Mənim üçün bu dünyada iki böyük uydurma, mif var: biri ermənilərin uydurduğu “Böyük Ermənistan”, digəri isə qadınların uydurduğu “Qadın həmrəyliyi”...
Bu iki mifdən sonra gəlir yunan tanrıları haqqında miflər, Misir əfsanələri, Gilqamış dastanı və s...
“Qadın həmrəyliyi” mifinin “Böyük Ermənistan”dan fərqləndirən cəhət odur ki, ermənilər öz yalanlarına doğrudan inanırlar, amma qadınlar heç özləri öz yalanlarına inanmırlar.
Bunu etiraf etməsələr də!
Qadın həmrəyliyinin niyə uydurma olduğunu düşündüyümü primitiv misallarla izah edim.
Məsələn, xanımları evlənmədən öncə narahat edən suallar təxminən belə olur:
“Görəsən, qaynanamla yaşayacam?”
“Görəsən, qaynanam necə adamdı?”
“Görəsən, baldızım necə adamdı?”
Heç qaynatasının, ya qaynının necə olacağını düşünüb narahat olan bir qız görmüsünüz?
Mən görməmişəm.
Həmçinin qaynanaları narahat edən suallar da gəlini və gəlinin anası ilə bağlı olur. Kürəkənləri, ya gəlinlərinin atası, ya kürəkənlərinin atası ilə bağlı xüsusi narahatlıqlar görməmişəm.
Kişilər isə bu mövzuda ümumiyyətlə narahat olmurlar.
Hələ bir qadının başqa bir qadın haqqında aforizmə, hətta az qala analar sözünə çevrilmiş deyiminə baxın:
“Gəlin mənim süpürgəmdi, hara qoysam orda durmalıdı!”
Hə. Qaynana gəlinini döyüb. Azərbaycan qadınının “qaynana-gəlin müharibəsi” artıq min illərdi davam edir.
“Feministlər”dən soruşsan, bu məsələdə də kişilərin günahkar olduğunu deyəcəklər. Kişilərin qəsdən arvadlarını analarına, analarını arvadlarına döydürdüklərini söyləyəcəklər.
Hələ iddia da edəcəklər ki, “gəlin mənim süpürgəmdi, hara qoysam orda durmalıdı!” aforizminin müəllifi hansısa mağmın bir kişidir.
Buraxın bu yalanların başını. Özünüzü belə miflərlə aldatmayın. Xanımlar, artıq dərəcədə xahiş edirəm, daha öz aranızdakı problemləri həll edin.
İl olub 2021!
Üçüncü minillikdəyik. Bu “gəlin-qaynana” müharibəsi nə vaxta kimi davam edəcək?
Azərbaycan kişisi anası və həyat yoldaşı arasında qalmaqdan bezib.
Hə, videoda diqqətimi çəkən başqa bir dəhşətli məqam da oldu. Videonu gizlincə çəkən də xanım idi və gülürdü.
Kimə gülürdü, nəyə gülürdü, niyə gülürdü?