Bakı araqla evlənən kişidir

 Bakı araqla evlənən kişidir
23 avqust 2012
# 09:43
Bəzən sirr dolu qadın kimi gəlir mənə Bakı.

Elə bil, yaxınlaşsam, əlini tutub sevgi etiraf etsəm, gülümsəyib qaçacaq tənhalığımın üstünə. Qorxudub qaçıracaq. Görəsən Bakı bu qədər qəribə olduğunu bilirmi? Şəhərlərin arasındakı mövqeyi. Ya da elə bir musiqi aləti ki, solo dinlənilsə, heç kəs sevməz.

Uzun zaman sonra ciyərlərə sovrulan siqaretə bənzətmək axmaqlıqmıdır? Yoxsa, sadəcə, siqaret həsrətindən yazılan bir cümlədir bu ... Uşaq vaxtı kənddə qocalar Bakı görməyən uşaqlara “Bakını sevməyin axırı yoxdur” deyirdilər. Yenə sirli qadın məsələsi qayıdır desert olaraq. Bəs görəsən qadın olsaydı, kimi seçərdi?

Bakı, onun haqda yazılmış şeirlərə gülür, mahnılara ağlayır. Bakıya insanlar yaraşmır. Bakıya mərkəz olmaq yaraşmır. Bakı ailənin ən çox döyülən uşağı kimidir. Böyüdükcə içindəki nisgil də artır. Bakı uşaq vaxtı rəssam olmaq istəyib, montyor olan gəncdir. Bakı gəncdir. Bakı vals oynamaq təklifi almış və bunu rədd etmiş qadındır.

Bakı hər gün səliqəli idman geyimində əyləncə məkanında viski içən kişi deyil, Bakı üç fəsli eyni şalvarda keçirən, arvadı tərk etdiyi üçün hər gün özünü söyən və bu söyüşləri unutmaq üçün araqla evlənən kişidir. Bakı hər gün səhər səkkizdə işdə olan kişi deyil, Bakı səkkizdə işdə olmalı olan cisimləri aparan avtobusun sürücüsüdür.

Tabe olmağı sevməyən şəhərdir. Necə ki, nə qırx bir-qırx beşdə tabe oldu, nə də doxsanlarda. Amma Bakı onun sakinlərini özündən asılı edən çox şahlar gördü. Bakını yaraladılar, üzünü qırxıb, saçını kəsdilər, boyunu uzatdılar, içdiyi suya zəhər qatdılar, amma Bakı adını saxladı. Hər dəfə ona yaxın duran insanlara yaşamaq imkanı verdi.

Bakının dərdi olub, xəstəliyi olub, amma heç kəs Bakıya nə dərdli deyə bilib nə də xəstə. Əslində ona lazım olan bir azca azadlıqdır. Bakını azad buraxsaq, o, insanları yerləşdirər qoynuna. Qırmızı şərab, caz, yumşaqlıq, centlmenlik, mədənilik bacarmır artıq Bakı. Siz lap çoxdan onun bu xasiyyətlərini dəyişdirdiniz. İndi o, kəskin, az seçimli və yuxugətirəndir.

Gün gələcək ki, Bakı qayıdacaq. . Qayıdacaq özünü atıb getdiyi yerə. Hər şeyi qaydasına qoyacaq. Yayı sərin olacaq, qışı iliyimizi dondurmayacaq . Və gün gələcək ki, Bakı çıxacaq göydələnlərindən birinin üzərinə və özünü ordan aşağı buraxacaq. Bunun adı intihar olmayacaq, sui-qəsd olacaq.
# 1921 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #