Kulis.az Ulucay Akifin Həmid Herisçinin "Quşqovanlar diriləndə" hekayəsi haqqında yazısını təqdim edir.
Üstünüzə sağlıq, çox bərk xəstələnmişdim. Hələ də tam sağalmamışam. Bilirəm, çoxunuzun ürəyindəndi bu, amma sevinməyin, ölən deyiləm. Təxminən 127 il yaşamaq fikrim var. Artığında gözüm yoxdur.
Yaşamaq demişkən... Xəstələnmədən əvvəl Həmid Herisçinin “Quşqovanlar diriləndə” hekayəsini oxumuşdum. Çox xoşuma gəlmişdi deyə düşündüm fikirlərimi yazım bu hekayə haqqında. Sonra paxıllıqdanmı ya nədən, fikrimdən daşındım.
Yəqin, bu hərəkətim Muzanın qəzəbinə səbəb oldu deyə, xəstə düşdüm.
Həmid Herisçi özü bunu mütləq ki mistik nəyləsə, karma ilə əlaqaləndirərdi.
Bəlkə də, doğrudan, belədir...
İndi də Həmid Herisçi xəstələnib. Hamımız çox narahat olduq.
“Allah hamımızın şəfasını versin” – deyib, “Quşqovanlar diriləndə” hekayəsinə keçid edirəm.
Hekayə Həmid Herisçi qələminə yaraşan cümlə ilə başlayır:
“Qocaman ağaclarla qədim divarlar arasında tam mehribançılıq, əmin-amanlıq min illərdi davam edirdi bu şəhərdə”.
Əsl giriş cümləsidir. Hətta bu cümlə ilə romana da başlamaq olar (hərçənd Həmid bəy roman yazana söyüş qoyub...).
Pərdəni açan cümlədən sonra hekayədə qısa və dinamik cümlələr meydana daxil olur.
Sevirəm lakonik cümlələri. Bu, bir növ futbol meydanında “tiki-taka” oynamağa bənzəyir: qısa, sürətli paslar və “qol!”.
Əslində, bu qədər sadədir məsələ.
Uzun cümlələrlə hoqqabazlıq edib, mətnin kəndirindən yıxılan o qədər yazıçı görmüşük ki... Hələ də onların çilik-çilik olmuş mətnlərini yerdən yığıb bir araya gətirə bilmirik.
Həmid Herisçi bu qısa və sürətli cümlələrlə iki kölgəni insana çevirib görüşdürür və hadisə başlayır.
Məlum olur ki... ölən var...
Məlum olur ki... hələ kiminsə də ölümü gözlənir...
Sonra müəllif cümlələr arası oyundan mənalar və mətləblər oyununa keçir.
Bu oyun daha çətin və daha məsuliyyətlidir.
Çünki bu məqamda “necə yazmaq?”-dan çox “nə yazmaq?”-ı bilmək lazımdır.
Şübhəsiz Azərbaycan ədəbiyyatında poeziya nəsrdən qat-qat güclüdür. İnanmıram ki, ağlı başında olan ədəbiyyat bilicilərimiz bunu inkar edə.
Bunun bir çox səbəbi var.
Mənim üçünsə bu səbəblərdən ən vacibi isə budur:
“Azərbaycanlı nasirlər “nə yazmaq”dan çox “necə yazmağ”a fokuslanıb həmişə.
Bərbəzəkli cümlələr arasında böyük mətləblər, bəşəri mövzular yerləşdirməyi çox vaxt unudublar.
Kənd həyatı, kəndən şəhərə gələn adam, şəhərdən kəndə qayıdan adam, nakam sevgi, kasıb adam, məişət mövzuları...
Ən böyük saya biləcəyimiz yazıçıların əksəriyyəti özünü bu mövzulara xərcləyib. Və bu gün o mətnlərin hamısı köhnədir. O mətnlərin heç birində yeni və maraqlı nəsə yoxdur.
Bir çox yazıçılarımız da hazırda bunu edir. Onların yazdığının yüz il, iki yüz il qabaq yazılan hekayələrdən heç bir fərqi yoxdur.
Mövzular eyni, problemlər eyni. Sadəcə cümlələrin bərbəzəyi bir az artıb zamanla.
Sevinirəm ki, Həmid Herisçinin hekayələri bu cür deyil. Həmid Herisçi ən gözlənilməz mövzuları bir-birinə calayıb ədəbi fəndlər işlədir.
Hekayənin giriş hissəsindən sonra hər abzasda bir başqa mətləbə toxunur müəllif və o fərqli mətləbləri bir mövzunun damı altında uğurla bir araya yığır.
Nə gözəl ki, hekayənin ana (!) mövzusu da maraqlıdır.
Ədəbiyyatımızın mövzu çeşidliliyinə ehtiyacı var, “eyni mövzunu kim daha yaxşı yazacaq?” davasına yox.
Sevinirəm ki, Həmid Herisçi mövzu novatorluğuna can atır. Cəsarətli davranır. Bayağı mövzulara daldalanmır.
“Quşqovanlar diriləndə” hekayəsinin müzakirəsində yazıçı dostların qeyd etdiyi fikirləri də oxudum.
Həmid Herisçinin hekayəni poetik dillə yazdığını deyənlər var.
Bu onun nəsri haqqında qəlibləşmiş fikirlərdən biridir:
”Həmid Herisçi romanı da, hekayəni də şeir kimi, poetik dillə yazır”.
Mənə görə bu fikir tamamilə yanlışdır.
Həmid Herisçi heç şeirlərini poetik dillə yazmır axı. Heç kim mənə Həmid Herisçinin poetik dili olduğunu isbatlaya bilməz.
Onun hansı şeirində poetika var?
Onun ən məşhur, ən sevilən şeirlərində belə POETİK DİL yoxdur.
O şeirlərdə POETİK BAXIŞ var.
Bəli, Həmid Herisçi dili ilə yox, baxışı, dünyanı fərqli görüşü ilə böyük şairdir.
Mənə görə bu cür şairlər siyahısında Artur Rembo, Vladimir Mayakovski, Yorqo Seferis də var.
Məhz buna görə, Həmid Herisçinin nəsri poetik dillə yazdığını iddia etmək düzgün deyil.
Bəs hansı dillə yazır Həmid Herisçi hekayələrini?
Bu dilə ad qoymalı olsam, belə deyərdim: “Həmidvari dillə!”.
O, hər şeyi həmidvari dillə yazır.
Necədir bu dil?
Sirli, şifrəli və qəti!
Həmidvari dildə tərəddüd və səksəkə yoxdur.
Bu dildə hər şey qətidir. Sirrin özü də.