"46 yaşım var, amma..." - 3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

"46 yaşım var, amma..." -  3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?
15 dekabr 2025
# 15:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Elə xəbərlər var ki, oxuyub bitirəndən sonra adam bilmir gülsün, yoxsa ağlasın.

Müğənni Rəqsanənin son etirafları da məhz bu qəbildəndir.

Görün, Rəqsanə təcridxanada keçirdiyi üç ayda nələr eləyib:

Quranı, Tövratı və Bibliyanı oxuyub.

Üç ayda 300-ə yaxın kitab bitirib.

“Müəllimə” adlı kitab yazıb.

İnsan qəlbinin nə qədər həssas olduğu dərk edib.

Bir sözlə, həyatın bütün mənəvi pillələrini qısa zaman kəsiyində fəth edib, müdriklik zirvəsinə çatıb.

***

Əvvəlcə rəqəmlərdən başlayaq;

Üç ayda 300 kitab... Gündə orta hesabla üç-dörd kitab. Burada artıq məsələ oxumaq sevgisi yox, “oxumaq möcüzəsi” səviyyəsinə keçir. Dünya ədəbiyyatı tarixində belə “sürətli mənəvi kamilləşmə” hallarına nadir rast gəlinir. Hətta peşəkar oxucu, tənqidçi, akademiklər belə bir ayda 10-15 kitab oxuduqlarını deyəndə ehtiyatla danışırlar. Amma bizdə mümkündür. Çünki bizdə insanlar fantaziyaya meyillidir. Rəqsanə də bizim fantaziyalarımızı gücləndirməklə məşğuldur.

Quranı, Tövratı, Bibliyanı oxumaq təkcə vaxt məsələsi deyil, düşüncə, kontekst, təfsir məsələsidir. Bu kitabları oxuyub “mənəvi nəticə çıxarmaq” illər tələb edir. Amma Rəqsanənin dediklərinə inansaq, bu müqəddəs mətnlər üç ayda oxunub, həzm edilib və nəticə çıxarılıb. Üstəlik, 300 kitab da oxuyub.

Açığı, o siyahı ilə tanış olub, siyahıdakı kitabları 3 aya oxumaq istərdim.

Düzdür, mən Rəqsanə deyiləm, o kamillik mərhələsinə çatmağıma hələ çox var.

Ancaq ən azından, cəhd etmiş olaram.

Məncə, Rəqsanə təcrübələrini biz binəvalarla da bölüşsə, savab iş tutmuş olar.

Vasitəçi olmadan bu, bizim bacara biləcəyimiz iş deyil.

Bununla bitirmi? Təbii ki, xeyr.

Sonra dəyərli müğənnimizdən etiraflar gəlir.

“Yaxşılıqlarımı əsəbiləşəndə insanların üzünə vurmuşam”.

Bu cümlə, əslində, Azərbaycan cəmiyyətinin kollektiv portretidir. Biz yaxşılığı xeyirxahlıq üçün yox, gələcək mübahisələr üçün edirik. Gərək bir gün əsəbiləşək, o yaxşılığı kimin üzünə vuracağımızı bilək.

Rəqsanə bu cümlə ilə bizi təmsil edir, əslində.

“46 yaşım var, amma özümü 55 yaşımda hiss edirəm”.

Bu da klassik “mən çox şey yaşamışam” cümləsidir. Sanki yaş insanın çəkdiyi əzabın ölçü vahididir. Halbuki bəzən bir il içində insan on il qocalır, bəzən isə əlli il yaşayıb yenə də heç nə anlamır. Yaş hissi yox, dərk məsələsidir. Amma müsahibədə bu da dramatik effekt üçün istifadə olunur.

Təcridxana epizodu isə artıq kulminasiyadır:

“Birdən-birə hər şeydən məhrum oldum” .

Doğrudur, təcridxana insanı çox şeydən məhrum edir. Amma eyni zamanda, onu düşünməyə də məcbur edir. Problem ondadır ki, bizdə təcridxana çox vaxt “mənəvi laboratoriya” kimi təqdim olunur. Sanki oraya düşməsən, kitab oxumaq, özünü dərk etmək mümkün deyil.

Hələ əsas kitab qalıb axı. “Müəllimə”ni deyirəm.

Rəqsanə 3 aylıq “əməyinin” nəticəsi olan bu kitabda bizə nə öyrədəcək?

Həyatı?

Dörd divarın fəlsəfəsini?

Bəlkə, ekzistensial ağrılarla yola getməyi?

Nə bilmək olar?

3 aya 300 kitab oxuyan adamın üçün bu, nədir ki?

Hər halda, kitabın çapını həvəslə gözləyirəm, mütləq oxuyacağam.


# 306 dəfə oxunub

Oxşar xəbərlər

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

15:07 15 dekabr 2025
Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

14:35 15 dekabr 2025
İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri  təqdim edildi

İstanbulda “Leyli və Məcnun”un türkcə nəşri təqdim edildi

14:05 15 dekabr 2025
Xalq artisti Rəşid Behbudovun xatirəsi anıldı

Xalq artisti Rəşid Behbudovun xatirəsi anıldı

13:00 15 dekabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsinin növbəti müzakirəsi:  Təranə Vahidin “Qarışqa təqvimi”

“Yeni ədəbiyyatı tanıyaq” layihəsinin növbəti müzakirəsi: Təranə Vahidin “Qarışqa təqvimi”

13:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər