Facebook folkloru

Facebook folkloru
4 sentyabr 2012
# 09:48
Şübhə etmirəm, günlərin birində “Statuslar” adlı ədəbi janr yaranacaq. Nədən ki, hərdən bəzi tanınmış qələm adamlarının, hətta heç yanda tanınmayan gənc oğlan və qızların heyrətamiz dərəcədə gözəl statusları ilə qarşılaşırsan. Yumoru yerində, mənası neçə qat dərinə işləyir... Etiraf edək, bu gün status ən çox oxunan yazı formasıdır. Nədən ədəbi istedadı olanlar bu imkandan istifadə etməsinlər?

Və ona da şübhə etmirəm ki, yavaş-yavaş Facebook deyimləri formalaşacaq. Bu zəngin epoxaya qədirşünas xalqımız biganə qala bilməz!

Deyilənləri nəzərə alıb, qabağa düşmək istədim və ilk olaraq Facebooka aid bir neçə bayatı, alqış, qarğış və atalar sözü qələmə... üzr istəyirəm klaviaturaya aldım. Söz verirəm, yaxın günlərdə Facebook lətifələrini sizə təqdim edəcəyəm. Hələlik bunları oxumaq olar. İnanıram ki, siz də həvəsə gəlib bizim əlahəzrət Facebooku deyimli-duyumlu edəcəksiniz.


Qarğışlar

Səni görüm “inbox” ümidinə qalasan

Səni görüm “iqnor”a düşəsən

Çatın çatdaq qalsın

Sevdiyin qız oğlan çıxsın

Statusun “like” üzü görməsin

Şərhin ağzıgünə qalsın

Arvadın parolunu öyrənsin

Profilin qapansın

Oturduğun yerdə qrupa düşəsən

Parolun sınsın

Alqışlar

“İnbox”unda qırmızı rəqəmlər çiçəkləsin

Çatdan yarıyasan

Tanrı başından “like” töksün

Statusun “kommentsiz” olmasın

Könlün istəyəndən dürtmə yeyəsən

İsmarışlarına “smayllar” noxud kimi səpələnsin

Mötərizən sola açılsın

Allah səni Aykalardan, Gulyalardan qorusun

“İqnor” bəlasından uzaq olasan

Toruna qızılından düşsün

Atalar sözü

Yaxşı oğlan çatda sülənməz

Cavabı yubanan kompyuteri qanlı tutar

Çətini “blok”a düşüncədir

Dostluqdan çıxarılan, inboxa dadanar

Facebookda ayrılıq qəliz olar

Facebookda inqilabçı olmağa nə var?!

Sən səhv elədin qazamata düşdün

Mən səhv elədim – “blok”a...

Facebookda çirkin də gözəl görünər

Facebookda yatar, Facebookda durar

Facebookda pis oğlan olmaz

Facebookda hamı ingiliscə bilər

Status şərhindən bəlli olar

Dəli Facebookda buynuz çıxardar

Ağzını statusla açır, “komment”lə qapayır

Blokda qalan aşiq lirikaya meylli olar

Bir gün üzü gülməz, hamıya “smayl” göndərər

Ağıllı qız “hə”ni “inbox”da deyər

Facebook axmağa vətən görünər

Markı tanımayan özünü Facebookun yiyəsi bilər

Bayatılar

Mən aşiqəm oyatsam
Dərdlərimi oy atsam...
Çatda yazhayaz düşə
Namərdəm durub yatsam

Mənə bir xəbis yazar
Nə yaxşı, nə pis yazar
Blokda qalan aşiq
Dərdli status yazar

Əzizim şaxalandım
Bir sənə arxalandım
Çatda quş buraxmadım
Mesajda yaxalandım

Yolu FB-dən saldım
Bir gün avara qaldım
Çatda inciyən qızın
Mesajla könlün aldım

Olaydım layiq sənə
Sərxoş yox, ayıq sənə
Könlün nə istər paylaş
Qurbandı “layk” sənə

Arı qurar şan yerdə
Hava qızışan yerdə
Ona qurban olaram
Mənlə yazışan yerdə

Mən aşıq qara düşdüm
Alışdım, nara düşdüm
Belin sınsın, ay fələk
Yenə “iqnor”a düşdüm

Dostum o yandan gələr
Çıxar dumandan gələr
Qız şəkil dəyişdirər
“Like” oğlandan gələr

Yaralandım, can çıxdı
Qaşıdıqca qan çıxdı
Altı ay bir qız sevdim
Axırda oğlan çıxdı.
# 3921 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #