Putinə bənzəyən qadın

Putinə bənzəyən qadın
26 sentyabr 2012
# 05:00
Yüz dəfə demişəm, yenə deyəcəyəm: məndə kimisə kiməsə oxşatmaq xəstəlik səviyyəsindədir! Xüsusən şəhərdə gördüyüm insanlar instinktiv olaraq kəndimizin adamlarını xatırladır. Bəzən bu proses elə həddə çatır ki, zəhləmi tökür, məni bezdirir, kədərləndirir. Görəsən bu psixoloji problemdirmi? Üç-dörd kitab oxumuş bir tanışımdan soruşdum o günü. Kəndinizin adamlarından ötrü darıxırsan, dedi. Deyəsən haqlı idi. Oxşar hadisə hansısa metronun çıxışında çoxdan görmədiyim bir qohumumu intizarla gözləyərkən başıma gəldi. Bir anlığa mənə tərəf gələn adamların çoxunu qohumuma bənzətdim. Hətta eləsi oldu ki, qarşısına yüyürməkdən özümü güclə saxladım!

Bu səhər isə “Elmlər Akademiyası” metrosunda qatara minən kimi Vladimir Putini gördüm! Allah-allah! O boyda ölkənin prezidenti qatarda nə gəzirdi? Qeyri-ixtiyari gözlərimi qırpdım... Təbii ki, qarşımda Putini deyil sarı saçları yıprıxmış orta yaşlı bir qadın gördüm. O profildən doğrudan da Putinin eyni idi! Gözlərinin və dərisinin rəngi, burnunun quruluşu... Amma sifətində dəhşətli bir narahatlıq vardı. Harasa tələsməkdən ziyadə bir güvənsizlik, inamsızlıq, qorxu oxunurdu üz cizgilərindən. Əynində qara rəngli, ucuz kostyum, çiynində həm rəngi, həm qiyməti kostyumuna uyğun gələn çanta vardı. Əlləri çox kobuddur. Sifətinə baxmadan yalnızca əllərini görsən kişi olduğunu zənn edərsən. Putinin əllərinə fikir verməmişəm, amma inanmıram, bu qadınınkı qədər kobud olsun. Boynunda son vaxtlar Rusiyada dəb olan ucuzvarı qızıl boyunbağı, qulağında sarı tanalar vardı.

Mən bu komplekti uzun müddətə Rusiyaya alverə gedən kişilərin yataqxanada yaşayan arvad-uşağının boyun-boğazında görmüşəm. Qadının evdə-küçədə kişi işləri görməkdən kobudlaşan əlləri və camaata həvəssiz nümayiş etdirdiyi qızıllar düşünməyə əsas verirdi ki, onun əri Rusiyadadır, amma ailə ilə əlaqəsini üzməyib. Ya az qazanır, ya da orda başqa ailə saxlayır. Ola da bilər ki, rəhmətə gedib. Qadının sifətindəki yorğunluq və nisgil də bundandır. Xülasə, o amansız həyatla təkbətəkdir! Görünür uşaqlar hələ evə kömək edəcək yaşda deyillər. Ya da işləmirlər və hələ də Putinə bənzəyən analarına yükdürlər.

O, tez-tez saata baxıb dərindən köks ötürür. Deməli harasa tələsir və gecikmək onun üçün problem yarada bilər. Həyatdan bezmiş kimi görünür bir anlığa və mən fürsətdən istifadə edib onu Putinə bənzətməyimin sirlərini axtarıram. Burda bir mistika olmalıdır, düşünürəm... Təəssüf ki, boynundan və qulağından asılan sarı rus qızıllarından və təsadüfi sifət oxşarlığından başqa bir şey tapmıram.

Bu arada qadın dünyanı yönətən nəhəng bir ölkənin prezidentinə bənzədiyinin fərqinə varmadan kobud əllərini qaldırıb bir daha qolundakı qayış kəmərli saata baxır. Ardınca iri, qara çantasını eşələyib içindən qalın dəftər çıxarır. Dəftərin son səhifəsini açanda gözlərim xətkeşlə səliqəsiz cızılmış dərs cədvəlinə sataşır.

Cədvəlin yuxarısında iri və əsəbi xətlə bu sözlər yazılıb: “Yeni dərs ilimiz mübarək!“
# 1242 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #