Şahin Musaoğlu: "Onlar bədənlərindəki çapıqları medal kimi göstərirdilər" - Müsahibə

Şahin Musaoğlu:  "Onlar bədənlərindəki çapıqları medal kimi göstərirdilər" - Müsahibə
8 noyabr 2023
# 09:00

Bu gün ölkəmizdə Zəfər günü kimi qeyd olunur.

30 illik erməni işğalına son qoyan tarixi qələbəmizdən üç il ötür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın 200 illik işğal siyasətinə son qoydu. Bununla da Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı.

Kulis.az bu münasibətlə hərbi-vətənpərvərlik ruhlu mahnıların bəstəkarı, AYB-nin Hərbi Vətənpərvərlik Komisiyasının sədri, həkim-şair Şahin Musaoğlu ilə müsahibəni təqdim edir.

– Əslən Təbrizdənsiz?

– Hə, atam tərəf də, anam tərəf də oralıdır. Sonra köçüblər bura.

– Nə vaxt gəliblər?

– İnqilabdan əvvəl. Atamın atası Qoçu Əziz o tərəflərdə çox tanınmış adam olub.

– İndi Təbrizdə qohumlarınız var?

– Nənəm müxtəlif adlar çəkirdi: Mütəllim, Həsən və s. Biz onları tapa bilmədik. Açığı, özüm də maraqlanmadım. İllər keçmişdi, nənəm yaşlanmaşdı. Dediyi adlar səhv də ola bilərdi...

– Təbrizdə olmusunuz?

– Bəli. Üstəlik, Ərdəbildə, Tehranda da olmuşam.

– Yazdıqlarınızdan bəlli olur ki, türkçüsünüz. Bütün torpaqlar, yaxında da Xankəndi tamamilə azad olundu. Nə hisslər keçirdiniz?

- O qədər qürurlu hisslərdir ki, adam ürəkdolusu danışa bilmir. Mənə elə gəlir ki, 2020-yə qədər biz xeyli yol gəlmişik. 90-cı illərdə mən də sənin kimi gənc idim. Gözümü açdım ki, müharibənin içindəyəm. O dövrlə müqayisə etsək, xeyli irəliləyişlərin olduğunu görərik.

1990-cı ildə çeçen yaralıları biz müalicə edirdik. Mərhum Prezidentimiz Heydər Əliyev belə qərar vermişdi. O vaxt mən onlara qibtə edirdim. Onlar bədənlərindəki çapıqları medal kimi göstərirdilər. Bizim qazilər isə bədənlərindəki çapıqları gizlədirdilər. Çünki biz məğlub tərəf idik.

İndi bizim ordumuzun, əsgərlərimizin həm fiziki, həm də mənəvi cəhətdən hazırlıqları yüksəkdir. Artıq mən öz ordumuza qibtə edirəm.

Sənət adamları, tarixçilər, yazıçılardan ibarət bir komissiya təşkil edilməlidir. Onlar 44 günlük müharibəyə ad verməlidir. Hər şeyi dövlətin üstünə atmaq olmaz.

Çox vaxt müharibə əzələ, güc davası olub. Bizimki isə haqq, ədalət, ləyaqət davası idi.

44 günlük savaş həm də arxa cəbhədə Azərbaycan qadının dözümünün, sədaqətinin bir göstəricisi idi.

O ki qaldı 24 saatlıq lokal antiterror əməliyyatına, hesab edirəm ki, "Qarabağ Azərbaycandır!" şüarındakı nidanın nöqtəsi bununla qoyuldu. Şanlı qələbənin nöqtəsi!



– Siz Qarabağın, Şuşanın azad ediləcəyinə inanırdınız? Düşünürdüz ki, ömrünüz bu günləri görməyə yetəcək?

- Ordumuzun gücünə inanırdım, əlbəttə. Bilirdim ki, Qarabağı işğaldan azad edəcəyik. Amma belə tezliklə gözləmirdim. Əmin idim ki, haqq qalib gələcək.

Bilirsən necədir, belə məsələlərdə fikir ayrılığı olur. Müharibə ölməkdir, insanlar bir-birini öldürür. Dostoyevski "Səs"qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, müharibə insan münasibətlərini duruldur, təmizləyir. Ona görə vacibdir. Jurnalist deyib, "Axı müharibədə insanlar bir-birini öldürür. Bu necə vacib ola bilər?!"
Dostoyevski cavab verib ki, insanlar müharibəyə bir-birini öldürmək üçün yox, öz torpağını qorumaq, ölkəsinin, vətəndaşlarının sağlığını qorumaq üçün gedirlər. Vətəni qorumaq üçün ölümü seçirlər.

Bu baxımdan İkinci Qarabağ müharibəsi vaxtı vətəndaşlarımızın bir qismində Qərbin bizə təlqin etdiyi inamsızlıq formalaşmışdı. Sülhlə məsələlərin həllinə nail olacağımızı düşünürdülər. Amma hamı bilir ki, qanla alınan torpaqları, ancaq qanla geri qaytarmaq olar. Bu, təməl haqqımız idi. Ermənilər bir şeyi unutmuşdular ki, ruhun işğal olunması torpağın işğal olunmasından qat-qat pisdir. Onlar torpaqlarımızı işğal etsələr də, ruhumuzu işğal edə bilməmişdilər. Söhbət budur.

Atatürkün çox gözəl bir sözü var. Qələbənin arxasında elm, bilik, - bir növ, sənət adamlarının zəfəri dayanır.

Məsələn, Şuşaya Azərbaycan bayrağı sancılmamışdan qabaq bizim poeziyamızda, musiqimizdə o ruh var idi. Onu qoruyub saxlaya bilmişdik.

– Həmin o ruhun ölməməsinə, işğal olunmamasına səbəb olan adamlardan biri də sizsiniz. Hətta bayaq sizə baxanda kövrəldim. Yazdığınız şeirlərə mahnılar bəstələndi: "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan", "Əsgər, vətən əmanəti" və s. Üstəlik, özünüzdən daha məşhur oldular.
"Cənab leytenant"ı eşidəndə həm kişilənmişəm, həm də kövrəlmişəm. Görmədiyim Qarabağı mənə unutdurmayıb. Vətəni bizə sevdirib. İndi də bu mövzuda replər yazılır. Onlar da hansısa kütləni vətənpərvər ruhda yetişdirir, amma bizim nəslin vətənpərvər ruhumuzu ölməyə qoymayan "Cənab leytenant" , "İgid əsgər, möhkəm dayan" olub.

Beləcə, bu mahnılarla həm də Qarabağın işğaldan azad olunmasında iştirak etmisniz.



– Heç yadımdan çıxmaz 1990-cı illərin ortaları idi. O zaman Müdafiə Nazirliyinin tibb idarəsində işləyirdim, eyni zamanda da Sənədli Filmlər Kinostudiyasının əməkdaşı idim. Həmin vaxt bir sənədli filmin üzərində işləyirdik. Musiqisini mən hazırlayırdım. Bir şəhid anası gəlib Şəmistan Əlizamanlının otağına girdi. Az keçmiş içəridən səs-küy eşitdim.
Şəmistan bəy məni çağırıb dedi ki, buna deyin, o mahnını mən yazmamışam...

– Günahlandırmağa gəlmişdi?

– Bəli. Mən içəri girəndə qadın mənə dedi ki, elə bildim, o mahnını Şəmistan bəy yazıb, ona görə onun üstünə düşmüşdüm. O deyir, mən ancaq ifa etmişəm. İndi sən qaytar mənim övladımı. Axşam idi, uşağım televiziyada o mahnını eşidib, döyüşə getdi. İndi mənim övladımı kim verəcək? Qaytarın onu”.
Mən o zaman sözün məsuliyyətini başa düşdüm. Elə bil ki, həmin vaxt gənc idim, amma birdən-birə 30 il qocaldım. Bütün hərəkətlərimə, yazdıqlarıma diqqət etməyə başladım.

Hərdən mənə elə gəlir ki, "İgid əsgər, möhkəm dayan" mahnısını məndən əvvəl kimsə yazıb. Bəzən olur ki, o səslənəndə düşünürəm, görəsən, insanlar necə qarşılayacaq. Bu mahnı mənim üçün tamam başqadır.

Bizim hərb musiqisinin ilk səhifəsidir. Hərb musiqiləri marşlar və səngər mahnılarına bölünür. Azərbaycanda hələ ki, "İgid əsgər, möhkəm dayan" mahnısını keçən başqa bir səngər mahnısı yoxdur. Marşlardan isə Cavanşir Quliyevin bəstələdiyi marş.

"İgid əsgər, möhkəm dayan" janr etibarilə şansondur. Əsgərin özü ilə, əsgər yoldaşı ilə dialoqudur. Səmimi, sadə, saf duyğulardan ibarətdir. Mən onu publika üçün yazmamışdım. Sadəcə, özüm üçün yazmışdım.

1991-ci il idi. Əfqanıstanda, Sovet ordusunda xidmət eləmiş, müharibə görmüş əsgər və zabitlərdən ibarət ilk özünümüdafiə batalyonu yaradılmışdı. Şıxov batalyonu..

Onlar şəhidlər xiyabanında and içib cəbhəyə gedirdilər. Mən də ora bir yaxınımı ötürməyə gəlmişdim. "İgid əsgər, möhkəm dayan" mahnısının sözlərini mən onda, o təəssüratlarla yazdım. Mənə elə gəldi ki, demək istədiklərimi o şeirdə verə bilmədim. Dəfələrlə üstündə dəyişikliklər etdim. Bir gün qərara gəldim ki, o sözlərə musiqi yazım. Konservatoriya təhsilim olmadığı üçün
heç vaxt belə bir iddiam olmayıb.

– Bu sizin ilk bəstəniz oldu?

– Bəli.

– Ancaq şeir yazırdınız, düzdür?

– O vaxt Azərbaycan Radiosunun "Çapar" adlı uşaq verilişi var idi. 2-3 dəfə dəvət etmişdilər. Şeirlərimi oxumuşdum. Məni həm ədəbiyyata, həm də musiqiyə "İgid əsgər, möhkəm dayan" gətirdi.

O dövrdə belə mahnıya ehtiyac var idi. Sovet dövründə bir-iki mahnı yazılsa da, həmin effekti vermirdi. Vətənin harayı var. Vətən övladları da öz borcunu yerini yetirməyə gedir. Bu istiqamətdə nəsə yazmaq lazım idi.

– Siz milyonların vətəni sevməsinə səbəb olan adamlardansız. Özünüzü qələbədə, xoş günlərdə pay sahibi kimi hiss edirsiniz?

– Əlbəttə. Bir az da mübahisəli məsələdir. Qələbədən öncə bu söhbətləri etmək çox yersiz idi. Düzgün deyildi. Ümumiyyətlə, hər bir sənətçi, yazıçı öz yazdıqlarını qabağına qoyub fikirləşməlidir ki, bunu kim üçün yazmışam? Niyə yazmışam?

Zəfərə xidmət edən sənət adamları, musiqiçilər, rəssamlar oldu. Amma zəfərin də müəyyən adamların yaradıcılığına öz töhfələri oldu. Mən özümü birinci kateqoriyaya aid edirəm. Zəfərdən sonra nəsə yazmışamsa da, bunu məhz onun mənə verdiyi töhfə ilə etmişəm.

Əsl yaradıcı zəfərə xidmət edən yazılar yazmalı idi. Elə bilirəm ki, onların öndə gedənlərindən biri olmuşam. Bunu indi deyə bilərəm. 5-6 il öncə təbii ki, deyə bilməzdim.

İndi “İgid əsgər, möhkəm dayan” , “Cənab leytenant” 4, 6, 7-ci siniflərin tədris kitablarına düşüb. Baxırsan, böyük şirkətlər, nazirliklər bu mahnılarla bağlı fləşmoblar hazırlayıblar.

Heç ağlıma gəlməzdi ki, Qarabağ futbol komandamızın oyununda “İgid əsgər, möhkəm dayan” yazılmış plakat qaldırılacaq. Əlbəttə, adam fəxr edir bunlarla.

O mahnılar məni aşıb keçən mahnılardır. Onlar artıq xalqın mahnılarıdır. Millət də belə qəbul edib. Uşaqdan böyüyə hamı əzbər bilir.

Məndə bu mahnılarla bağlı maraqlı kadrlar var. Məsələn, balaca uşaq “azadlığın şərbətini” deməkdənsə, deyir, “azadlığın kəlbətini”. Amma sevərək deyir. Adama xoş gəlir.

– O da böyüyüb vətənpərvər olacaq...

– Doxsanıncı illərin axırlarında “Salyanski kazarma”nın yanında əsgərlər nəsə oxuyurdular. Mən də yolun bəri tərəfində idim.

Yaxınlaşanda eşitdim ki, “İgid əsgər, möhkəm dayan”ı oxuyurlar. Oxuya-oxuya yolu keçdilər. Bütün adamlar, maşınlar dayandı. Qürurlandım. Heç kim bilmirdi ki, o mahnını mən yazmışam. Bir ağsaqqala yaxınlaşdım, dedim, mahnı necədi? Dedi, yaxşı olmağına yaxşıdı, amma burada avaralanmaqdansa, onlara qoşulsan, daha yaxşı olar. Bu da belə...

– Biz böyük qələbə qazanmışıq, amma qələbəmizə aid sanballı bir mahnı yoxdur.

– Bəlkə də, var, sadəcə, ictimaiyyət xəbərdar deyil. Bir neçə dəfə Mirşahin də belə fikirlər səsləndirdi. Təkcə mənim yaradıcılığıma baxsaq, görərik ki, qələbədən sonra xeyri əsər yazmışam. Açıq danışmaq lazımdır. İki ildən artıqdır ki, “Zəfər” simfonik poemasını yazmışam. “Partitura” adlı dörd hissəlli əsərim var. Sözlərinin əksəriyyəti mənim, bir hissəsi isə Leyla xanım Əliyevanındır.

İki dəfə sabiq mədəniyyət naziri ilə görüşdüm. Məni qozla, şokoladla qarşıladılar. Amma nəticə olmadı. O məni kiməsə tapşırmışdı. Həmin adam da məni o qədər get-gələ saldı ki, özümə nifrət elədim. Demək istəyirəm, bəlkə də, mənim günümdə olan yüzlərlə sənət adam var ki, meydanı onlara vermirlər.

Dosteyevskinin də dediyi kimi müharibələr olmasa idi, sənət çürüyərdi. Çünki müharibə poeziyaya, musiqiyə, yaradıcılığa çox gözəl ideyalar verir. Ümid edirəm ki, bundan sonra daha yaxşı əsərlər yazılacaq.

– Siz həm də həkimisiniz? Bu peşəylə ədəbiyyatın hansı oxşar cəhətləri var?

– Məsələn, təbabətin də ədəbiyyatın da obyekti insandır. Tibb Universitetləri incəsənət adamları yetişdirmir, amma təbabət incəsənətə çox böyük töhfələr verib. Məsələn, İbn Sina, Nəsrəddin Tusi, Fransua Rable, Şiller, Çexov... Azərbaycanda Abbas Səhhət, Nəriman Nərimanov, Əli bəy Hüseyzadə - bunların hamısı həkim olublar.

Təbabət insanın cismani, ədəbiyyat isə mənəvi məziyyətlərini qoruyub saxlamaqla məşğul olur. Hər ikisi də çəkici eyni mismara vurur. Belə bir el məsəli də var: “Günəş girməyən yerə həkim girər”. Həkimlik qədər heç bir sənət insanın daxilinə nüfuz edə bilmir. Həkim xəstə ilə söhbət edəndə birinci onun həyat hekayəsi ilə maraqlanır. Daha sonra isə xəstəlik hekayəsi ilə. Nədən sonra belə oldun? Can həkimi bu iki məlumatı əldə edə bilsə, ona nə rentgen, nə də uzi lazımdır. Çünki xəstə özü hər şeyi deyir. Bu baxımdan bir-birinə yaxındırlar. Antik dövrlərdə ikisinin də Allahı Apollon idi.

Şekspir həkim olmayıb. Deməli, “Romeo və Culiyetta”da Culiyetta dərman içir, kliniki ölüm keçirir. Heç bir tibb ədəbiyyatında kliniki ölüm bu cür təsvir edilməyib.

Kliniki ölümü o qədər gözəl izah edir ki. Yaxud bizim Məhəmməd Füzulinin “Səhhət və mərəz”i.

– AYB-dəki Hərbi Vətənpərvərlik komissiyasında fəaliyyətiniz nədən ibarətdir? Hansı işləri görürsüz?

– Bu komissiya Qarabağ savaşından öncə də olub. Mən 2016-cı ildən Komissiyanın üzvüyəm. Məndən öncəki sədr Zəlimxan Yaqub idi. Komissiya sədri olduğum vaxtlarda biz bir çox işlər görə bildik. Müdafiə Nazirliyi, Sərhəd Qoşunları ilə memorandumlar imzalandı. Müdafiə naziri Zakir Həsənov yazıçı, şair kollektivini qəbul etdi. Biz Müdafiə Nazirliyini gəzdik. Hətta Ali Baş Komandanın Müdafiə Nazirliyindəki qərargahına qədər getdik. Sabir Rüstəmxanlı, Anar müəllim, Fikrət Qoca, Mövlud Süleymanlı və akademiklərimiz...

Nazirimizlə film izlədik. Nazir o vaxt dedi ki, şairlər, yazıçılar bir ay davamlı gəlsin, onlara şərait yaradaq, əsgərlərin həyatından yazsınlar, müşahidə etsinlər. Bəlli işğal günləri, bayramlar da daxil olmaqla birillik geniş proqramımız var idi. O proqram çərçivəsində bizə ayrılmış avtobuslarla istədiyimiz cəbhə bölgəsinə gedirdik.

– Bəs müharibə dövründə hansı işləri gördünüz?

- Müharibə dövründən qabaq pandemiya başladı, müharibə dövründə də təhlükəsizlik baxımından ordu ilə təmas azaldı. Bir neçə dəfə 44 günlük müharibə ərəfəsində əsgərlərlə görüş üçün müraciət etdik. Mən gedə bilməsəm də, bizim komissiyadan gedənlər oldu. Bu yaxınlarda qurultay oldu. Heyəti formalaşdırdıq. Yazıçılar Birliyi də onu təsdiq etdi. Təxminən 10-15 gün öncə ilk toplantımızı keçirdik. İki Millət vəkili - Sabir Rüstəmxanlı və Aqil Abbas heyətimizin üzvüdür. Tarixçi Nəsiman Yaqublu da bizimlədir. İki-üç güc nazirlikləri ilə çalışan əməkdaşı da idarə heyətinə cəlb etdik. Cəmi 21 üzvümüz var. Hərənin də öz işi.

– Sizcə, bu müharibə cəmiyyətimizə, insanlarımıza, sənətimizə nə verdi?

- Əvvəla, bu qələbəyə bir ad qoymalıyıq. Bu qələbə dostlarımızın başını uca elədi, düşmənlərimizin başını yerə saldı. İnsanlarımızın dövlətçiliyə, öz ordusuna inamı artdı.

Məsələ ermənini Qarabağın içindən çıxarmaq yox, Qarabağı erməninin içindən çıxarmaqdır. Biz düşmənimizi yaxşı tanımalıyıq. Hansı məkrli planları olduğunu bilməliyik. Erməni bu saat yenə dünya ictimaiyyətini çaşdırmaqla məşğuldur.
Hər şeyi ölkə başçısından gözləmək də düzgün deyil.

# 2607 dəfə oxunub

Müəllifin son yazıları

# # #