Ötən günün müharibə həyəcanı

Ötən günün müharibə həyəcanı
13 iyul 2020
# 11:37

Ötən gün cəbhə bölgəsində baş verənlər yenə millət olaraq hamımızı ayağa qaldırdı. Üç şəhid və dörd yaralı olmasına baxmayaraq insanların Qarabağ arzusu yenidən boy vermişdi. Gecənin ən gec saatlarna qədər sosial şəbəkələrdə insanların böyük əksəriyyəti onlayn idi. Hamının yuxusu ərşə çəkilmişdi. Aprel döyüşləri zamanı da təxminən eyni döyüş əhval ruhiyyəsi yaranmışdı, indi də. Və əslində bu iyirmi faiz torpaq itirən insanlar üçün normaldır.

Ümidsizcə kompüterin arxasında oturmuşdum. Bir atımlıq barıt kimi baş verənlərin ardını gözləyirdim. Heç vaxt yadımdan çıxmayan o torpaqlar, on üç yaşımda çıxdığım o yerlər bu dəfə də yadıma düşdü, amma daha dərindən, daha ağrılı. O yerlərə yenidən qayıda bilmək istəyim təzədən qövr etdi. Baş verənlərdən sonra özümü uzun müddətli depressiyaya hazırlamağa çalışırdım.

Hər şeyi daha dərindən anlayır, duyur, illərdir torpaq deyib dünyadan köçən atamı xatırlayırdım. Son otuz ildə o taylı, bu taylı nə qədər doğma və əziz adamları itirdiyimin də elə dünən gecə fərqinə vardım. Hamısı da Cəbrayılda dəfn olunmaq arzusu ilə yaşamışdılar.

Dünən gecə əsgərlərimizə mənəvi dəstək olanların çıxışlarını, onların səmimi qəlbdən vətən üçün canlarından keçmək arzularını görmək, əlbəttə, qürurverici idi. Torpaq məhz belə oğulların sayəsində vətənə çevrilir.

Onlarla yanaşı Qarabağın azad edilməsi bu gün müharibə ilə mümkün deyil kimi fikirlər də səsləndirənlər də vardı.

Guya Qarabağın azad edilməsi bu gün müharibə ilə mümkün deyil. Bunun üçün yüz səbəb də misal çəkirlər.

Əlbəttə, bu fikir mənim üçün əhəmiyyət kəsb etməyə bilərdi. Hərə yorğanı öz tərəfinə çəkir. Amma bu cür düşünən çoxdur. Bir çoxlarının ürəyi belə fikirlərdən su içir. Bir balaca təhsili, savadı olan adamlar pasifist mövqe göstərirlər.

Xatırladım ki, birinci Qarabağ müharibəsində də, Aprel döyüşlərində də şəhid olanların, günlərlə qarın, yağışın altında sürünənlərin, yaralanıb can qoyanların da ailəsi, atası, anası, qızı, oğlu vardı.

Onlar üçün əsas vətən idi!

Milli Qəhrəman Yusif Mirzəyev iki, üç silahla və on dörd əsgərlə günlərlə Ağdərəni ermənidən qorumuşdu.

Əliyar Əliyev, Allahverdi Bağırov, İsgəndər Aznavur, Elman Hüseynov, Ramiz Qənbərov, Tofiq Oğuz, Şikar Aslanov və yüzlərlə belə oğullar üçün bircə məqsəd vardı: Vətən!

O zaman nə ordu vardı, nə silah, nə də qeyrisi.

Bizimkilər erməniləri cüzi silah-sursatla hara istəyirdilər qovurdular. Nəyin sayəsində? Əlbəttə, qəhrəman kişilərin sayəsində.

Bizdə indi qəhrəmanlıq çatışmır.

Bir tikə çörək, ailəm, övladım və s. kimi söhbətlərlə isə vətən azad olunmur.

30 ildir susuruq, artıq sosial şəbəkələrdə ermənilər də üstümüzə gəlir. Yüzlərlə qeyrətli, qorxmaz oğlunun uğrunda baş qoyduğu vətənin övladlarına “Siz qorxaqsınız, Qarabağ bizim qədim torpaqlarımızdır, gözünüzü ordan çəkin” - deyirlər.

Xüsusilə, cəmiyyətin aydınlarının, ziyalı kəsiminin sentimentallıqdan çıxış edərək müharibə istəməməsi məyusedicidir.

Bu çıxışların yaratdığı əhval-ruhiyyə ilə isə heç nə əldə edə bilməyəcəyik.

# 4384 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #