Qab-qacaqmaniya

Qab-qacaqmaniya
25 sentyabr 2012
# 06:00
Bir müddət idi ki, fransız rejissoru Klod Faraldonun keçən yüzilliyin qalmaqallı ekran əsərlərindən sayılan «Temrok» film-satirasını axtarırdım.

Nəhayət, tapdım, izlədim.

1970-ci illərdə Fransada bir fəhlə adi axarda keçən boz, kasıb həyatının mənasız olmağına, kapitalizmə etiraz edərək əmlakını sıradan çıxarır, evinin divarlarını, eyvanını dağıdır, ondan mağara düzəldir və ibtidai şüurla yaşayır.

Yavaş-yavaş şəhər əhalisi də ona qoşulur və ölkə anarxizmə doğru gedir.

Filmdə personajların mətni demək olar yoxdur. Anlaşılmaz dildə bir-iki dialoq var. Mişel Pikkolinin canlandırdığı əsas qəhrəman isə film boyu ancaq böyürür, cürbəcür heyvan səsləri çıxarır və tədricən şəhəri əhalinin ciyiltisi, ulaması, böyürməsi bürüyür.

“Temrok”da bir səhnə var. Qəhrəman əşyalarını, mebellərini aşağı tulladıqca rahatlanır, üstündən sanki ağır yük atılır.

Tarix boyu tabuları qıran, gərəksiz ənənələrlə vidalaşan, stereotiplərə rahatca “yox” deyən, həyatını, məişətini radikal şəkildə dəyişən fransız...

Və XXI əsrdə hələ də absurd mülkiyyətçilik vərdişləri, feodal düşüncə ilə yaşayan biz.

“Absurd mülkiyyətçilik vərdişləri” deyəndə hər şeydən əvvəl tipik azərbaycanlının qab-qaşığa, başqa sözlə desək, bir parça metala, şüşəyə mübtəla olmasını nəzərdə tuturam.

Söhbət praktik, gərəkli məişət əşyalarından getmir.

Söhbət, məsələn, yaşamımızın mühüm parçasına çevrilən, evin salonunda servanta yığılan, illərlə istifadəsiz qalan, cürbəcür, növbənöv məişət əşyalarından gedir.

Hələ də anlamıram ki, əgər mətbəx mebelləri mövcuddursa, qab-qaşığı zalda, servanta yığmağın nə əhəmiyyəti var.

Ən pisi odur ki, həmin, qab-qacağı almaq üçün borca-xərcə düşüb, pulumuzdan, sağlamlığımızdan da keçirik. Halbuki, o pulla bir vitamin ya bir kitab almaq, tamaşaya getmək, istirahət etmək də olardı.....

Bu mənada biz ümumiyyətlə, praktik deyilik, məzmun yox, boş forma aludəçisiyik.

Bir çox hallarda istifadəsiz qalan bir neçə cür konfet qabları, külqabılar, güldanlar, çay, qəhvə (qəhvə içən millət olmasaq da, yazılmamış qaydaya görə cehizdə mütləq qəhvə dəsti olmalıdır), yemək servizləri bizim üçün dekorativ anlam daşıyır.

Yəni təsəvvürümüzdəki dekorasiya anlayışı bu qədər primitivdir.

Üstəlik, əgər çayı, suyu, kompotu adi stəkanlarda, fincanlarda, qədəhlərdə içmək, yeməyi də adi qablarda yemək mümkündürsə, bahalı servizlərə nə hacət var axı.

Qodar müsahiblərindən birində deyir ki, əgər masamdakı külqabı istifadə üçün yararlıdırsa, onun müxtəlif dizaynlarla istehsalının nə anlamı var?

Dünyanın hər yerində qab-qacaqmaniya həvəskarları var, əslində.

Amma bizim toplumda daha kütləvidir.

Və Pazolini illər öncə təyin etdiyi diaqnozunda nə qədər haqlıydı: “İnsanları istehlak idarə edir”.


# 1425 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #