Kulis.az Orxan Həsəninin “Mədənin dözülməz yüngüllüyü” yazısını təqdim edir.
Mətni yazmağa başlamazdan öncə əziz dostum Rəvan Caviddən soruşdum:
– İnsanın öz xəstəliyi haqqında danışması eqoistik davranış deyil?
Cavab sərt idi:
– Olsun da! Bizdən pöhrələnən və nüvəsində eqo olmayan hansı toxumdan danışa bilərik?!
Asanca razılaşdım! Hər şeydə beləyəm. Məni razı salmaq çox asandır.
Xəstə bədəndə yaşamaq Bakı-Quba yolunda maşın sürmək kimi əziyyətlidir. Bilirsən ki, yol bitəcək, haradasa asfalt uşaq dərisi kimi dümdüz, hamar olacaq, yəni sağalıb sapsağlam duracaqsan, canına enerji, iştaha gələcək, gəncliyin atəşi də qayıdacaq və vurub yanaqlalarını qıpqırımız boyayacaq. Bəli, lakin, indi bu nimdaş pencək kimi yamaq-yumaq yolu getməli, ağrımalı, müalicə almalı, həyatı həmişəkindən çox sevməlisən.
Rusiyanın Ukraynanı işğal elədiyi bu zalım, vəhşi həyatı sevmək necə də çətindir, əziz oxucular!
Uşaqlığımın xatırlanan hissəsində xəstəlik yoxdu. Arıq və sağlam bədənim rəngli fotolardan indi də məsum gülümsəyir. İnsanın uşaqlıq fotolarına baxması aradakı hüdudsuz məsafəni atlaması, zamanı qulaq ardına vurub özünə, ilkinə şahidlik etməsidir. Rəngli və solğun fotolarda incə, qolu açıq “Qurdlar Vadisi” köynəyinin arxasında tərli gözləyən bədənimə indi mərhəmətlə toxunuram. Təsirindən yenik və perik düşdüyüm hislərin buxovundan xilas olur, gerçək həqiqətin sağlamlıq olduğunu o zaman anlayıram. Ağacdan, ağaca, budaqdan budağa, yarpaqdan yarpağa uça-qaça keçirdiyim kəpənək ömrü uşaqlığım məndə həyata və onun xəstəliklərinə etibar yaratmışdı. Qızdırmalı əhval bircə gündə çəkilir, təkdən bir qulağımda başlayan ağrılar nənəmin xüsusi müalicəsi ilə sakitlik qazanırdı. O, bir ovuc duzu parçaya büküb sobada qızdırır, qulağıma sıxırdı və qulağıma ehtiyatla sıxılan parçaya bükülü isti duz canıma şirin qıdıq verə-verə qulağımda döyünən ağrını tikələyirdi. İndi o etibar mərhəmətli toxunuşların təması ilə süzülüb eləcə axır, həyatın qəddar üzü gülümsəyirdi.
Ay yarımdır mədə xəstəliyi ilə mübarizə aparıram. Kəskin ağrılar bir anda dizlərimi yerə vurdu. Həyatımın SOS işıqlarına dönən ürək bulanmalar, nizə tək sancılan ağrılar, yuxusuzluq dumanları, iştahasızlıq burulğanları qəflətən yanıb sönməyə başladı. Nataraz qidalanmaq, bir gün ac, bir gün tox dolanmaq, canıma işləyən payız yağışları, qış soyuqları, yaz sığallar və illərə uzanıb yayılan spirtli içki məclisləri tüfəng olub başımda açıldı. Partt!
Beləcə əlim qarnımda hinduşka kimi domuşub qaldım.
Xəstə mədə ilə yaşamaq senzuralı qəzetdə müxbir işləmək kimi əziyyətlidir.
Hər yediyinə diqqət etməli, hər addımı düşünüb atmalısan, ağı-qaradan ayırmalı, ehtiyatlı davranmalısan. Az-az, lakin gün boyu qidalanmalısan. Üstəlik tam doymaq olmaz. Bu mədənin həzminə ağırlıq verir, xəstəliyin şiddətlənməsinə səbəb olur.
Elə bil, istedadsız adama unikal roman mövzusu danışırsan, ancaq onun yazmağa gücü çatmır.
Kədərli mənzərədir!
Adam lap gecə klubu olub partlamaq istəyir!
Xəstə mədə ilə yaşamaq yeni, yad həyat tərzi vəd edir. Təcrübədən keçirib-keçirib at kimi yorduğun, həyatının yaddaşına düşən vərdişlər daha əl vermir. Əvvəl-əvvəl öz xəstəliyini qəbul etməli, onu sevməli, həyatını, məişətini onun qanunları ilə qurmalısan. Dərmanlarla oyanmalı, dərmanlarla yuxulamalısan. Hər saat həvəslə, ehtirasla bir əvvəlinə dırmaşanda səni əhatə edən dərman qutularını yoxlamalı, onlara ehtiyatla toxunarkən ruhsuz, cansız həblərin uydurma qayğısı önündə təslim dayanmalısan. Həblərin, iynələrin varlığına görə dünya tibbinin inkişafına və XXI əsrə minnətdar qalmalısan.
Əlbəttə, pəhrizə uyğun qidalanmasan, nə həblərin təsiri var, nə də iynələrin.
Pəhriz.
Dadların insanlar üçün nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Karona virusun tüğyan etdiyi yaxın tarixdə insanların böyük travması dadbilməni və iybilməni itirmək idi. Dadları və qoxuları duymamaq dünyanı boz görməkdir... Dadlar, qoxular həyatın ən parlaq rəngləridir və bu rənglər bizi daim pozitivə yükləyir, ruhumuza ruh, canımıza can qatır.
Gözün unutduğunu damağımız xatırlayır.
Çox sevdiyim Marsel Prustun “İtkin zamanın sorağında” romanının motoru dad yaddaşı ilə işə düşür. Sevimli Marsel yediyi madlenin dadında keçmişə qayıdır. Həm özü, həm də biz – oxucular axan keçmişin havasında azıb qalırıq. Mən əminəm ki, Marsel mədə xəstəliyindən əziyyət çəksəydi, dünya ədəbiyyatı “İtkin zamanın sorağında” kimi nəhəng əsərdən yetim qalardı.
Pəhriz şirin qidaları qadağan edir!
Dadsız, duzsuz, ədviyyatsız və sulu yeməklər illərin yorğunu mədənin dirçəlməsi üçün güclərini bir yerə yığıb mübarizə aparır. Bəli, güc birlikdən doğur! Xüsusən, sizi sevən insanların əhatəsində olmaq səhhətinizə müsbət təsir edir.
Xəstəliyin ilk günlərindən intizamlı müalicəyə başlasam da, nənəmin türkəçarələrinə maraqla əməl edirdim. Nənəm nağıllardan çıxma, beli şallı, saçı allı, üstü ədyallı, dili qeylü-qallı bir qarıdır. Ayağından başına bir metr yarımlıq məsafə uzanır. Qüssəli taleyində hər iki valideyni erkən vəfat edib, bir qardaşı Birinci Qarabağ müharibəsində şəhid olub, bir qardaşı Rusiyanın sonsuz düzlüklərində hamıdan azıb, sonradan ölüm xəbəri ailənin sinəsini göynədib. Həyatı realist görür. Onun üçün kiçik faciələr böyüklərin xəbərçisidir.
Nənəm xəstəliyin ilk günü məni yıxıb yaxşıca bankaladı. Belimdə qızaran şar kimi yumru-yumur yanıqlar canıma yığılan soyuqların şiddətini göstərirdi. Nənəmin nağılvari nitqində bu illərin soyuğu idi. Onlar hiyləgərcəsinə gizlin bədənimə soxulmuş, özlərinə yer eşib şad-xürrəm ömür sürmüşdülər. Yediyimdən yemiş, içdiyimdən içib böyümüşdülər, böyümüşdülər və məndən bir parçaya çevrilmişdilər. Daha gizlənmədən orqanların qapısını döymüş, qapı açılmayanda sındırıb içəri soxulmuşdular. Demək lap avaranın biri olmuşdular və dünyanın düz, zamanın əyri bir günündə orqanizmi incitməyə başlamışdılar.
Qəribədir ki, ilkin yoxlanışlardan sonra bir çox daxili orqanımda soyuqlama ortaya çıxdı.
Nənəmə görə bütün xəstəliklərin səbəbi soyuqlamadır. O, belimdə qızaran şar kimi yumru-yumur yanıqları görəndə əlini nazilib yoxa çıxan dodaqlarına aparıb demişdi:
Başıma xeyir, sənin canında dağ ayazı var!
Elə mən də dağdan ağır oğlanam – xəstə-xəstə ona ilişmişdim.
Az danış! Sənin nəfəsin dilindədir. – vahiməli.
Bankaları belimdən bıçaq çıxaran kimi sərt çıxarıb dəmir qutuya yığandan sonra üstümü qalın örtüb yarımca yoxa çıxmışdı. Qayıdanda əlində piy vardı.
Sənin əlacın keçi piyidir – o durmadan deyirdi.
Ayağımdan da assan, bir tikə yemərəm. – qarnımın üstündə xırda təpəcik kimi duran şişə sığal çəkib söylədim.
Öz başına deyilsən. Nə deyirəm, onu da elə!
Keçi piyi tibbi-elmi dildə loy adlanır. Bir çox xəstəliklərin müalicəsində və ümumilikdə faydalı məhsul kimi istifadə olunur. Tərkibində əlifbadakı bütün vitaminləri var. Həmçinin onda nadir B13 vitamini qorunur. Bu da insanı daxildən və xaricdən cavanlaşdırır. Nənəm piyi iki kiçik hissəyə ayırdı. Bir parçasını isti südün içinə atdı, digərini isə əlində ovxalayıb yaydı. Yayılmış piyi ehtiyatla kürəyimə sürtdü. Mənim ölgün bədənim onun kobud və qabarlı əllərində kündə kimi oynayır, yenidən biçim qazanırdı. Beləcə tezliklə nisbi rahatlığı daddım. Lakin nə qədər dil-ağız eləsə, keçi piyi ilə qarışan süddən bircə qurtum da almadım.
Onun qayğılı üzünə tanış ifadələr yazılınca illərin donu vurmuş xatirələri oyanırdı.
On yaşımacan nənəmlə nəfəs almışam. Uşaq təsəvvürlərim onun kobud, zəhmətsevər əllərindən rəng götürüb. Məcburi köçkün qəsəbəsinə daş kimi düşən axşamüstülər, yorğun adamların üzünə yığılan sümük sərtliyi, keçmiş əhvalatların alternativ aləmi, haradasa doğma bir şəhər, kənd qoyub gələnlərin ehtiyac və ümidsizlik oyunları səhnə-səhnə yaddaşımı qıcıqlandırınca yaddaşımdan detal-detal, səhnə-səhnə ötən görüntülərin arxasında onun siması canlanır.
Əllərindən başlayan qırışlar üzündə davam edir və bu hikmət yarğanları yeni türkəçarələrlə məni təəccübləndirir.
Xəstəliyin birinci həftəsində hələ də ölgün dolanırdım. Bu nağıllardan çıxma, beli şallı, saçı allı, üstü ədyallı, dili qeylü-qallı qarı müxtəlif bitkilərlə evimizin qonağı oldu. Bitkilər qurudulmuşdu. Onları tikanına baxmadan ovcunda əzib nəlbəkiyə yığdı və kibrit çəkib alışdırdı. Tezliklə tüstü otağı bürüdü və hamımız nəfəs-nəfəsə qaldıq. Nənəm əlində tüstü qalxan nəlbəki ilə otağı dörd dolananda qədim şamanlara bənzəyirdi. Dilinin altında anlaşılmaz dualar oxuyurdu. Otağı dolandıqca gah nəlbəkini endirib, qaldırır, hərəkətin havası ilə alovu diri saxlamaq istəyirdi. Sonra içəri büsbütün tüstüylə dolu. Nəfəsimi itirib bayıra çıxmaq üçün qalxdım. Mənim sərt, qərarlı hərəkətim onu oyatdı və pəncərələri açıb tüstünü buraxdı. Hamımız lal-dinməz dayanıb onu izləyir, baş verənlərə məna axtarırıdıq. Heç nə anlamırdıq. O isə sərin-sərin sönən bitkilərin külünü qarışdırır, ovcuna yığırdı. Beləcə çarpayıda uzanıqlı məni yanladı:
Qollarını aç.
Mən əmrə müntəzir qollarımı açdım. Ovcuna yığdığı külü qollarıma və alnıma sürtməyə başladı.
Tezliklə sağalacaqsan – ayin bitdikdən sonra söylədi.
Sağalmasam, özündən küs – zarafatla.
– Yox, mütləq sağalacaqsan.
– Küllə adammı sağalar, ay nənə? Bu nə oyun idi?
Uruf var səndə. Özüm axşam baxmışam. Özü də Xanoğlan bananın (atamın babası) urfu. Ət istəyir. Gərək axşam ət qaynatması yeyəsən.
– Ölü adama ət nə gərəkdir?
– Gərəkdir. Sən belə şeyləri bilməzsən!
Nənəmlə bu söhbətdən bir həftə sonra səhhətimdə nisbətən müsbətə doğru irəliləmə oldu. Həkimlərin və müalicənin köməyi ilə artıq yemək yeyir, ürəkbulanma, iştahasızlıq və yuxusuzluq azarından yavaş-yavaş rahatlıq tapırdım. Təkdən-bir görünüb çəkilən ağrılar isə yanıb sönən mayak işığı kimi xəstəlikdən uzaqlaşmağımın, normal həyata qayıtmağımın xəbərçisi idi. Əlbəttə, heç nə əvvəlki olmayacaqdı. Zərərli vərdişlərdən, zərərli qidalardan qol götürməliydim. Sistemli həyat tərzinə boyun əyməliydim. Bədənimdə alışmağı gözləyən barıt çəlləyi daşıyırdım.
Mətnin sonunda tam əmin olmaq üçün əziz dostum Rəvan Caviddən soruşdum:
– İnsanın öz xəstəliyi haqqında danışması eqoistik davranış deyil?
Cavab sərt oldu:
– Bir sualı iki dəfə verməyi tərgit!