Dili kəsilən yazıçı

Dili kəsilən yazıçı
22 fevral 2020
# 09:00

Kulis.az “Həyatı film olanlar” layihəsində fransız yazçısı və filosofu Markiz de Sad haqqında çəkilmiş iki filmi təqdim edir.

Filmlər yazıçının həbsxanada və ruhi xəstəxanada keçən dönəmini əhatə etdiyindən yazıda buna gətirən səbəblər haqda danışacam. Markiz de Sad (1740-1814) eşqbazlığı, qalmaqalları ilə məşhur idi. 1768-ci ildə o, Roza adlı qadını zorlamaqda ittiham olunaraq məhkəməyə cəlb olunur və tutulur. Sonra XV Lüdovikin qərarı ilə cərimə ödəyərək azadlığa çıxır.

Hadisədən sonra de Sadın adı daha bir qalmaqalda hallanır. O, lakeyi ilə birlikdə dörd qadınla eyş-işrət məclisi qurur. Ertəsi gün qadınlar onu zorakılıqda ittiham edərək polisə şikayət edirlər. De Sada ölüm hökmü oxunur, amma o, lakeyi və arvadının bacısı ilə İtaliyaya qaçır. Üstəlik, burada baldızı ilə eşq macərası yaşayır. Tezliklə İtalyada yaxalanan de Sad yenə həbsdən qaçır və Lakostdakı evinə sığınaraq bir il orada yaşayır. Tərki-dünya həyatından yorulan de Sad üç qızı zorlamaq məqsədi ilə oğurlayır. Az müddətdə onun cinayətinin üstü açılır və adam oğurluğu vəziyyətini daha da çətinləşdirir. Başqa adla İtaliyaya gedən de Sad burada okkultizmlə maraqlanır, sənət və elm sahəsində biliklərini təkmilləşdirir.

Gallery

Parisə qayıdanda o, yenidən tutulur. Burada özünün ilk pyeslərini, hekayələrini, novellalarını yazmağa başlayır. 1782-ci ildə maliyyə səbəbindən onun yerləşdiyi həbsxana fəaliyyətini dayandırır və o, Bastiliyaya köçürülür. 1789-cu ildə Fransada etirazlar başlayanda de Sad kamerasının pəncərəsindən qışqıraraq, Bastiliyada məhbusların döyüldüyünü bildirir. Bundan sonra onu Şaranton ruhi xəstəxanasına yollayırlar. Az sonra Bastiliya alınır və Böyük Fransız İnqilabı başlayır. Bastiliya alınanda de Sadın çox əlyazması yoxa çıxır, bir qismi isə yandırılır.

1790-cı ildə de Sadın üzərindən bütün ittihamlar götürülür. Azadlığa çıxan de Sad pyeslər yazmağa davam edir və əsərləri teatrlarda tamaşaya qoyulur.

1801-ci ildə yazıçı pornoqrafik əsərlər yazdığına görə həbs olunur və məhbusların əxlaqını pozmaqda ittiham olunaraq yenidən Şarantondakı ruhi xəstəxanaya aparılır. O, burada da əsərlər yazır və asmadan ölür.

“Sadizm” anlayışı yazıçının adı ilə bağlıdır. Avstriyalı psixiatr Rixard fon Kraft Ebinq ilk dəfə “Cinsi psixopatiya” elmi əsərində “sadizm” anlayışını işlədib. Bu söz yazıçının dünyagörüşünə uyğun olaraq başqalarının alçaldılmasından və əzablarından həzz alan adamı ifadə edir.

Gallery

De Sad haqda indiyədək müxtəlif janr və üslublarda bioqrafik filmlər çəkilib. Misalçün, belçikalı rejissor Anri Ksonnyönun “Markiz” (1989) filmində animasiyadan istifadə olunub, aktyorlar heyvan maskaları taxıb. Yazıçı filmdə cinsiyyət orqanı ilə söhbət edir. Və onun penisi ayrıca personaj kimi təqdim olunur.

Layihədə isə iki filmi təqdim edirik: “Lələklər” və “Markiz de Sad”.

Biroqafik filmlərin ustası Filip Kaufmanın “Lələklər” (2000) dramı de Sadın Şarantonda keçirilən son günlərini anladır. O, qəhrəmanının şəxsiyyətini açaraq, onun ideyalarının mahiyyətinə toxunmağı bacarıb. Filmin əsas qayəsi sənətkar, ifadə azadlığıdır. Yəni insan ruhən azaddırsa, heç bir qadağa, həbs onun kimliyini əlindən almaq gücündə deyil. Xəstəxanada yazıçının yazmaq imkanlarını əlindən alırlar. O, əvvəl şərabla, sonra isə qanıyla paltarına yazır.

Gallery

De Sada qalib gələ bilməyən rəhbərlik onu çılpaq, zəncirlənmiş halda saxlayır və dilini kəsir. Yazıçı özünün idealları uğrunda mübariz, kompromissiz adam kimi təsvir olunur. Rejissor təkcə yazıçının son dönəmini, yox, eyni zamanda Fransanın mənəvi mühitini təsvir edir. De Sadı əxlaqsızlıqda günahlandıran həkim (Maykl Keyn) əslində özü gənc arvadına qarşı zorakılıq göstərir. Arvadı isə ondan gizlin de Sadın əsərlərini oxuyur. Abbatın (Xoakin Feniks) xəstəxanada çalışan Madlenə (Keyt Uinslet) duyğuları olsa da, onları boğmağa çalışır. Bir növ azad de Sadla hisslərini həbsə alan abbat qarşı-qarşıya qoyulur.

De Sad riyakarlıq etməyən, ziddiyyətləri və qüsurları ilə olduğu kimidir. O, deyir: “Mən pozğunam, amma cinayətkar deyiləm. Məni qəfəsə qapatmağı bacardınız. Amma məni ya öldürün, ya da olduğum kimi qəbul edin. Çünki onsuz da məni dəyişə bilməyəcəksiz”.

De Sad rolunu oynayan Cefri Raş ən yaxşı kişi roluna görə Oskar mükafatına nominant olub.

Digər film isə Rusiya və Amerikanın birgə istehsalı olan “Markiz de Sad” filmidir. 1996-cı ildə ekranlara çıxan filmin müəllifi Qvinet Qibbidir. Əhvalat yazıçının (Nik Mankuzo) Bastiliyada həbsdə olan dönəmini əhatə edir. Jüstina (Canet Qann) bacısı Jülyettanı (Şarlotta Nilsen) arayır. Bacısı məktublarında de Sadın himayəsində olduğunu yazır. Jüstina həbsdə olan yazıçı ilə görüşür. O, qıza bacısının yerini o şərtlə deməyə razılaşır ki, əsərini yazmaqda ona kömək etsin.

Gallery

Kaufmandan fəqli olaraq, Qibbi filmində erotik, intim səhnələrə geniş yer verir. Burda da yazıçının azadlığı məsələsi qoyulur. Amma açıq-saçıqlığın, onun sadizminin fonunda azadlıq ideyası kölgədə qalır. Jüstina reallıqda de Sadın qulluqçusu olub. Və əsl adı Katerina olan qızı yazıçı Jüstina adlandırmağı sevirdi. Yazıçının bir neçə əsəri onun adıyla bağlıdır.

De Sadın bu günədək ekranlaşdırılan əsərlərinin ekran variantlarının əksəriyyəti bayağıdır. Bu ekranlaşdırmalar içərisində yüksək sənətkarlıqla lentə alınan yeganə film şübhəsiz ki, Paolo Pazolininin “Sodomun yuz günü”dü.

De Sadın böyük yazıçı olub-olmaması mübahisəlidir. Amma onu əhəmiyyətli edən-ənənələrə qarşı getməsi, cəsarəti və sonrakı illərdə elmə, ədəbiyyata təsiridir. De Sada görə, qətl cəmiyyətin xeyrinədir, yoxsa xalqlar resurs çatışmazlığından və əhali artımından məhv olar. Analoji ideyalar ingilis iqtisadçısı Tomas Maltusa da aiddir.

De Sad tanrını, moralist norma və qaydaları, həmçinin ailədə və cəmiyyətdə ümumi insani prinsipləri daşıyan davranışı rədd edirdi. O, insan təbiətini, ondakı vəhşiliyi şər saymırdı, əxlaq, din, hüquqla sərhədlənməyən absolyut azadlığın tərəfdarı, ənənəvi əxlaq normalarının avtoritetliyinə qarşı idi. Yazıçı inanırdı ki, əsl cinayət təbiətin diktə etdiyi arzulara qarşı getməkdir. Onun fikrincə din insanı əsarəti altına alır, buna görə də mövhumatı məhv etməli və insan öz təbiətinin vəhşi səsini, arzularını dinləməlidir.

Gallery

Sad əsərlərində ikili həyat sürən insanları - maska taxaraq özünü əxlaqlı göstərən, başqalarını əxlaqsızlığa görə ittiham edənləri hədəfə alırdı. O, elədiyi cinayətlərə görə özünə haqq qazandırır və düşünürdü ki, tanrı bizə bu təbiəti veribsə, ona əməl etməliyik. Yazıçıya görə, dünya amansızdır, hakimiyyət qəddarlığa söykənir, seksual zorakılıqdan qaynaqlanır və burda yaxşılara yer yoxdur. Ona görə də onlar kimi davranmağa məcbursan.

Uzun müddət əsərləri qadağan edilən və Fransada bütün külliyyatının çapına yalnız keçən əsrin 60-cı illərində icazə verilən Sadın şəxsiyyəti, konsepsiyası fransız intellektualları arasında uzun müddət müzakirə olunub. Fransız şairi Giyom Apolliner deyirdi ki, XX əsrdə onun ideyaları dominant olacaq. De Sad hələ XVIII əsrdə yazırdı ki, insanın davranışları onun instinktləri, gizli arzuları, seksual istəkləri ilə bağlıdır. İnsan davranışının əsas tənzimləyicisinin təhtəlşüurdakı istəklərlə əlaqəli olduğunu XX əsrdə Freyd elmi nöqteyi nəzərdən araşdırdı və Apollinerin öncəgörməsi özünü doğrultdu.

Gallery

Fransız yazıçısı Andre Bretona görə de Sad sosial və əxlaq azadlığına çağırış edir. Sürrealistlər üçün isə o, riyakar əxlaqa qarşı etirazın simvolu idi. Simona de Bovuarın isə onun şəxsiyyətinə, ədəbi yaradıcılığına yanaşması fərqli idi: “De Sad öz psixo fizioloji təbiətini şüurlu etik seçim kimi təqdim edir və bunu əsərlərində yazırdı. Məhz bu, onun həqiqi orijinallığı idi. De Sad təkcə fəaliyyəti qanunla nizamlanan ictimai fiqur yox, həm də canlı insan olmaq istəyirdi. Real hakimiyyətə malik olmayan əksər aristokratlar simvolik şəkildə-yataq şəraitində öz suveren feodal-despot statusunu diriltməyə cəhd edirdilər. De Sad istisna deyildi və illüzion hakimiyyətin hərisi idi. Tiranlıq onu birbaşa amansızlığa aparırdı. O, yalnız bir yerdə özünü realizə edə bilərdi: itaətkar arvadının yatağında yox, məhz pulla öz fantaziyalarını gerçəkləşdirdiyi bordeldə”.

# 10985 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #