Qarımış qızın hamiləliyi

Qarımış qızın hamiləliyi
27 may 2011
# 11:00
Kənddə kənd silsiləsindən

Vaxtilə gənc olan yazıçı Seymur Baycanın özündən xeyli yaşlı olan xalq yazıçısının ətini lezvayla qıyma-qıyma doğrayaraq yemək istəməsi haqqında verdiyi bəyənat həssas oxucular tərəfindən kannibalizmin oyanışı kimi qiymətləndirilsə də, biz bunu acı bir zarafat kimi qəbul etmişdik, hətta öz aramızda Baycana “milli Raskolnikov” yarğısını da yapışdırmışdıq. Hər halda, ədəbiyyatımızda atalar-oğullar qarşıdurmasında “oğulun” “atanı” öz mədəsi, həzmeyi-rabesi ilə hədələməsi tarixdə ilk hadisə idi.

Bir üzünə baxanda hər bir xalq istənilən vaxt öz raskolnikovlarını doğa bilir, elə doğur da, lakin hər bir xalqın istənilən vaxt Dostoyevski doğmaq qüdrəti yoxdur. Rus xalqının xoşbəxtliyi bunda idi ki, Dostoyevski ilə Raskolnikovu əkiz doğa bilmişdi və hər iki oğul – istər yazıçı, istərsə də onun ədəbi qəhrəmanı – eyni dərəcədə rus idi.

Yadımdadır, bu məsələ ilə bağlı televiziyaya müsahibəsində rəhmətlik Azad Mirzəcanzadə belə bir fikir bildirmişdi: “Rusiyada elə bir rus tapa bilməzsən ki, “Karamazov qardaşları”nda onun prototipi olmasın”. Yəni Dostoyevski daha çox xalq yazıçısı idi, nəinki Seymur Baycanın qıyma-qıyma yemək istədiyi bizimkilər.

Hər bir ölkənin, şəhərin, kəndin özünəməxsus raskolnikovları olduğu kimi, Dağbasan kəndinin arvadları da bu cür övladlar doğmaqda “xəsislik” etməmişdilər, əksinə, hələ beş çömçə də üstünə qoymuşdular.

Günlərin birində Dağbasan kəndinin tarixində indiyəcən görünməmiş bir hadisə baş verdi; kəndin meşə ilə nikaha girdiyi, həyət ağaclarının meşə ağacları ilə qucaqlaşdığı, qurdla itin dostlaşdığı bir qırağında çiy kərpicdən hörülmüş əyri-üyrü daxmasında tək-tənha yaşayan Qarabirçək adlı qarımış qızın qarnı yavaş-yavaş qalxmağa başladı. Kənd duyuq düşdü ki, heç vaxt ərdə olmayan bu qadın hamilədir, lap İsa peyğəmbərin anası Məryəm kimi. Qadının qarnı böyüdükcə şübhələr də böyüdü, arvadlar ərlərinə, atalar oğullarına çəp-çəp baxmağa başladı. Bircə o qaldı ki Qarabirçək müqəddəs Məryəm ana kimi dilə gəlib uşağın sübh vaxtı bətninə üfürüldüyünü boynuna alsın.

Kənd iki cəbhəyə bölündü: mühafizəkar kəndlilər qadını bic uşaq doğmağa hazırlaşdığı üçün el-obadan qovmağı, islahata meyilli kəndlilər isə həqiqət naminə axıracan gözləməyi təklif etdilər. Qarabirçək isə boğaz vəhşi kimi heç kəsi yaxına buraxmayıb, qarnındakı övladının yolunu gözləyə-gözləyə, başqa arvadlar kimi, ot biçdi, noxud yoldu, cöngə hörüklədi, təzək yapdı, saman daradı...

Nəhayət, çağa doğuldu, Qarabirçək onu yaşadığı daxmada tək doğdu, çünki kənd kişiləri arvadlarına onun evinə getməyi qadağan etmişdilər. Bir at örüşdə, bir it samanlıqda, bir pişik zirzəmidə necə balalayırsa, Qarabirçək də elə doğdu, vəhşi kimi.

Ustündən bir həftə keçməmiş bu qadının naləsi kəndi başına götürdü; o, dağınıq saçlarını yola-yola, üz-gözünü didə-didə kəndi ələk-vələk edir, hər yerdə - tövlələrdə, təndir küllüklərində, ot tayalarında, su quyularında – itkin düşən çağasını axtarırdı. Çağa yoxa çıxmışdı. Ana isə az qala, it kimi, ulaya-ulaya, at kimi imsiləyə-imsiləyə, pişik kimi miyoldaya-miyoldaya hər yerdə onu gəzirdi, çağırırdı, səsləyirdi, yalvarırdı, qarğış eləyirdi... tövlərə girib axurlara baxırdı, əlindəki çomaqla ağacların dibini eşirdi... ona elə gəlirdi ki, gözünə görünən hər şey onun çağasını gizləyib. Hirsindən torpağı, ağacları döyəcləyirdi, özünü döyəcləyirdi.

Dağbasan isə susur, tamaşa edirdi.

Axırda onun ah-naləsini polis bölməsində eşitdilər və tezliklə dağbasanlı gənc bir oğlan həbs olundu; aydın oldu ki, bu gənc kənd toylarının birində qusanacan içəndən sonra gecəyarısı kəndin qırağındakı komada tək yaşayan Qarabirçəyin qapısını döyüb, əlindəki qazpüskürənlə qadını uydurub və “Məryəmin bətninə İsanı üfürüb”. Səhəri gün kənddən qaçıb, bir də o zaman kəndə qayıdıb ki, o gecədən bir uşaq doğulub. Bizim heç vaxt özümüzə izah edə bilmədiyimiz bir duyğu onu çağanı oğurlayıb öldürməyə vadar edib və “milli Raskolnikov” öz övladını oğurlayaraq həyətlərindəki samanlıqda diri-diri basdırıb.

Deyirdilər ki, polisin qoluna qandallanmış qatil-ata çağanı samanlığın altından çıxaranda zavallının əl boyda bədəni hələ isti imiş.

Oğlanı tutdular, Qarabirçək isə kəndin meşə ilə nikaha girdiyi, həyət ağaclarının meşə ağacları ilə qucaqlaşdığı, qurdla itin dostlaşdığı bir qırağında çiy kərpicdən hörülmüş əyri-üyrü daxmasında ağlayıb-ağlayıb kiridi.
# 5340 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #