Lənətlənmiş çiyinlər

Lənətlənmiş çiyinlər
6 dekabr 2012
# 08:00

Böyüyərsən oğlum, böyüyərsən...

Əvvəlcə zibil atmağa gedərsən, sonra zibilə batmağa...

Əvvəl çörək almağa göndərərlər, sonra çörək qazanmağa...

Sənə dünya düzəlməyəcək deyəcəklər, inanma. Dünya düzdür, oğlum... Üstündə hər an sürüşə biləcəyin qədər düppədüz! Böyüyüb sən də sürüşəcəksən hamımız kimi... Sürüşüb özünü yadların içində görəcəksən bir gün...

O yadlardan dostların olacaq səni bir həmlədə boğmağa hazır...

O yadlardan sevgililərin olacaq çiyninə baş qoymağa hazır...

Çiyinlərini qoru, oğlum... Çiyinlərini sevdiyin qadınların göz yaşlarından qoru. Unutma, sevdiyin qadının göz yaşlarıyla islanmış çiyin lənətlənmiş çiyindir. O artıq heç kimi xoşbəxt edə bilməz...

Artıq o çiyində heç bir qadın xoşbəxt ola bilməz. Sevilə bilər, sevinə bilər... amma xoşbəxt ola bilməz.

Lənətlənmiş çiyinlərdə rahatlıq tapmaq mümkün deyil, oğlum...

Çiyinlərin lənətlənsə orda heç bir qadın gözlərini gizlətmək üçün daldalana bilməz... Sən də hər gün bir az daha çox sevilirmiş kimi hesab edib sevinə bilməzsən...

Əslində, kişilərin çiyni elə başqa bir kişini unutmaq üçündür, oğlum... Bunu böyüyəndə biləcəksən...

Biləcəksən ki, hərdən lənətlənmiş sevgilərdən lənətlənmiş çiyinlərə də sığınır qadın... Amma sadəcə unutmaq üçün... Xoşbəxtlik hardasa lap uzaqlardadır...

Unutma, oğlum, hətta ən güclü kişinin çiyni belə... zəif, iradəsiz bir kişini unutmaq üçündür bəzən...

Buna görə də bir kişiyə söykənib, min kişini qarşısında kiçildən qadınlar var, böyüyəndə biləcəksən...

Biləcəksən ki, qadını qadınlığından istifadədə günahlandıran kişinin kişiliyi olsa, ondan dünəndən istifadə edərdi, oğlum...

Böyüyüb mərdiməzar olma demirəm, bu, genlə gəlir. Haqqını yedirtmə demirəm, onsuz da yeyəcəklər...

Dünyada bircə qadınların ahını alma, oğlum...

Ahın aldığın qadınlar sonra kişiliyə nifrət edən oğullar doğacaqlar... Dünyanı kişiliyə nifrət edən kişilər bürüyəcək... Dünya qalacaq kişiliyə nifrət edən kişilərin əlində... Nə vətəni qorumağa kişi tapılacaq, nə də qadınları sevməyə... Kişiliyə nifrət edən kişilər bir-biri ilə sevişəcəklər,

oğlum... Vətənin qalan hissəsi də əldən gedəcək, qadınlar isə sevgisizlikdən vəhşiyə dönəcəklər...

Dünyanı qoru, oğlum... Çiynini qadınların göz yaşlarından qoruduğun kimi, dünyanı da onların qəzəbindən qoru... Qadınları nifrətə hamilə buraxma...

# 7665 dəfə oxunub

Müəllifin son yazıları

# # #