Qələbəmizdən xəbər verən foto

Qələbəmizdən xəbər verən foto
7 oktyabr 2020
# 16:50

Mirmehdi Ağaoğlu

Əlbəttə heç bir elmi təsdiqi olmasa da, dünyada milyonlarla insan reinkarnasiya deyilən bir nəsnəyə inanır.

Şərqdə bir sıra dinlər bunun üzərində qurulub.

Tibetlilər Dalay-lamanı bu üsulla seçirlər. Hesab edirlər ki, tutalım, XVI əsrdə yaşamış bir Dalay-lama 20-ci əsrdə təzədən dünyanın harasındasa doğulub. Onu axtarıb tapır, Dalay-lama kimi yetişdirirlər.

Buddistlər inanırlar ki, insan saysız şəkildə dünyaya gəlir, ta ki, mükəmməlləşib Nirvanaya çatanadək.

Hinduizmə tapınanlar da reinkarnasiyaya inanır.

Reinkarnasiya İslamda geniş yayılmasa da anlayış kimi mövcuddur. Adına da tənasüh deyirlər.

Və.

Yenidən Qarabağda döyüşlər alovlanandan, başqa sözlə, Vətən Müharibəsi başlayandan bəri gördüyüm bir şəkil günlərdir xəyalımdan çıxmır, gözümün önündən çəkilmir, günəş kimi düşüncəmə pozitiv impuls verir.

1992-ci ildə Şuşanın müdafiəsi uğrunda qəhrəmancasına həlak olmuş, şəhid Albert Aqarunovun oxşarının göründüyü əksi deyirəm.

O Aqarunov ki, icad etdiyi “yəhudi buterbrodu” üsulu ilə erməni tanklarına aman vermir, yuxularına haram, yeməklərinə zəhər qatırdı.

Bir mərmi ilə iki tankı məhv edir, bir mərmi ilə iki tank heyətini o dünyaya vasil edirdi.

Qısacası düşmənin kabusuna çevrilmişdi.

Ermənilər ağıllarına sığdıra bilmirdilər ki, necə olur bir yəhudi türklərlə çiyin-çiyinə savaşır. Təbii ki, ömür boyu başqa millətlərdən qaçan, monoetnik bir dövlətin insanları üçün bunu anlamaq çətin idi.

Məşhur videosu vardı. Tankın girdə qapısından başını çıxarıb ona tuşlanmış mikrofona çəkinə-çəkinə danışır. Əvvəl deyir intervü verə bilmir, sonra: “Mən bu torpaqda yaşıyıram. Doğulmuşam burda, yaşıyıram burda... gəlmişəm torpağı qorumağa.”

Aqarunovu ermənilər 1992-ci ildə, Şuşanın müdafiəsi zamanı şəhid elədilər.

28 il sonra.

2020-ci il. Qarabağ. Azad olunan torpaqlara doğru irəliləyən tank. Tankın girdə qapısından çölə boylanan məğrur əsgər. Başında ənənəvi tankçı papağı.

Üzünün quruluşu eynən Aqarunov, burun eyni.

Eyni duruş, eyni arxayınlıq, eyni əmin və cəsur baxışlar.


Deyərdin Aqarunovun, cəsur yəhudi balasının özüdür. Dirilib, yenidən cəbhədə ermənilərin kabusuna çevrilməyə gəlib.

O şəkli, o kadrları görəndə mənə elə gəldi reinkarnasiya həqiqətən də mövcuddur.

Budur.

Gözümüzün önündədir.

Kim bilir, bəlkə Qarabağda döyüşən əsgərlərimizin içində axtarsaq təkcə Aqarunovun deyil, Allahverdi Bağırovun da, Əliyar Əliyevin də, İsgəndər Aznaurovun da, Mübariz İbrahimovun da və ümumiyyətlə Qarabağ uğrunda şəhid düşmüş bütün igidlərimizin oxşarlarını, əkiztaylarını taparıq. Dirilib torpaqlarımızı azad etmək üçün, qisaslarını almaq üçün, yarımçıq qalmış işlərini bitirmək üçün gəliblər.

Qarabağ uğrunda, səngərdə çiyin-çiyinə vuruşurlar!

Əlbəttə, bu qədər metafizikliyə getməmək də olardı. İnsan belədir, ətrafında baş verənlərə həmişə bir müqəddəslik donu, mistika biçmək istəyir.

Bəlkə kimsə çıxıb deyə bilər ki, burda heç bir mistika, fövqəladə bir məsələ yoxdur. Adicə təsadüfdür.

Lakin mənə elə gəlir ki...

Bu oxşarlıq ilahi bir mesajdır.

İlahi müjdədir.

Prezidentin də çıxışında dediyi kimi: “Bizim işimiz haqq işidir”.

Bu şəkil də, bu oxşarlıq da HAQQdan gələn bir namə, bir sübutdur.

Ən əsası Qələbəyə işarədir!

# 9213 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #