Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri

Çap olunmamış şeirindir mənim əllərim... - Sara Mohəmmədi Ərdəhalinin şeirləri
14 dekabr 2025
# 12:00

Kulis.az Məhəmməd Nurinin tərcüməsində Sara Mohəmmədi Ərdəhalinin şeirlərini təqdim edir.

Çağdaş fars şairi Sara Məhəmmədi Ərdəhali 4 yanvar 1976-cı ildə Tehranda anadan olub.

İxtisasca sosioloqdur. “Musiqiyə aşiq olan ağ tülkü”, “Daşlar üçün”, “Biganə gülür” və “Qızılgül qapını döydü” adlı şeir kitabları işıq üzü görüb.


MORUQLU DONUT

Bir qadın vardı,
bütün kafelərdə
moruqlu donut sifariş edərdi.

Bilməzdi
payızın nə olduğunu,
nəticəsiz eşqin nə olduğunu.

Bir qadın ki,
daim aşiq olardı
və həmişə düşünərdi ki,
birinci dəfədir
moruqlu donut sifariş edib.

ÇAP OLUNMAMIŞ ŞEİR

Əlimi
oxuya bilmirlər.
Sənin çap olunmamış şeirindir
mənim əllərim.

XƏSTƏLİK

Qoca qarı olaram.
Alzeymer taparam.
Zəng vuraram.
Oğlumsanmış kimi
“Sənin üçün
o qədər
darıxmışam!”
deyərəm.

QIZILGÜL

Qızılgül qapını döydü.
Məni öpmək istəyirdi.
Gec idi.

Gec, mən və qızılgül
bir-birimizə
yaraşırdıq.

SAKİTƏM

Sakitəm
gecə paltarlarının kətan krujevaları kimi,
tərk edilmiş salondakı
tutqun abajur kimi.

Sakitəm
qış geyimləriylə dolu çamadan kimi,
min dəfə maşında yuyulub,
ipdə qurudulub,
masaya sərilən süfrə kimi.

Sakitəm,
rəngli karandaşların ağ karandaşı kimi.
Sakitəm
və göz yaşlarım vecimə deyil.

OYAQLIQ

Qoca şahmat fiquruyam.
Vəzifəm
hərəkətsiz qalmaqdır.

ÇAY

Mənim evimdə
şəbəkə tutmur.
Evimə yaxın
bir çay var,
orada da
şəbəkə tutmur.

İstəyirəm
kimsə çayın kənarında
dalbadal
nömrəmi yığsın
və dalbadal
eşitsin:
“Bu nömrəyə zəng çatmır”.

RƏNGLƏMƏK

Nənəmin köhnə masasını rəngləyirəm.
Fırça yavaş-yavaş yuxarı-aşağı gedir.
Tünd qəhvəyilər
yaşıl olur,
yamyaşıl...
Sanki heç vaxt
tünd qəhvəyi olmayıblar...

Gözəl gündür.
Ordibehiştə bir ay qalıb.
Hansı il istəyir, qoy olsun.

TƏNHALIQ

Tənhayam
və sənsiz
tənhalığın mənası yoxdur.

SİZƏ MİNNƏTDARAM

Sizə minnətdaram.
Yaşıllaşdırdınız əllərimi.
Heç vaxt
heç kim
məni bu qədər ciddiyə almamışdı.
Siz o cümə günortası, o parkda
ağacdır deyib
oyuna qatdınız məni.

Ah, əziz sərçələr!
Görəsən bir də
qonacaqsınızmı çiynimə?

MƏN VƏ SƏN

Biçarə ətirşah!
Bu günlər naxoşam,
onun da iki-üç yarpağı quruyub.

Nə etmək olar?
Su qabımız birdir.

VƏSİYYƏT

Qəbir daşım yüngül olsun.
Həbs etməyin məni qısa bir məsafəyə.
Doğum və ölüm tariximi boş buraxın.
Adımı da.

Ora ancaq bir cümlə həkk edin
bir qeyd kimi
küləyin əl-ayağı altda:
“Gedirəm çay dəmləyim”.


# 1628 dəfə oxunub

Oxşar xəbərlər

Nə olsun ki, mən Janna Dark olmadım... - Səhər Əhmədin şeirləri

Nə olsun ki, mən Janna Dark olmadım... - Səhər Əhmədin şeirləri

13:45 14 may 2026
"Qorxaqları tək-tək yerə sərənlər" - Ceyhun Ərmən Vedilinin şeirləri

"Qorxaqları tək-tək yerə sərənlər" - Ceyhun Ərmən Vedilinin şeirləri

14:36 13 may 2026
Dövran mənə zülm еtdi... - Molla Vəli Vidadidən bayatılar

Dövran mənə zülm еtdi... - Molla Vəli Vidadidən bayatılar

12:35 13 may 2026
"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

"Tövratımdan, İncilimdən, Quranımdan keçmişəm" - Füzuliyə qəzəllər

15:00 12 may 2026
"Allaha əl açırdım dua üçün - növbəydi" - Həyat Şəminin yeni şeirləri

"Allaha əl açırdım dua üçün - növbəydi" - Həyat Şəminin yeni şeirləri

15:00 9 may 2026
Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli

Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli

11:25 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər