Təkbətək

Təkbətək
18 dekabr 2020
# 10:10

Təkbətək

Aliyə

"Təkbətək" A.İ.Kuprinin dilimizə çevrilmiş romanının adıdır. Başqa dillərdə “Duel” adıyla çap olunub. Kitabla birgə Kuprinin bioqrafiyasını da oxumaq yaxşı olar, onun həyatı yazdığının kontekstində daha məzmunlu görünür.

Kuprinin "Təkbətək"i kiçik leytenant Romaşovdan bəhs edir (qeyd edim ki Kuprin özü də hərb sistemində olub, leytenant rütbəsində ikən istefaya göndərilib. Yəni, bu yazılanlar hərbin içində olan insanın qələmindən çıxanlardır).

Romanın əsas xətti Romaşovun polk komandiri Nikolayevin arvadı Aleksandraya (Şura) sevgisi olsa da, əsas sevgi, müharibə, birrəng cəmiyyət, öldürmək ehtirası və azad iradə mövzusuna toxunur: Bir sistem olaraq hərbidəki kor-koranəlikdən, kütlükdən, meşşanlıqdan bezən podporuçik Romaşovun həyatına yeganə rəng qatan şey onun Şuraya duyduğu sevgidir. O sevgi onun hərb həyatının elə cazibəsi, elə parlaqlığıdır ki, Romaşov ona var gücüylə inanmağa məcburdur.

Oysa zabit xanımlarının darıxdırıcı hərbi cəmiyyətdəki əyləncəsi tez-tez dəyişdikləri gənc zabitlərlə eşqbazlıqdır. Bu eşqbazlıqlar adi haldır. Və Romaşovn da Şuradan əvvəl xanım Petrovna ilə qəlbə toxunmayan bir eşqbazlığı olub. Lakin Şuraya aşiqliyi onu bomboz hərbi sistemdə əsl sevginin olmasına inandırır.

Nə üçün birrəngdir bu cəmiyyət? Yazıçı mətn içində bu sualı qoyur və cavab yerinə rütbəcə yüksək olanın əmrilə oturub duran bütöv bir hərbi xidmət həyatını təsvir edir. Oxuyub görürük ki, insanı ruhuna aid nə varsa, ondan uzaqlaşdıran bu hərbi sistemi - ya da dinc dövrdə dövlətlərin adlandırdığı kimi müdafiə qüvvələri - özünü qoruya, müdafiə edə bilməyən, sındırılmış insanlarla doludur.

Daha düzü, o sistem düşünməyə, seçim etməyə imkan verməyən, cızığından çıxanı, sual verəni cəzalandıran bir maşındır.

"Bütün bu dəmir nizam-intizam, qaydalar, onları pozanlara görə cəzalar nəyə lazımdır?" deyə kiçik leytenant Romaşov özündən soruşur.

Cavab var: Mümkün olacaq bir müharibə üçün, əlbəttə.

Əslində Romaşovun “təkbətək”i bu sualdan sonra başlayır. Tərcümədə əsərin adının duel yox, təkbətək seçilməsi də məhz buna görə uğurludur. Çünki bu ad daha çox podporuçik Romaşovun ordu sistemi ilə, insanı əzən, özündən imtina etməyə məcbur edən bir sistemlə təkbətəkinə işarə edir, nəinki sonda Şuranın əri ilə duelə...

Aleksandr Kuprin — Vikipediya

Romaşov Şuranın təbiri ilə desək, romantikcə, amma yazıçının eyhamıyla yazsaq, azad iradəsilə düşünür:

"…axı bu mümkün ola biləcək müharibə bizdən asılıdır. Madam, heç kim ölmək, öldürmək istəmir, hər bir əsgər döyüşməkdən imtina etsə, - axı hamısı bunu istəmir – heç kim böyük miqyaslı müharibə fikrinə düşməz. Nə üçün hamı bu səfehlikdən bir nəfər kimi imtina etmir?"

Düşünür və ona müticə qulluq edən əsgər Qaynanın yanına dönür.

Romanın bəzi epizodları ideya yükünə görə xüsusilə diqqəti çəkir. Bu epizodlarda rəqs gecələri, əyləncə axşamları, "ictimai dünyəvi miqyasda" söhbətlərin getdiyi içki məclisləri təsvir olunur. Və onlardan birində belə bir söhbət var: hərbçilər duelin qadağan oluna bilməsi xəbərini müzakirə edirlər. Çoxu bunun yaxşı bir şey olmadığını təsdiqləyir.

“Dinc dövrdə duel kişilik, mərdlik, şərəf, ləyaqət deməkdir. Fransız duelindəki kimi heç-heçəylə bitən duellər rüsvayçılıqdır, qan qanla yuyulmalıdır”, - deyir zabitlər.

Bu epizod bizə nə deyir? Müharibə, duel bir seçimsizlikdir, amma həm də bir ehtirasdır. Udmaq və uduzmaqdan başqa seçimi olmayan oyun ehtirasıdır. Öz həyatı haqda, ona toxunan məsələlər haqda qərar vermək imkanı, seçimi yoxkən adamlar başqalarının həyatına qərar vermək həzzindən məhrum olmaq istəmirlər.

Romaşov bu söhbətlərə tam laqeyddir. O, bu məsələləri çözüb. Həmkarlarından da, bu söhbətlərdən də çoxdan yorulub. Qışqırışan boşboğaz adamların səs-küyündən yorulub və çoxluğun içində öz ağlınca həyatını yaşamaq seçimi yoxdur. Hətta yaşamaq ümumiyyətlə seçimi yoxdur (kədərli reallıq - Romaşov sülh istəyən tərəf olaraq öldürülür!): arvadı Şura haqda söz söhbətlərdən bezən kapitan Nikolayev onu duelə çağırır. Qaydaya görə duelə çağıran ikinci atmalıdır.

Şura Romaşovla danışaraq onu ilk atəşi havaya açmağa razı salır. Deyir, Nikolayevlə də danışıb. Dueldən imtina biabırçılıqdır, amma bu yolla həm biabır olmaqdan, həm də ölümdən qaçmaq olar.

Romaşov Şuraya - sevgiyə inanır və dueldə öldürülür.

Bu qadın hiyləsi idimi? Şuranın daha yüksək rütbəli zabit arvadı olaraq (dueldəki şücaət də rütbə məsələlərində nəzərə alınır) daha yaxşı şərtlərdə yaşamaq arzusudur, yoxsa təsadüfən belə alınır?

Bu haqda heç nə oxumuruq.

Çünki məsələ Şurada deyil.

Romaşovun bu cəmiyyətlə təkbətəkdə öldürüləcəyi başdan məlum idi. Romaşov bir hərbçi olduğu halda "niyə?" sualını verəndə artıq intiharına addım atmışdı. Ölümdüsə, qoy ölümlərin ən gözəli - sevgili qadın yolunda olsun!

Və Romaşovun ziddiyyətini, tənhalığını Kuprin gözəl təhkiyə ilə çatdırır: Romaşov özü haqqında üçüncü şəxsdə düşünür. Mətn içində bu cümlələr oxucuya epiqraf gücündə təsir ötürür. Məsələn, bir yerdə o, özü haqda bədii təsvirli cümlə qurur:

"Onun gözəl üzünə kədər buludu çökdü" .

Özü haqda üçüncü şəxsdə, özü də keçmiş zamanda düşünməklə Romaşov bəlkə də özünü roman qəhrəmanı kimi görür, amma belə təhkiyə həm də ölmüşlərə aiddir.

Belə cəmiyyətlərdə ruhsal olan heç nəyə yer yoxdur və arabir bütün bu mənasızlığı durdura bilməyəcəyini düşünüb kədərlənən Romaşov məhvə məhkumdur. O, bunu intuitiv hiss edir və özü haqqında üçüncü şəxsin təkində cümlələr qurur.

Qəhrəmanının ölümünü - duelin nəticəsini hərbi dəftərxana sənədindən oxucusuna təqdim etməklə yazıçı qəhrəmanının üçüncü şəxsin təkində qurduğu təhkiyəni davam etdirir. Amma artıq bədii təsvir yoxdur. Bu soyuqluq oxucunu elə Romaşov kimi, amma düşüncələrilə təkbətək qoymaq üçündür.

Finalda oxucudan belə soyuq başla ayrılmaq müəllifin ustalığıdır, əlbəttə!

Adi bir süjeti bədii və ideya həllində bu qədər dərinləşdirmək ustalıq deyilsə, nədir?

Hələ haçalanan mövzular…

"Təkbətək" sevgi və azadlıq haqqındadır. Adamlar mənasına varmadan "sevgi azaddır" fikrini təkrarlamağı xoşlayırlar. Sevgi özlüyündə azad ola bilərmi ki? O, kimin başına qonum deyə səmada dövrə vuran göyərçin, ya da Apollonun oxunun hədəfi deyil, çox güman. Kimə aşiq olmaq taledir, amma sevgi özlüyündə insanın azadlığıdır. Kölə sevə bilməz. Bu dəqiqdir. Sevirsə, hardansa azadlıq sızır...

Hərbçi, mühacir həyatı yaşamış rus yazıçısı Kuprinin bu romanı ziddiyyəti, faciəni göstərməklə yanaşı, həm də insanı təhqir edən, aşağılayan bir mühitin içində yaşanan azadlıqdan – sevgidən bəhs edir. Həm də seçimdən. Həm də dünyanın düzənindən.

Çox oxucu üçün qəhrəman sevdiyi qadına görə öldürülür, hətta Georgi Romaşov özü də belə düşünərdi, amma oxucunun görəvi qəhrəmann yerinə olmaq deyil, qəhrəmanın yerini görməkdir. Xəyalpərəst, xəyalpərəstliyinə görə də zəif sayılan Romaşov dünyaya sual vermək kimi bir qabiliyyəti, düşünmək kimi bir azadlığı və iradəsilə böyük gücü təmsil edir. Bu, elə sənətin də gücüdür: yaralarımızın içində, qisas hissilə tüstülədiyimizdə bizi insanlığa inandıran, bir yerdə günəş işığı kimi yolumuza düşən, “ən dəhşətlisi baş verdi, amma insanlıq məhv olmayıb”, - deyən sənətin...

Deyəsən, bizim, yəni biz insanların sənətdən başqa ümidi yoxdur…

# 3600 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #