Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?
14 sentyabr 2024
# 13:14

Kulis.az Ulucay Akifin "Xəyali gülləmizin dəymədiyi uşaqlar" adlı yeni yazısını təqdim edir.

Dünən işdən evə qayıdanda ən maraqlı uşaqlıq oyunumuz yadıma düşdü. Sonra bir şeyə fikir verdim və qəribsədim:

"Tapança-tapança" oynamayan bir nəsil yetişir.

Oğlan uşaqları artıq belə oyunlar oynamır. Bəlkə də, heç bilmirlər nə oyundu bu.

Taxtadan silahlar düzəldirdik özümüzə, daşın, divarın arxasında gizlənib, ağzımızla silah səsi çıxara-çıxara bir-birimizə atəş açırdıq:

– Dax! Dax! Dax! Dax!

– Drrrrrr! Drrrrrrrrrrrr! Drrrrr!

– Kamran! Çıx! Öldüüüün!

– Ölmədiiiiim! Allah haqqı divara dəydi! Başımı aşağı əydim!

– And içmə yalandan! Uşaqlaaaar! Kamran öldüüü! Bir dənə çiynindən vurdum, bir dənə də ayağından!

– Yalan deyiiiir! Ölməmişəm hələə! Yaralanmışam! Dax! Dax! Daxxx!

Oyunu dayandırıb sübut etməyə çalışırdıq ki, taxta silahımızdam çıxan xəyali güllə necə gedib, hara dəyib. Və bir-birimizi inandırırdıq bu xəyali atəşlərə, xəyali ölümlərə, xəyali yaralanmalara.

Taxtası olmayan uşaqlar da əlini tapança kimi tuturdu. Ən çox da onların açdığı atəşin yan keçdiyini deyirdik. Deyirdik ki, “barmağını əyri tutmuşdun, ona görə, güllə başımın yanından keçdi”. Çarəsiz qalıb razılaşırdı barmağını tapança lüləsinə çevirən uşaqlar...

Yıxılıb yerdə sürünə-sürünə irəliləyirdik. Ağacın arxasında gizlənib nəfəsimizi tuturduq, hansısa evin damına ya hasarına çıxıb hərəkətsiz dayanırdıq dəqiqələrlə.

Necə möhtəşəm oyun idi!

Ya "Parol-parol" oyunu hara yoxa çıxdı?

İndiki uşaqlar bu oyunun da nə olduğunu bilmir.

Yəqin, bu oyunu indi heç oynamaq da olmaz.

İndi uşaqlar "Parol-parol" oynasa, yəqin valideynləri bir-biriləri ilə qanlı-bıçaqlı olar.

İki komandaya bölüşürdük bu oyunu oynayanda. Hər komandanın öz parolu, “gizli sözü” olurdu.

Rəqib komandadan kimisə tutub döyürdün ki, parolu öyrənəsən. Ayağına, qoluna yumruq vururdun, qolunu bururdun, nə bilim, yerə yıxıb boğurdun, hər cür yola əl atırdın ki, parolu öyrənəsən. Heç kim də incimirdi, ağlamırdı, gedib ana-atasına demirdi.

Oyun qaydası o idi ki, rəqib komandanın gizli sözünü öyrənməlisən.

Hansı komanda rəqibin parolunu birinci öyrənsə, o komanda udurdu.

Bir növ kişilik, cəsarət, mərdlik oyunu idi.

Elə-elə bərkiyirdik, kişiləşirdik.

Qətiyyən “indiki uşaqlar niyə belədir?” demək üçün yazmıram bunları. Hər dövrün öz reallıqları var. O reallıqları uşaqlar yox, böyüklər yaradır. Bu günün uşağı çölə əlində smartfonla, planşetlə çıxır. Yanaşı oturub telefonlarında nəsə oynayırlar.

Uşaqlığımızdan yazdığım “Gizlənqaç” şeirim var. İstəyirəm yazının sonunda o şeiri bölüşüm sizinlə:

ucuz ətin şorbası ilə bayram keçirən ailələr
şükr etməyi öyrətdi uşaqlara
bizim balaca məhəllənin
kiçik evlərində...

o uşaqları
nə atalar sözləri aldada bildi,
nə də qorxuda bildi kapitalizmin qəddar marşları...
və beləcə kasıb ailələrin uşaqları da
yavaş-yavaş böyüməyə başladı...

o uşaqlar ki,
küçə davalarında nə döyülənə lağ etdi,
nə döyəni alqışladı,
kin saxlamadı ürəyində.

o uşaqlar ki,
düzəltdiyi ilk oyuncaq
taxtadan silahlar oldu.
müharibənin nəfəsini hiss etdi kürəyində...

o uşaqlar ki,
“bacı”, “qardaş” sözlərinin
qan bağı ilə yaranmadığını bildi,
dost dediklərimiz də ən az ailəmiz qədər bizdəndi.

və biz
qizlənqaç oynayanda da
dostlarımızın tapa biləcəyi yerdə gizləndik.


Bəlkə, bu dediklərim pafoslu səslənəcək, amma, məncə, Qarabağı məhz düzəltdiyi ilk oyuncaq taxtadan silahlar olan, "Tapança-tapança", "Parol-parol" oynayan, gizlənqaç oynayanda dostunun tapa biləcəyi yerdə gizlənən uşaqlar böyüyüb azad edə bilərdi.

Və elədilər də.

# 2149 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
# # #