“İyrənc” xalalar

“İyrənc” xalalar
13 iyul 2011
# 06:00
Yayın istisi.

Başında şal əynində xalat, onun üstündən qolsuz düyməli jilet, ayağında qaloş, əllərində içi meyvələrlə dolu səbət, ya da taralar olan “xala”.

Bir də onlara lağ edən, bəzən də iyrənircəsinə yanından tez uzaqlaşan şəhərlilər.

Tanış mənzərədir, az qala hər gün müşahidə edirik, əlbət yaxşı baxsaq.

Maraqlıdır, həmin “xala”lardan niyə iyrənirik?!

Köhnə paltarları nimdaş, danışıqları qəribə görünə bilər...

Lap qaloşları da de moda olar...

Şalları köhnədir.

Amma bu “xalalar” əksəriyyətimizdən fərqli olaraq səhər o başdan işə gedər...

Əvvəl satacaqları meyvələri ucuz alar, sonra onları səbətlərə ehmalca yığar...

Qabar və büzüşmüş əlləri ilə onları parıldadar və “Ya Allah” deyib qoca şəhərin küçələrinə - “işə gedərlər”...

Bacardıqları qədər satarlar...

Günortaları evdən götürdükləri pendir çörəyi dəsmalın arasından çıxarar, heç kimin görmədiyi yerdə xəlvətcə yeyər və bundan utanmazlar, nə də olsa iş-işdir...

Sonra yenə küçə-küçə, qapı-qapı gəzər və par-par yanan meyvələrini satmağa çalışarlar...

Axşam olar, evə dönərlər, yorğun-arğın...

Uşaqları onlardan iyrənməzlər, öpüb qarşılayarlar...

Pendir-çörəyin heyfini pomidor-yumurtadan çıxarlar...

Sonra hamımız kimi, bəlkə də hamımızdan yaxşı çimib təmizlənərlər...

Amma bundan sonra hamımız kimi istirahət etməzlər...

Çünki sata bilmədikləri mer-meyvənin batacağından qorxarlar, mürəbbə, kompot düzəldərlər...

Bitdimi?!

Bitmədi, sabah balalar nəsə yeməlidirlər...

Yemək də bişirər bu “xala”lar...

Sonra yatarlar...

Yuxuları şirin olmaz, səhəri, satacaqlarını və qoca şəhəri düşünər, kaş ki bu gün ora yox, bura getsəydim deyə fikirləşərlər...

Səhər o başdan ayılar, pendir-çörəyi dəsmala bükər və müdirin qorxusundan yox, gecikib pis mal almaq qorxusundan evdən tələm-tələsik çıxarlar...

Yolda qolsuz jiletlərini tərs geyindiklərini görüb özlərinə gülər və “huşsuzam” deyərlər...

Elə bu dəm biri onu görüb qırağa atılar, üz-gözünü turşudar...

“Huşsuzam” deyə bir də təkrar edərlər, bu şəhərdə insanların məndən iyrəndiyini yadımda saxlaya bilməyəcək qədər huşsuz...
# 4762 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
#
#
# # #