Az bal topladığı üçün özünə qəsd edən 17 yaşlı qız

Az bal topladığı üçün özünə qəsd edən 17 yaşlı qız
25 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Bədbəxtliyin fabulası ətrafında” yazısını təqdim edir.

Dünən gördüm ki, yenə bir şagird universitetə qəbul ola bilməyib deyə özünə qəsd edib. Qızdır. 17 yaşı var idi. Adı Laçındır.

Düşünürəm ki, görəsən, bu məsələni necə yaza bilərəm, həm valideynlərə xeyri olsun, həm uşaqlara xeyri olsun, həm pafoslu olmasın, həm qeyri-ciddi olmasın, həm indiyə qədər bu haqda yazılan yazılardan fərqli olsun, həm də bu cür hadisələrin qarşısını müəyyən qədər də olsa, kəsmək olsun. Qərəz, müxtəsərlik istedadın bacısıdır. Keçək söhbətə.

I hissə – Ömür

Burda ömür vaxtı yubatmaqla keçir. Məktəbi qurtarırsan, universitetə qəbul olursan, ömür 4 il yubanır. Universitet bitir, əsgərlik başlayır, ömür 1 il yubanır. Kiminləsə evlənirsən, uşaq dünyaya gələnə kimi, ömür 1-2 il yubanır. Bir işə girirsən, gündə 10-12 saat ömür yubanır. Belə-belə, belə-belə bir də görürsən, nəhayət ki, ömür getdi, həyat qurtardı.

Ömürlərini yubatmayan insanlara ölkəmizdə dəli, sarsaq, uğursuz, fərasətsiz adam kimi baxırlar. Kim öz həyatının arxasınca getmək istəyir, onu mənəvi xədim edirlər.

Söhbətdən uzaq düşməyək. Mövzumuz universitetə girə bilmədiyi üçün özünü öldürən şagirddir. Qızdır. 17 yaşı var idi. Adı Laçındır.

Bu baxımdan, yəni ömür uzatmaq baxımından ən yaxşı vasitə universitetdir. 4 il, “kos-koca” 4 il həyatı fırladırsan, cığallıq edib həyatı yaşamırsan. 4 il sənə nə ailə, nə nəsil, nə də cəmiyyət təzyiq göstərir. Sanki təzə əkilmiş tingsən. Heç kim bar gözləmir, birtəhər başını girləyirsən.

Valideynlər də uşaqlarını 4 il başından eləmək üçün istəyirlər ki, onlar universitetə qəbul olunsunlar. Nə əziyyət çəkmək lazımdırsa, çəkəcəklər. Ödənişlidirsə, ildə 3000 manat ödəniş verəcəklər, kəsr varsa, pul verib bağlatdıracaqlar, yol pulu, yemək pulu, nə lazımdırsa, edəcəklər. Təki uşaq 4 il başını qatsın. Axı kimsə onlardan soruşa bilər:

– Sənin oğlun neynəyir?
– Sənin qızın niyə ərə getmir?

Bu suallara ən optimum cavab “hələ oxuyur” cavabıdır. “Hələ oxuyur”sa, deməli, toxunmamaq olar.

Söhbətdən uzaq düşməyək. Mövzumuz universitetə girə bilmədiyi üçün özünü öldürən şagirddir. Qızdır. 17 yaşı var idi. Adı Laçındır.


II hissə – Gənclərin zənciri

Mən əyalət gənci olmuşam. Əyalətdə necə yaşayırlar, nə edirlər, hansı arzuların olur, hansı vəzifələrin, hansı yüklərin olur çox yaxşı bilirəm. Əyalət gənci universitetə yox, Bakıya girmək istəyir. Şəhər görmək, qızlara baxmaq, siqaret çəkmək, az da olsa, iqtisadi azadlığını təmin etmək, gözdən uzaq yerdə olmaq əyalət gəncinin ən böyük arzusudur. Hələ qızlar üçün lap böyük azadlıq deməkdir, Bakıya universitetə qəbul olunmaq.
Əyalətdə yaşayan uşaqların ixtisas-mixtisas, fakülət-makültə vecinə deyil. Onlar sadəcə Bakıya qəbul olmaq istəyirlər. Çünki özünü xilas etməyin, rayondan çıxmağın yolu yalnız və yalnız Bakıdakı universitetlərdir.

Mən universitetə hazırlaşanda bacım artıq ikinci kursda oxuyurdu. Bayramda bir dəfə rayona gəlmişdi. Onda mən də ingilis dilindən 50 dənə söz əzbərləməli idim, heç cür ağlıma girmirdi. Birdən bacım dedi ki, bu yaxınlarda pizza yeməyə getmişdim. Pizza yedim, kola içdim. Ağır bir kədər ürəyimi bürüdü. Mən Lerikin dumanında, palçığında ingilis dilindən 50 dənə söz öyrənirəm, camaat isə Bakıda pizza yeyir, kola içir. Bu primitiv hadisə mənə təkan verdi ki, daha yaxşı oxuyub Bakıya gedə bilim.

Gəncin boynundan bu dəqiqə milyonlarla zəncir asılıb. Ailələr tiran, nəsil bəhsəbəhs, qohumlar bambılı. Heç kim heç kimi başa düşmür. Sən deyirsən, günəş, o başa düşür, küləş.
Qərəz, əyalət gənclərinin Bakıdakı uşaqlara nisbətən daha çox oxuması bu səbəblə bağlıdır.

Gördüyünüz kimi hələ də ali təhsilin bir xeyri yoxdur. Gənci şəhərə və fərqli mühitə atır, ailənin də başını 4 il sakit edir.

Söhbətdən uzaq düşməyək. Mövzumuz universitetə girə bilmədiyi üçün özünü öldürən şagirddir. Qızdır. 17 yaşı var idi. Adı Laçındır.

III hissə – Günahsız yerə

Qızını, oğlunu universitetə girmədiyi üçün danlayan, dindirməyən, döyən valideynlər var ha. Hə, gəlin onlar haqqında da bir-iki kəlimə oxuyaq.

Mən bu valideynlərə ikitərəfli münasibət göstərirəm.

Birincisi, əvvəla, əgər valideyn öz övladını universitetə girməməyə görə necəsə cəzalandırırsa, buna haqqı var. Bu cəzalandırmanı, normada olmaq şərti ilə, universitetə qəbul olmaq yox, həyatda öz üstünə düşən vəzifəni layiqincə yerinə yetirə bilməmək kimi başa düşək.

Son zamanlar belə şeylər çıxıb, “ay nə bilim, uşağa dəymiyin”, “uşaq həssasdır”, “uşağa nəsə deyəndə bizdən küsür, qışqırır, qapını bağlayıb otaqdan çıxmır”, uşaq elə-uşaq belə. Qurtarın bu söhbətləri.

Valideyn uşağına uğursuzluğuna görə necəsə həddini bildirməlidir. Ki, ay bala, həyat amansızdır. Sabah mən olmayacağam, qalacaqsan başlı-başına, nəsə etməsən, batarsan. Yoxsa ki, ətək-ətək pullar tökülsün, o müəllim sənin, bu kurs mənim, axırda da, qız tik-tokda gic-gic videolar çəksin, oğlan çolka saxlayıb, bıçaqla Malakan bağında gəzsin, sonra “ay başı batmış bala, niyə sənə çəkilən əziyyəti hədər elədin, öz boğazımızdan kəsib sənin hazırlıq pulunu vermişik”, “niyə ailəni aldatdın?” kimi suallar veriləndə də özünə nəsə eləsin? Elə şey yoxdur. Cəzası var və onu çəkməlidir. Ən azından gələcək həyatı üçün bir dərs olar.

İkinci tərəfdən yanaşanda isə valideynlər günahkardır.

Hansısa qonşunun, qohumun uşağı girib deyə, sənin uşağın da universitetə girməli deyil. Nə qədər demək olar, nə qədər yazmaq olar, bəsdirin, öz uşaqlarınızı, özünüzü at kimi, it kimi camaatla yarışdırmayın.
Armudu stəkana bir çəllək su tökəndə armudu stəkan nə tutdu tutacaq, qalanı daşacaq töküləcək yerə. Çünki armudu stəkanın tutumu odur. Əgər sizin uşağınız armudu stəkandırsa, ona çəlləyin həcmində yük yükləməyin. Əgər çəlləkdirsə, ona armudu stəkan kimi münasibət göstərməyin. Doğub atmaqla deyil.

Uşaqlarınızı tanıyın, siz onların padşahı, hökmdarı deyilsiniz, siz onların valideynisiniz. Uşağı tanımaq üçün onunla söhbət edin. Ondan fikirlərini soruşun, danışın. Yoxsa axırda bu cür bədbəxt hadisələr qaçılmaz olacaq.

Universitetə girməmək dünyanın sonu deyil. Mən, şəxsən universitet bitirmişəm, yekə, eşşək boyda diplomum da var. Amma di gəl heç bir işə yaramır. Heç bir işə yaramır. Heç bir işə yaramır.

Özünü öldürən Laçın məktubunda yazır ki, “imtahan nəticəm aşağıdır. Atam mənə dedi ki, mən işdən evə gələnə kimi get as özünü”. Dəhşətdir. Fikirləşdikcə tüklərim biz-biz olur. Haranın külünü töküm başıma? Neynəyim ki, o məktubu unudum? Kimi günahlandıraq?

Qız yazıb ki, “siz məni uğursuzluğumla sevməli idiniz. Bacarmadınız. Arxamca tökülən göz yaşlarının heç bir mənası yoxdur. Əlvida”.

Sevgilər sevgilərlə, ölümlər ölümlərlə yaddan çıxar. Nə qədər belə ölümlər görəcəyik? Görəsən, indi qızın anası, atası nə edirlər? Nə haldadırlar? Çox ağır, çox çətin suallardır. Yağış da yağır. Sözüm onda yox.

Mövzumuzdan çox uzaqlaşmayaq, mövzumuz universitetə girə bilmədiyi üçün özünü öldürən şagirddir. Qızdır. 17 yaşı var idi. Adı Laçındır.


# 11906 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #