Aristotelin ayaqqabısını geyinən İsa

Aristotelin ayaqqabısını geyinən İsa
4 mart 2021
# 09:01

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarını təqdim edir.

Növbəti yazı: İnancın gücünü təcrübi yolla sınamaq mümkündürmü?

Xristian sxolastiklər IX-XV əsrlərdə İsanın yalın ayaqlarına Aristotelin ayaqqabılarını geyindirmək istədilər. Amma baxıb gördülər ki, İsa Aristotelin ayaqqabılarını geyinsə də, onun yerişini yeriyə bilmir. “Naxırçı qızı naxırçı çörəyi arzular” deyib bu sevdadan vaz keçdilər. İslam dünyasında isə bu gün də Quranda elmi kəşflərin izlərini axtarmaq, üstəgəl, tapmaq, hətta ayələrdə deyilənləri elmi metodlarla sübut etməyə çalışmaq cəhdləri var. Amma hələ Orta əsrlərdə bunun dinə, inanca faydasından çox ziyanının olacağını xəbər verən teoloqlar vardı.

İnancın təcrübi yolla özünütəsdiqə can atması onun rasional, praktik mənşəyindən irəli gəlir. Praktikada özünü doğrultmayan inanc ölümə məhkumdur; məsələn, manixeizm kimi.

İnancın gücü onun praktikada işə yararlığındadır. Bu da ən çox inancın ölüm qorxusuna qarşı duruşunda özünü göstərir. Ölüm qorxusu ilə kəllə-kəlləyə gəlməyən, ölümü adiləşdirərək onu məchul bir son olmaqdan çıxarıb, məlum bir yerdəyişmə şəklinə salmağı bacarmayan heç bir inanc insanları öz məbədinə doldura bilmədi.

Ölüm qorxusunu yenmək, ruhun əbədiliyini təmin etmək üçün hər bir inancın da özünəməxsus praktik təlimi var. Bu təlimlərin içində aclığı əbədi xoşbəxtliyin səbəbi kimi göstərən də var, adam əti yeməyi ruhani səadətin təməli görən də.

Kannibalizm unudulmaqda olan bir insanlıq adətidir; insanın öz növündən olanların ətini yemək vərdişi olub müxtəlif səbəblərin təzahürü sayılır. Bəşəri mətbəxin bir elementidir. Kannibalizm sözünün mənşəyi Karib xalqının XVII əsrə aid əfsanələrinə dayanır. Tarixə məlum olan ilk adamyeyənlər də Karib xalqının nümayəndələri idilər. Kannibalizm XIX əsrdə sivilizasiyadan uzaq qalmış Cənubi Okeaniyanın bəzi mədəniyyətlərində vardı, bu gün isə tropik Afrikanın bəzi yerlərində insanlar düşəndən-düşənə bir-birilərini yeyirlər. Kannibalizmi bu gün mədəni dünyada aktuallaşmağa qoymayan inzibati proqramlarla mədəniyyətin arasıkəsilməzliyinin təmin edilməsidir. Mədəni prosesdə qısa fasilə bəs edər ki, məsələn, Fransa, İngiltərə, İtaliya kimi inkişaf etmiş ölkələrdə belə insan əti yemək yenidən dəbə minsin.

Hindistanda isə adamyeyənliyi dini inanc və həyat fəlsəfəsinin bir hissəsi kimi qəbul edən Aqhorilər adlı min illik tarixə sahib bir təriqət var. Çox güman Şərq sufizminin əcdadıdırlar. Aqhorilər meyitlərin yandırılmağa gətirildiyi Qanq çayının sahilində yaşayırlar. Yandırılıb çaya atılmış meyitləri balıq tutublarmış kimi dartıb sudan çıxarır, ya da sahiblərindən yandırmaq məqsədi ilə alıb uzaqdan bir balaca ocağa göstərərək basıb yeyirlər. Amma allahtərəfi, bədənini yedikləri adamın ruhu üçün yeməzdən öncə dualar da oxuyurlar.

Aqhorilərin məişət əşyaları da yedikləri meyitlərin sür-sümüyüdür. Məsələn, aqhoridən bir fincan çay istəsəniz, o, sizə çayı keçən il yediyi insanın kəllə sümüyündə gətirəcək. Əgər aqhoriyə qonaq olsanız, o, sizi nahar yeməyində heyvan nəcislərinin, cürbəcür qida qalıqlarının, uşaq pamperslərinin atıldığı bir zibilliyə dəvət edəcək, şam yeməyində isə çox güman çay sahilində, ay işığı altında yerə salınmış süfrədə hansısa rəhmətliyin alaçiy meyiti olacaq. Yeməkdən sonra isə siz çox güman qonağı olduğunuz aqhori ilə birlikdə marixuana çəkib yediyiniz meyitin qalıqları üzərində bardaş quraraq səhərə kimi meditasiya ilə məşğul olacaqsınız, içinizdəki hüdudsuz kosmosa açılacaqsınız. Çünki aqhori inancına görə, təbii otların istifadəsi zamanı gözə görünən halisünasiyalar halaldır, düz yol göstərirlər.

Siz aqhori ilə birlikdə heyvan nəcisi yeməklə həm də (onun inancına görə) eqonuzdan, dünyəvi nəfsinizdən arınmış olacaqsınız. Ağzınızdakı fil p..xu sizi aqhori mənəviyyatının gözəlliyinə qovuşduracaq. Siz nəcis yedikcə paklaşacaqsınız, eqonun, nəfsin kirindən təmizlənəcəksiniz. Bu vaxta qədər yemədiyiniz hər p…xa görə üzüləcəksiniz. Paklaşmaq, ən uca mənəvi aliliyə yetişmək bu qədər sadədir yəni, qursağı onun-bunun üfunəti ilə doldurursan, hop ordasan!

Aqhori olmaq mütləq azad olmaq deməkdir. Pox-püsür, meyit yemək sizi maddi dünyadan uzaqlaşdırıb universal azadlığa qovuşduracaq. Heç kimə faydanız olmasa da, zərəriniz də toxunmayacaq. Şəhərdə lütəttcə gəzməyə başlayacaqsınız. Nə içinizdə, nə çölünüzdə maddi dünyadan heç bir iz qalmayacaq. Siz ruhani bir varlıq olacaqsınız.

Aqhorilər reinkarnasiyaya inanmırlar, yenidən doğulmamaq üçün əllərindən gələn hər şeyi edirlər. Eynən Şərqin qədim sufiləri kimi evlənmirlər, uşaq sahibi olmurlar, cinsiyyət orqanlarına xəsarət yetirib özlərini axtalayırlar.

Bütün bunları ona görə edirlər ki, öləndə Qanq çayı onları birbaşa tanrı Şivanın hüzuruna aparsın.

Aqhorilərin başdan-ayağa tükürpədici praktikadan ibarət olan inancını anlamaq üçün bircə yol var; Aqhori olmaq. Onların Şivasına tapınmaq. Digər hindlilər aqhorilərin bu min illik inanclarına inanmasalar da, hörmət edirlər. Zərərsiz insanlar olduqları üçün onların şəhərdə lüt-üryan gəzmələrinə, boyunlarından insan kəllələri asmalarına, camaatın rəhmətə gedənlərini bişirib yemələrinə baxmayaraq, onları təqib etmirlər.

İnancın mənşəyini insanın təbiətində axtarmaq modern psixologiyanın aktual mövzularından biridir. İlk dəfə Devid Hyum inancı insanı bir mənşə olaraq araşdırmağa başladı. Sonra Feyerbax bu işə girişdi. Ancaq heç biri bu mövzuda Freyd qədər irəli gedə bilmədi. Freydə görə, tanrı inancı uşaqlıq çarəsizliyindən və bu çarəsizliyin sığındığı valideyn himayəsindən qaynaqlanır. Tanrı, bir növ, fövqəlvalideyndir.

Həyatımızın ilk illərində qorxarkən, çətinliklərlə üzləşərkən valideynlərə sığınma və bundan fayda görmə təcrübəmiz şüur altında, ya da emosional yaddaşımızda depolanır, böyüdükdən sonra isə yaşadığımız bütün qorxular, üzləşdiyimiz bütün çətinliklər zamanı anidən üzə çıxır. Ona görə inanclılar fəxrlə deyirlər ki, təyyarədə ateist olmur. Çünki təhlükə anında uşaqlığımız geri qayıdır. İnsan həmişə uşaq kimi qorxur. Amma inanclılar gərək bunu da bilsinlər ki, təyyarədə heç tanrı da olmur; əgər qəza baş verirsə, hamı ölür.

İndi isə sualımızın konkret cavabına gələk; inancın gücünü təcrübədə sınamaq mümkündürmü? İnanca söykənən təlimlər öz gücünü, adətən, dil oyunları üzərindən gerçəkləşdirir. Bəlağətli dil inandırma işinin yarısıdır. İnanc insana güc verdiyi kimi, onun gücünü əlindən ala da bilir. Psixoloji testlər əsasən inancın bu ikili təsiri üzərində aparılır. Bu yaxınlarda bu cür testlərdən bəhs edən və oxu vərdişlərimdə yer almayan, təsadüfən “görəsən, bu cür kitablarda nələr yazırlar” marağı ilə vərəqlədiyim bir kitabda belə bir psixoloji faktı oxuduğumu və heyrətləndiyimi bəri başdan boynuma almalıyam.

İnancın gücündən insanı necə öldürmək üçün istifadə olunduğunu göstərən bu hadisə ABŞ həbsxanalarının arxivindən götürülmüşdü. Deməli, ölümə məhkum edilmiş məhkum “buz otağı”a salınaraq edam olunmalıdır. Otağa salınmazdan əvvəl ona deyirlər ki, otaqda 30 dərəcə temperatur var, hər 10 dəqiqədə temperatur 10 dərəcə enəcək və temperatur hər 10 dərəcə endikcə xəbərdarlıq siqnalı səslənəcək. Məhkum otaqda gözləməyə başlayır; ilk 10 dəqiqənin sonunda xəbərdarlıq siqnalı səslənəndə o, otağın havasının bir az sərinləşdiyini hiss edir, ikinci xəbərdarlıq siqnalında artıq üşüməyə başlayır. Üçüncü xəbərdarlıq siqnalında, yəni temperatur 0 dərəcəyə endikdə titrəməyə başlayır, çənəsi soyuqdan bir-birinə dəyir. Dördüncü siqnaldan sonra soyuğun ona işgəncə verdiyini hiss edir, beşinci siqnaldan sonra isə məhkum artıq müqavimət göstərməyin mənasızlığını anlayıb ölümə təslim olmağa hazırlaşır. Altıncı xəbərdarlıq siqnalını isə eşitmir, çünki artıq donaraq ölür.

Halbuki həbsxana işçiləri onu aldatmışdılar. Məhkum “buz otağı”nda olduğu müddətdə temperatur 30 dərəcə olaraq saxlanılmışdı, yalnız temperaturun hər 10 dəqiqədə 10 dərəcə soyuduğunu göstərən xəbərdarlıq siqnalı səsləndirilmişdi. Məhkum soyuqdan deyil, soyuğa olan inancından “donub ölmüşdü”.

# 5704 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #