Seksist zarafatlar edən, camaata əxlaq dərsi keçən Səfa Mehdi - Vüqar Babazadə yazır...

Səfa Mehdi

Səfa Mehdi

10 yanvar 2022
# 15:00

Yeni il günü evdə oturub televizora baxarkən, anidən qarşıma “Stend-up Baku” proqramı çıxdı. Üstəlik, çıxış edən də Səfa Mehdi idi. Onun çıxışını sona kimi izlədim, heyf ki, verilişin axırına çatmışdım, digər iştirakçılar artıq adamları gülməkdən öldürmüşdülər deyə, onlara çatdıra bilmədim. Səfa Mehdi məni ekrana kilidləyib, öz möhtəşəm şousu ilə bütün qanımı qaraltdı.

“Stend-up Baku” proqramı ölkənin bayağılıq və səviyyəsizlik şkalasına ciddi təsir edən proqramlardan biridir. O məşum yeni il gecəsi həyati bir qərar verdim:

Proqramın hər bir stendapçısı haqqında ayrı-ayrılıqda yazıb, proqram bağlananadək mübarizə aparacağam. Bu məsələ ancaq yazmaqla, deməklə, qınaqla düzəlməlidir. Ayrı variant yoxdur. Sizi də bu kompaniyaya qoşulmağa dəvət edirəm.

Söhbəti çox uzatmadan ilk tənqid hədəfimə keçirəm. Qarşılayın: Səfa Mehdi.

O, bəzən dövrümüzün Sabiri, bəzən Baba Pünhanı, bəzən saqqalı şeir qoxan qiraətçi, bəzən məşhur aktyor, bəzən camaata əxlaq dərsi keçən və bütün günahlardan arınmış səmimi müəllim, bəzən də dəli olur. (Bəli, mən heç kimin şəxsinə qarşı tərbiyəsizlik etmərəm və buna haqqım da yoxdur. Sadəcə sizə obyektiv bir mənzərə göstərəcəyəm və baxış prizmasını özünüz müəyyənləşdirəcəksiz. Əgər müəllif yazı da avtoritarlaşıb, tənqid etdiyi adama məsləhət verməyə başlayırsa, özünün də xəbəri olmadan gülməli bir vəziyyətə düşür. Mən isə bunu istəmirəm).

O, şəkillərinin əksəriyyətini #məndəliyəm həştəqi ilə paylaşır və bir neçə ildir ki, İnstaqram biosunda "Mən dəliyəm kitabı tezliklə" yazılıb. Düzdür, nə yaxşı ki, kitab ərsəyə gələ bilmir. Amma, hər halda, kim özünü necə adlandırırsa, bizim də boynumuzun borcudur ki, onu elə adlandıraq. Həm də hər kəs bir yerdən sonra dəlidir.

Səfa Mehdi yaradıcılığının əsas istiqaməti qadın mövzusudur. O qadınlar barədə şit zarafatlar edir, heç bir səviyyəsi və ağırlığı olmayan, mənasız sevgi statusları yazır, sevgi şeirləri oxuyur, qadın və kişi münasibətlərini müqayisə edib, həmişə kişiləri hozu və vəhşi, qadınları isə zərif və incə bir məxluq kimi təqdim edir. (Feministlər isə hələ də oturub, "gender, yoxsa cins" tipli mənasız polemikalarla məşğuldurlar)

Hətta bir ara yalnız qadınların buraxıldığı bir pabda şeir gecəsi təşkil etmişdi. Yalnız qadınların buraxıldığı bir pabda. Bir daha təkrar edirəm: yalnız qadınların buraxıldığı bir pabda. Bəs onda Səfa Mehdi ora necə buraxılıb?

Səfa Mehdi özünü niyə belə aparır mən başa düşə bilmirəm. O, xüsusən, qadınların bu cür sevgisi ilə eqosunu niyə doyuzdurur, mənə çatmır. Hər iki kəlməsindən biri qadındır. Qadın, qadın, qadın. Hətta İnstaqramda Səfa Mehdi yazıb axtarışa verəndə, "Səfa Mehdi girls fans" səhifəsi də çıxır. Özü də deyir ki, "yaradıcılığımın əsas istiqaməti qadın mövzusudur və buna görə az topa tutulmamışam". Burda artıq heç nə düşünə bilmirəm. Müəllim bilir ki, problem nədir, bilir ki, onu nəyə görə qınayırlar, amma yenə də əməlindən əl çəkmir. Qəribədir.

Əlbəttə, yaraşıqlı aktyoru hər kəs sevir, ona aşiq olurlar, onunla birlikdə zaman keçirmək istəyirlər. Bu, hər yerdə belədir. Amma daha həmin yaraşıqlı aktyor durub:

"– Van, tu, sri, fo, fayv, eyit, nayn, ten.

– Bəs seven hara getdi, ay Səfa?

– Sevən getdi, sevən yoxdu" – deyirsə, mən artıq fikirləşirəm ki, bu adam sünidir, ictimaiyyət üçün danışır, onlar üçün geyinir, onlar üçün fikir bildirir. Bir sözlə, onlar üçün yaşayır.

Səfa Mehdi ideal kişi portretini İnstaqramda peşəkarcasına cızır. Onun ideal kişi portreti təxminən belədir:

Heyvansevər, romantik, gülməli, qadınların hər halından anlayan və onları başa düşən, saqqallı, şeir sevən, çay içən, saçı uzun, kostyum geyinən, idman edən, mərhəmətli, qayğıkeş, səmimi, gülərüz, ictimai mövqeyi olan, kitab qoxulu, satirik yumoru olan, hikmətli məsəllər bilən, əxlaq müəllimi və sair və ilaxır.

Təbii ki, bunlar pis məziyyətlər deyil. Amma onun bu xüsusiyyətlərinin hamısını çox süni görünməsi, buna rəğmən göstəriş və publikaya oynamaq üçün istifadə etmək istəyi adamın ətini tökür. Bir-iki misal çəkim, mənzərə aydın olsun:

Post müharibə dövründə, torpaqlarımızın azad olunması xəbərinə telefonu profildən tutub, gözlərindən bir-iki damcı yaş gilələdən və bunu paylaşan bir adam təsəvvür edin. Həmin adam Səfa Mehdidir. Belə həssas bir mövzuda insanların hissləri ilə oynayıb, sosial status qazanmaq, özünü vətənsevər, torpaqsevər kimi göstərmək bəllidir ki, nə üçün edilir. Təbiidir ki, belə “yeməklər” İnstaqramda yeyilir.

Yaxud:

Uşaqlar evinə gedib, ordan şəkil çəkdirən və bunu "bir uşaqla tanış oldum, cüdoya getmək istəyir. Onun xərclərini mən qarşılayacağam. Bildiyiniz cüdo yerləri deyin" başlığı ilə yazıb, insanların gözünə soxan adamdır. Gedişə bir bax. Adama deyərlər ki, bu qədər nüfuz yiyəsisən, yəni sənin ətrafında cüdo zalı tapan bir adam yoxdur ki, uşağın şəklini paylaşıb, zal axtarırsan? Yaxud quqla "cüdo federasiyası" yazanda bütün məlumatlar və əlaqə nömrələri gəldiyi halda, niyə İnstaqramdan o uşağın şəkli ilə xal qazanmağa çalışırsan? Bu nə iyrənc bir hərəkətdir.

Ümumiyyətlə, bir qayda olaraq, uşaq evlərinə, qocalar evinə və bu kimi həssas məkanlara belə göstəriş üçün gedən adamlar buraxılmamalıdır.

Səfa Mehdinin baş verən hadisələrə ictimai-siyasi mövqeyi də çox absurd və banaldır. O, əsasən, gündəmə aid bayağı və şit zarafatlar edir.

Misalçün. Benzin bahalaşır. Səfa Mehdi yazır:

– Oğlunuz harda işləyir?

– Zapravkada

– Şirin çay gəlsin.

Və yaxud da:

Çörək bahalaşır. O yazır:

– Oğlunuz harada işləyir.

– Çörək sexində.

– Şirin çay gəlsin.

Bu və bunun kimi zarafatları nəsə bahalaşan kimi, ya hansısa maraqlı bir hadisə olan kimi dərhal paylaşır və bunlara hırıldayırlar. Dövrümüzün Sabiri İnstaqram üzərindən satira manqalını “xodduyur” və nə şişi yandırır, nə də kababı. Çek Pot!

Qiraət etdiyi şeirləri "Qəzəlxan" filmində Əliağa Vahidi oynayan aktyor Loğman Kərimovu dublaj edən Fəxrəddin Manafov kimi qiraət edərək, onu birə-bir imitasiya edir.

“Stend-up Baku” proqramındakı çıxışları isə biabırçılıqdır. Görün hansı həddədir ki, artıq "gülməli deyil" demirəm, biabırçılıqdır deyirəm. Yəni, gülməli olmasa, əladır. Çıxış edən insan kütləni güldürməyə bilər, amma biabırçılıq bağışlanmaz günahdır. Vallah, tam səmimi deyirəm, dost-tanış bilir, mən gündəlik həyatda “Stend-up Baku”nun külliyyatından daha gülməli zarafatlar edirəm. Hətta təklif edirəm ki, yaxşı qonorar versinlər, gəlim, onlara zarafat nədir, necə zarafat etmək olar mövzusunda master-klass keçim. Zarafatlarını yazım.

İstəyirdim ki, oturub çıxışlarının hamısına baxım, amma bacarmadım. Mümkün deyil. Adam dözə bilmir.

Səfa Mehdi özünü Əli Mirəliyev kimi aparır. Üstəlik adamı yandıran odur ki, özünü Əli Mirəliyev kimi aparan bir adam deyir ki, "ölkədə bayağılıq, səviyyəsizlik baş alıb gedir. Camaat Tosuya, Kalonkalı qaqaşa, yutub trendlərinə baxır. Etməyin, uşaqlarımız yazıqdır" filan tipli şeylər paylaşır. Atalar yaxşı deyib, "öz gözündə tir var, başqasının gözündə çöp axtarır".

Mən Səfa Mehdiyə burdan demək istəyirəm ki, ölkədəki "mədəni və intellektual" səviyyəsizliyin banilərindən biri sizsiniz. Etdiyiniz şit zarafatlarla, heç bir halda gülməli olmayan klişelərlə siz cəmiyyəti məhvə sürükləyirsiz. Özünüzü kitab, şeir sevən adam kimi göstərib, əlinizdə energetik içki bankası tutaraq, seksist zarafatlar edirsiniz. Bu etdiyiniz hərəkətlər qeyri-səmimidir. Normal düşüncəli adamlar sizin nə etdiyinizi yaxşı bilir.

Səfa Mehdinin yutub kanalı da var. Kanalda bir-iki videoya baxdım, türk qardaşlarımız demiş, "yine aynı terane". Meyxana, Vüqar Biləcəri, müharibə, Aydın Xırdalanlı və sair şeylərlə yenə eyni prosesləri davam etdirir.

Söhbəti çox uzadıb, uzunçuluq edə bilərəm. Amma buna ehtiyac görmürəm. Fikrimcə nə demək istədiyimi, içimdəki canıyananlığı və narahatlığı müəyyən qədər ifadə edə bildim.

# 10938 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #