“Allah, bu nə geydirmə mədəniyyətdir?
Nə Qərbə gərəkdir, nə də Şərq almaz”.
Epiqrafı rəhmətlik Vüqar Biləcərinin bu misralarıyla təsadüfi olaraq vermirəm. Çünki meyxana təfəkkürlü insanlara mədəniyyəti bu cür bayağı və adi ifadələrlə izah etməkdən başqa yol yoxdur.
Mədəniyyətin bu ölkədəki diapazonu maksimum “çeynəyib, çeynəyib, ağıza qoymaq” hasarına qədər gedib çıxır. Bildiyimiz kimi də çeynənilib kiminsə ağzına qoyulan “şey”, ya mikroblu olur, ya da heç bir əziyyət çəkmədən udulur.
Dünən LGBT fərdi və jurnalist Əvəz Hafizli öldürüldü. Gey olduğu üçün başını və cinsi orqanını kəsdilər. Cinsi orientasiyasına görə bir gənci öldürdülər. Cəm şəkilçisi ilə danışıram, çünki onu öldürən əmisi oğlu deyildi. Onu öldürən xəstə təfəkkürlü cəmiyyət idi.
Qatilin şəklini sosial şəbəkələrdə gördüm. Kresloda oturub, başına kepka qoymuşdu. Çolkaları vardı. Başı uzunsov, şalvarının balaqları dar idi. Köynəyi bədəninə yapışmışdı. Ən böyük arzusu zona düşmək olan bu xəstə, axır ki istəyinə çatdı. Gey olan əmisi oğlunun başını kəsdi, namusunu, qeyrətini təmizlədi və getdi türməyə, yaxşı oğlanların yanına. Faydalı iş əmsalı sıfırın altında olan, işsiz-gücsüz debil, sonunda orqazma çatacağı yerdədir.
TÜRMƏ – İşıqlı günlərin ümidi, arzulanan hörmətin yeri, yaxşı oğlanlığın “peçatlı” müəssisəsi, kişilik məktəbi. Parazitlərin uğur üçün tək kriteriya ünvanı. Cəmiyyətin təlqini nəticəsində formalaşan bədənlərin morqu. Azadlığın bütün komplekslərdən, mənəvi əxlaq və dəyərlərdən daha yuxarıda dayandığı başadüşülən zülmət bir boşluq. Nevroz mentalitetin şikəst qoyduğu insanlar.
Dünən Əvəzin nəşini kirli bir xalçaya büküb zibil kimi gətirmişdilər. Hələ dedilər ki, ailəsi sahib çıxmaq istəmir. Aidiyyəti qurumlar ölüyə murdar bir cəsəd kimi münasibət göstərir.
Əvəzi əmisi oğlu öldürməyib. Əvəzi xəstə təfəkkürlü beyinlər, sovetdənqalma həya-abırsız yaşlı nəsil, Azərbaycan TV-lərində gedən verilişlər, komedixanalar, Stend-uplar, seriallar, trendlər, səviyyəsiz meyxanalar, əlil qalmış təhsil sistemi, yarımçıqlıq kompleksindən əziyyət çəkən xalq öldürüb.
Qatil birdən-birə qatil olmur. Heç kim qatil doğulmur. Qatili qatil kimi hazırlayırlar. Əvvəlcə evdə əmilərə cinsi orqanını göstərəndə bir az qatil olursan. Sonra məktəbdə müəllim bir az qatil edir səni. Bir az televiziyalardan qatil olursan, bir az Yutubdan, bir az dostların “bakirəliyini itirmiş qızla evlənən oğlan peysərdir” deyib qatil edir səni, bir az kitabsızlıqdan qatil olursan, bir az zövqsüzlükdən, bir az geyim tərzindən, bir az sosial şəbəkələrdən qatil olursan, bir az din “harada kafir görsəz cihad edin” deyib qatil edir səni, bir az işdə 200 manata işləyib qatil olursan, bir az sevdiyin qız qatil edir səni, bir az qohumların, bir az əsgərlikdə qatil olursan, bir az həyat qatil edir.
Belə... Və bir gün ayılıb görürsən ki, kiminsə başını kəsmisən. Sonra nəfəs alıb yaşamağa davam edirsən.
Lənət olsun o insanlara ki, hər gün potensial qatil yetişdirir və normal düşüncəli insanları onlarla inkubatorda yaşamağa məhkum edir.
Sosial şəbəkələrdə onun ölümünə gülən, lağ-lağıya salan adamlar görürdüm. Girib hamısına bir-bir baxdım ki, birdən kimləsə salam-kalamım olar. Bu qətlə gülən, “yaxşı olub” deyən adamların nəzərinə çatdırım ki, ən böyük qatillər sizsiniz. İçinizdəki özünüzü öldürmüsünüz və eybəcər bir varlıq kimi yaşayırsınız. Özünü ruhən, mənəvi olaraq öldürüb, qibləgahları pul olan insanlarla nəinki xalq, heç kütlə də olmaq olmaz.
Əvəzi basdırmırlar. Heç kim ona yiyə durmur. Bu onun üçün heç bir məna kəsb etmir. Əvəzi heç basdırmasınlar. Qoy onun cəsədinin iyi aləmi başına götürüb, bu insanları zəhərləsin. Qoy görk olsun xəstə təfəkkürlərə. Əvəzi gizlətməyin, hər gün ona baxıb utanaq.
Biz hər şeyi səhv anladıq. Bəsitlik və dayazlıq bizim taleyimizdir. Bu xəstəlikdən isə heç vaxt qurtula bilməyəcəyik.