Azadlıq, ya xoşbəxtlik? - Vahid Qazi yazır...

Azadlıq, ya xoşbəxtlik? - Vahid Qazi yazır...
21 may 2021
# 13:24

Yalnız birini seçmək imkanı verilsəydi, nəyi seçərdiniz: azadlığı, ya xoşbəxtliyi?

Bilirəm, neçə min ildir fikir adamları hansının daha əsas olması barədə baş sındırsalar da hələ bir tərəfə çıxa bilməyiblər.

Ağlı kəsəndən insan azadlığa can atır. Bəşər tarixi elə azadlıq uğrunda mübarizə tarixidir.

Bəs, hər azadlıq xoşbəxtlik gətirirmi?

…“Konserv xoşbəxtliyi” – hardasa oxumuşdum bu haqda. Havasız, qapalı yerdə uzun müddət salamat qalan konsevr məhsulu ağzı açılan kimi “azadlığa” dözmür, xarab olur.

…Əsrlər boyu təhkimçi (qul da demək olar) ömrü sürən rus xalqı 1861-ci ildə ona verilən azadlıqla nə edəcəyini bilmir, 50 il tab gətirir azadlığın “əzabına” və tarixin ən qanlı inqilabını eləyib yenidən öz qəfəsinə, bu dəfə adı SSRİ olan həbsxanaya dönür.
…“Şauşenqdən qaçış” filmində 50 illik həbsxana həyatından sonra azadlığın yükünü çəkə bilməyən Bruks şəhər otelində özünü asır.

…30 il keçib azadlığa qovuşmağımızdan, müstəqil dövlət qurmağımızdan. Yaşı 50+ olanlardan ömrün xoşbəxt çağını soruşsan, sovet dönəmini xatırlayacaq. Və mən daha onları qınamıram! “Azadlıq”ın vəd etdiyi “xoşbəxt”liyi görmədikləri üçün.

***

Uzun illərdir Skandinaviya ölkələri insan rifahını ölçən beynəlxalq təşkilatların azadlıq və xoşbəxtlik indekslərində ilk yerləri tuturlar. Bilmirəm, yaşadığım İsveç qarışıq bu ölkələrin azad və xoşbəxt olmalarında Yante qanunu nə boyda rol oynayıb. Onu bilirəm ki, bütün dünyanın diqqətini çəkən bərabər imkanlar toplumunu – əsl eqalitarizmi (bərabərlik) onlar qurublar.

Oxucunu qəliz terminlərlə yormaqla aram yoxdur, odur ki, “Yante qanunu” haqda qısaca deyim.

“Yante qanunu” (“Jantelagen”) skandinaviyalıların mentalitetini müəyyən edən 10 ehkamdan ibarət əxlaq kodeksidir. Skandinaviya yazıçısı (yarı norveçli, yarı danimarkalı) Aksel Sandemus 1933-cü ildə nəşr etdiyi “Qaçaq öz ləpirindən keçir” romanında şərti adı Yante olan şəhərdə mövcud mənəvi dəyərlər bu adda ümumiləşdirilib.

Yerli mentalitet insanları müstəsna olmağa, özlərini seçilmiş hiss etməyə imkan vermir. Cəmiyyət öz üzvünün özəl hüquqlarını tanımır. “Düşünmə ki, böyük adamsan”, “Düşünmə ki, bizdən vacib adamsan”, “Düşünmə ki, bizdən ağıllısan” və s. Sandemusun formalaşdırdığı “qorxu, əsarət, həsəd, soyuqluq” basqısı ilə yaşayan mifik şəhər əhalisinin əxlaq qaydalarını sonralar “Yante qanunu” adı ilə skandinaviyalıların mentaliteti kimi təqdim etməyə başladılar.

Sandemus “Yante qanunu”nu heç də yoxdan kəşf etməyib. Bu, şimali avropalıların düşüncə, davranış, təfəkküründə çoxdan vardı. Lap qədimdən. Məsələn, XV əsr İsveç ədəbiyyatının incisi “Erikin xronikası”nda (“Erikskrönikan”) paxıllıq və xəsislik isveçli xarakterində qabarıq çizgi kimi göstərilib. XVI əsr səlnaməçisi İohann Maqnus isə “inadkar qarşılıqlı paxıllığ”ı (”envis inbördes avund”) İsveçin faciəsi hesab edirdi. Qustav Sundbərq (Gustav Sundbärg) 1911-ci ildə dərc etdiyi “İsveç xarakteri” (”Det svenska folklynnet”) essesində yazır ki, isveçli İsveç dövlətinin güclü, varlı olmasını istəyər, amma bir isveçlinin, xüsusən də ona yaxın olanlar arasından birinin varlanmağını yox.

Düzdür, indi o ölkələrin əhalisi bu qanunu köhnəlmiş sayır. Amma burada bir neçə il yaşayan əcnəbilər qanunun hələ də keçərli olduğunu deyirlər. Mənim uzun müşahidələrdən sonra gəldiyim qənaət isə odur ki, 19-cu əsrdə bu ölkələrdə demokratikləşmə prosesi başlayandan sosial həyatda “qızıl orta” tapmaq istəyi dövlət ideologiyası səviyyəsinədək yüksəlib və sosial-demokratların uzun onilliklər boyu yürütdüyü hakim siyasət hesabına şüurlara və davranışlara oturub.

Sosial həyatda “qızıl orta” – budur, Skandinaviya insanının toplumda özünü rahat hiss etdiyi mövqe! Nə qədər varlı, ağıllı, bacarıqlı olursan ol, bu, sənə özünü ətrafdakılardan üstün saymağa əsas ola bilməz. Cəmiyyət içində özünü diskomfort hiss edəcəksən və tezliklə çıxdaş olacaqsan.

19-cu əsrin əvvəlindən 1920-ci illərədək 1,5 milyon isveçli Amerikaya xoşbəxtlik arxasınca köç edib. Bu köç küçələrdə tüğyan edən inqilab havasını azadlıqlara qapı açan parlamentə daşımağı bacaran sosialistlərin, liberalların sayəsində dayandı. Ölkənin demokratikləşməsi, azadlıqların sərhədinin genişlənməsi insanlarda ümid oyatdı. Çox çəkmədi, cəmi bir neçə nəsil sonra azadlıqda yaşamaq vərdişinə yiyələnən insanlar bütün dünya üçün xoşbəxtlik nümunəsini – rifah cəmiyyəti modelini yaratdılar. Bir vaxt əhalinin tərk etdiyi ölkə dünyanın dörd bir tərəfindən adamların can atdığı dövlətə çevrildi.

***

Nə demək istəyirəm?

Azadlıqda xoşbəxt olmayanlar kimi, nə qədər qəribə səslənsə də, əsarətdə özünü xoşbəxt hiss edənlər də var. Qapalı sistem xoşbəxtliyi də demək olar buna. Onların xoşbəxtliyi əsl azadlıqdan xəbərsiz olmalarındadır!

Azadlıq isə anında xoşbəxtlik gətirmir! Xoşbəxt həyatı hürriyyətçilik yox, hürr yaşamaq vərdişi olan toplum qurur, azadlıqla nə edəcəyini bilən kəslər, yəni.

Helsinqborq, İsveç
21 May 2021

# 1837 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #