Seymur Baycana açıq məktub

Seymur Baycan, Rəvan Cavid

Seymur Baycan, Rəvan Cavid

14 fevral 2022
# 11:00

Kulis.az Rəvan Cavidin Seymur Baycana açıq məktubunu təqdim edir.

Seymur Baycan böyük dəyərdi, muğam sənəti kimi. Biz ona məcbur hörmət etməliyik. Və o ancaq toyxana səviyyəsində yadımıza düşür.

Seymur Baycan böyük dəyərdi, meyxana kimi. Çırtma vurub əylənməkdən başqa heç bir mahiyyət daşımır. Arada yaxşı qafiyələri olur, onu da camaatın alqış səsindən eşidə bilmirik.

Seymur Baycan böyük dəyərdi, aşıqlıq sənəti kimi. Boynumuza mindirib çalanda ləzzət eləyir, elə ki köksümüzə basırıq, kədərlənirik. Əhval yaradır, düşündürmür. Düşündürəndə də söyürük.

Seymur Baycan o qədər böyük dəyərdi ki, bütün mənzərənin qabağını kəsib. Heç nə görmək mümkün deyil.

Seymur Baycan elə Azərbaycan ədəbiyyatına oxşayır, mənasızdı, məzmunsuzdu, ya gecikir, ya da tələsir.

Seymur Baycan artıq özü qədər böyük mənasızlığın içindədi.

Bir neçə həqiqət var ki, onları Seymur Baycana çatdırmağınızı xahiş edirəm. Elə mənim adımdan mənim səsimlə oxuyarsınız.

Birincisi odur ki, əziz Seymur, Lermontov böyük yazıçı deyil. Ümumiyyətlə, sənin ilişib qaldığın heç bir yazıçı böyük qələm ustası deyil. Əgər sənin üçün camaatın Marsdan torpaq aldığı dövrdə Lermontov, Dovlatov hələ də aktual yazıçılardırsa, onda sənin üçün yaşamağın nə qədər çətin olduğunu anlayıram.

Azərbaycanın yetim qalmış müasir ədəbiyyatında sənin gətirdiyin bir janr var. Bu, tənqidin bir az daha barbar və savadsız formasıdır. Məsələn, bir yazar istədiyi vaxt sənin kimi murdar bir tənqidlə tezbazar gündəmə gələ bilər. Açığı, sənin də Tiflis torpaqlarında tez-tez tənhalıqdan darıxdığın üçün bu cür məzmunsuz yazılar yazdığını düşünürəm. "Şirzadın kafesi" indi yoxdu, amma gəlsən, səni məmnuniyyətlə "Delikates"də qonaq edib, ədəbiyyatı nə günə saldığını göstərə bilərəm.

“18,6 sm” romanından başqa bütün yazdıqlarınla tanışam. Möhtəşəmsən. Amma indi lazım deyilsən. Ona görə lazım deyilsən ki, üç yüz ildi yazırsan, söyürsən, tənqid edirsən, amma bircə dəfə də alternativ arqument qoymamısan.

Yaxşı, Seymur, necə edək?

Söyüb-səb elədiyin o adamları necə düzəldək? Özünün də xəbərin olmadan sən bu millətin ən qara adamına oxşayırsan.

Mənim yadımda nə yazılarınla, nə romanlarınla (nə qədər roman demək olarsa), nə də hekayələrinlə qalmısan. Çünki onlar müasir ədəbiyyatın masturbasiyasıdı. O cür şeyləri biz oturub on-on beş dəqiqəyə yazırıq. Necə ki bu yazını o tərzdə yazıram.

Sən mənim yadımda "Borxes yazıçı deyil!", bir də "Gecəyarısı uşaqları"nı zibil qabına tullamaq lazımdı!" kimi sırf ədəbiyyat cameəsini qıcıqlandırmağa hesablanmış fikirlərinlə qalmısan.

Əgər Borxes yazıçı deyilsə, onda sən, ümumiyyətlə, yoxsan. Yəni, fikir, düşüncə, təfəkkür cəhətdən yox, fiziki cəhətdən ölmüsən. Beynin quruyub, ölmüsən, Tiflisə gəlib səni yerdən götürən yoxdur.

Əgər "Gecəyarısı uşaqları" zibilliyə atılmalıdırsa, mən məmnuniyyətlə sənin kitablarından gigiyenik vasitə kimi istifadə edərəm. "Peraşki"dən sonra əlimi siləcəm, narahat olma...

Başa düşürəm, "Quqark" kimi məzmunsuz bir roman yazıb, öz istedadsızlığınla barışıb geri çəkilmək çox ağır idi. Ümumiyyətlə, imtina mədəniyyəti sənin büllur başından yuxarıdadı.

Və sizin nəsil çox qurdlu nəsil oldu. Ədəbiyyatın ən kinli adamları sizin tayfadan çıxdı. Ancaq tənqid eləmək, heç kimin oxuyub bilmədiyi bir-iki müəllifin adını çəkməklə özünü “zor” aparmaq, nə bilim, bu millətin savadsızlığı, barbarlığı ilə məzələnmək sizin tayfaya şamil olunan xarakterlərdir. Və zaman göstərdi ki, bizim ədəbiyyatımıza bu lazım deyil.

Sən bütləri dağıdıb yeni, azad bir mühit yaratmaq istəyərkən, özün bütə çevrilmisən. Sən də heykəl kimi adamların düşüncəsinin mərkəzi parkında ucaldılmısan və quşlar sənin də başına qonub saçlarınla oynayacaq.

Kaş normal bir bədii mətn yazaydın və indi mən onları yağlı-yağlı tənqid edərdim. Amma təəssüf ki, sənin yaxşı publisistik mətnlərin var, bədii mətnlərin yoxdu. Sən başdan-ayağa fikir yumağısan, onu açıb xalça toxumağa gücün çatmayıb və inanıram ki, bundan sonra da çatmayacaq.

Fikir vermişəm, toz basmış mövzuları, üslub hoqqabazlıqları olan heç nəyə müsbət fikir bildirməmisən (bəlkə də xoşuna gəlib, etiraf etməyə gücün çatmayıb). Sənin ədəbi zövqüncə olan mətnləri oxumaq istəyərdim. Çünki özün yazmamısan. Bundan sonra da yazmayacaqsan. İstedadın korşalıb çünki.

Sənin romanların da (“18,6 sm” xaric), yazıların da, hekayələrin də üstü tozlu sovet çamadanlarına bənzəyir. Bir gün kimsə onu götürüb aparacaq, ancaq bir şey də həqiqətdir ki, heç vaxt atmayacaqlar.

Sən bu milləti hamıdan yaxşı tanıyırsan. Çox dəqiq bilirsən bizim camaatı. Çünki sənin onlardan bildiklərini danışıb etiraz etməkdən savayı heç bir fərqin yoxdu.

Bu dediklərimi çox adam sənə demək istəyir, amma deyə bilmirlər. Qorxurlar. Ciddi deyirəm, ədəbiyyatımızın yeni nəsli səndən qorxur. Ona görə, bu məktubun müəllifi tək mən deyiləm yəqin ki.

Qeyd:

O gün Vüqar Babazadə özünü dahi elan etdi. Çox dəqiq qərardı. Həm də Vüqar Seymur Baycanla kontakta girən ən gənc istedadlıdı. Ümid edirəm, Vüqarın dahiliyi ilə Seymurun mənasızlığı heç bir nöqtədə kəsişməz.

# 4613 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #