görsəm, mənə neyniyərsən? Sənə əziyyət versəm, səni məyus etsəm, nə cür reaksiya göstərərsən? Atıb gedərsən, döyərsən, yoxsa yanağına xal çəkib, hər əziyyətimə dözərsən?
Tıq-tıq xanımın ər seçiminə bu kontekstdə yanaşsaq, ona bəraət qazandıra bilirik. O, öz gələcək həyat yoldaşını seçərkən, belə bir çətin sualla onları sınayır ki, görsün hələ, sabah ərindən ən son çıxan Ayfonu istəyəndə, ən bahalı mağazalardan al-ver etmək istəyəndə, tez-tez xaricə istirahət etməyə getmək istəyəndə, özünü başqalarına göstərmək üçün ən yekə maşını sürmək istəyəndə, əri ona nə reaksiya verəcək? Onu döyəcək, vuracaq, yoxsa bütün arzu və istəklərini yerinə yetirəcək?
Çoban zopa ilə döyəcəm deyir, Tülkü isə dişimə salıb əzəcəm.
Nəhayət, Tıq-tıq xanımın qabağına Siçan bəy çıxır. Siçan bəy mərifətli, qanacaqlı, zəhmətkeş, oturuşunu-duruşunu bilən bir adamdır. Ümumiyyətlə, ancaq zahiri gözəllikdən ibarət olan, zəhmət, əziyyət çəkmədən bütün gün kef içində yaşamaq istəyən bir dozanqurdunun mərifətli, qanacaqlı, abır-həyalı, zəhmətkeş Siçan bəyə ərə getməyi məni həddindən artıq kədərləndirir. Dünya necə də ədalətsizdir. Siçan bəy minbir əziyyət, zəhmət hesabına öz başını saxlayır, öz əməyi ilə, dişiylə, dırnağıyla hansısa bir mərtəbəyə gəlib, günlərin bir günü yerin altından bir dozanqurdu çıxıb, bir az bəzənir düzənir və gəlib Siçan bəyin statusuna, evinə, eşiyinə, yeməyinə şərik olur. Buyur, daha ağır bir situasiya.
Tıq-tıq xanımın məşhur sualına, saf, binəva, külbaş Siçan bəy belə cavab verir: “Quyruğuma yağ çəkərəm, bal çəkərəm, yanağına xal çəkərəm”. Tıq-tıq xanım da onun bu sözlərindən sonra guya təsirlənir və onunla dost olmağı, ona ərə getməyi qəbul edir.
Tıq-tıq xanımın arzusunda olduğu pulqabı – Siçan bəy olur. Birlikdə nəlbəki rəqsi oynayırlar, toya Manaf Ağayevi, Murad Arifi, Röyanı gətirirlər, Tıq-tıq xanım özünə yüz minlik qızıl seçir, ən bahalı, zərli, parıltılı gəlinliyi geyinir, bal ayına Maldiv, Seyşel adalarına, Filippinə, Avstraliyaya gedirlər. Yazıq Siçan bəy də başına gələcək faciədən xəbərsiz halda toyunda oynayır, dünyanı gəzir, sevinir, Tıq-tıq xanımın zahiri gözəlliyinə aldanır.
Dozanqurdunun ən birinci şərti bu olur ki, mən ayrıca evdə yaşamaq istəyirəm, qayınata-qayınana-baldız üçbucağını görmək, bilmək istəmirəm. Bir mən olum, bir də mənim ərim. Axşam yeməyini çöldə restoranda yeyək, ən bahalı, dekorativ itlərdən saxlayaq, qayınanam ölsün, qayınatam da ona baş daşı olsun, həftədə ən azı bir-iki dəfə hansısa rayona, Qəbələyə, Qubaya, Şamaxıya-zada gedək, yayda mütləq xarici ölkə, İtaliya, İspaniya və s.
Dozanqurdunun arzuları bitmir ki, bitmir. Dozanqurdu vaxtilə dozanqurdu olduğunu yaddan çıxarıb, elə bilir ta biney-qədimdən saçı uzun Suray xanım, donu uzun Daray xanım imiş. Böyük həngamədən sonra nəhayət Tıq-tıq xanım Siçan bəyin evinə gəlin gəlir.
Siçan bəy adidən adi günlərin birində işə, çörək dalınca gedir ki, Tıq-tıq xanımı saxlaya bilsin. Əgər Siçan bəy evdə otursa, Tıq-tıq xanıma ən son model Ayfonu kim alacaq, hər gün kimin hesabına o restoranlara, mollara, kafelərə gedib yeyib-içəcək, maşınına kimin hesabına benzin vuracaq? Bir sözlə, yazıq Siçan bəy Tıq-tıq xanımın istəklərini qarışlamaqdan ötrü gedir çörək dalınca, əziyyət, zəhmət çəkməyə.
Bizim mahiyyətcə Dozanqurdu, görünüşcə Suray-Daray-Duray xanımımızın birdən evdə ürəyi sıxılır. Gedir Port Bakudakı bahalı kofe-şopların birində oturur, mağazaları gəzir, İnstagramda şəkil paylaşır. Amma niyəsə darıxır. Gəlir gölün qırağında əyləşir, yanından bir Kirpi keçir. Kirpi soruşur ki, “nə olub? Kefin yoxdur”. Tıq-tıq xanım da deyir ki, “Siçan bəy gedib işə, mən darıxıram, ondan mənə dost olmaz, yaxşısı budur, gəl səninlə dost olaq”.
Burda rəhmətlik Sabirin sözləri yada düşür:
Qulluq eyləsən də küçə itinə,
Yeri gələn zaman sülənməlidir.
Ağıllı, fərasətli Kirpi deyir ki, “Yeri get burdan, mənim öz dostlarım özümə bəsdir”. Tıq-tıq xanım məyus olur, durub gəzməyə başlayır, birdən dikdabanı gölə düşür, tullanır onu çıxarmağa, az qalır ki, boğulsun. Uzun sözün qısası, Siçan bəyə xəbər verirlər, yazıq işdən durub qaça-qaça gəlir Tıq-tıq xanımı xilas etməyə.
Üç dəfə deyir ki, “əlini mənə bəstərəcik”, Tıq-tıq xanım cavab verir ki, “yox, yox, mən səndən küstərəcik”.
Adama sual verərlər, ay infantil dozanqurdu, axı nə baş verdi, nə oldu birdə-birə sən qanacaqlı, zəhmətkeş, mərifətli Siçan bəydən küsdün? Nə demisən eləyib, əlini ağdan-qaraya vurmamısan, dünyanı gəzmisən, ən bahalı yerlərdə oturub yeyib-içmisən. Nə oldu birdən-birə?
Xalq nağılımızın sonluğunda Siçan bəy hirslənir, “küstərəcik, küstərəcik, onda mən də sənin başına bir daş əndərəcik” deyib yerdən bir daş götürüb onun başına vurur, dozanqurdunu cəhənnəmə vasil edir. Bəh-bəh-bəh, necə də gözəl sonluqdur. Amma təəssüf ki, Abdulla Şaiq bu sonluğun uşaqlara mənfi təsir edəcəyini fikirləşib belə dəyişdirib. Siçan bəy deyir ki, “küstərəcik, küstərəcik, onda mən də sənə quyruq göstərəcik”. Quyruğunu Tıq-tıq xanıma uzadır və Tıq-tıq xanım onun quyruğundan tutub sudan çıxır. Sudan çıxandan sonra isə təzədən qap-qara dozanqurdu olur, çünki su onun zahiri gözəlliklərini, makiyajını yuyub aparıb.
Tıq-tıq xanım, istər, rəssamlıq, istər, rejissorluq, istərsə də, mahnı, musiqi seçimi baxımından uğurlu animasiya olsa da, ümumilikdə, uşaqlar üçün ziyanlı, zərərli bir cizgi-filmdir. Tıq-tıq xanım Azərbaycan qadının siması ola bilməz.
Amma nə çoxdur ətrafımızda dozanqurdu mahiyyətli Tıq-tıq xanımlar.
Kim müftə yemək, başqasının hesabına yağ-bal içində yaşamaq, həyatda heç vaxt əziyyət, zəhmət çəkməmək, bir sözlə, Tıq-tıq xanım olmaq istəyirsə, qabaqcadan başına gələcək şeyləri gözə alsın. Gözə alsın və əmin olsun ki, mahiyyəti heç vaxt gizlətmək olmur. Mahiyyət gec-tez üzə çıxır. Tıq-tıq xanım cildinə girib, dozanqurdu kimi yaşamaq mümkün deyil, bir gün mahiyyətin səni ələ verəcək.
Allah Siçan kimi bəyləri dozanqurdu cildinə girmiş Tıq-tıq xanımların şərindən qorusun. İlahi, Amin.