LGBT-nin fabulası ətrafında

LGBT-nin fabulası ətrafında
28 sentyabr 2022
# 13:20

Kulis.az Vüqar Babazadənin “LGBT-nin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bu yaxınlarda qulağıma çatdı ki, ölkənin ən böyük kitab mərkəzi olan “Baku Book Centr”də (Bakı Kitab Mərkəzi) Seymur Baycanın kitabları satılmır. Zəng vurub operatorla danışdım. Qız dedi ki, ümumiyyətlə, elə bir yazıçı tanımıram, ölkədə elə bir yazıçı yoxdur, Seymur Baycandan zəhləm gedir, bizi işə götürəndə Seymur Baycan əleyhinə dua yazırlar, onu gündə üç dəfə yeməkdən sonra oxuyuruq ki, ruhu bizi narahat etməsin. Seymurun kitabları da heç vaxt mərkəzimizdə olmayıb.

Soruşdum ki, bəs sifariş etsəm gətirə bilərsiz? Dedi, bilmirəm. Dəqiqləşdirmək lazımdır.

Görəsən, ölkənin müasir ədəbiyyatının ən yaxşı yazıçılarından biri olan, qarışqa kimi işləyən, bütün ömrünü ədəbiyyata həsr edən, qələmindən başqa heç nəyi olmayan, oxucuların rəyinə görə son on beş ilin ən yaxşı romanını yazan (“Quqark”) bir yazıçının kitablarının Bakı Kitab Mərkəzində olmaması nə qədər ədalətlidir? Oranın rəhbəri Günel Anarqızının bundan xəbəri varmı? Yoxsa elə məhz Günel xanımın əmri ilə Seymurun kitabları orda satılmır? Maraqlıdır.

Axı nə qədər görməyəcəksiniz, hara kimi gözlərinizi bilə-bilə yumacaqsınız? Yaxşı, satmayın Seymuru. 1000 ildir dünyaya bir dənə yazıçı çıxara bilmisinizmi? Nə qədər pullar xərclənir, tədbirlər, seminarlar. Bir dənə yazıçı düzəldib dünyaya təqdim edə bilməmişik. Halbuki, Seymurun romanları əksər dünya dillərinə çevrilib. Molyeri basdıranda 5 metr dərində basdırmışdılar ki, birdən çıxar, yenə nəsə edər. Seymurla Molyeri müqayisə etmirəm. Sadəcə mənzərəni görməyiniz üçün kiçik bir analogiya apardım.

Sözgəlişi, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcəkdir. Şayiələr gəzir ki, sədr Çingiz Abdullayev olacaq. Onsuz da, bizi başa düşmür. Bu yazıda gen-bol arxasınca danışmaq olar. Evdar qadınların, tələbə qızların və kitaba meyl edən “varavskoy” qaqaşların sevimli yazıçısı Çingiz Abdullayevin ictimai obrazı sıfırın altındadır. Azərbaycan dilində cümlə qura və yaza bilməyən bir adam Azərbaycan Yazıçılar Birliyinə sədr olsa, onda inciməyin, oranın adını dəyişib Rusiya Yazıçılar Birliyi qoymalıyıq. RYB. (burda müəllif əsəbiləşib divara kəllə vurdu. Bundan sonra yazacaqlarına heç kim cavabdeh deyil)

Çox maraqlı şeylər olacaq. Həqiqətən, əgər Çingiz Abdullayev sədr seçilsə, həddindən artıq gözəl şeylər baş verəcək. Mən, şəxsən, indidən 50 manatlıq bir rus dili kursu tapmışam, gedib rus dilini dərindən mənimsəyəcəm. Əgər sədrimiz Azərbaycan dilini öyrənmirsə, gərək biz gedib rus dilini öyrənək. Burda nə var ki? Elə ancaq pis şeylər danışın. Yeni sədrimizin sayəsində əlavə bir xarici dil öyrənəcəyik. Bu sadəcə fantastikdir.

Gözləyək, görək. Uzada-uzada gedirlər. Axır kimsə seçilməlidir.

***

Dünən yox, srağagün tanımadığım, Elşən (ad şərtidir) adlı bir profildən mənə belə bir mesaj gəldi.

– Supersən.

Fikirləşdim ki, yəqin, hansısa yazımı oxuyub, yazının möhtəşəmliyindən o qədər sarsılıb ki, öz səmimi hisslərini ifadə edir. Axı adi adamlar bəzən mənim yazılarım qarşısında özlərini saxlaya bilmirlər. Yazı o qədər gözəl olur ki, kiminin ürəyi gedir, kiminin başı gicəllənir, kimin halı pisləşir və s. Ona görə yəqinləşdirdim ki, sadiq oxuculardan biridir. Və ona cavab yazdım.

– Sən də supersən.

O isə nə yazsa, yaxşıdır? Yazdı ki:

– Öpürəm can. Harda olursan?

Gecənin bir vaxtı Elşən adlı naməlum bir hesabdan “can” eşitməyim heç xoşuma gəlmədi. Başa düşdüm ki, bu Elşən oxucu-filan deyil, geydir. Təsadüfən qarmaq atıb, tora mən düşmüşəm. Nə bilim? Həm də bir az məyus oldum. Çünki oxuculardan mesajlar, təriflər eşidəndə çox sevinirəm. Deyəsən, mənim “ulduz xəstəliyi”m var. Ancaq diqqət, sevgi gözləyirəm. İstəyirəm ki, hamı məni tərifləsin, qaldırıb dağ başına qoysunlar, küçədə gəzəndə gəlib salamlaşsınlar, şəkil çəkdirsinlər. Daima gündəmdə qalmaq üçün əlimdən gələni də edirəm özü də. Amma heç nə əmələ gəlmir. Bilmirəm... Bilmirəm necə olacaq. Ölsəm, bağışlayarsız.

Və bu hadisəni bir neçə dostuma danışdım, məlum oldu ki, bu halla onlar yüz dəfə qarşılaşıblar. Geylər instaqramdan, feysbukdan hamıya yazırlar, hamını narahat edirlər.

Niyə mənə saat 12-də Elşən adlı naməlum bir adamdan mesaj gəlməlidir ki, can, harda olursan? Üstəlik, mədəni formada izah edirsən ki, “qardaş, mənim cinsi oriyentasiyam başqadır. Təşəkkür edirəm. Amma qəbul edə bilmərəm”. Bu qədər mədəni yazmasan da, aşağı-yuxarı kontekst belə olur.

Bu cavabdan sonra bir həyasızlıq edirlər ki, adam istəyir desin, gəl, qardaş. Fikrimi dəyişdim.

Başa düşmək olmur, bu həyasızlığın cəsarətini haradan əldən edirlər? Belə həyasızlığın mənbəyi haradandır? Onlara kim ixtiyar verib ki, belə həyasızlıq edə bilirlər? Maraqlıdır. Düşünürəm, düşünürəm, bir cavab tapa bilmirəm.

Özünə qarşı hörməti qışqıra-qışqıra qazanmırlar. Demirlər ki, ay camaat, biz azlıqdayıq, bizə hörmət eləməyə borclusuz. Bizə hörmət eləyin.

İki gözlərim aydın, siz azlıqdasınız. İndi nə edək? Azlıqdasan deyə gərək gecə saat 12-də yazasan ki, can, harda olursan?

Əgər sən mənə hörmət etmirsənsə, mən niyə sənə hörmət etməliyəm? İndiyə kimi tanımadığım heç bir geyə yazmamışam ki, salam can, harda olursan? Heç bir geyi təhqir etməmişəm, ələ salmamışam, yeri gələndə müdafiə etmişəm, hətta dəstək də olmuşam. Əgər mən bu kriteriyaları gözləyirəmsə, yerimi və həddimi bilirəmsə, nə üçün bir gey bu etiket qaydalarını kobud şəkildə pozur?

İnstaqramda, feysbukda qışqıra-qışqıra “mən geyəm, mən lezbiyəm, mən transam” deyən bir insan, məncə, özünü normallıq şkalasından kənarlaşdırır. Özləri belə edirlər. Deyirlər ki, biz fərqliyik. Biz xüsusiyik. Nə bilim, bizə hörmət etmək hamının boynunun borcudur. Belə olan halda da, özlərini cəmiyyətdən ayırırlar, özlərini qəribə aparırlar, hər halları ilə göstərmək istəyirlər ki, bizim cinsi oriyentasiyamız fərqlidir.

Buna görə insanların beynində belə bir fikri formalaşır: “ONLAR BİZDƏN DEYİLLƏR”. Bizdən olmayan adamları da, adətən hansısa formada aradan götürürlər. Çünki “bizdən olmayan” bizim üçün təhlükədir. “Bizdən olmayan”lardan qorxmaq lazımdır. Nəticədə də bu qədər ölümlər, bu qədər şiddət halları baş verir.

Təbii ki, düzgün insanlar da çoxdur. Onlar özlərini normal aparır, öz həyatını yaşayırlar. Sosial mediada diqqət, qayğı dilənçiliyi etmirlər. Diqqət dilənən adamlar hər kəsi bezdirib. Hər şeyin bir təhəri var. Ho var dağdan endirər, ho var dağa qaldırar. Xahiş edirəm, ritorikanızı, davranışlarınızı düzəldin. Siz heç kimdən nə artıq, nə də əskiksiz. Siz bizdənsiniz. Hamımız insanıq və insanlar bir-birinə hörmət etməlidir. Bu, şübhəsiz, belədir.

Nə qədər ki, “bizə hörmət edin” janrında qışqıracaqsınız, belə ölüm halları çoxalacaq. “Bizə hörmət edin” janrından qurtulub, cəmiyyəti maarifləndirmək lazımdır. Kitablar tərcümə olunmalıdır, sosial mediada işlər görülməlidir, filmlər çəkilməlidir, mahnılar bəstələnməlidir.

Hətta mən təklif edirəm ki, gey bir meyxanaçı tapaq, toyxanalarda bu haqda ara-sıra meyxana desin. Vallah, cəmiyyətin fikri tamamilə dəyişə bilər. Çünki meyxana bizdə sosial mesajlar vermək üçün ən ideal üsuldur. Nə edək? Özümüzü öldürəsi deyilik ki, hamı meyxananı sevir. Opera kimin nəyinə lazımdır? Bir dəfə Atatürk göstəriş verir ki, ucqar bir kənddə opera konserti təşkil olunsun. Camaat bu konsertlərə öyrəşsin, opera dinləsin. Konsert baş tutur, sonda bir kəndlidən soruşurlar ki, “opera sizə necə təsir etdi?”. Kəndli cavab verir ki, “indiyə kimi, heç bir paşa, heç bir sultan bizə bu qədər əziyyət verməmişdi”.

Həmçinin bizdə də elə. Meyxana ilə öz sözünü deyə bilərsən. LGBT haqqında müxtəlif məzmunlu meyxanalar olmalıdır ki, uzunburun ayaqqabı geyinən kişilər, qırmızı xələt geyinən arvadlar LGBT-ə normal baxsınlar, adi münasibət göstərsinlər. İş görmək lazımdır, iş. Boş-boş “mən geyəm, mənə hörmət etməlisiniz” ritorikasında qışqırmaqla, heç kim heç kimə hörmət etməyəcək, əksinə zəhmətkeşlərimiz daha da aqressivləşəcək.

# 4520 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #