Kül belə gəncliyin başına

Vüqar Babazadə, yazar

Vüqar Babazadə, yazar

2 fevral 2022
# 13:15


Bu gün Gənclər Günüdür. Üstəlik, 02.02.2022 kimi "zerkalni" bir gündür.

Yenə ölkənin itizəkalı, fövqəlinsan, hər şeyə qarşı çıxan radikal gəncləri əllərinə klaviaturalarını alıb, döşəyirlər ki, gənclik belə getdi, gənclik belə gəldi. Biz gənc deyilik, gənc olmaq olmur filan.

Onlar həyatda konkret bir və ya bir neçə uğuru olmayan, hər şeyi inkar edərək ömür sürən, uşaqlıqdan qalan yarımçıqlıq sindromundan əziyyət çəkən, hər kəsə nifrət edən, xəstə təfəkkürlü “gənc”lərdir.

Mənim müşahidələrimə əsasən həyatda heç bir uğuru olmayan, xəstə təfəkkürlü insanlar ancaq və ancaq deyinirlər. Hətta başqalarının yerinə də deyinirlər. Hansı ki, deyinməyə haqqı olanlar susub qalıb bir qıraqda.

Hər yaşın öz gözəlliyi var.

Adam gərək yaşından böyük davranmasın. Arada qabağıma çıxır, hansısa uşaq yekə-yekə danışır, yaşından böyük davranır, camaat da bunu bəh-bəhlə qarşılayıb uşağı və valideynlərini alqışlayırlar.

Mən bu şeylərdən iyrənirəm. Adam gərək özünü yaşından böyük aparmasın. Sənin yaşın, sənə nə etməli olduğunu, necə davranmalı olduğu göstərəcək. Dahiliyə, müdrikliyə gərək yoxdur.

Əgər özünü yaşından böyük yaxud balaca aparsan, müdriklik mərtəbəsinə qalxdığını fikirləşsən, biabır olacaqsan. Karikatura kimi görünəcəksən.

Misalçün, əgər sevgilindən ayrılmısansa, əzab çək. Bayağı mahnılara qulaq asmaq istəyirsənsə, qulaq as, sevmək istəyirsənsə, sev. Namaz qılmaq istəyirsənsə, namaz qıl. Kitab oxuya bilmirsənsə, oxuyanda heç nə anlaya bilmirsənsə, oxuma. Pulun yoxdursa, olmasın.
Səndən böyüklərə bax, müşahidə elə, məsləhət al, amma sonda yenə öz bildiyin işi gör. Ürəyin nə istəyirsə, onu elə. Gərək səhv qərarlar verəsən, aldanasan, inanasan, dostluq edəsən, işləyəsən, əzab-əziyyət çəkəsən. Həyat hansı havanı çalsa, ona oynayasan. Bir sözlə, gəncliyini yaşayasan.

Yoxsa ki, onsuz da, hər adam 30-40 yaşdan sonra müəyyən qədər müdrikləşir, ağırlaşır. Elə-belə demirlər ki, “gənc olanda, başda ağıl olmur”.
Gənclikdə öyrəndiyin şeylər sənə təcrübə qazandırır və gələcəkdə həmin təcrübələrlə daha müdrik və daha düzgün yaşayırsan.

Baxırsan ki, gəncdir, cin tutan vaxtıdır, tayları Kiyevdən vurub Krasnodardan çıxır, nə bilim, üç dənə işdə işləyir, ailəsindən pul almır, evə kömək edir. Nəsə edir. Nəsə etmək istəyir, buna cəhd edir.

Amma bu (dahilik xəstəliyinə tutulmuş gənclər), oturub Freyddən, Kafkadan, Bukovskidən gic-gic şeylər oxuyub, dahilik xəstəliyinə tutulub, özünü intellektual sayır, ateist olub, bütün gün hansısa pabda gic-gic işlərlə məşğuldur, özünü bədbəxt edir.
Nəinki özünü bədbəxt edir, ətrafında olan insanlara da mənfi emosiyalar, pislik, bədgümanlıq, bədbinlik, nifrət yayır. Belə gənclik olar? Kül belə gəncliyin başına.

Göldə yaşamaq olar, göldə qurbağa da ola bilərsən, zanbaq da ola bilərsən, balıq da ola bilərsən, timsah da. Bir gün dənizlərə, okeanlara çıxmaq arzun da ola bilər, gölü zəhərləyib, əbədi olaraq gölə məhkum olmaq da. Qurd öz yerində kökələr.

Əgər qaranlıqdasansa işıq daha yaxşı görünür. Palçıqda mirvarilər seçilir. Ağılla, təmkinlə, gəncliyin enerjisi ilə dünyanın da yerindən tərpətmək olar.

Gənclik səhv etməkdir, öyrənməkdir, bir palçığa min dəfə düşməkdir, yaşamaqdır, hər gün bir əhvalda, bir halda oyanmaqdır, həyatın ən gözəl periodlarından biridir.

Hər həftə məndən yaşda çox böyük adamlarla futbol oynayıram. Keçən oyunların birində kökəlmiş, yaşı 40-ı keçmiş bir ağsaqqala topu bir az sürətli atdım deyə, çata bilmədi. Oyundan sonra mənə dedi ki, sən öz potensialına görə mənə pas verirsən, mən çevik ola bilmirəm, topu kontrol edə bilmirəm, yerimdən bir anda götürülə bilmirəm. Kaş mən də sənin yaşında olardım.

Bu hadisə mənə çox pis təsir etdi. Eyni zamanda, bəzi şeylərin fərqinə vardım. Həqiqətən, həyatda bizə lazım olan sözləri çox dəxilsiz situasiyalarda və dəxilsiz adamlardan eşidirik.
Bu hadisənin mənə min dənə kitabdan, yüz dənə müdrik adamın məsləhətlərindən daha çox şey qazandırdı. Danq elədi ki, mən hələ çevikəm, enerjiliyəm, gəncəm. Gənc, sürətli olduğumun fərqinə vardım.
Anladım ki, hələ deyinməyə, oturub kədərlənməyə, təslim olmağa çox qalıb. Yaş gedir, həyat ötür, nə qədər ki, qocalmamışam, bədənim və zehnim köhnəlməyib mübarizə aparmalıyam, doya-doya yaşamalıyam. Mənə yüklənilən sosial və məişət etiketlərindən imtina etmədən, özümlə hər vəziyyətdə üzləşməliyəm.

Bütün gənclərə uğur, pul, sağlamlıq və yaşları səviyyəsində düşünmək və yaşamaq arzulayıram. Həyat, məncə, hər halı ilə gözəldir.

# 4284 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #