Kulis.az Vaqif Yusiflinin “Ədəbi tənqidin İradə Musayeva sözlüyü” məqaləsini təqdim edir.
Xatırlayıram 90-cı illərin sonlarını. Bir cavan, ağbəniz, hündür boylu qız Vaqif Səmədoğlu poeziyasından yazdığı namizədlik dissertasiyasını qarşıma qoydu, mənim ona rəyçi təyin edilməyimi bildirdi,dissertasiyanı oxuyub rəy yazmağını xahiş elədi. Məmuniyyətlə razılıq verdim, çünki Vaqif Səmədoğlu poeziyası haqqında bu qızın nə deyəcəyi məni çox maraqlandırırdı və əsəri bir gündə oxuyub başa çatdırdım, xoşuma gəldi, ona görə ki, bu əsər Vaqif Səmədoğlu haqqında ilk bitkin elmi əsər idi- Vaqif poeziyasının özünəməxsusluğu öz elmi şərhini tapmışdı. Mən onda «Azərbaycan» jurnalında ədəbi tənqid şöbəsinin müdiri işləyirdim, dissertasiyanın içindən bir maraqlı hissənin də çap olunmasına kömək etdim. Namizədlik dissertasiyasının müdafiəsi isə çox gur keçdi, bu cavan, ağbəniz, hündürboylu qız elmlər namizədi kürsüsündə çox cəsarətlə çıxış elədi.
O qız İradə Musayeva idi ki, məlum hadisələr zamanı ailəsiylə birgə Ağdamda evini-eşiyini qoyub gəlmişdi Bakıya və ən çox heyfisləndiyi bu idi ki, biz gec-tez öz evimizə qayıdacağıq deyirdi, amma mənim o evdə nə qədər kitablarım var idi, onlar qaldı orda. Amma İradə xanım o kitabların qisasını ala bildi, İradə Musayeva çox tezliklə fəal bir tənqidçi və ədəbiyyatşünas kimi diqqəti cəlb etdi, ədəbiyyatımızın müxtəlif problemlərinə aid onlarla yazı qoydu ortalığa, XXI əsrdən ötən əsrlərə – Nizami dünyasına boylana bildi, klassik eşq fəlsəfəsinin mahiyyətinə vardı, Füzulinin «Leyli və Məcnun» əsərinə yeni baxış bucağından yanaşdı, bir az da tənqidçi-ədəbiyyatşünas nəzərlərini Avropaya yönəltdi, Qərbin ədəbi fakturası və modelləri ilə bizləri tanış eləməyə girişdi. Amma İradə Musayeva nə qədər keçmişə-orta əsrlərə boylansa da, tənqidçi-ədəbiyyatşünas marağını uzaq məkanlara-Avropaya yönəltsə də, o, daha çox öz ətrafında, içərisində olduğu ədəbi mühitin hər bucağında cərəyan edəın hadisələrə: yeni nəşr edilən kitablara, müxtəlif ədəbi nəsillərin nəsr və poeziya yaradıcılığına, elmi-publisistik nəşrlərə, cavan şair və nasirlərin yazılarına, ədəbi jurnal və qəzetlərin fəaliyyətinə diqqətini yönəldir, vaxtında-məqamında bu ədəbi hadisələrə münasibətini bildirir. Daha çox «Ədəbiyyat qəzeti»ndə, yeri gələndə «Azərbaycan» jurnalında İradə Musayeva imzası ilə qarşılaşırıq.
Tənqidçilərin öz həmkarları barədə söz deməyi, fikir söyləməyi qətiyyən anormal hadisə sayılmamalıdır və bu gün ədəbi mətbuatda bir-birininin yapradıcılığını təqdir edən onlarla yazılara təsadüf edirik. Belə yazıların bir qismi çox ciddi mətləblər üzərində qurulur və bir tənqidçi öz həmkarının ədəbi prosesdəki rolunu, onun nəyə qadir olduğunu etiraf edirsə, bunun özü də maraqlı bir hadisədir. Təki ortada difiramb olmasın, qədərindən artıq tərif, tərənnüm olmasın. Və mən İradə Musayevanın yazılarından, onun ədəbiyyata münasibətindən söz açıramsa, ilk növbədə, onun bir tənqidçi kimi hansı keyfiyyətlərə malik olduğunu və zəif nöqtələrini də açıqlamalıyam. Bu baxımdan İradə Musayevanın «XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz» kitabı məndə böyük təəssürat yaradır. Azərbaycanda akademik İsa Həbibbəylidən başqa belə nəhəng tənqid–ədəbiyyatşünaslıq kitabları nəşr edən müəllif tanımıram, İradə xanımın adını çəkdiyim kitabının həcmi 700 səhifədən çoxdur. Amma bu nəhəng kitab qətiyyən darıxdırıcı deyil, istəyirsən üç günə oxu, istəyirsən beş günə…bu kitabdakı fikirləri təqdir edə bilərsən, ya da müəlliflə qətiyyən razılaşmaya bilərsən, söhbət ondan gedir ki, İradə Musayeva professional tənqidçidir. Və mən kitaba ön söz yazan akademik Rafael Hüseynovun bu fikrini misal gətirməkdən çəkinmirəm: «Bəsirətlilik, daxildəkini gözlə də görə bilmək istedadı həradama nəsib deyil. Tənqidçiliksə bir ayrıca sənətdir ki, orada bəlli sahə və istiqamətlərin kamil, bişkin bilicisi olmaqdan savayı, həm də dərinlərə nüfuz etmək baxımından o səmtin GÖRÜCÜSÜ olmaq vacibdir». Bu fikrin İradə Musayevaya ünvanlandığı həmin ön sözdəki digər mülahizələr də təsdiq edə bilər. Rafael müəllimin ön sözü «Görünənlərdən daha çox görə bilmək qabiliyyəti» adlanır və əlbəttə, əsl tənqidçinin də missiyası məhz elə bu «görə bilmək qabiliyyəti»dir.
İradə Musayevanın müasir poeziya və nəsr haqqında yazıları zənnimcə, onu bir tənqidçi kimi daha çox tanıdır. Poeziyadan mükəmməl yazmaq olar, bu şərtlə ki, şeiri şairin özü qədər dərindən hiss edəsən. İradə Musayeva Vaqif Səmədoğlunu, Fikrət Qocanı, Ələkbər Salahzadəni, Salam Sarvanı bir şair kimi hiss edir-Vaqif Səmədoğluda «bütün çalarları ilə görə bilmədiyimiz bir rəng, ahənginə, zilinə, həmişə köklənə bilmədiyimiz bir səs», Ələkbər Salahzadədə heç kəsdə rast gəlmədiyimiz «sözlər arasında ülfıət, harmoniya, məqsəd birliyi»,Salam Sarvanda «dərdin estetikası» «kəşf» olunur. Bu şairlərin hər biri son dərəcə fərdidir, şeirləri bir-birinə üslubca qətiyyən yaxın gəlməz, amma müasir Azərbaycan şeirinin ən yaxın, ən doğma variantlarıdır.Mənim fikrimcə, Ələkbər Salahzadə şeirini İradə Musayeva hamımızdan yaxşı duyur, mənalandırır. Baxın bu təhlil məqamına: «Təbiət və məişət lövhələri Ə.Salahzadənin poetik yanaşmasında canlanır. Müəllif sanki gördüyü hər şeyin hekayəsini yazır, nağılını quraşdırır, taleyini yaradır.. Kibrit çöpləri, Prometey əsgərləri-kazarmada yatan qəhvəyi papaqlılardı. Günəbaxan günəşə uymuş, sevgilisini aldadan çəhrayı kiprikli qızdır. Xınalıq yolunda, dağın ətəyində bitən ağacların dərdi nədir? «Ağaclar yorulub qaldı bir dağın ətəyində. Daha qalxa bilmədi, qalxan, qalxan yıxıldı, durra bilmədi. Kiçik bir yarpağını bayraqtək qaldıra bilmədi. Yeridilər, tövşüdülər, gedib çata bilmədilər». Ümumiyyətlə, Ə.Salahzadə şeirlərinin dərki obrazlı təfəkkürün ən yüksək forması olan assosiativ təfəkkürlə bağlıdır. Şair predmet və həyat hadisələrinin mahiyyətinin qeyri-adi tərəflərini orijinal baxış tərzində, konkret detallarla poetikləşdirir». Mən sevinirəm ki, çox sevdiyim Ələkbər salahzadə haqqında vaxtında deyə bilmədiyim fikirləri İradə Musayeva deyə bilir. Vaxtilə mən onun «Qar və çiçək» şeirini oxumuş və bu şeirin poetik zərifliyi məni heyran etmişdi. Amma unutmuşdum, yazmamışdım o şeir barədə. İradə Musayeva isə mənim bu «günahımı» yudu: «Başqa bir şairdə («Qar və çiçək») isə payızla qışın görünüşü hər iki fəslin ən incə, zərif nümayəndəsinin timsalında müşahidə etdik. Bəyaz qar (Sulu qar, dolu, şaxta, boran yox)-ağ çiçək (bağ, bağça, gülüstan, laləzar yox) iki ağ duvaqlı gəlin, iki ağ göyərçin, iki ağ çiçək də demək olar bunlara
Bəyaz qarla bir ağ çiçək
üz-üzə gəlib görüşüb.
Solmayıb gül, dözüb durub,
qar tələsib,
tez düşüb!
Tanımırlar bir-birini:
birdən-birə rastlaşıb
ağ çiçəklə bəyaz qar
Hər ikisi
qərib, ürkək-
bir az çiçək, bir az qar».
Bu məqalə istər-istəməz mənə müasir Azərbaycan tənqidinin ən akademik təmsilçisi-mərhum Yaşar Qarayevin vaxtilə Ələkbər Salahzadə poeziyası ilə bağlı bir bənzərsiz yazısını xatırlatdı. Yaşar Qarayev Ələkbər Salahzadə poeziyasının sehrini onun «Ağ bir zanbaq kimi açıldı səhər..»bənzərsiz metaforası ilə səciyyələndirmişdi. İradənin yazısında da Yaşar Qarayev təhlil metodundan gələn bir cizgi – görünüş nəzərə çarpır.
İradə Musayevanın «Çabdaş Azərbaycan nəsri və roman problemləri» silsiləsindən olan məqalələri də onun bir tənqidçi kimi professionallığını sübut edir. Məsələ burasındadır ki, tənqidçi gərək ədəbi prosesi müntəzəm izləsin. Əgər o, roman problemini və bu janrla bağlı müşgülləri tənqidin obyektinə çevirirsə, kifayət qədər məlumatlı olmalıdır və yaxşı ki, İradə Musayeva müasir Azərbaycan nəsrinin bütün mənzərəsini görür. İradənin müasir roman haqqında fikirləri mili-lokal çərçivəsini aşır, Azərbaycan romanına dünya romanı səviyyəsindən yanaşmanı təhlillərinin medoduna çevirir. İki – üç il öncə mən «Ədəbiyyat qəzeti»ndə romanla bağlı İradə xanımın və bir də Təyyar Salamoğlunun yazılarını oxuyurdum və deyim ki, bu iki istedadlı ədəbiyyat adamının fikirlərində bir-birinə zidd məqamlar hiss edirdim. İradə Musayeva Azərbaycan romanına bir az «yuxarıdan» boylandığı üçün təkidlə söyləyirdi ki: «Azərbaycan romanı dünyaya çıxa bilmədi…o mənada ki, dünya romanı inkişafı ilə ayaqlaşa bilmədi». Təyyar Salamoğlu isə «dünyaya çıxa bilməyən» romanlardan, onların nəsrimizə gətirdiyi yeniliklərdən fərəhlə söz açırdı. Hətta bu iki tənqidçi arasında müəyyən polemika da öz əksini tapdı.
İradə Musayevanın dünya və Azərbaycan romanı ilə bağlı silsilə məqalələrində maraqlı, düşündürücü mətləblər az deyil. Xüsusilə, konkret roman təhlillərində öyrənə biləcəyimiz çox şey var. Ancaq İradə xanımın Azərbaycan romanına Folkner, Kamyu, Markes ölçüləri ilə qiymət verməsi son dərəcə mübahisəli məsələdir. «Azərbaycan romanı dünyaya çıxa bilmədi» fikri də zənnimcə, həqiqəti düzgün əks etdirmir. Şəxsən mən «Dəli Kür»ü, «Axırıncı aşırım»ı, «Qətl günü»nü, «Fətəli fəthi»ni, «Mahmud və Məryəm»i, «Köç»ü dünya romanları cərgəsində görürəm. Niyə, nə üçün?
İradə xanımın Azərbaycan romanı ilə bağlı şəxsən mənim üçün bir qədər bədbin görünən mülahizələri üzərinə qayıdıram. İradə xanım yazır ki: «Bizim ədəbiyyatın məşğul olduğu insan bəşər nişanəsi kimi ali, mürəkkəb, dünyayla çarpışan, içində yeni bir dünya yaratmağa qabil olan insan deyil. F.M.Dostayevski, L.Tolstoy, A.Ekzüperinin qəhrəmanları kimi…Məsələn, bizim roman qəhrəmanlarımız sanki eksperiment laboratoriyalarından yararsız bir məxluq kimi çıxardılmış, atılmış insan çeşidlərindən ibarətdir. Elə bir insan çeşidləri ki, 100 ildən çoxdur təkrarlanır. Bahadırlar, Sonalar, Şamolar, Səkinə qarı, Qurban kişi, Adilə bacılar və s. bu tipli trafaret donlu oyuncaqlar kimi…Hələ də romançılarımız xeyir-şər, işıq-qaranlıq, mənfi-müsbət oxu ətrafında xəyallarla əlləşirlər. Bircə addımlıqlarında olan insanı görmür».
Təbii ki, bunlar çox ciddi iradlardır və mən bir tənqidçi-ədəbiyyatşünas kimi bu iradlarla qətiyyən razılaşmıram. İddia eləmirəm ki, bizdə roman sənəti Dostayevski və Tolstoy səviyyəsindədir, amma məhz İradə xanımın «dünya romanı» ölçüləri ilə götürsək, öncəki yazıda adını çəkdiyim romanlar o ölçülərə uyğun gəlmirmi? İradə xanımın özü çox gözəl anlayır və yazır ki, Azərbaycan romanının əsl yüksəliş dövrü altmışıncı illərdən bişlayır, amma mən o fikirdəyəm ki, bu ötən altmış il ərzində yaradılan bir çox romanlar «Borxesin, Murakaminin, Pamukun, Markesin, Ekonun qoyduğu rəfə» qoyula bilər. «Məhşər», «Qətl günü», «Fətəli fəthi», «Mahmud və Məryəm» kimi romanlarımız… «Bahadırlar, Sonalar, Şamolar, Səkinə qarılar, Qurban kişilər, Adilə bacılar» isə bizim mili-mənəvi keçmişimizin «oyuncaqları» yox, sadəcə, müəyyən tarixi mərhələnin yadigarlarıdır. Məsələn, «Şamo»ya heç də o aspektdən yanaşmaq olmaz ki, Azərbaycan tarixini tamam yanlış bir mövqedən əks etdirib, Şura inqilabına böyük rəğbət hissilə yazılıb. «Şamo» ya onlarla belə romanlar necə yazılmalıydı? Və fikrimizcə, «Şamo» inqilaba qədərki Azərbaycan kəndinin sosial və mənəvi mənzərəsini böyük sənətkarlıqla əks etdirən bir romandır.
İradə Musayevanın romanla bağlı mübahisə doğuran bu iradları istisna edilərsə, ümumən, bu janrla bağlı digər mülahizələri elə bir etiraz doğurmur, çox məqamda haqlı görünür,»düzü düz, əyrini əyri» trayektoriyası pozulmur. Hiss olunur ki, son yüz ilin roman «təsərrüfatına» yaxşı bələddir. Sanki özünün ilk məqaləsində («Roman təfəkkürü yazıçı və cəmiyyət») «dünya romanı» ölçülərini bir kənara qoyur, çox ciddi şəkildə Azərbaycan romanının son yetmiş-səksən illik mənzərəsinə, keçilən yollara professional tərzdə nəzər yetirir, hətta ən çox sevdiyi romançılardan (məsələn, Sabir Əhmədlidən, İsa Muğannadan) bir az ətraflı söz açır, «Çağdaş Azərbaycan romanının mövzu və ideya problematikası» məqaləsində isə səriştəli tənqidçi əməyi nümayiş etdirir. Elçinin «Baş» romanı ilə bağlı axtardığı qüsurların əksəriyyəti ilə razılaşmasaq da, ümumən mənim nəsrimizdə hadisə hesab etdiyim bu romana obyektiv qiymət meyarı pozulmayıb. İradə xanımın son on-on beş ilin «roman axını» ilə bağlı fikirləri isə elə bil mənim dilimdən qopur: «Roman ağır janrdır, dünya roman sənəti ilə tanış olan müəllif cəsarət etməz hər qələmə aldığı əhvalata roman desin. Bu janrın tələbləri çox böyük hazırlıq tələb edir. Təbii ki, «bizdə roman çox yazılır», «hər əlinə qələm alan roman yazır», «roman epidemiyası» və s. bu kimi gileylər qadağa və ya kimlərəsə irad, qısqanclıq kimi qəbul edilməməlidir. Romanın çoxluğu heç kimi narahat etməz, fəqət, bu çoxduq romançılığımızı irəliyə yox, geriyə, tənəzzülə sürükləyirsə, niyə «Durun!»-deməyək».
İradə xanımın yeni, istedadlı romançıların əsərləri ilə bağlı yazılarına da tənqidçinin vaxtında fəal münasibəti kimi yanaşmaq olar. Məsələn, onun Şərif Ağayarın «Gülüstan» romanı və «Cəfər əminin yolları»hekayəsi haqqında yazılarıını məhz tənqidin obyektiv qiymət meyarı kimi qəbul etmək olar. O, Şərif Ağayarı ona görə təqdir edir ki: «Şərif başqa yazarlardan daha çox ona görə fərqlənir ki, yeni dövrün yeni insanını ədəbiyyata gətirib». Amma həmin yazılarında qətiyyən Şərifin yazdıqlarına aludəçilik və difiramb çalarları görünmür, əksinə, söhbət açdığı əsərlərin qüsurları da nəzərdən qaçmır. Bu fikri Vahid Qazinin «Çöl Qala» və Natiq Məmmədlinin «Körpüdə ümid»romanlarına həsr edilən yazılar barədə də söyləmək olar.Ümumiyyətlə, bizdə tənqidçilik fəaliyyətinin əsas istiqamətini sırf roman problemlərinə yönəldən müəlliflərin sayı o qədər də çox deyil, son altmış ildə bu sahədə mərhum professor Qulu Xəlilovun və bir nəsr tənqidçisi kimi vaxtilə aparıcı mövqeyi ilə seçilən Akif Hüseynlinin məqalələri daha çox diqqəti cəlb edirdi, Bəkir Nəbiyevin, Yaşar Qarayevin, Nizami Cəfərovun, Yavuz Axundlunun, Təyyar Salamoğlunun, Tehran Əlişanoğlunun, Nərgiz Cabbarlının, bu sətirlərin müəllifinin müasir romanlarımızla bağlı yazılarının da adlarını çəkə bilərik və indii bu sırada İradə Musayevanın fəallığı da göz qabağındadır. Ümumiyyətlə, roman ədəbiyyatımızın ən ali zirvəsində qərar tutursa, hətta bəzi mülahizələrə görə ədəbiyyatımızın yaşam hüququnu təyin edirsə, təbii ki, romandan yazmaq xeyli dərəcədə məsuliyyət tələb edir, roman tənqidçisi ilk növbədə, bu janrın texnologiyasına, onun keçdiyi tarixi yolun mənzərəsinə, poetikasına, xüsusilə, mili romançılıq ənənələrinə yaxşı bələd olmalıdır. Bu cəhət İradə xanımın yazılarında hiss olunur.
Ancaq bir məsələyə də münasibətimi gizlətmək istəmirəm. Otuz – qırx il, hətta ötən əsrlərdə belə də bəzi müəlliflər Nizaminin poemalarını mənzum roman hesab edirdilərsə, «roman» deyərkən forma yox, məzmun, epiklik, təhkiyə, süjet mürəkkəbliyi, ideya vüsətliliyi, problem monumentallığı» nəzərdə tuturdülarsa (bizim ədəbiyyatşünaslıqda ən çox mərhum professor Həsən Quliyev Kraçkovskidən təsirlənərək bu fikri inadla irəli sürürdü) bu artıq baş tutmayan bir sevdadır və nəsrlə nəzmin sərhədlərini «birləşdirmək»lə nəyə nail ola bilərik? Gəlin Nizaminin «Xəmsə»sini yaxud Arif Ərdəbilinin «Fərhadnamə»sini, həmçinin epik səciyyəli digər poemaları da roman adlandıraq, onda nəyə nail ola bilərik?
İradə Musayevanın bir tənqidçi-ədəbiyyatşünas kimi gücü məncə, «Ədəbiyyatşünaslıq problemləri, ədəbi - estetik düşüncələr..» bölməsindəki yazılarında təzahür edir. Ədəbiyyat tarixinin məlum səhifələrinə həm deyilmiş fikirlərin məntiqi davamı, həm də bir qədər fərqli, özünəməxsus münasibəti bu yazılarda öz əksini tapır. Bu yazıların bir çoxu problemli yazılardır. İradə xanım ümumən Ədəbiyyatdan danışır, mili ədəbiyytın problemləri tarixi zaman kontekstində, həm də dünya ədəbiyyatı ilə müqayisə zəminində həll olunur. Məsələn, «itirilmiş nəsil» problemi …Əslində, belə bir problemin «mövcudluğu» mübahisəlidir. Çünki ədəbi nəsillər arasında ənənə-varislik, sələf-xələf münasibətləri heç vaxt itirilməyib. Bəs itirilən nədir? «Bu bizim arzusunda olduğumuz yeni insanın yeni ədəbiyyatıdır. Bu gəncliközü bir ədəbiyyat mövzusu, problemdir, ancaq fərqində olan yoxdur, hamı, hətta həmin ədəbi gəncliyin özü də gözlərini yumub xəyala dalaraq yad mövzular və uydurulmuş qəhrəmanlar haqqında yazmaqla məşğuldurlar». Və mən İradə xanımla tam razılaşıram ki, ədəbiyyatımızda YENİ İNSAN, YENİ QƏHRƏMAN problemi həll olunmamış qalıb.
İradə Musayevanı kifayət qədər cəsarətli tənqidçi hesab etmək olarmı? Çağdaş tənqidimizdə cəsarətin qıtlığı göz qabağındadır, İradə Musayeva isə bəzən ağına- baxmadan əsərləri, orada olan çatışmazlığı (ən çox da dil qüsurlarını) tənqid eləməklə məşğuldur. Özü də ədəbi ictimaiyyətdə məqbul hesab edilən bədii və tərcümə əsərləri, ədəbiyyatşünaslıq mətnləri İradə Musayevanın tənqid hədəfləridir. Bu tənqidi yazılara üç münasibətin şahidi olmuşam. Bəziləri İradə xanımı tamam haqlı hesab edirlər, bəziləri isə onun tənqidləri «cığallıq» nümunəsi, yaxşını yamanlamaq kimi düşünürlər. Üçüncülər isə orta, neytral mövqe tuturlar, yəni bu tənqidlərin heç də hamısı ilə razılaşmırlar. İradə Musayeva Afaq Məsudun Markesdən tərcüməsini uğursuz hesab edir, mərhum Natiq Səfərovun tərcüməçi mifini dağıtmağa çalışır, Əlisa Nicatın bir tərcüməsinin qüsurlarından da söz açır, daha çox tərcümələrdəki dil və qrammatika məsələlərinə toxunur. Əlbəttə, qüsurlu bilib gətirdiyi misalların bir çoxu razılaşmaq olar, amma gəlin etiraf edək: Azərbaycan dilinə tərcümə olunmuş elə bir ideal əsər varmı ki, orada belə dil qüsurları nəzərə çarpmasın? Az və ya çox. Şəxsən, mənim fikrimcə, Afaq Məsudun Markesdən elədiyi tərcümə ya Natiq Səfərovun çevirmələri başqa tərcümə əsərləri ilə müqayisədə heç də uğursuz deyil. İradə Musayeva bu tərcümələrin ancaq qüsurlarını arayıb-axtarır, amma eyni sayda onlarla uğurlu misallar da gətirmək olardı.
İradə Musayeva müasir ədəbi prosesi çox diqqətlə izləyir, kimin yeni əsəri çap edilirsə, çalışır ki, o əsər haqqında birinci sözü desin. Ədəbi gəncliyin axtarışları ilə ciddi şəkildə maraqlanır, onlara yol göstərmək, nəsihət və tövsiyə verməkdən daha çox, sabah üçün ümid verən uğurlarını qeyd edir, nöqsanlarını açıqlamaqdan çəkinmir. Hansı bir yazıçı ilə onun silsilə məqalələri xüsusunda fikir və mülahizələrini bölüşməyə can atır. Ədəbi mətbuatı diqqətlə izləyir və bizim əsas dərgilərimiz olan «Azərbaycan» və «Ulduz» jurnallarında çap olunan yazılara münasibətini bildirir. Yeri gələndə özü də ədəbiyyatın müxtəlif problemləri ilə bağlı ona ünvanlanan suallara cavab verir. Bir sözlə, bir fəal tənqidçinin üzərinə hansı vəzifə düşürsə, o missiyanı yerinə yetirir. Bədii düşüncədə yaranan yenilikləri, çevrilişləri dəyərləndirir. Sadaladığım bu məsələlər barədə ondan misallar da gətirə bilərəm. Ancaq birisiylə kifayətlənəcəyəm. İlqar Fəhminin «Ədəbiyyat qəzeti»ndə dərc etdirdiyi «Qapalı dairə və ya bitmək istəməyən XX» silsilə yazıları ilə bağlı ikinci məqaləsində müasir ədəbi cərəyanlar haqqında fikirləri ilə tam həmrəy olduğumu bildirirəm: «…biz unuduruq ki, bu paradiqma, cərəyan və s. Bu kimi ədəbi forma və tendensiyalar dəblə gəlmir ədəbiyyata. Sərhəd açıldı və ədəbi metod, cərəyan da keçdi bu tərəfə-deyilən bir şey yoxdur. Burda söhbət insandan gedir. Daha doğrusu, İnsanın sosial-siyasi durumundan, psixoloji ovqatından və düşüncəsindəki proseslərdən asılıdır romantizm də, realizm də, postmodernizm də..»
İradə Musayevanın tənqnidçi-ədəbiyyatşünaslıq fəaliyyətindən, onun ədəbi prosesdə rəğbətlə qarşılanan və yaxud mübahisə doğuran yazılarından yenə söhbət aça bilərəm. Ancaq cavan həmkarıma bircə məsləhətim, tövsiyəmlə sözümü bitirmək istəyirəm: YOLUNDAN DÖNMƏ! (“Ədəbiyyat qəzeti”)