Yəqin bir çoxunuz indi bu yazacağım məsələdən agahsınız. “Xəzər TV”-nin aparıcısı Lalə Azərtaşın efirdə mənim yazımı öz mətni kimi səsləndirməyini deyirəm...
Lalə xanımın mətnimi istinadsız, öz adıyla səsləndirməsinə sosial şəbəkə hesabımda mədəni şəkildə etirazımı bildirdim.
Məncə, etiraz etməyim yetərincə normal idi. Çünki kimsə Lalə xanımın çıxışından sonra mənim yazımı oxusa, “oğurluğu” mənim etdiyimi düşünə bilərdi.
Söhbət aktuallaşsa da, elə dünən öz profilimdə bu məsələnin mənim üçün qapandığını yazdım. Nə aparıcının, nə də kanalın məndən üzr istəməyinə lüzum görmədim.
Məsələnin qapandığını düşündüm, amma...
Lalə xanım bu gün saytlardan birinə məsələ ilə bağlı yenidən açıqlama verib. Açıqlamasında belə deyib:
“İnsanlar bir söz deməzdən əvvəl araşdırmalıdırlar. Bir cümləyə görə “eynidir” demək olmaz. Ona görə də mən başımı qaldırıb ancaq göydəki Allahla hesablaşıram. Başqa kiməsə hesabat... mümkün olan şey deyil”.
Əvvəla, sözüm Lalə xanımdan açıqlama alan sayta və müxbirədir. Bir məsələ ilə bağlı açıqlama alanda, məsələni aydınlaşdırmaq istəyəndə, hər iki tərəfin fikrini öyrənmək və yayımlamaq mütləqdir.
Bu, jurnalistikanın primitiv və prinsipial qaydalarından biridir. Həm də etik normadır. Axı, həmin açıqlamanı oxuyanlar məsələni təktərəfli “bilmiş” olacaqlar.
Onsuz da jurnalistika təhsili almamış “jurnalist”lərin at oynatdığı bir media məkanından, saytlardan çox da böyük gözləntim yoxdu.
Odur ki, bu mövzuda çox qalmadan keçək Lalə xanımın dediyinə.
Lalə xanım deyir ki, sadəcə bir cümləyə görə...
Axı mən bir cümləyə görə etiraz etmərəm. Orada mənim yazımdan bir neçə abzas olduğu kimi götürülüb və istifadə olunub.
Təkcə “Türkiyə evimizdir – evimiz yanır” cümləsi yox.
“Adamları adamlarımız, ağacları ağaclarımız, dağları dağlarımız, dənizləri dənizlərimiz...”
Və digər cümlələr.
Yenə deyirəm, etirazım çox normal idi.
Mənim hansısa duyğularla yazdığım yazını belə rahatlıqla götürüb öz adına çıxarmaq heç etik deyil. Əgər müəllifin adını çəkməyi özünüzə rəva bilmirsinizsə, özünüzə sığışdırmırsınızsa, özünüzü belə yüksək bilirsinizsə, zəhmət çəkin, səsləndirəcəyiniz mətni özünüz yazın. Özünüz yaza bilmirsiniz, redaktorlarınız yazsın. İnanıram, ən azı ümid edirəm ki, o boyda kanalda beş-on normal cümlə yaza bilən əməkdaşınız var.
Və məcburam deyəm ki, mənim etirazımdan sonra Lalə Azərtaş özümə zəng etdi. Anlaşılmazlıq olduğunu dedi, mümkün olsa, etiraz paylaşımımı silməyimi xahiş etdi.
Mən isə həmin paylaşımı silə bilməyəcəyimi dedim. İzah etdim ki, o yazının müəlliflik hüququ təkcə mənə yox, həm də əməkdaşı olduğum Kulis.az saytına məxsusdur.
O yazılara görə mənə zəhmət haqqı ödənilir, yəni əməkdaşı olduğum müəssisənin də yazı üzərində haqqı var.
Müəllif hüquqları demişkən, mənim məhkəməyə müraciət etmək fikrim yox idi və indi də yoxdur. Lalə xanımın, ya da “Xəzər TV”-nin üzr istəməsini tələb etmədim və etmirəm. Elə bir ehtiyac yox idi. Və indi də yoxdur.
Ancaq belə açıqlama vermək heç düzgün deyil. Lalə xanım mənə zəng edəndə, soruşdum ki, sizə o mətni redaktorlar verib? Dedi, yox, bir dostum yollamışdı, amma anonim, o cümlələr də xoşuma gəldi, ona görə istifadə etdim.
Əcəb işdir, vallah!
Yəni, məsələ belə olub. Hələ Lalə xanım məndən evli, ya subay olduğumu da soruşdu. Sual xoşuma gəldi. Təbəssümlə cavab verdim, dedim, subayam.
O da dedi ki, indi bir rayona toya gedir, qismət olsa mənim də toyumda iştirak edəcək.
Təşəkkürümü bildirdim.
Həqiqətən də Lalə xanımı toyumda hörmətli qonaq qismində görməyə çox məmnun olaram və mütləq də onu dəvət edəcəm.
Ümid edirəm ki, gələr.
Amma bütün bunların yazı-pozuya bir aidiyyatı yoxdur. Gənc bir qələm adamına zəng vurub “Anlaşılmazlıq oldu, dostum anonim atdı mənə, mən də istifadə etdim” demək hara, indi verdiyi açıqlama hara?..
Lalə xanım toyuma gəlin, amma mümkünsə bir az da səmimi olun.
Belə getsə, toyuma gələcəyinizə də inanmayacağam.
Açığı, sizin telefon danışığınızdan sonra bu açıqlamanı verməyiniz, mürəbbə söhbətindən sonrakı çıxışınıza bənzədi. Onda da sizi qeyri-səmimi görmüşdüm. Düşünürdüm ki, olan şeydir, yəqin bir də olmaz.
Amma oldu.
İnanın, söhbət mənim yazdığım o iki-üç cümləlik yazıda da deyil. Qurban olsun onu sevinə-sevinə paylaşan türk qardaşlarımızın bir telinə.
Lap elə qurban olsun sizə!
Oxumusunuz, əcəb eləmisiniz!
Amma madam söhbəti bağlayandan sonra belə açıqlama verəcəkdiniz, mənə zəng etməməli idiniz.
Düzdür, toy yaxşı söhbətdir, di gəl, başımın altına yastıq qoyacaq qədər ciddi hadisə deyil.