Xalq olmağın üç şərti

Xalq olmağın üç şərti
9 avqust 2011
# 10:20
Qədim Şərq rəvayətlərində, adətən, iki cür padşah obrazı olardı: biri adil və ədalətli, o bir zalım və əzazil.

Zalım və əzazil padşah öz xalqına qan uddurar, xoşu gəlməyən adamların boynunu vurdurar, boğazına ərinmaiş qurquşun tökdürər, nə bilim, payaya keçirtdirər, xayalarından asdırar, ürəyi soyumaz, cəsədlərini həftələrlə şəhər meydanından asdırar, ən yaxşı halda isə ömürlük zindanda çürüdərdi və s.

Nizamı Gəncəvinin “Sirlər xəzinəsi”ndə yeddi-səkkiz belə padşah obrazı var və bizə elə gəlirdi ki, artıq belə padşahlar yalnız rəvayətlərdə-zadda qalıb, day bizim zəmanədə belələrinə rast gəlmək mümkün deyil. Ancaq bu gün Suriyada baş verənlər bizim nə qədər sadəlöhv düşündüyümüzü üzə çıxardı. Suriyada elə həftə, bəzən elə gün olmur ki, hansısa bölgədən xalqın güllələnməsi xəbəri gəlməsin. Suriyada bütöv bir xalqa güllələnmə hökmü kəsilib və bu hökm çox amansızcasına hər gün yerinə yetrilir.

Elə Ramazanın ilk günündə 160 adamın öldürüldüyü xəbəri gəldi. Bu qətliamlar müsəlman ölkəsində baş verdiyi üçün dünya yalnız dayandoldurum bəyanatlar verməklə, uzaq başı, Bəşəri uzaqdan-uzağa hədələməklə işini bitmiş sayır. Mənim aləmimdə xalqı üç halda “qırmaq” olar:

1. Avamlığa, yazıb-oxumamağa, özünün xırda məişət ənənələri ilə yaşamağa meyil edəndə.

2. İfrat dinsiz və ifrat dindarlığa meyil edəndə. Açıqlaması: ifrat dinsizlik kütləvi mənəviyatsızlığa gətirib çıxarır. Səhv etmirəmsə, Tövratda buna aid bir rəvayət də var ki, bir şəhərin əhalisi dini, Allahı tamam yaddan çıxarıb əyyaşlıq və fahişəliyə qurşanır, Tanrı gecə vaxtı şəhərin üstünə nəhəg bir daş salıb yer üzündən silir. İfrat dindarlıq isə xalqı tənbəlliyə, hər şeyin nicatı üçün mövhümü qüvvələrə dilənməyə, öz iradəsi kənarında heç nəyi qəbul etməməyə, dünyanın inkişaf tempindən geri qalmağa, həftə səkkiz, mən doqquz imdad yarmarkaları keçirməyə, gözəgörünməz olan Tanrını öz kafasında bütləşdirməyə gətirib çıxarır. Hətta islam peyğəmbərinin özü də deyir ki, bir saat elmlə məşqul olmaq, yetmiş il ibadət etməyə bərabərdir.

3. Yaltaqlığı həyat tərzi kimi seçib, mübarizə əzmini unudanda.
Bax, məncə, bu üç hal baş verərsə, istənilən xalqı “qırmaq” Tanrıya da xoş gedər. Ancaq bildiyimə görə, Suriya xalqında bütövlükdə bu üç bəlanın heç biri olmamalıdır. Hətta gözüylə görənlər deyir ki, suriyalılar ən moderin ərəb camaatıdır. İnternetdə yayılan kadrlardan da görünür ki, suriyalılarla liviyalıların görkəmləri arasında yerlə göy qədər fərq var.

Bu yaxınlarıda şəhərin göylərini bürümüş kabab tüstüsünü ciyərlərimizə çəkə-çəkə bir dostumuzla Suriya olayları barədə üyüdüb-tökürdük. Dostumuz israrla isbat etmək istəyirdi ki, Suriyada baş verənlər istənilən islam ölkəsində baş verə bilər və bunu dini-mental dəyərlərlə, cürbəcür geopolitik amillərlə, islam ölkələrindəki siyasi sistemlərin sükanının yad əllərdə olması və s. kimi arqumentlərlə əsaslandırmağa çalışırdı. Mən bu fikirlərin əleyhinə idim və konkret Azərbaycanı nümunə göstərdim ki, bizdə belə şeylər ola bilməz. “Əsaslandır!” – dostum ucun tutub ucuzluğa getməmək üçün tələb etdi. Əsaslandırdım: bizdə bunun tarixi bazası yoxdur, Azərbaycan Azərbaycan olandan bəri heç bir ölkə başçısı konkret olaraq xalqa əl qaldırmayıb...

Söhbətin bu yerində əlində krossvord qəzeti başqa bir tanışımız gəlib çıxdı, qəzeti qabağına sərib, qələmini “itilədi” və ilk sualını verdi: Azərbaycan yazıçısı, dörd hərfli. İkimizdə xorla “Anar” dedik. “Onu soldan sağa yazmışam, bu yuxarıdan aşağadır”. “Bizdə heç vaxt yuxarıdan aşağa yazıçı olmayıb, ya soldan sağa olub, ya da aşağadan yuxarı” – müdrikliyimdən qalmadım – “dordhərfli Hadi var, o da şairdi, yazıçı deyil”. Bir xeyli fikirləşsək də cavabı tapa bilmədik və qursağımızı ilıq çayla doldurub dağılışdıq. Yol boyu düşünürdüm ki, əgər biz Suriya olmaq istəmiriksə, tezliklə adı dördhərfli yuxarıdan aşağa yazılan yazıçımızı yetişdirməliyik. Oxumasaq da, heç olmasa, krossvord dolduranda karımıza gəlsin.
# 2716 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #