Ailəni ictimai fahişəlik sayanlar

Ailəni ictimai fahişəlik sayanlar
11 fevral 2021
# 09:01

Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarını təqdim edir.

Növbəti yazı: Dava nə davasıdır: azadlıq, yoxsa imtiyaz?

Mənə (və əminəm ki, bir xeyli yazı adamına) görə, bir-birinə bənzəməyən, hətta bir-birini inkar edən iki dünya var tarixdə; 1789-cu il Böyük Fransa inqilabına qədərki dünya və bu inqilabdan sonrakı dünya.

Heç bir müqəddəs kitabın səmavi “karqosu” 1789-cu il inqilabı qədər insanlığın mənəviyyatına təsir etməyib. Bu inqilab mifin deyil, real tarixin “Tufan hadisəsi” idi, ancaq mifdəki Tufandan fərqli olaraq, bu dəfə insanlıq köhnəliyi, ənənəviliyi xilas etmədi, əksinə, onun məhv olması üçün gəmini yandırdı. Eyniliyin axışını yox etdi.

1789-cu ilə qədər tarixdə qadın vardı, amma qadınlıq yox idi, qadınlığın yeri yox idi. Hətta hakimiyyət iradəsini təsadüf nəticəsində təmsil edən qadınlar belə müvəqqəti olaraq kişinin, erkəyin yerini tutanlar, yaxud kişilərin qrup maraqlarının tələsinə düşənlər idilər, məsələn, generalların Böyük Yekaterinası, paşaların Sultan Hürrəmi kimi. Hətta bu inqilabdan yüz il sonra da taxtda oturmuş kraliça Viktoriya da qadınlara münasibətdə əyninə qadın libası geyinmiş bir yəhudi kişi peyğəmbəri idi. Hətta onun ingilis xanımlara “əxlaqsızlıq etməsinlər deyə” poladdan və üstündə açar-qıfılı olan bikini geyindirmək əmri qədər heç bir patriarxal dində sərt qadağa yoxdur.

1789-cu il inqilabından sonra qadın tarixdə ilk dəfə kişilər üçün günahı təmsil edən şeytani varlıq kimi qəbul edilməkdən canını qurtardı. Bu inqilabdan sonra qadın artıq şeytanı deyil, insanı təmsil etməyə başladı. O, artıq yasağın, qadağanın, “olmazların” deyil, haqqın, hüququn, “ola bilərlərin” obyekti idi. Ailədən cəmiyyətə açıldı. Əxlaqın deyil, hüququn, dinin deyil, siyasətin himayəsini qazandı. Ana, bacı, bibi deyil, vətəndaş oldu. Bədəninin bir hissəsini kişinin işğalından təmizlədi. Ən azı, romanda Madam Bovari oldu, tabloda Olimpiya oldu və s.

İlk dəfə 1789-cu il inqilabının “İnsan Haqları Bəyannaməsi”nin üzərinə “Qadın və Qadın Vətəndaş Haqları” bəyannaməsini yazan fransız qadın jurnalist Olimpiya de Quj xanımın bu yolda mübarizəsi Yakobinlər tərəfindən gilyotinlə “mükafatlandırıldı” və edam zamanı ucadan dediyi “qadın edam kürsüsünə çıxarılırsa, onun danışmaq üçün də kürsüyə çıxmaq haqqı var” sözləri İngiltərə də eşidildi və Qujun yazar həmkarı ingilis Meri Uolstonkraf onun və qadınların siyasi mübarizəsini tarixdə ilk dəfə nəzəri, fəlsəfi müstəviyə daşıdı.

Qadın haqları uğrunda mübarizənin XIX əsrdən başlayan ilk dalğası vətəndaş olmaq uğrunda mübarizə idi. Bu mübarizənin ən böyük hədəfi qadınlara seçki hüququnun verilməsi idi.

İlk azad qadınlar seçmək istəyirdilər.

XX əsrin ortalarından başlayan və artıq seçmək hüququ əldə etmiş azad qadınların ikinci dalğası isə artıq seçilmək uğrunda kişilərlə döyüşürdülər. İkinci dalğanın əldə etdiyi haqq kişilər kimi hakimiyyət orqanlarına seçilmək hüququ oldu və bu gün dünyanın əksər ölkələrində qadınlar seçkili orqanlarda kişilərə rəqib və şərikdirlər. Hətta kişilərin allah tərəfindən seçildiyinə inanılan ərəb ölkələrində belə bu gün seçkili orqanlarda 18-20 faiz qadınlar çalışır.

Bütün bunları yazmaqda məqsədim qadın haqlarının heç də qurşaqdan aşağı bir məsələ olmadığını diqqətə çatdırmaqdır. Ölkəmizdə yalnız hər hansı bir qadının cinsi zorakılığa, yaxud məişət zəminində şiddətə məruz qalması zamanı yada düşən, yaxud yada salınan qadın haqları, az qala, qadının cinsi orqanına keşik çəkmək səviyyəsində təqdim olunur ki, bu da cinsi zorakılığa, məişət şiddətinə aparan səbəblərdən ictimai fikri yayındırır. Daha doğrusu, əks effekt doğurur. Çünki cinsi istismar, yaxud məişət zorakılığı təkcə qadın haqlarının pozulması deyil, dünyanın ən inkişaf etmiş ölkələrində belə uşaqlar və kişilər də bu cür cinayətkarlığın hədəfi olurlar ki, bu da müstəsna haqq tələbi üçün əsas vermir. Cinayət haqq yox, hüquq pozuntusudur.

Ədalət və bərabərlik ideyası iş bölgüsü zamanı deyil, yalnız sərvət bölgüsü zamanı ortaya atıldığından heç bir məntiqi əsası yoxdur. Zənginliyi fakta çevirən faktın özü deyil, fakta gətirən yoldur.

Eynilə qarının başına iş gələndən sonra da tumanbağını bərkitməyin bir mənası qalmır. Günümüzün qadın haqları müdafiəçiləri əksər hallarda tumanbağı bərkitməklə məşğuldurlar ki, bu da onları kraliça Viktoriya ilə eyniləşdirir.

Nəticədə nə baş verir? Qadınlara bu şəkildə təqdim və təklif olunan “qadın azadlığı” ilk növbədə məhz qadınların qınağına tuş gəlir.

Engels Marksla birlikdə 1884-cü ildə yazdığı “Ailənin, Şəxsi Mülkiyyətin və Dövlətin mənşəyi” kitabında qeyd edirdi ki, ailədə kişinin qadına şəxsi mülkiyyəti kimi baxmasının əsas səbəblərindən biri uşaqdır. Kişi özünü qadının qarnındakı uşağın, yəni nəslin gələcəyinin də sahibi hesab edir. Qəbilədə qadınlar və uşaqlar ümumi olduğu üçün kişilərdə şəxsi öhdəlik deyə bir hiss yox idi.

Ailədə kişinin üstün mövqeyi heç də bəzi sosioloqların, nə bilim, psixoloqların dediyi kimi, iqtisadi sərbəstlik, fiziki güc amili-filan deyil, bu üstünlük erkəkliyin təbiətindən gələn və sırf nəslin gələcəyinə hesablanmış bir instinktdir. Qadın ailə qurursa, kişidəki bu instinktdən xəbərdar olmalıdır. Kişi ailədə bilərəkdən deyil, bilməyərəkdən üstündür. Onun başqa çıxış yolu yoxdur. O, üstün olmağa məhkumdur. Bu üstünlüyündən imtina edən kişiləri cəmiyyətdə ilk növbədə söyənlər, aşağılayanlar da qadınlardır. Milli feminizm məhz bu təbii, qoruyucu erkək instinkti üzərində qurmaq istəyir özünün amazon azadlığını. Həm ailə qurmaq istəyir, həm də ailənin ən təbii bağını kəsib tullamaq.

Hətta Böyük Fransa inqilabında belə “baldırıaçıqlar” deyilən üsyankar fransız qadınları da küçələrə kişiləri söymək üçün deyil, qiymətlərin bahalığına etiraz etmək üçün çıxmışdılar. Yəni, mübarizənin mərkəzində cinsi deyil, sosial səbəb vardı. Cəmiyyətin ümumi mənafe uğrunda kişilərlə birlikdə idilər.

1792-ci ildə ilk qadın liderlərdən biri olan Polin Leon qadınların da kişilər kimi silah gəzdirməsi tələbini irəli sürürdü. Amma artıq Misiri işğal edərək müsəlman dünyası ilə tanış olan və Quranın bəzi ayələrindən xəbər tutan Napoleon 1804-cü ildə “biz qadınların deyil, qadınlar bizim malımızdır” deyib onlara pişto verilməsini yasaqladı.

O gün internetdə bir şəkil yayılmışdı; qadınlar “Qadın qətlləri siyasidir” deyə bir şüar açmışdılar. Əslində, bu şüar klassik feministlərin “Şəxsi olan siyasidir” şüarının məqsədləşdirilmiş forması idi. Azərbaycan qadını siyasi meydanda rəqib deyil, şərikdir, ortaqdır, sevgiyə və hörmətə layiqdir. Siyasi olan qadın kimdir, bir də ona baxaq.

Fransız İnqilabında qadınlarının sosial gücünü MarksEngels cütlüyü çox yaxşı dəyərləndirdilər, bu gücdən kommunizmin sinfi mübarizəsində yararlanmaq üçün burjua sinfinin dayaqlarından biri olan ailəni “iqtisadi və şəxsi mənfəətə əsaslanan ictimai fahişəlik” adlandırıb, ilk həmlədə ailəyə hücum etdilər, qadınlara azadlığın yerini ailədən kənarda göstərdilər: siyasət meydanında!

Feminizm kommunizmdə özünə arxa, kommunizm feminizmdə özünə heç də zərif olmayan güc tapdı.

“Paris Kommunası” ilə daha da şiddətlənən, Yelizavet Dmitriyev, Adelgeyd Popp, Klara Zetkin kimi feminist-kommunist qadınlarla güclənən, ingilis sufrajisti Emili Devisonun özünü bir at yarışmasında qadın haqları uğrunda İngiltərə kralının atının ayaqlarına atıb öldürməsi ilə radikallaşan bu mübarizə onunla nəticələndi ki, məsələn, 1918-ci ildə İngiltərədə yaşı otuzdan yuxarı olan qadınlar səs vermək hüququ qazandılar.

Siyasi qadın siyasətin mərkəzində olan qadındır, məxrəcində deyil. “Qadın qətlləri siyasidir” şüarı özlüyündə qadının siyasətə, həm də özünün müəllifi olmadığı siyasətə alət olmasının göstərgisidir. Əgər qadın siyasətin mərkəzində və hədəfindədirsə, bundan şikayət etməməlidir, çünki o, sələfi Olimpiya de Qujdan əksikdir ki, artıq deyil. Quj şikayət etmirdi, edam ediləndə belə söyürdü.

Çox vaxt sosial azadlıqlarla sosial imtiyazları qarışdırırlar. İstər kişi olsun, istər qadın, Azərbaycanda sosial haqq, sosial azadlıq tələbi, əslində, radikallaşmış sosial imtiyazlar istəyidir. Çünki biz özü üçün istədiyi şey başqasının əlindən alınanda meydanda heç kimi görmürük. Sosial imtiyazlar isə, məsələn, qadınlar üçün hamiləlik və doğuş imtiyazları xaric, dünyanın heç bir ölkəsində cinsə görə müəyyən olunmur.

Sosial imtiyazlar verilən yox, daha çox qazanılan üstünlüklərdir. Bu üstünlüyü əldə etmək üçün qadınlarımız “qadın azadlığı”ndan öncə, məsələn, qız uşaqlarının kəndlərdə təhsildən yayındırılmaması uğrunda mübarizə aparmalıdırlar. Çağımızın sosial imtiyazlarını təhsil səviyyəsi müəyyən edir və bu gün Azərbaycanda hər hansı bir təhsilli qadın, özü şərait yaratmadığı halda, hüquqlarının pozulduğunu iddia edirsə, bunun çox şəxsi səbəbləri var.

Necə ki, kimlərsə allahı şəxsiləşdirəndə bütün dünya gözünə düşmən kimi görünür.

Necə ki, kimlərsə ölkədə pafosizm, populizm dövrünü yaşayan demokratik prosesi şəxsi hobbisi hesab etdiyi üçün onu məhz özünün üstünlüyü kimi qələmə verir. Demokratiyanın yalnız ona danışmaq, söymək, fikir bildirmək haqqı verdiyini düşünür.

Necə ki, kimlərsə söz azadlığını söz bolluğu anladığı üçün çənəsini zehni deyil, mexaniki alət kimi açıb-yumur.

İstənilən mübarizənin mərkəzində dayananlar ideyalar və şəxsiyyətlər deyil, sözlər və şəxslərdirsə, o mübarizəndən qazananlar bu ikisi olacaq: Qarın və Qasıq.

# 7855 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #