Geyiminə görə adama lağ edənlər

Nazlı Çələbi, yazar

Nazlı Çələbi, yazar

27 iyul 2022
# 13:30

Kulis.az Nazlı Çələbinin yeni yazısını təqdim edir.

Keçmişdə video və foto yalnız varlı-dövlətli, vəzifəli şəxslərin məclisində olurdu deyə, sadə insanlar toya, bayrama eyni geyimdə getməkdən çəkinmirdilər. Onlara kimsə deməzdi ki, bir donun var, onu da hər yerə geyirsən. İnsanın kasıblığı və çarəsizliyi başına çaxılmazdı.

Məsələn, mənim bircə donum var idi, anam tikdirmişdi. Səbirsizliklə bayram ya da toy məclislərini gözləyirdim ki, o paltarı geyinim. Həmin gün özümü çox özəl hiss edirdim.

Yəni mən də belə bəzəkli-düzəkli görünə bilərəm. Evə gələndən sonra da çıxarıb səliqə ilə şifonerdən asırdım. Səhəri gün isə yenə adi, köhnəlmiş paltarlarla ömür davam edərdi. Bayramları ona görə sevərdim ki, bir gün də olsa, üzüm yox, ürəyim güləcək, insanlar yeni, gözəl görkəmdə görüb mənə heyrətlə baxacaqlar. O baxışlar mənə təskinlik, həm də özünü təsdiq hissi yaşadırdı.

Çünki kasıblıq içində əzilmiş eqom, var gücümlə göstərməyə çalışdığım istedadım, digər uşaqlarda və yeniyetmələrdə tapılmayan daxili keyfiyyətlərim köhnə pal-paltarın hesabına ayaqlar altına atılmışdı. Sanki məni görmürdülər, eşitmirdilər.

Əslində isə həm görürmüşlər, həm də eşidirmişlər, sadəcə kasıblıq bütün bu keyfiyyətlərin üstünə qara, yağlı bir xətt çəkərək insanlara göstərirdi. Bizim ölkədə geyim həmişə insana olan münasibəti təyin edib. Əsas sənin görünüşündür.

İndi isə vəziyyət daha gərgindir. Eyni donu ikinci dəfə efirə, təqdimat mərasimlərinə, toya və digər tədbirlərinə geyə bilməzsən. Əslində geymə deyən bir qanun yoxdur, amma cəmiyyətimizin yazılmayan qanunları var. Sən istedadlı, görkəmli şəxsiyyətsənsə hökmən bahalı qarderobun olmalıdır, yoxdursa, deməli, sən özünə dəyər verə bilmirsən, ya da elə həqiqətən dəyərsiz birisən.

Ən sadə vətəndaş belə sənə qarşı bu silahı işlədərək rahatca vura bilər. Hələ efirə gələn qonaqların və aparıcının, toyda qohum-əqrəbanın, məclisdə iş yoldaşlarının barəndəki alçaldıcı düşüncələrini sənə zillənmiş gözlərinin bəbəyindən oxuyarsan, pərt olarsan, özünə yer tapmazsan, "doğrudanmı mən belə miskinəm? Varlığım bu cür "yüksək" səviyyəli insanları iyrəndirir, narahat edir?" deyə düşünərsən.

Ömür boyu yığdığın elm xəzinəsindən gövhərləri payladıqca, adını yaza bilməyən şəxs sənin dediyinə yox, geyiminə baxıb lağ edər və sən... Və sən məhv olarsan Yoxsulluq içində çapalayaraq əldə etdiyin elm, çəkdiyin o boyda zəhmət, fədakarlıq, əzm, istedad, sənin əlinə su tökməyə belə yaramayan kütlə tərəfindən heçə endirilər. Özün öz gözündən düşərsən, həyatına, yaradılışına təəssüflənərsən.

Bu cəmiyyət içində yaşadığına dönə-dönə nifrət edərsən! Lakin bunu səndən başqa heç kim bilməz. Bildikləri isə sən həkimsən, məni müalicə etməlisən, həm də yüksək səviyyədə. Nədir ki, SƏNin mənim kimi ləyaqətsizə vəzifə borcun var! Çünki mənim savadım, insanlığım, şərəfim olmasa da, altımda maşınım, cibimdə pulum, obyektlərim, evim-eşiyim, restoranlarda yeməyim-içməyim var.

Bütün bunlar səndə yoxdursa, deməli, mən səndən üstünəm. Üstünlüyümü də səni təhqir edərək, alçaltmaqla göstərərəm.
Hələ sən tanınmış bir ədibin, şairin qızı, həmyerlisi, iş yoldaşı, cananı deyilsənsə, yazdıqlarına da bir quş! Heç yaxın bildiyin dostların da kitabı alıb oxumayacaq, atacaqlar bir kənara. Maraqlı deyilsən onlar üçün. Axı səndən hansı xeyri götürəcəklər, kimə lazımsan? Sənə heç yaltaqlanmağa da həvəsləri yoxdur. Onlar o ədiblərin kitablarını alıb oxuyurlar ki, sabah hansısa məclisdə onu tərifləmək, yaltaqlanmaq, həm də özünü göstərmək üçün əllərində material olsun.

İçlərində vicdan olmasa da olar...

# 4867 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #