Bu gün gənc şair Ulucay Akifin doğum günüdür. Kulis.az şairi təbrik edir və onun yeni şeirini diqqətinizə çatdırır.
Neçə qadın sevdim,
neçəsini unutdum, ilahi,
həyatımın 24 bahar fəslində
və hər səfər
ilk dəfə eşqə düşərcəsinə
sevdiyim qadınların uşağı oldum
(ki uşaq idim elə əslində)
bəlkə çox deyildi,
çox deyildi "yaşadım"
deyə bilmək üçün bunca il,
amma "sevdim" deməyə
bəs edəcək qədər idi, bunu bil...
mən də kəsədən getdim ölümə
kəsədən getdim
ki, eşq
ölümə aparan yolların
ən gözəli və ən kəsəsi idi...
üzülmə, qızım, üzülmə,
axır-əvvəl gözəl bir ölüm
mənim də yolumu kəsəsi idi...
özünü aldada bilməyən adamlar
aldadılmağı seçir zaman keçdikcə,
ömür ötdükcə yanımızdan
hara getdiyini bilmədiyimiz bir qatar kimi.
Ömür axır-əvvəl ötüb-keçir, qızım,
Ömür ötüb-keçir bədənindəki ağrılar kimi.
bir tək ölüm bizi ölənədək tərk etmir,
ən yaxın dost kimi,
ya ən böyük düşmən kimi,
bir tək ölüm bizi ölənədək pusur,
sənə demişdim axı, qızım,
sevgi hər kəs ilə fərqli danışır,
ayrılıq eyni cür susur...