Əbədi nihilist

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

9 mart 2023
# 11:37

Kulis.az Rəvan Cavidin “Əbədi nihilist – Dostoyevski” adlı essesini təqdim edir.

İnsan mühakiməyə meylli varlıq olduğu üçün bəzən özünüdərk prosesi onun eqosu tərəfindən “məqsədli” şəkildə yubadılır. Başqalarının səhvləri, günahları, uğursuzluqları onu daha çox maraqlandırır, nəinki şəxsi xasiyyətləri. Psixoloji akt kimi qəbul edilən sənət və onun şəkildəyişmələri insanın mahiyyətini bu və ya başqa rakurslardan göstərməyə “təlimatlandırılıb”.

XIX əsrin avanqard ədəbi nümunələri yaranana qədər mətnlər ya kilsə qanunlarının icmalı kimi, ya da ibtidai insanın yenicə sivilizasiyaya qovuşması eyforiyasının eqosu kimi qarşımıza çıxır. “Don Kixot”la başlayan özünəironiya şəkli fransız və ümumilikdə Avropa intibahında yayğınlaşmağa başlayır. Özünə ironiya özünümühakiməyə təkan verir. Və beləcə ədəbiyyatda “anti-qəhrəmana simpatiya” yaranır. Bu cür mürəkkəb psixoloji axının ən yaxşı dalğıcı isə, təbii ki, Dostoyevskidir.

Nabokov onun haqqında “Rus ədəbiyyatının ən zövqsüz yazıçısıdır” deyirdi. Çünki bütün qəhrəmanları bir-birinə oxşayır: depressiv, yorğun, nihilist, qaramat. Dostoyevski yaradıcılığının yeganə müsbət xarakteri, yəqin ki, Mışkindir. Digərləri ilə müqayisədə bir qədər ümidli, bir qədər romantik, eyni dərəcədə də digərləri kimi realist. Özünüdərk prosesini keçmiş biri. Dostoyevski qəhrəmanlarının bu qədər bir-birinə bənzəməsini keçirdiyi ağır travmalarla əlaqələndirir və nihilist biri olduğunu boynuna alırdı. O da qəhrəmanları kimi mazoxistcəsinə nə qədər qaramat olduğunu boynuna alırdı. İsanın qurban seçilib atası tərəfindən çarmıxa göndərildiyini iddia edən qəhrəmanları kimi özünü də rus nəsrinin və ictimai elitasının qurbanı hesab edirdi.

Dostoyevski edam kötüyündən son anda endirilir. Günlərlə ölümünü gözləyir, dar ağacından asılacağı saniyələri sayır və son anda çarın əmri ilə bağışlanır. Bu əfv ona dərin psixoloji ağrılar yaşadır. Dünya ilə bütün əlaqələrini kəsmiş gənc vətənpərvər həyata yenidən əvvəlki üsyankar, inadkar imiclə qayıda bilmir. (Həmin edamı gerçəkləşdirən vəzifəlilərdən biri də Nabokovun babası olub. Nabokovun Dostoyevskiyə antipatiyası genetikdir). Və qumara qurşanır.

Ziqmund Freyd Dostoyevskinin qumarbazlığını aludəçilik kimi yox, terapiya kimi qiymətləndirirdi. Daxilindəki maddi insanı öldürmək üçün o davamlı uduzmalı idi. Və belə də olurdu. Dostoyevskinin qumar borcları o öləndə belə tamamilə ödənməmişdi. Qumar borcuna görə kitab yazması, məşhurlaşması və sair kimi bilənən məlumatları qeyd etmədən Freydə qayıdıram.

Freyd Dostoyevskinin yaradıcılığının böyük psixoloji diaqnozlarla dolub-daşmasını epilepsiya zamanı gördüyü hallusinasiyalarla əlaqələndirir. Dostoyevskinin epileptik çıxarışları Nitsşeni üstinsanı axtarmağa sövq etmişdi. O da düşünürdü ki, Dostoyevski gününə qədər yazıb yaratmış ən yaxşı psixoloqdur. Freyd parapsixologiyadan danışanda hökmən Dostoyevskinin adını çəkir.

Jozef Kempbell “Min sifətli qəhrəman” kitabında insanın bütün günahlarının əsasında yarımçıq dünyaya gəlməsini səbəb göstərir. İnsanın digər canlılardan daha gec “süddən qopması”nı da bununla əlaqələndirir. O, ana bətnində bütünləşmir. Onun sonralar Edip kompleksi yaşaması da bununla bağlıdır. İnsan sevgiyə və aliliyə ac gəlir dünyaya. Və heç bir mədəni akt onu öz ibtidai sərhədlərindən çəkib çıxara bilmir. Bunun əsas yolu insanın daim özünü sorğulaması və yanlız özünü mühakimə etməsidir. Raskolnikov kimi. Öz içinə çəkilib getdikcə batinində boğulmaq və bütün günahlarını “qusmaq”. Dostoyevskiyə görə aliliyə gedən yol bu idi. Ancaq o heç bunu da istəmirdi. Uşaqlıqda, yeniyetməlikdə, gənclikdə aldığı travmalar onu əbədi nihilistə çevirmişdi.

Dostoyevski öz qəhrəmanlarına qarşı həssas idi. Onlara yazığı gəlirdi. Dostoyevskişünas alim Məmməd Qocayev qeyd edir ki, məşhur yazıçı ilk romanı “Yoxsul insanlar”ı da məhz bu səbəbdən çap etdirməyə qorxurdu. O qorxurdu ki, adamlar onun qəhrəmanlarını incidəcəklər.

Rus ədəbiyyatında bütün tənqid və heyrətlərə rəğmən iz qoya bilmiş Dostoyevski yaradıcılığını iki hissəyə (40-cı illər - əvvəl və sonra) bölsələr də, o, Tolstoy kimi yaradıcılığının ikinci hissəsində də öz ilkin qənaətlərinə qalib gələ bilməmişdi. O həmişəlik psixoloq olaraq qalacaqdı.

Ondan sonra psixologiyada inqilab etmiş Freydə də, Yunqa da təsir etməyi bacarmışdı. Ən vacibi isə həm nihilizmin, həm də ondan doğan ekzistensializmin və bünövrəsini bu iki cərəyandan götürmüş absurdizmin banisi kimi onun adını çəkmək həmişə zəruri olacaq.

Bəs niyə Dostoyevskinin dedikləri, göstərdikləri və hiss etdirdikləri İkinci Dünya müharibəsindən sonra daha yaxşı qavranıldı?

Çünki İkinci Dünya müharibəsi tanrımərkəzçiliyin, yəni ümidin, görünməzə inamın sonuncu sınağı idi. Avropa, xüsusən, yəhudi köklü xalqlar bu sınaqdan çıxa bilməmişdi. Və insana qayıtmağın, mərkəzdə insan və onun hisslərinin dayandığı yeni dövrə girməyin vədəsi idi. Avropa getdikcə özünə qapandı. Fərdiyyətçilik toplum münasibətlərindən əvvələ keçdi. İnsanlar nəhayət ki tək olduğunu dərk etmişdilər. İsa və tanrıları onlara “kömək etməmişdi”. Modern və post-modern dövrdə teosentrik dövrün dağılmasından sonra inkişaf tapdı.

Dostoyevski isə bunu illər əvvəl kəşf etmişdi. O, “Yeraltından notlar”ın qəhrəmanı kimi hər kəsə qarşı gələ bilmirdi. Bütün çətinliklərin günahını özündə axtarırdı. Bu axtarış isə onu çox dərinlərə çəkirdi. Varlığını şübhə altında qoyan iztirablara böyük bir köç başlamışdı artıq.

Onu əbədi edən də bu köçün özündən sonra yüz illərlə davam etməsi oldu.

# 1427 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #