Belə adamlara “lox” kimi baxırıq ­

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

9 mart 2023
# 12:28

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Bu gün səhər oyanan kimi düşündüm ki, adam güclü olmalıdır. Birdən-birə niyə belə düşündüm, bilmirəm, amma hiss elədim ki, bu bəsit həqiqət həm də indiyə kimi vardığım ən böyük həqiqətdir. Adam mütləq güclü olmalıdır.

İnsan mahiyyət etibarilə onsuz da güclüdür. Məsələ bu gücün fərqində olmaq, ondan istifadə edə bilməkdir. Əgər gücünün fərqində deyilsənsə, ya da gücündən istifadə edə bilmirsənsə, güclü olmağın da sual altına düşür.

İnsan niyə güclü olmalıdır?

Bu sualın cavabı bir az qəribə səslənə bilər.

Sualın cavabı (mənə görə) belədir:

İnsan ona görə güclü olmalıdır ki, bundan başqa variantı yoxdur. Varsa da, o variantların hamısı səhvdir.

Kədərdən qurtulmaq üçün adam güclü olmalıdır.

Dərdə-bəlaya sinə gərə bilmək üçün adam güclü olmalıdır.

Məqsədinə çata bilmək üçün adam güclü olmalıdır.

Arzularını reallaşdırmaq üçün adam güclü olmalıdır.

Yeri gələndə, arzularından imtina edə bilmək üçün də adam güclü olmalıdır.

Bağışlaya bilmək üçün adam güclü olmalıdır.

Bağışlamamağı bacarmaq üçün də güclü olmalıdır.

Bir sözlə, edəcəyimiz hər şeydə bizə ən çox lazım olan şey gücdür. Güc bütün müsbət keyfiyyətlərin sinonimidir.

Bir adam ağıllıdırsa, deməli, beyni güclüdür.

Bir adam dürüstdürsə, deməli, içindəki ədalət hissi güclüdür.

Bir adam xeyirxahdırsa, deməli, içindəki mərhəmət və sevgi hissi güclüdür.

Siyahı beləcə uzanır...

Demək ki, adam ağıllı olmaq istəyirsə, güclü olmalıdır. Ədalətli olmaq istəyirsə, güclü olmalıdır. Yaxşı insan olmaq istəyirsə, güclü olmalıdır.

Təəssüf ki, insanlıq üçün “güc” anlayışı həmişə dağıdıcı, əzici məna daşıyıb. Müasir dövrdə (bəlkə də, bütün dövlərdə belə olub) güc Xeyirin yox, Şərin göstəricisidir. Güclüdürsə, deməli qəddardır, mərhəmətsizdir, ədalətsizdir. İnsanların güc haqqında təsəvvürü artıq bu cür formalaşıb.

Məsələn, indi heç kim onu bağışlayan adamın, ona qarşı mərhəmətli, ədalətli davranan adamın güclü olduğunu düşünmür. Həmin adamın güclü yox, avam, axmaq, daha loru dildə desək, “lox” olduğunu düşünür.

Beləcə insanların güc haqqında təsəvvürü kütləvi şəkildə səhv formalaşır. Onlar düşünməyə başlayırlar ki, doğrudan da, güclü olmaq mərhəmətsiz, ədalətsiz olmaq deməkdir. Və güclü olmaq qərarına gələn adamlar get-gedə daha da mərhəmətsiz, ədalətsiz birinə çevrilir.

Ancaq belə olmamalıdır.

İnsan ilk olaraq həqiqi gücün nə demək olduğunu dəqiq müəyyənləşdirməlidir. Niyə güclü olmaq istədiyini düzgün müəyyənləşdirməlidir. Bunları müəyyənləşdirəndən sonra artıq özü öz gücünü hiss edəcək.

P.s. Bu yazımda da xarici yazıçıların və filosofların fikirlərindən sitat gətirmədiyim üçün hamınızdan üzr istəyirəm. Oxuyuram e, amma belə məqamda heç biri ağlıma gəlmir. Növbəti yazımda mütləq adlar və sitatlar çəkəcəm. Bu dəfə də keçin günahımdan.

# 3447 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #