“Mənə “padxod” edən kişiləri...” – Kişi bərbəri Nura əməkdaşımızı necə utandırdı? – Salondan reportaj

“Mənə “padxod” edən kişiləri...” – Kişi bərbəri Nura əməkdaşımızı necə utandırdı? – Salondan reportaj
29 sentyabr 2021
# 11:30

Kulis.az Ulucay Akifin “Həyatın içindən” layihəsindən növbəti reportajını təqdim edir.

Hər nə qədər dünya inkişaf etsə də, zaman dəyişsə də, bəzi peşələr var ki, orada xanımların çalışmağına nə gözümüz öyrəşib, nə də onu təsəvvür edə bilirik.

Belə peşələrdən biri də qadının kişi bərbəri işləməsidir.

Yadıma düşür, əvvəl demək olar ki, bütün bərbərxanalarda lopabığ, yekəqarın dayılar bərbərlik edirdi. Nəinki xanım, heç gənc oğlan da yox idi.

Həmin lopabığ, yekəqarın dayılara saçını necə kəsdirmək istədiyini də deyə bilmirdin. Ya da, desən belə, özü uyğun bildiyi kimi kəsib, “belə yaxşıdı!” - deyərək səni yola salırdı.

Əksəriyyəti də o vaxtın standartı olan “polboks” adlı saç kəsimini edirdi.

Hünərin nə idi razılaşmayasan?!

Budəfəki müsahibim isə zərif barmaqları ilə kişilərə bərbərlik edən Nurlana Əsədullayevadır.


Qısaca - Nura xanım...

O, həm də uzun müddətdir ki, mənim də bərbərimdir.

Fürsətdən istifadə edib, həm ziyarət, həm ticarət deyib saçımı da kəsdirmək qərarına gəldim.

Elə Nura xanım saçımı yumağa başlayanda, mən də suallarıma keçid alıram.

- Nura xanım, neçə ildir bu işlə məşğul olursunuz?

- Artıq 5 ildir.

- Elə birbaşa kişi bərbəri kimi başlamısınız, yoxsa əvvəl qadın salonunda çalışmısınız?

- Yox, elə kişi salonunda başlamışam, amma əvvəl köməkçi kimi. Özümün marağım, həvəsim yaranıb, peşə məktəbində təhsilini almışam.

- Qadın salonunda işləməyi niyə istəməmisiniz?

- Marağım olmayıb. Qadın salonlarında xanımlar elə söhbətlər eləyir ki, orada işləyə bilmərəm, sıxılaram. Ancaq qeybət, pal-paltar, makyaj... Belə söhbətlər də mənə maraqlı deyil.

- Biz kişilər bilirik ki, bir bərbərlər, bir də taksi sürücüləri müştərinin başını qatmaq, ya da darıxdığı üçün mənasız söhbətlər edir. Siz müştərilərinizlə nədən danışırsınız?

- Burada hər sahənin adamları müştərim olur, siyasətdən tutmuş ən xırda məsələlərə kimi söhbət edirik. Təbii, kişilərin də hamısı elə olmur. Ümumiyyətlə, mən daha çox dinləyiciyəm. Dinləməyi daha çox sevirəm, nəinki danışmağı, amma təbii ki, bildiyim mövzular olanda, mən də danışıram və bu, qadınların etdiyi mənasız söhbətlərdən qat-qat maraqlı olur.

- Kişilərin sizlə ünsiyyət qurmaq kompleksləri olur?

- Olur, çox olur. İşimə ən çox mane olan səbəblərdən biri də budur. Müştərinin sıxıldığını görəndə, mən də həvəsdən düşürəm.

- Ailənizin, yaxınlarınızın bu peşəylə məşğul olmağınıza münasibəti necədir?

- Artıq normal. İlk iki ildə, köməkçi kimi işlədiyim vaxtlarda heç doğma anamın da xəbəri yox idi. Elə bilirdilər, qadın salonunda işləyirəm. Öyrənəndən sonra da normal qarşıladılar.

Nura xanım saç kəsən maşın ilə işə başlayanda, onu qıcıqlandıra biləcək suallarımdan birini verirəm. Risk etməyi həmişə sevmişəm:

- Salona daxil olub bərbərin qadın olduğunu görəndə, saçını kəsdirmək fikrindən daşınanlar olur?

- Mənim müştərilərimin əksəriyyəti məni sosial şəbəkələrdən tapanlardı, onlar da hara gəldiklərini bilirlər. Salona girən təsadüfi müştərilər olub ki, bərbərin qadın olduğunu görəndə tərəddüd ediblər, amma mən heç vaxt onları razı salmağa çalışmamışam. Saçlarını kəsdirəndən sonra görürlər ki, bərbərin kişi, ya qadın olmağı əhəmiyyətli deyil, əsas gördüyü işdir.

- Bəs, heç olubmu ki, müştərinin saçını korlayasınız, o da sizə əsəbiləşsin?

- Kiminsə saçını korladığım, narazı yola saldığım yadıma gəlmir. Nə də qayçım kiminsə qulağını dişləməyib (gülür). Sadəcə bir dəfə olub ki, bir müştərimin saçını kəsəndə, artıq son mərhələdə necəsə oldu, saçını çox götürdüm. Özünə də dedim, saçınıza girdim. Düzdür, sonra düzəltdim səhvimi. Özü də mənə dedi ki, səhvimi özümün deməyim xoşuna gəlib. Sonra həmin müştəri ilə dostlaşdıq. İndi ən yaxın dostlarımdan biridir.

Söhbətin bu məqamında bərbərlərlə bağlı lətifələr ağlımıza gəlir. Onları danışmağa başlayırıq. Mən çalışıram çox da gülməli olmayan zarafatlar eləyim, nə də olmasa usta başımın üstündə iş görür. Birdən əlləri titrəyər. İşə qulağı yaralı qayıtmaq istəmirəm.

Fotoqrafımız İlkin də yadına düşən lətifələrdən birini danışır:

- Bir adam olur, həmişə saçını kəsdirməyə gedəndə, bərbəri qaynanadan danışır. Axırda bir gün adam bezib bərbərdən soruşur ki, sən niyə hər dəfə mən gələndə qaynanadan danışırsan? Bərbər deyir, çünki sən hər dəfə qaynana sözünü eşidəndə, tüklərin biz-biz durur, mən də işimi rahat görürəm.

İlkinin sırf qaynana ilə bağlı lətifəni yadında saxlamağı mənə şübhəli gəlsə də, səsimi çıxarmıram.

Zarafatların atmosferi daha da yumşaltdığını görəndən sonra özümə də çox maraqlı gələn suallardan birini verirəm:

- Nura xanım, müştəriləriniz arasında sizə “padxod” eləyən olur?

- Olur (gülür).

- Siz necə reaksiya verirsiniz?

- Açığı, mən kimisə acılayan, sərt danışan biri deyiləm. Düzdür, sözü üzə deyən adamam. Belə məqamlarda isə sadəcə həmin adamları yola verirəm.

- Heç bu cür davranışlarına görə qovduğunuz müştəri olub?

- Yox, olmayıb. Ümid eləyirəm, bundan sonra da olmaz.

- Bəs, elə sözlər deyəndə qorxmurlar sizi əsəbiləşdirməkdən?

Nura xanımın cavabı amansız olur:

- Bəs, siz belə suallar verəndə, başınızın qayçımın altında olduğundan qorxmursunuz?

Bu azmış kimi əlindəki iti və parlaq qayçını üç dəfə havada şaqqıldadır. Vəziyyətdən çıxmaq istəyirəm:

- Onsuz da ömrümüz qadınların qayçısının altında keçir. Özü də yüz ölçüb, bir biçmək əvəzinə, yüz biçib, bir ölçürsünüz!

Cavabımdan məmnun qalan usta xeyli gülür. İşini də saxlamır.

- Xanımlar həyat yoldaşlarını, ya sevgililərini sizə qısqanmır ki?

- Olur.

- Nə eləyirlər? Yoldaşları ilə birgə bura gəlirlər?

- Yox, çox şükür, elə şey olmur. Mesaj yazanlar olub, onlara da mədəni şəkildə izah edirəm ki, mən işimi görürəm. Çox qısqanc qadınlar olanda, izah edə bilmədiyimi görüb blok edirəm.

- Müştəriləriniz arasında saçına rəng qoyduran bəylər olub?

- Yox, elə şey olmayıb. Əsasən standart saç kəsimləri olur. Düzü, mən kişilərə elə şeyləri yaraşdırmıram. Məncə, müasirlik bu deyil. Müasirlik başda yox, başın içində, beyində olmalıdır.

- Ümumiyyətlə, sizcə, Azərbaycan kişiləri baxımlıdır?

- Düşünürəm ki, hə. Saçlarına, saqqalarına diqqət edirlər. Bu, çox yaxşıdır.

- Xanım olduğunuz üçün sizə artıq ödəniş edənlər olur?

- Kifayət qədər olur.

- Xanım salonunda işləsəniz, bu cür münasibət olar?

- Yəqin ki, yox.

Nura xanımın incə barmaqlarına keçirdiyi qayçı başımın üstündə rəqs etməyə davam edir. Qayçının səsi Latın Amerikası mahnılarının ritmini xatırladır. Elə bil, qayçı ilə daraq havada samba, salsa oynayır.

- Öz saç ustanız bəydir, ya xanım?

- Əvvəl xanım idi, indi bəy.

- Hansı daha yaxşı görürdü işini?

- Xanım daha yaxşı idi.

- Sizcə, ümumi götürdükdə, saç ustalığında xanımlar daha güclüdür, ya bəylər?

- Məncə, cinsin heç bir önəmi yoxdur. Əsas məsələ işini sevməkdir. İndi hər əlinə qayçı, “maşinka” götürən özünü usta sayır.

Bu yerdə mən susuram, ustanın “maşinka”sı danışmağa başlayır. Qulağımın dibində arı kimi vıjıldayan “maşinka” bir yandan, ustanın incə barmaqları o biri yandan fikrimi qarışdırır. Yadımdan çıxan sualları yada salmağa çalışıram.

- Nura xanım, gündə neçə nəfərin saçını kəsirsiniz?

- Ən təcrübəli usta belə gündə 9 nəfərdən çox müştərini yola sala bilməz. Hamını standart keçəl eləsəm, 30 nəfər də olar (gülür).

- Aylıq qazancınız təxminən nə qədərdir?

- Mən qazancımı hesablamıram. Çox bədxərc adamam, əlimə gələn pulu elə həmin gün xərcləyirəm.

Usta sualıma cavab verməkdən yayınmağa çalışsa da, cavabı almadan əl çəkməyəcəyimi hiss elətdirirəm, sonda əlacsız qalıb qayçısını göyə qaldırır və təslim olur:

- Yeddi yüz, səkkiz yüz manat. Amma dəyişir. Bəzən daha çox olur, bəzən az. Bu işin ən sevdiyim yanı odur ki, özüm istəyəndə işə gəlirəm, istəyəndə gedirəm. Müdirim özüməm.

- Heç bezdiyiniz olmur?

- İşimdən yox, insanlardan bezirəm.

- Nə edirlər?

- Bəzən çox yersiz, mənasız söhbətlər edirlər. Əsasən də o “padxod” məsələləri...

- Heç olmasa düz-əməlli, kreativ “padxod” eləyənlər olur?

- Yox. Bizim kişiləri bilmirsən? Şablon cümlələr, standart variantlar (gülür).

- Əllərinizə, barmaqlarınıza şeir həsr eləyən olmayıb hələ?

- Gözlərimə zillənirlər, onda çox əsəbiləşirəm. İstəyirəm soruşum ki, sifətimdə maraqlı nə var?! Barmaqlarımı, gözlərimi tərifləyənlər olub, amma şeir yazmayıblar.

Gülür. Birdən əlini işdən saxlayıb güzgüdə üzümə baxır və səsini qaldırır:

- Sən yaz də! Şair deyilsən? Ayselin ayaqlarına şeir yaza bilirsən, mənim əllərimə yox?

Düzü bu cavabı da gözləmirəm. Gülüşürük. Xeyli utanıram. Özümü sındırmıram:

- Yazaram, niyə yazmıram!

Elə ordaca gözlərimi yumub düşünürəm, tərs kimi ağlıma heç nə gəlmir. “Maşinka”nın vıjıltısı yenə fikrimi toplamağa imkan vermir, ağlıma nəsə gəlmir. Şair xəyalım çox da göylərə qalxmadan yerə, Nura xanımın qayçısının altına enir.

- Qadına yaraşdırmadığınız bir peşə var?

- Elə bir peşə gəlmir ağlıma.

- “Kamaz” şoferi işləyərdiniz?zarafatla soruşuram.

- Yooox! (gülür). Rusiyada qadınlar fiziki çətin işlərdə, tikintilərdə çalışırlar. Bu cür işləri xanımlara yaraşdırmıram.

- Çevrənizdəki xanımlar arasında sizə baxıb bu peşəyə maraq salan xanımlar olub?

- Olub. Öyrənmək istəyənlər də var. Düzü, buna vaxtım və imkanım olmayıb. Hələ özümün də öyrənəcəyim çox şey var.

- Ən xoşunuza gələn tərəfi nədir bu peşənin?

- Yaradıcı tərəfi. Mənə görə, bu da yaradıcı işdir.

Nura xanım işini çox asta, incəliklə görür. Hiss olunur ki, işindən həqiqətən zövq alır. Yəqin elə ən böyük xoşbəxtliklərdən biri də gördüyün işdən zövq almaqdı.

Özü də belə deyir.

İş bitir.

Zərif ustamızın incə əlləri altından qalxıram.

Güzgüyə baxıram. Dünyada qadın əli dəyəndən sonra gözəlləşməyən heç nə yoxdur - deyə düşünüb əlimi “təzə dizaynlı” saçlarıma çəkirəm...

Foto: İlkin Nəbiyev

# 15454 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #