Dünən özünü qazi adlandırıb dilənən bir nəfər həbs olundu. Sosial şəbəkələrdə videosu, şəkilləri yayıldı və həmişəki kimi təhqirlər, biabırçı sözlər biri-birini əvəzlədi.
Mənim həmin adamın əməlinə haqq qazandırmaq fikrim yoxdur, amma cəmiyyətin bu cür sərt reaksiyasının düzgün olduğunu da düşünmürəm.
Əvvəla, ortada bir fırıldaq, cinayət varsa, müvafiq strukturlar mütləq lazımi tədbirlər görüb həmin şəxsi cəzalandıracaq.
Əgər cinayətkar qanun çərçivəsində cəzasını tapacaqsa, onu təhqir etmək, alçaltmaq bizə nəsə qazandıracaqmı?
Əgər qazandıracağını düşünürsünüzsə, sizə haqq verirəm, mən də yaxşı söyüşlər bilirəm, gəlin birgə söyək.
Aydın məsələdir ki, həmin şəxs ömürlük həbs yatası bir cinayət törətməyib. Yəni, əvvəl-axır mütləq cəmiyyət arasına qayıdacaq.
Düşünün, hər kəsin təhqir etdiyi, alçaltdığı, yaxınlarının gözündə də biabır olmuş biri cəmiyyət arasına necə travmalarla qayıdacaq. Cəmiyyət arasına travmalı birinin qayıtmağını istəmirsiniz?
Travmalı bir fərd cəmiyyət üçün daha təhlükəli deyilmi?
Cəmiyyət tərəfindən linç edilən, kənarlaşdırılan bir adam daha aqressiv və daha çox səhv etmək potensialındadır.
Biz isə bu cür hallarda elə davranmalıyıq ki, həmin adam sadəcə bir daha belə əməl etməkdən çəkinsin. Bir dəfə səhv edən adam sonradan yaxşı adam, faydalı adam ola bilməz?
Cəmiyyət olaraq kiminsə səhvinə görə onun üstündən birdəfəlik xətt çəkmək haqqımız yoxdur. Bu, humanizm prinsiplərinə ziddir.
İsa Peyğəmbərlə bağlı əhvalat bu vəziyyəti izah etmək üçün ən gözəl nümunə ola bilər. Bu rəvayət “İncil”də də var.
Camaat zina etdiyi deyilən bir qadını daşlamaq üçün meydana toplaşır. İsa Məsih qadını öldürməyə hazır kütlənin qarşısına keçib deyir:
“İlk daşı heç bir günahı olmayan atsın!”
İsa Peyğəmbərin bu sözündən sonra heç kim daş atmaz və qadın ölümdən xilas olar.
Biz də bu cür hallarda, daş atmaq əvəzinə səhv etmiş adamı cəmiyyətə yenidən qazandırmağa çalışmalıyıq.
Unutmayaq, qanunlarda cəza insanı əzaba düçar etmək üçün yox, onu tərbiyələndirib cəmiyyətə qazandırmaq üçün nəzərdə tutulur.
Heç olmasa bu prosesə mane olmayaq.
Yox, əgər dediklərimin doğru olmadığını düşünürsünüzsə, ilk söyüşü heç bir səhvi və günahı olmayan adamlar söysün.
Əvvəldən deyim, mən lalam...