Müharibənin içimizdə öldürdükləri

Müharibənin içimizdə öldürdükləri
16 iyul 2020
# 12:30

Bu günə qədər eşitdiyim və həqiqiliyinə inandığım ən nisgilli deyimlərdən biri belədir: əsl müharibə, müharibə bitəndən sonra başlar, ortaya elə ağır sükut çökür ki, bunu kimsə çəkə bilməz...

Bu baxımdan mənim üçün iyirmi yeddi ildir müharibə bitməyib. Baxmayaraq ki, cəbhə bölgəsində olmamışam, bir avtomat silahı belə görməmişəm. Müharibə sözünü eşitdiyim gündən bu günə qədər onun içərisindəyəm. İndi düşünürəm ki, içimdəki savaş bir gün, bir an olsun bitməyib və hələ də davam etməkdədir. Bu savaş baş verə-verə böyümüşəm, yaşamışam, tapmışam, itirmişəm, darıxmışam, ağlayıb-gülmüşəm. Cümlənin sonunu gülmək sözü ilə bitirdiyimə baxmayın. Bizim, əvvəli müharibə uşaqları, indisi müharibə adamları olanların gülüşü də həmişə kədərli olub. Bir gözümüzlə güləndə, o biri gözümüzlə hıçqırmışıq. Həmişə ürəyimizin bir tərəfi ilə sevinmişik. Qəlbimizin o biri tərəfi çoxdan xallanıb, ləkə tutub, yara bağlayıb.

Müharibənin içindən mənən yaralanıb, əlsiz-ayaqsız çıxan bizlər, biz müharibə adamları hansı sahədə oluruqsa olaq, müharibəni də mütləq özümüzlə ora sürüyüb aparmışıq. Bəlkə də bu başqalarında qıcıq oyadıb, amma nə edək ki, insan heç vaxt öz həqiqətlərindən qaça bilmir. Mənim müharibənin ağrı-acılarından, içimdə bitməyən, həmişə davam edən savaşdan qaçıb gizləndiyim bircə yer olub - ədəbiyyat!

Bəlkə də ilk dəfədir, amma bütün səmimiyyətimlə etiraf edirəm ki, ədəbiyyat olmasaydı, mən bu qədər yaşadıqlarıma tab gətirə bilməzdim. Bir dəfə yazdığım hekayələrdən birini oxuyan yazıçılarımızdan biri mənə üç cümləlik mesaj yazmışdı: Bu elə bir dərddir ki, ya səni öldürər, ya da harasa aparıb çıxarar. Mən sənə ikinci yolu arzulayıram. Möhkəm ol!

Hekayə bilirsiniz nədən bəhs edirdi? 30 il müəllim işləyən atamın müharibədən sonra çörək satarkən döyülməsindən və yaşadığımız yataqxanaya gecə, hər kəs yatandan sonra xəlvətcə əyilə-əyilə yaralı vəziyyətdə gəlməsindən...

Müharibə olmasaydı mənim atam müəllim işləyəcəkdi yenə. Anam mühasib. Mən musiqi məktəbini bitirib rayonumuzdakı musiqi məktəbində müəllimə olacaqdım, atam insult keçirib cavan yaşda dünyadan köçməyəcəkdi. Lap Bakıda yaşasaq belə bizim də rayonumuz olacaqdı, yayda, qışda, ürəyimiz istəyən fəsildə rayonumuza gedəcəkdik.

Nəql etdiyimizin heç biri olmadı. Hamısı xəyala çevrildi. Bütün bu hissləri yaşaya-yaşaya böyüdük və indi də qocalırıq biz müharibə adamları.

Ədəbiyyatı isə yeniyetməlik illərindən oxuduğum müharibə romanlarından sevdim. Heminqueyin “Əlvida silah”, Remarkın “Qəbr bölgəsində təbəddülat yoxdur” romanlarında mən öz hisslərimin oxşarını tapmışdım. Orda da insanlar müharibədən yana ağrı-acı çəkirdilər. Müharibə romanlardakı insanların da həyatını məhv etmişdi. “Qərb bölgəsində təbəddülat yoxdur” romanında qəhrəman düşmən tərəfindən atılan zəhərli silahlar nəticəsində ciyərini diri-diri qusan adamları gözü ilə görmüşdü. Müharibə bitəndən sonra o, evə qayıdır, amma heç cür xoşbəxt ola bilmir. Yaşadıqları, səngərlərdə, gözünün qarşısında baş verənlər, qucağında can verən insanların açıq qalmış gözləri ona yaşamaq imkanı tanımır.

Bu gün biz də müharibə şəraitindəyik. Üç gündür ardı-arası kəsilməyən döyüş və şəhid xəbərləri müharibə günlərimizi bizə yenidən xatırlatdı. Cəbhə xəttində baş verənlər, göz yaşı ilə yana-yana itirdiyimiz qəhrəmanlar - Yusiflər, Əliyarlar, Raquflar, Poladlar müharibənin hələ də bitmədiyinin sübutudur. Bizim içimizdə gedən müharibələrdə, hisslər, duyğular, arzular ölür, xəyallar yarımçıq qalır, ön xətdəki müharibədə isə qəhrəmanlar şəhid olur, onların sinəsində vuran ürəklər əbədi olaraq susur.

Aprel döyüşləri zamanı “Müharibə bitən gün” adlı hekayə yazmışdım. Aradan bir az keçəndən sonra oxudum, uğursuz hekayə idi, heç nə alınmamışdı. Çünki müharibə bitməmişdi.

Və bu yazı da heç vaxt bitməyəcək...

# 4539 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #