Özündən tanrıça düzəldən qadınlar

Özündən tanrıça düzəldən qadınlar
4 fevral 2021
# 09:00

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarını təqdim edir.

Növbəti yazı: Hedonizm, yoxsa meşşanlıq?

Dünya həyatını su qıtlığı, pandemiyalar, səhralaşma kimi qlobal və daha çox fiziki xəsarətlər yetirəcək bəlalarla yanaşı, mənəvi, intellektual fəlakətlər də təhdid edir. Bu gün pandemiyanın kölgəsində qalsa da, müzakirələrin önündə gələn o dağıdıcı mənəvi problemlərdən ən çox, az qala, su qədər dərd verəni, virus qədər yoluxucu olanı şəklini dəyişmiş hedonizmdir. İstehlakçı çağırışların arxasınca gedən cəmiyyətlərdə mənəvi-ruhani dinclik gətirən, insanlara mənəvi və yoxsul həyatlarının qarşılığı olaraq vəd olunan o biri dünya cənnətini unutdurub, əşya bolluğunda bu dünya həzzini yaşadan bir din, bir inanc həddinə çatmış çağdaş hedonizmin mədədləri – alış-veriş mərkəzləri – hər gün əşyalara yerikləyən (dillərində karantin çıxaranın allah evini yıxsın qarğışı) özünün sədaqətli zəvvarları ilə dolub-daşmaqda.

Şəhərlər əşyalara sitayiş edən hindu təfəkkürlü insanlarla dolu. Restoranlarda, əyləncə və ticarət mərkəzlərində vaxt keçirməyi sevənlərin zahirən qədim mayyalılardan, inklərdən, asteklərdən bir fərqi yox. Az qala, hər evdə fetişləşdirdiyi əşyaların əhatəsində güzgü qabağında özündən hindu (yaxud hindli) tanrıçası düzəldən bir qadın var. Gender bərabərliyi naminə deyək ki, əşyabazlıqda günümüzün kişiləri də onlardan geri qalmırlar.

Qədim Şərq dinləri və onların təsiri ilə bəzi Qərb filosofları xoşbəxt olmaq istəyənlərə buyururdular ki: “Arzulama!”. Arzu xoşbəxtliyin düşmənidir. Günümüzün meşşanlıq səviyyəsində yaşanan hedonizmi isə buyurur: “Xoşbəxt olmaq istəyirsinizsə, arzulamasanız da, alın!”, Tox olsanız da, yeyin! Tapmaq istəməsəniz də, axtarın!”

Və bu gün modern ticarət mərkəzləri arzulamadığını almağa, istəmədiyini yeməyə, tapmaq həvəsi olmasa da axtarmağa gələn, vitrinlərə çağdaş hedonizmin ikonaları kimi düzülmüş geyimlərə, bəzək əşyalarına baxan, dükanların qapısında Müqəddəs Simon kilsəsinin önündəki baş mələk Mikayılın heykəli kimi dayanıb sevimli “möminləri” salamlayan yarıçılpaq manekenlərə ədəblə baş endirən, eyni ticarət mərkəzindəki restoran filiallarının önündə növbəyə düzülüb cibinin pulu ilə ehsan kimi yeyəcəyi yeməklərin yolunu gözləyən modernizm cahillərinə xoşbəxtlik bəxş etməkdə.

Epikürçü çağırışlara keçməzdən öncə qeyd edim ki, hedonizm həzzin “indi və burada”lığıdır. Keçmişdə və gələcəkdə həzz yoxdur. Həzz burada və bu andadır. İndi və burada onu əldən versən, daha heç vaxt onun dadına baxa bilməyəcəksən. Sənətin özü belə bu təlqinin təsiri altında; kitab dükanları günlük romanların, radiodalğalar günlük musiqilərin, səhnələr günlük şou-tamaşaların və bütün bunlara, sadəcə, bir gün, indi və burada xoşbəxt olmaq üçün sərmayə yatıran hedonist sənətsevərlərin işğalında.

Quldarlıq quruluşunda “çörək və tamaşa” xalqın ehtiyacları üçün düşünülmüşdü, günümüzün kapitalist cəmiyyətlərində çörək də, tamaşa da elitanın ehtiyacıdır, xalq, sadəcə, elitanı yamsılayır. Məşhur lətifədə olduğu kimi kabab qoxusunda yavan çörək yeyir və bu, onun əxlaqını korlayır. Pəncərədən Bakıya baxın, burada yazdığımın filmini görəcəksiniz.

Həzzin müqəddəsləşdirilməsi qədim matriarxal dinlərdə də vardı. Ümumiyyətlə, patriarxal dinlərin, erkək tanrıların əxlaqsızlıq kimi qələmə verdiyi əksər insani həzlər özlərindən əvvəlkilərin inancında müqəddəs sayılırdı. Türk professor Muazzez İlmiyə Çığın yazdığı “Bərəkət Tanrıları və Məbəd Fahişəliyi” kitabında Şumer, Babil mədəniyyətlərində İnanna, İştar, (İran, erməni mifologiyasında Anahit Ana) kimi tanrıçaların məbədlərində müqəddəs fahişəliyin tüğyan etdiyindən geniş bəhs olunur. Göylərin fahişəsi kimi mifləşdirilən tanrıça İnanna Şumer mətnlərində özü haqqında deyir: “Mən sevilən bir fahişəyəm!”.

Qadınları göylərdən yəhudilər endirdilər.

Muazzez İlmiyə xanım eynən qədim Misir mədəniyyətində də erkəkliyin, kişi cinsiyyət orqanının müqəddəsləşdirilməsini belə təsvir edir: “Misirdə kişi cinsiyyət orqanına o qədər böyük pərəstiş vardı ki, ucunu sünnət edib tanrılara hədiyyə edirdilər”.

Əcdadlarımızın bugünkü müsəlmanın gözü ilə baxdıqda qəzəbindən qan tökmək istədiyi cinsi hoqqalardan çıxmağının səbəbi heç də seksual barbarlıq deyildi. Əksinə, cinsi həzzi ilahiləşdirmək o zamanlarda yaradılışı bolluq, bərəkət içində davam etdirmək amacı güdürdü. Kişinin əkən, qadının bitirən olması o dövrdə pornosənayenin gəlirlərinə hesablanmamışdı. Çox sonralar, göylərdə erkəklər hakimiyyətə gəldikdə bu məbədlər, həqiqətən də, fahişəxanalara çevrildilər.

Məbəd fahişəliyindəki hedonizm əxlaqi hedonizm idi, yəni həzz şəxsin deyil, cəmiyyətin rifahı üçün müqəddəsləşdirilmişdi, hər nə qədər bu gün əxlaqsızlıq kimi görünsə də. Qədim şumerlər, babillilər məbədlərdə həzzin bolluq, bərəkət gətirəcəyi inancına söykənən bu seksual orgiyalarda ona görə iştirak edirdilər ki, ruhani rifah, ruhani xoşbəxtlik axtarırdılar, həm də bütün xalq üçün. O insanlar bədənlərinin sürtünməsi anından deyil, bu ana görə onlara bəxş olunacaq bərəkətin, ruzinin gözləntisindən həzz alırdılar. Səməni bizə hansı həzzi yaşadırsa, ondan. Yoxsa adam arvadını qoltuğuna vurub bütün rayon camaatının soyunduğu məbədə niyə aparsın ki?

Günümüzü hedonizmi əxlaqi deyil, psixoloji hedonizmdir. Psixoloji hedonizm nə deməkdir? İnsanın şüurlu şəkildə və yalnız özü üçün həzz və xoşbəxtlik axtarması psixoloji hedonizmdir. Ölkəmizə baxsanız, psixoloji həzzin, az qala, psixoloji xəstəlik həddində yaşandığını görəcəksiniz. Xüsusilə sağda-solda bürokratik hedonizmin tüğyan etməsi çörəyi və tamaşası əlindən alınmış kütlələri qəzəbləndirir. Bu, yaxşı gələcək vəd etməyən mənzərədir.

İnsanı heyvani ehtiyacları ilə yalqız buraxmaq çox təhlükəlidir.

Bizim hedonistlər (burada daha çox “meşşanlar” sözü yerinə düşür) cahil Epikürçüdürlər. Epikür və epikürçülər deyir ki, insan bədənində ruh-zad yoxdur, hər şey kimi insan bədəni də atomlardan, molekullardan ibarətdir. Və ölüm əbədi son deməkdir. Ona görə də insanın daha heç vaxt yaşamayacağı (nə bu, nə o biri dünyada) həyatda ona bəxş olunmuş bütün həzləri yaşamaq haqqı var. Amma Epikür həzzi əxlaqiləşdirir, daha doğrusu, onu cari əxlaqın nəzarətindən çıxarır. Epikürə görə, bütün pisliklərin qaynağı həzzin yasaqlanmasıdır. Həzzi bədəninə qadağan olunmuş insan yırtıcıya çevrilir. Bütün yaxşılıqların səbəbi və qaynağı isə doya-doya yaşanan həzdir. İnsan canındakı heyvani duyğuları yasaqlamaqla deyil, əhliləşdirməklə xoşbəxt ola bilər. Bugünkü insan bədəni, sadəcə, heyvani hislərin həbsxanasıdır. Və heç bir həbsxana yaxşılıq vəd etmir. Epikürçülük aşağı-yuxarı bunu deyir.

Öz sözlərimlə desəm, ədalətin, sərvətlərin deyil, həzzin bərabər bölündüyü bir dünya xoşbəxt ola bilər ancaq. Qərb ədalət uğrunda baş verən sinfi inqilabların qarşısını almaq üçün birdəfəlik “seksual inqilab” etdi. Xalqın önünü gündəlik həzlərə açdı.

Biz nə edirik? Ədalət və sərvətlərlə yanaşı, yaşamaq haqqı olan həzzi də insanlara çox görürük. Bax bu, hedonist barbarlıqdır! Psixoloji hedonizmdir! Ümumiyyətlə, müsəlman dünyasında bütün qara-qura əməllərin, düşüncələrin qaynağı sadə müsəlmanlara oruc, namaz kimi ruhani həzlərdən başqa bütün həzlərin qadağan olunmasıdır. Özlərini öz hisslərinin həbsxanası kimi görən insanlarımız bir-birilərinə pislik etməklə onlara qadağan olunmuş səmimi həzlərinin qisasını alırlar, çünki hamı “günah keçisi” axtarışındadır. Milyarder məmurlarımızın Şuşanı “işğal etmək planı”, yaxud ədəbiyyatı, mənəviyyatı təmsil edən qocaman yazıçımızın yarım əsrə bərabər kreslo sevdası da bu milli-dini həzz görməmişliyinin nəticəsdir.

Milli şüurumuz vəzifəyə həzz mənbəyi kimi baxır. Ona görə yapışan qopmaq istəmir. Əgər ənənəvi müdir və katibə münasibətlərini gündəlik həyatda da yaşamaq mümkün olsa, yaxud harada işləməsindən asılı olmayaraq istədiyi vaxt kabab yeyəcək qədər maaş almaq imkanı olsa, kim o yuxarılardan gələn inzibati təhqirləri götürər ki? Nədən bürokratik seçim də şairlik, rəssamlıq, filosofluq kimi könüllü olmasın ki? Məmur olan biri niyə kasıblığı özü üçün şəxsiyyətin təhqir olunması kimi başa düşsün və bu təhqirdən qaçmaq üçün nə qədər absurd olsa da məhz şəxsiyyətini qurban versin ki?

Bürokratik hedonizm, sadəcə, meşşanlıqdır.

Hedonizmin əxlaqı korlaması həzz qaynaqlarının cəmiyyətdə qeyri-bərabər paylanmasının nəticəsidir. Sərvətlərin qeyri-bərabər paylanmasını din cənnət-cəhənnəm vədləri ilə birtəhər yumşalıdır. Amma insana hisslərini, duyğularını reallaşdırmaq imkanı tanımamaq və onun gözünün qabağında eyni hisslərin, duyğuların on mislini yaşamaq cinayətdir və mütləq cəzasını alacaq. Tarix belə deyir.

Psixoloji hedonizmə (bunun başqa adı meşşanlıqdır) maraq, məncə, insanlara əhliləşdirdikləri heyvanlardan keçib. Əkinçiliyin, oturaq həyat düşüncəsinin azadlığı həyat tərzi kimi deyil, anlayış kimi qavramağa başladıqdan sonra.

Əkinçilikdən əvvəlki ovçu və yığıcı insanların azadlıq deyilən bir qayğısı yox idi. Ərazilərin vətənləşməsi, kişilərin əsgərləşməsi öz bərabərində gətirdiyi konkretləşmiş azadlıq anlayışına tarixi məna yüklədi. Oturaq həyata və əkinçiliyə keçərkən insanlar heyvanları əhliləşdirdilər və onlarla yaxın ünsiyyətdə olmağa başladılar. Heyvanlara artıq ətini yedikləri ov heyvanları və sitayiş etdikləri totemləri kimi deyil, həm də bir ailə üzvü kimi yanaşdılar.

İlk tövlələr evin bir küncündə yerləşirdi.

Heyvanlar üzərində müşahidələr xalqların folklorunda da öz əksini tapdı. Heyvanlar insanlar üçün özlərini müqayisə edə biləcəkləri ən yaxın predmet halına gəldi və ilk qədim şairlər darıxmaqlarını “it kimi darıxmaq”, yalqızlıqlarını “pişik kimi soba dibində qocalmaq” və s. heyvani metaforalar üzərindən çatırdılar.

Azadlığın çətinlikləri ilə tabe olmağın rahatlıqları arasındakı fərqi də insanlar ilk dəfə acqarına qarlı, sazaqlı dağlarda ulayan əcdadı canavardan fərqli olaraq, adam balası kimi ertədən bir kasa bozbaşını yeyib, isti yuvasında, saman döşəyində yatan, xalaxətri bir-iki ağız hürən əhliləşdirdikləri itdə müşahidə etdilər. Azadlığın qurban verilməsi müqabilində əldə olunan rahatlıq bu şəkildə hiss olunmadan əhliləşdirilmiş heyvanlardan insanlara ötürüldü və sosial fəlsəfinin təməlinə çevrildi. Beləliklə, əkinçilikdən, oturaq həyatdan sonra ibtidai hedonizmin bünövrəsi qoyuldu. Həzzin müqəddəsləşdirilməsi də bu bünövrə üzərində təşəkkül tapdı.

Həyətindəki Toplan kimi azadlığını rahatlığına qurban vermiş “homo sapiens” psixoloji hedonizmə yuvarlanmış ilk insan idi. O, sadəcə, öz rifahını və xoşbəxtliyini düşünürdü.

Eynən indi olduğu kimi…

# 6708 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #