Ülviyyə Əliyeva: "Tünzalənin dəfnində dedi ki, ev alınca, pulu müalicəyə verərdi" - Müsahibə

Ülviyyə Əliyeva:   "Tünzalənin dəfnində dedi ki, ev alınca, pulu müalicəyə verərdi" - Müsahibə
19 iyun 2023
# 09:20

Kulis.az aktrisa Ülviyyə Əliyeva ilə müsahibəni təqdim edir.

Yayın təngnəfəsində Kukla Teatrının qabağına çatıram. Uzun müddət idi bu tərəflərə gəlmirdim.

Bir müddət sonra Ülviyyə xanım teatrın qapısından çıxıb mənə sarı gəlir. Salamlaşıb teatrın arxasına keçirik. Burda səssiz bir yer axtarışına çıxırıq. Nəhayət ki, ağ skamyalardan birini tapıb otururuq.

– Ülviyyə xanım, sizin yaradıcılığınızı uzun müddətdir izləyirəm. Elə müsahibə üçün əlaqə saxlayanda da həm Musiqili Teatrda, həm də Kukla Teatrında işlədiyinizi dediniz. Üstəlik, TV fəaliyyətiniz də var. Bütün bu işlərə baxmayaraq, daim pozitiv və gülərüzsünüz. Çətin deyilmi?

– Qətiyyən! Sevdiyim sənətlə məşğulam. Bəli, 2 teatrda işləyirəm, amma əsas iş yerim Azərbaycan Dövlət Akademik və Musiqili Teatrıdır. Kukla Teatrında dəvətli aktrisayam.

– Hansına özünüzü daha yaxın hiss edirsiniz?

– Təbii ki, Musiqili Teatr. Mən dünyanın hər yerində işləyərəm, ancaq doğma məkanım buradır. Əks halda, orda baş verənlər mənə bu qədər toxunmazdı. Deyərdim ki, əşi, nəyimə lazımdı? Əsas odur ki, maaş karta köçsün. Amma ora xəyallarımın teatrıdır. Hətta məktəbli olarkən, hələ onda teatr təmirdə deyildi, amma nədənsə özümü səhnədə təsəvvür edəndə məhz indiki səhnədə görürdüm. Sonradan III kursda ilk dəfə o səhnəyə çıxanda şok olmuşdum.


– İlk dəfə səhnəyə çıxdığınız anları necə xatırlayırsınız?

– 17 yaşımdan teatrda işləyirəm. Hələ universitetə qəbul olunmamışdan əvvəl. Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləyirdim. O yaşından artıq Cəlil Məmmədquluzadənin “Ölülər”, Əli Əmirlinin “Xoşbəxt gün” tamaşalarında oynayırdım. “Ölülər”də Nazlını oynayırdım. Bunu həmişə fəxrlə demişəm. İlk dəfə bir aktrisa kimi orda kəşf olunmuşam. I kursda kurs rəhbərim Yaşar Nuri idi. Sonradan səhhəti ilə əlaqədar uzaqlaşdı. İlham Namiq Kamal bizi birtəhər kursun axırına qədər gətirdi. II kursdan artıq Hacıbaba Bağırov və Afaq Bəşirqızı kursumuzu götürdü və bizə mənəvi ata və ana oldular. Hər dəfə Afaq xanım deyirdi ki, gəl “Muzkomediya” ya. Deyirdim ki, qorxuram. Bizdə Gənclər Teatrında balaca bir kollektiv idi. Rafael idi, Coşqun idi. Sənubər İsgəndərli də o teatrdan çıxıb. Bu gün gündəmdə olanların əksəriyyəti ordan çıxıb. Qorxurdum ki, böyük kollektivlə bacarmaram. Xoru, orkestri, baleti... İntriqalar filan olar. Artıq III kursda Afaq xanım dedi ki, gələcəksən, dedim, baş üstə. Beləcə Musiqili Teatra gəldim və nə yaxşı ki gəldim.

– Biz tamaşalara gələndə bitişdə alqışlayırıq. Sonra pərdə bağlanır. Bir də onun pərdəarxası var. Bəzən deyirlər ki, əvvəllər belə deyildi. Ancaq araşdırdıqca görürük ki, əvvəllər də belə intriqalar və vədlərə xilaf çıxmalar olub. Siz də eyni problemlə üzləşənlərdənsiniz. İstəyərdim ki, elə bunun ətrafında danışaq. Hadisə necə başladı və indi hansı vəziyyətdədir? Narazı olduğunuz məqamlar hansılardır?

– Narazı olduğum məqam hər şeydən əvvəl diqqətdən kənarda qalmaqdır. Əliqismət Lalayev 16 ildir ki, direktordur. Deyə bilərsiniz, əvvəllər nəyə görə danışmırdın? Onda gənc idim. Danışmağa ixtiyarım yox idi. Bu gün isə 25 illik təcrübəmlə danışa bilərəm. Biz orta nəsil sayılırıq. Gördüm ki, biz yenə də kölgədə qalmışıq. Gənc nəsil gəlir, onlara diqqət olur. Susduqca da susursan, elə bilirlər ki, belə də olmalıdır. Dəyişən isə heç nə olmadı, amma ən azından sözümü dedim. Hətta bir dəfə bir saytdan müsahibənin linkini atıb dedilər ki, hə, nə oldu? Bunu istəyirdin?

– Bu yaxınlarda aktrisa Zülfiyyə Qurbanova da həmkarlarının arasında birlik olmadığını yazmışdı. Çıxışınız həmkarlarınız tərəfindən necə qarşılandı?

– Təbii ki, həmkarlarım “Niyə belə eləmisən?” demir. Çünki hamımız eyni dərddəyik. Sadəcə insan var cəsarətlidir, insan var deyil. Mən inqilabçı deyiləm ki, deyim ki, haydı, hər kəs ardımca. Sadəcə haqqımı tələb edirəm. O ki qaldı digərlərinə, hamının dili də var, dilçəyi də. Birliyə gəlincə, bizim kollektiv kimi bir olanı yoxdu. Hələ o vaxtdan, Xanım Qafarovanın çox tanındığı dövrlərdə, ilk gündən Hacıbaba Bağırov məni Xanım Qafarova ilə rollarda dublyor saldırdı. Ancaq o demədi ki, xeyir ola, mən əsas aktrisayam, bu təzə gəlib. Günü bu gün də bizdə belə davalar olmur. “Mən dəyərəm min cavana” tamaşasında Afaq xanımın rolunu oynayandan əvvəl İbad müəllimin qızı rolunda idim. Mənə Afaq xanımın rolu veriləndə gənc aktrisa gəldi, ona da mənim rolumu verdilər. Köməkləşib improvizələrimi onun üçün yazdırmışdım. Bizdə hər zaman bir-birinə kömək olub. Bircə haqq tapdalanmaları olmasa, yaxşı olacaq. Növbə ilə alınsa idi, nə gözəl olardı...

– Çıxışınızdan sonra rəhbərlik hansı addımları atdı?

– Heç bir addım, heç bir reaksiya olmadı. Elə bil ki, belə də olmalıdır. Xasiyyətim belədir, bir sözü ki adamın üzünə deyə bilməyəcəm, heç vaxt dalıyca demirəm. Dəfələrlə onunla bu haqda danışmışıq. Sözümü onun üzünə demişəm. Məndən eşitdiyi sözlər idi, saytlarda çıxdı.

– Onda əvvəllər də belə çıxışlarınız olub.

– Bəli. Bununla bağlı rəhbərliklə də söhbətim olub. Bir neçə ay öncə bu səpkidə müsahibəm də getmişdi.

– Teatrda sizdən başqa da etiraz eləyənlər olubmu?

– Onsuz da hər il ad mövzusu gələndə mütləq gileylənənlər olur. Bu, təbiidir. Hər kəs layiq olduğu qiyməti almaq istəyir. Yenə də deyirəm, növbə ilə olsaydı, heç belə söhbətlər də olmazdı.

– 1998-ci ildən teatrda işləyirsiniz. O vaxtdan bu vaxta nələr dəyişib?

– İndi teatrlara daha çox diqqət var. Şərait daha gözəldir. Gənclər Teatrına işə düzələndə tavan qırıq idi, yağış yağan kimi döşəmə su içində olurdu. Camaat qalın paltarlarda tamaşaya baxırdı. Biz də nazik paltarlarla oynayırdıq. Bu gün o problemlər yoxdur. O dövrlərdə gətirdiyimiz paltarları geyinirdik.

– Kinoda ilk işiniz “Hərənin öz payı+tayı” olub. Kinoya gəlişiniz necə oldu?

– Biz Gənclər Teatrında Rafael İsgəndərov və Coşqun Rəhimovla bir yerdə işləyirdik. Onlar da o filmdə oynayırdılar. “Çiçək” obrazı axtarılanda məni təklif eləmişdilər. Həmin vaxt artıq Musiqili Teatrda işləyirdim.

– Son olaraq Səidə Haqverdiyevanın “Köhnə çamadanlar” filmində oynamısınız. Bundan əvvəl də Səidə xanımın “Ər quyusu” filmində oynamışdınız, ancaq orda komik rolda idiniz. Ümumiyyətlə, sizi daha çox komik rollarda görmüşük. Birdən-birə belə bir dramatik rol təklifi gələndə reaksiyanız necə oldu?

– Gənclər Teatrında xeyli dramatik rolum olub. Əli Əmirlinin “Xoşbəxt gün” əsərində taleyi qırılmış bir qızı oynamışdım. Teatrda təcrübəm olub, ancaq filmdə yox. Belə bir rolun təklifi gələndə Səidə xanıma dedim ki, risk eləyirsiniz, çünki tamaşaçı məni komik rollarımla tanıyır. Hərçənd ki, “Solğun çiçəklər” əsəri əsasında qoyulan “Solğun sevgilər” tamaşasında Gülnisəni oynamışam. Orda da mənfi obrazda idim. Ancaq kinoda belə tanınmıram. Birdən xələl gətirərəm. Mövzu da həssas idi. Ancaq o, mənə inandı.

– Hər bir aktyorun rola hazırlıq mərhələsi var. Siz necə hazırlaşdınız?

– Allah düşmənə lənət eləsin. Bu, bizim qanayan yaramızdır deyə rola xüsusi hazırlaşmağa ehtiyac yox idi. Mən filmdə danışmıram. Sözüm yoxdu.

– Əslində, o daha çətindir.

– Çox çətin idi. Səhərə qədər əsirlərin saxlandığı yeri çəkmişdik. Səhəri necə açdığımızı bilmədik. Yorulanda utanırdıq. Soyuq olanda deyə bilmirdik ki, bizə soyuqdur. Həmvətənlərimiz Xocalıda bundan betərini yaşamışdılar.

– Kamera arxasına baxanda da fikir verdim, bəzi səhnələrdə hədsiz dramatik məqamlar yaşanıb.

– Biz, həqiqətən, o hissləri yaşayırdıq. Belə bir yer vardı orda; başımı taxtaya vururam. Özümdən asılı olmadan eləmişdim. Bir var improvizə eləyəsən, bir də var, onu yaşayasan. Mən öz etirazımı belə verdim. Hönkür-hönkür ağlayırdım. Xocalı düşərgəsində olmuşam. Sakinlərlə söhbətlər eləmişəm. Bizim təsəvvür belə edə bilmədiklərimizi onlar yaşayıb.

– Belə bir roldan çıxmaq çətin olmadı?

– Yox, olmadı. Düzdür, insan bir müddət onun təsiri altında olur. Depressiya halları yaşanır. Məndə də olmuşdu. Ancaq daha çox komediya oynayıram deyə, bu, mənə kömək oldu.

– Film xeyli məşhurlaşdı. Paytaxtdan kənarda da göstərildi. Tamaşaçıların reaksiyası necə idi?

– Axırıncı dəfə Naxçıvanda idik. Zaldakıların çoxu gənc idi. Biz də ortada əyləşmişdik. Tamaşalarda tamaşaçıların reaksiyasını görə bilmirəm. Ancaq filmdə sən həm oyununu izləyə bilirsən, həm də tamaşaçıların reaksiyasını görürsən. Onların ağlamağı normal idi. Hamımızın gördüyü, yaşadığı tarixdir. Amma Naxçıvanda sonda tamaşaçılar bizə tərəf çevrilib hamımızı alqışladılar. İlk dəfə idi belə bir şey görürdüm. O qədər qürurverici idi...


– Həm səhnədə, həm kino setlərində, həm də müxtəlif verilişlərdə olursunuz. Bunların hansında daha rahatsınız?

– Teatr, teatr, teartr... Səhnədə olanda elə bilirəm dünya mənimdir. Bəlkə də bu pafoslu səslənəcək. Ancaq işini sevən aktyorlar anlayır mən nə demək istəyirəm. Bu, sözlə ifadə olunmayan bir hissdir.

– Hər bir aktyorun, aktrisanın arzusunda olduğu, “kaş ki, oynaya bilsəydim” dediyi bir rol var. Sizdə hansıdır?

– Müzikl... Çünki həm rəqsi bacarıram, həm də vokal səsim var. Çox istəyərdim ki, müzikl qoyulsun, oynayım. Teatrımızda bunun üçün hər şərait var. Xorumuz, orkestrimiz, baletimiz, səhnəmiz... Qoyun da... Mənim davam budur. Həmişə demişəm ki, verin, oynayaq, nə vaxt oynayacağıq?


– Aktrisalıq qabiliyyətiniz ta uşaqlıqdan kəşf olunub. Bəs səsiniz necə?

– Möcüzə idi. 17 yaşına qədər bilmirdim səsim var. Gənclər Teatrında işləyəndə imtahana hazırlıq vaxtı ustadım Hüseynağa Atakişiyev otağına çağırıb dedi ki, hansı fakültəyə verəcəksən? Dedim, dram-kinoya. Çünki orda hamı oranı qurtarmışdı. Soruşdu ki, səsin var? Dedim, bilmirəm, müəllim. Fortepianoda ifa elədim. Zəng elədi bəstəkar Sərdar Fərəcova. Dedi, bir qızımız var, ora gələcək, yoxlayarsınız. Tofiq Quliyevin “Qızıl üzük” mahnısını hazırladım. Gedib oxuyub gəldim. Səhər nəticəni soruşdu, dedim, bilmirəm. Təzədən Sərdar Fərəcova zəng vurdu. Danışıb dedi, qızım, sən sənədlərini musiqili teatr fakültəsinə ver. O qədər pis oldum. Fikiləşdim, yəqin istedadım azdır. Çünki mənim nəzərimdə dram-kino daha yüksək idi. Sən demə, musiqili teatr həm aktyorluq tələb eləyir, həm rəqs, həm də səs. Onda bildim ki, vokal səsim var. İlk vokal müəllimim də Yaşar Səfərov, sonra Tamilla Əhmədova, sonda da Nərgiz Kərimova oldu.

- Musiqili Teatrdakı ilk rolunuzu necə xatırlayırsınız? Səhnəyə çıxdığınız anları...

– İnanırsınız yadımda deyil... Birdən-birə o qədər rollar verdilər ki...

– Hansı tamaşa idi?

– Yadımda deyil. Çünki ilk gündən Xanım Qafarovaya məni dublyor verdilər. Birdən-birə bir neçə tamaşanın məşqinə başladım. Sonra da ard-arda oynamağa başladıq. Kiçik rolum olmayıb. Mənə toxunan da budur. Gənclər Teatrında kiçik rollarım olub, amma Musiqili Teatra gələndən əsas rolları oynamışam. Ən kiçik rolum olub “Mən dəyərəm min cavana” tamaşasında İbadın qızı. O da elə bir rol idi ki, gəlirdi, 3 dəqiqənin içində partladırdı gedirdi. Daima yüklü rollar oynamışam. Ancaq o yükdən bu gün heç nə qalmayıb.

– Unuda bilmədiyiniz tamaşa olubmu?

– “Arşın mal alan”. Onu biz 1 ilə hazırladıq, çünki dekorları çox çətin idi. 1 il məşq elədik. Telli obrazı artıq beyinlərə həkk olunmuşdu. Böyük sənətkarlarımız yüksək səviyyədə oynamışdılar o rolu. İstəyirdim ki, onlara bənzəməyim. Artıq bir şablon yaranmışdı ki, Telli belə olmalıdır. Hətta rejissorumuz Elvin Mirzoyevə dedim ki, mən texniki oynayacam, hələ rolumu tapmamışam. Arayıb-axtardım, qərara gəldim ki, mənim Tellim 13 yaşında uşaqdır. Düşündüm, əgər onda qızlar 14-15 yaşında ailə qururdularsa, 18-19 yaşlarında artıq evdə qalmış sayılırdılar. Asiya və Gülçöhrə də əmiqızıdırlar. Telli də bunlarla birgə oynayırsa, deməli, onun da hardasa 13 yaşı var. Nəyə görə Telli hər dəfə Soltan bəydən qorxur? Asiya qardaşı qızıdır. Gülçöhrə doğma qızıdır. Yad olan bir Tellidir. Deyir axı hər dəfə, evlənmək istəyirəm, sonra da deyir ki, gəl, böyürümü basdır, belimi ov. Hər dəfə də əl atır ona. Ona görə uşaq hər dəfə deyir ki, Ay Allah, ağam yenə çağıracaq. O qədər bezir, deyir, bir Allah bəndəsi olsun, gəlsin məni aparsın. Beləliklə də digər Tellilərdən mənim obrazım fərqləndi. O qədər yorulurduq məşqlərdə. Gecə-gündüz məşq eləyirdik. Bax, o günlər üçün darıxıram. Bir dəfə o qədər yorulmuşdum ki, məşqdən sonra dekorasiyanın arxasında hönkür-hönkür ağladım.

– Qarşılığı necə oldu tamaşanın?

– Çox uğurlu oldu. Təəssüf ki, bu gün oynanılmır o tamaşa. Çünki dekorasiyası köhnəldi. Bilmirəm imkan yoxdur o dekorasiyanı dəyişməyə, ya istək. Mən dekorsuz da oynayaram. Elə idi ki, 20 il sonra da qurulsa, biz yenə də oynaya bilərik. Pandemiyadan sonra heç ehtiyac olmadı məşq eləməyə.

– Hər sənətçinin kariyerasında xüsusi çəkisi olan rollar olur. Məsələn, Şah Qacar, Hamlet və. Sizdə hansı olub?

– İlk rolum “Ölülər”də Nazlı rolu olub. İlk dəfə tamaşaçı qarşısına çıxmışam. Ondan sonra anam mənə inandı, işimi davam etdirməyimə icazə verdi. Sonra da təbii ki, Musiqili Teatrdakı bir çox tamaşalar. “İddialı qaraçı” tamaşası vardı. Rəqs eləyə-eləyə oxuyurduq. O günlər üçün çox darıxıram.

– İndi yoxdur?

– O tamaşa yoxdur.

– İndi diqqətinizi çəkən hansı tamaşalar var?

– Sevdiklərim var. Məsələn, “Molla Nəsrəddin”. Orda potensialımı göstərə bilirəm. “Mən dəyərəm min cavana”nı çox sevirəm.

– Uzun illərdir ki, televiziyadasınız. Ordan ilk təklif necə gəldi?

– “Hərənin öz payı+tayı”ında məni görüb “Soy production” a çağırdılar. Getdim. Dedilər ki, sizi filmdə görmüşük. İstəyirik sınayaq. Obrazın adı “Keyxanım”dır. “Toppuş bacı”nın baldızısınız. Beləcə başladıq.

– Çıxışlarınızın birində demisiniz ki, “3 bacı”dan sonra Tünzalə xanımla “Əntiqə rəfiqələr”i çəkmisiniz. Maliyyə problemləri ilə rastlaşmısınız. Həmin dövrləri necə xatırlayırsınız?

– “3 bacı” bitəndən sonra Tünzalənin yaradıcılığında boşluq yarandı. Həmin vaxt teatrda işləyirdim. “Zəhmətkeş ulduzlar” a gedirdim. Bir gün dedi ki, Ulya... Həmişə elə deyirdi. Dünən də səsi qulağıma gəlib... (kövrəlir) Çox darıxıram... Dedi, istəyirəm belə səhnəciklər eləyək. Razılaşdım. Görüşdük. Fikirləşdik ki, adını nə qoyaq? Dedim, elə “Əntiqə rəfiqələr” olsun. Birinin adı Əntiqə, o birinin Rəfiqə. Sponsor yox idi. Space kanalında yayımlanırdı. Azca pul tapırdıq, ancaq sevdiymiz işlə məşğul idik. Bütün tərəf müqabillərimə hörmətim var, ancaq Tünzalə kimi məni duyan olmayıb. O, ruh əkizim idi. Bu gün deyirəm, gülürəm, ancaq elə insanlar var ki, sənin həyatından çıxmır və heç vaxt da çıxmayacaq. O ərəfədə Tünzalə hamilə idi, qızını gözləyirdi. Son vaxtlar çətin idi ona. Özü də dolu idi, uşaq da ağırlıq verirdi. Dalıyca stul gəzdirirdim. Harda imkan olurdusa, stulu qoyurdum ki, otur. Son səhnələrə baxsanız, görərsiniz ki, mən hərəkət eləyirəm, o oturub, tərpənmir.

– Soyadınızdan dolayı mən həmişə sizi bacı bilmişəm. Ən çox hansı xüsusiyyətlərini sevirdiniz?

– Hər şeyini... İnanırsınız Tünzalə rəhmətə getmişdi, gecə məsciddə qaldı. (Doluxsunur) Mən qalmaq istəyəndə dedilər ki, müəyyən saatdan sonra məscid bağlanır, məcbur olub evə gəldim. Evləri çox balaca idi, biz yerləşməyəcəkdik ora, ona görə məsciddə qaldı. Lift də balaca idi. 8-ci mərtəbəyə onu qaldırmaq olmayacaqdı. Gəldim evə. Səhərə qədər yatmadıq. Ha istədim Tünzalə ilə bağlı incik bir məqamı xatırlayım, bu qədər əzab verməsin mənə. Yox idi. Mən onlarla tanış olanda artıq yetərincə tanınırdılar, ancaq heç vaxt o münasibəti görmədim.

– Xəstəliyi ərəfəsində müxtəlif kanallara çıxırdı. Biz onun vəziyyətinin ağırlığını görürdük. Təbii ki, siz daha yaxın olmusunuz. Həmin dövrləri necə keçirdi?

– O qədər güclü qadın idi... Çoxları onu qınayırdı ki, özündən yaşca kiçik biri ilə evlənib. Ancaq o evə gedib-gələnlər bilirlər ki, onların arasında necə sevgi var idi. Bu gün də davam eləyir. Bayaq qızı Zəhra ilə Kukla Teatrında idi. Kukla Teatrının nəzdində “Oyuq” studiyası var. Hər həftə sonu uşaq ora gəlir. Çox istedadlıdır. Siz görəsiniz o uşağa necə baxır. Qınayanlar Tünzalənin ağır günlərində harada idi? Dərman da içmirdi ki, mən bu ağrını çəkəcəm. Deyirdilər, özünü reklam eləyir.

– Bu yaxınlarda həyatınızda daha bir faciə baş verdi. Baş verən qəzada Oqtay Əliyev vəfat etdi. Həmin dövrlərdə siz də Dilarə xanımın yanında idiniz.

– Çox dəhşətli idi. Bu, ailəmizin faciəsidir. Çünki biz şirkət yox, ailə idik. Həmin gün Kukla Teatrında tamaşada idim. Oynadım, çıxdım. Bir gün qabaq da rayondan gəlmişdik, tədbirdə idik. Mətbuatdan zəng vurdular ki, eşitmişik Dilarə xanım qəzaya uğrayıb. Dedim, nə danışırsınız? Gözləyin, öyrənib xəbər verəcəm sizə. Tünzalədən sonra saytlardan zəng gələndə ürəyim qırılır. Nə qədər yığdım, Dilarə götürmədi. Sonra yığdılar ki, deyirlər Oqtay müəllim ölüb. Dedim, ola bilməz. Bilirəm ki, Oqtay müəllim necə səliqəli maşın sürür. Çəkilişlərə dəfələrlə birgə getmişik. Birdən ağlıma gəldi ki, Vüsal - Dilarə xanımın qardaşı bilər. Dedi, mən indi Mehriban xanımla Sumqayıtda travmatologiyadayam. Dilarə qəza yerində qalmışdı. Dedim, narahat olma, gedirəm ora. Xuraman yığdı ki, gedirəm hadisə yerinə. Sonra dedi, Dilarə orda yoxdu. Yığdım Vüsala, dedi, bilmirəm, başımı itirmişəm. Elə biz çatana yaxın Dilarəni gətiriblər ora. Onda bilmirdi Oqtay müəllim ölüb. Yanına buraxmırdılar. Sonra həkimlərdən biri deyib ki, Allah səbir versin. Gedib gördüm ki, Dilarə ölür. Şoka düşmüşdü.


– Ülviyyə xanım, dəfələrlə şahidi olmuşam ki, azyaşlı uşaqlar valideynlərinin əsl valideynləri olduğunu bilməyəndə ağır travmalar yaşayırlar. Sizə 13 yaşınızda “Sənin valideynlərin onlar deyil, başqalarıdır” deyəndə hansı hisslər keçirdiniz?

– Mənim 2 anam, 2 atam var. Birinin övladı olmayıb. Məni 40 günlüyümdə ad eləyib. 2 gün orda olmuşam, 2 gün burda. 2 ev arasında böyüyürdüm. Ağlım kəsəndən vəziyyəti bilirdim. Onlara da “ana-ata” deyirdim, öz valideynlərimə də. İkinci atam, yəni bioloji olaraq yox, ancaq ruhən, mənən doğma olan atam rəhmətə gedəndə 13 yaşım vardı. Mənə zəng eləyib deyəndə ki, onlar sənin valideynlərin deyil, get, valideynlərini axtar, 10 il depressiyada yaşadım. Hər gecə ağlayırdım. Kaş ki, o insan bu yazını oxuya və bilə ki, nə boyda günahın altına girib. Nə vaxtsa, Allah o insanla məni qarşılaşdırsın, onun sadəcə gözünün içinə baxacam, başqa heç nə. Ondan əvvəl filmlərə baxırdım, uşaqlar valideynlərinin onlar olmadığını öyrənib özlərinə qəsd edirdilər, deyirdim ki, heç dəxli var? Əsas odur ki, səni kim böyüdüb. Amma öz başıma gələndə... Nə yaxşı mən bilmişəm. Bilə-bilə hər gecə ağlayırdım. Öz-özümə deyirdim ki, Ülviyyə, sən ki bunu bilirdin. Burda nə var ki? Ancaq hisslərimə hakim ola bilmirdim. İçimdə elə bil dinamit partlamışdı. Əminəm, bilməsəydim, indi sizinlə bu söhbəti eləməzdim.

– Həmin adamla sonradan qarşılaşmadınız?

– Yox. Çox təəssüf ki, yox.

– Ailə üzvünüz deyildi?

– Ailə üzvü idi, ancaq sonradan əlaqəmiz kəsildi. Burdan övladlığa götürən valideynlərə səslənirəm, mütləq deyin. Deyilməyəndə ən doğma insanından xəyanət görmüş olursan. Mən də ən doğma insanımdan xəyanət gördüm.

– Sizdə özünəqəsd halları oldumu?

– Yox. Ancaq bilməsəydim, eləyə bilərdim. Əvvəldən bilməyim, həyatımı xilas elədi.

– Sizcə, dünyaya gətirənmi, böyüdənmi?

– Tez-tez soruşurlar ki, hansıları daha çox sevirsiniz? Dünyanın ən xoşbəxt bəndəsiyəm ki, Allah mənə iki ana, iki ata verib. Dördünün də sevgisini almışam. Hərdən deyirəm, bəlkə, ona görə istedadlı olmuşam. Dörd valideynin qayğısı ilə böyümüşəm. Həmişə yanımda olublar.

– İstəyədim kinoya qayıdaq. “Ər quyusu” filminiz tamaşaçılar və tənqidçilər tərəfindən müsbət qarşılanmadı.

– Birincisi, “Ər quyusu” Səidə xanımın diplom tamaşası idi. Sankt-Peterburqda rejissorluğu bitirirdi. İkincisi, əgər bu gün mən sosial şəbəkələrdə canlı açanda rəy bölməsində “Hərənin öz payır+tayı”nda Çiçək və “Ər quyusu” yazılırsa, deməli, tamaşaçılar bu filmi izləyirlər. Birinci dəfə Youtube-yə yüklənəndə bir milyon adam baxmışdı. Sağ olsun “yaxşı” insanlar, o kanalı yandırmışdılar, yenidən açıldı və yetərincə izləyicisi var. O film çəkiləndə Səidə xanıma demişdim ki, bu film sonradan xatırlanacaq. Çoxları o filmə baxandan sonra dedilər ki, elə bil evimizə kamera qoyublar. Bu gün mən çox komediyaya çəkilirəm, ancaq adlarını çəkmirəm. Çünki onlar mövsümi filmlərdir, ancaq “Ər quyusu” qalacaq.

Bu yaxınlarda “Kinomuz” adlı bir verilişdən gəlib müsahibə alıblar. Bu da artıq qeyri-peşəkarlığın göstəricisidir. Nəyə görə? Əgər sən bir filmi müzakirə eləyib tənqid eləmək istəyirsənsə, aktyorlardan niyə müsahibə alırsan? Otur, analiz elə. Əgər analiz eləyirsənsə, bizdən niyə müsahibə götürürsən? Yazmışdı ki, 90-cı illərin zarafatlarının heç yeri yox idi. Ona demək lazım idi ki, film 90-cı illərdə gedir. Ən azından, geyimlərdən bəllidir. O illərdə XXI əsrin zarafatlarını eləyə bilməzdim ki. Ona görə retro anekdotlar var. Hətta filmdə uşaqlıq paltarlarımdan istifadə olunub. Orda “Oyuq” uşaq teatrının heyəti çəkilib. Bacım qızı da orda olub. Mənim də, uşağın da qulağında bacımla ikimizin uşaqlıq sırğaları var. Toy paltarları anamın tikdiyi paltarlar idi.

– Sizi daha çox “Keyxanım” obrazı ilə tanıyırlar. O obrazı tamaşaçıya nə sevdirdi?

– İnanın ki, bu gün elə layihələr yoxdur. Çünki biz xalqdan biri idik. Pafoslu deyildik. İnsanların ürəyindəki sözləri orda deyirdik. Bu gün o layihələrin oxşarları çəkilsə də, o effekti vermir.

– Bir komediya aktrisası olaraq sevə-sevə izlədiyiniz komediya aktrisaları hansılardır?

– Əlbəttə. Nəsibə Zeynalovamız var bizim. Hələ Afaq Bəşirqızı, Fatma Mahmudova. “Bankir adaxlı” tamaşasında onların bir səhnəsi vardı. İllərlə o tamaşanı oynasaq da, o an gələndə əlimdəki tabağı ağzıma tuturdum ki, tamaşaçı güldüyümü görməsin. Bu gün də belə aktyorlarımız, aktrisalarımız var. Aktyoru aktyor eləyən rejissor və ssenaridir. Ona görə deyirəm, çox istəyirəm ki, yenə də bu cür kefiyyətli tamaşalarımız olsun.

– Olmur?

– Mənə görə yox.

– İndiki tamaşalarda sizi qane eləməyən nədir?

– İstəyirəm elə tamaşa olsun ki, həm səs, həm rəqs, həm də aktrisalıq bacarıqlarımı göstərim. Söhbət tək komediyadan getmir. Dram potensialım da var. Bəs nə vaxt özümü göstərəcəm? Sonra deyəcəklər ki, qocalıb. Bu dəqiqə elə bir yaşdayam ki, böyük təcrübəm var. Sadəcə o imkanı tanımaq lazımdır.

– Özünüzə qarşı haqsızlığı ilk dəfə nə vaxt hiss eləməyə başladınız?

– Haqsız yerə kateqoriyamı aşağı salanda. Məşqə gəlməməyi bəhanə elədilər. Halbuki dublyor var idi. Keçən dəfə oxuyuram, bir aktyor məşqə gəlmədiyinə görə töhmət veriblər, amma mən gəlmədiyimə görə kateqoriyamı aşağı saldılar.

– Sizinlə niyə belə davrandılar?

– Özündən soruşmaq lazımdır. Deyirlər niyə danışırsan? Bu qədər dözdüm, susdum. Bir kəlimə demədən ərizə yazıb çıxdım. 2 il sonra dəvət elədilər. O müddətdə “3 bacı”ya çəkildim. Başqa layihələr oldu. Yenə də sənətdən uzaq qalmadım. Qayıdanda dedilər ki, sən istedadlısan, ad lazımdır sənə. İllər sonra dedim, bəs ad demişdiniz. Dedilər ki, sən hələ gözlə, səndən sonra gələnlər var. Dövlət tərəfindən verilən ad, mükafat sənətçinin haqqıdır. Cibindən vermirsən ki. Sən təqdimatını yaz. Mən görəndə ki, 2-3 il işləyənlər aldı, susa bilmədim. Dedim ki, niyə?

– Sadəcə mətbuata danışmısınız, yoxsa rəhbərliyə də bildirmisiniz?

– Yox, dəfələrlə bu söhbət olub. Rolla bağlı məsələlər danışılıb. Demişəm ki, nolar, normal bir əsər qoyun, oyanayaq. Deyirdi ki, əsər gətirin. Mən niyə əsər gətirim? Bədii şuramız, ədəbi hissəmiz hardadır bəs? Yaxşı, təzə əsər qoymursunuz, heç olmasa, köhnələri qaytarın. Yenə də susdular. Mən yaradıcılıq davası eləyirəm. Heç yerdən səhnədən aldığım zövqü almıram. Pandemiyadan sonra deyirdim ki, İlahi, teatra qayıdaq, səhnəni öpəcəm. İlk tamaşa günü pərdələr açılmazdan əvvəl əyilib səhnəni öpdüm.

– Bizdə məcbur eləyirlər ki, özün deyəsən.

– Əslində, heç vaxt bu söhbətləri deməzdim. Bura doğma evimdir. Kim istəyər ki, evindən söz çıxsın?
Efirə gedirsən, səni “Əməkdar artist” kimi təqdim eləyirlər. Astadan deyirsən ki, Əməkdar artist deyiləm. Sonra yenidən təqdim eləyirlər.

– Bəzən oxuyuruq ki, aktyorlar əzizini, doğmasını itirəndən və ya hansısa pis hadisə olandan sonra səhnəyə çıxıblar. Sizdə bu hallar olubmu?

– Deyəcəkdim “Çox şükür”, amma olub. Tünzalə rəhmətə gedəndə burda tamaşa oynayırdım. ”Qırmızıpapaq” tamaşası idi. 15 dəqiqə idi başlamışdıq, saytlardan zəng gəlməyə başladı. Dedim, bəsdirin, hər dəfə deyirsiniz ki, Tünzalə rəhmətə gedib. Belə şey yoxdur. Onun yanına gedəcəkdim. Bacısı şəkillər göndərmişdi ki, durub, vəziyyəti yaxşıdır. Dedim, onda sabah gələrəm. İçim əsirdi. Kimə yığıram, götürmür. Tamaşada da səhnəm başlayır. Birdən Onkologiyada işləyən qohumum dedi hər şeyi... Təsəvvür eləyin halımı... Kukla əlimdə dayanmışam. Vaxtım da çatır. Sağ olsun Emma xanım. Dedi, istəyirsən mən geyinib çıxım. Dedim, yox, rəhbərlik fikirləşər ki, bu nə özbaşınalıqdır. Təsəvvür eləyin, orda böyük kukladır. Maskanı köməkçi aktrisa Emma xanım tutur, əllər və bədən mənimdir. Çıxdım səhnəyə. Tamaşaçı görür ki, oynayıram, amma bu tərəfdən də hönkürürəm. Bəxtimdən tamaşaçı bunu görmür. Tamaşa qurtaran kimi tez qaçdım müdiriyyətin otağına. Sağ olsunlar, şərait yaratdılar, 3 tamaşanı Emma xanım oynadı.

– Teatr canlı sənətdir. Bəzən səhnədə istənməyən situasiyalar olur. Sizdə belə hallar olubmu?

– Çoxdur. O qədər olub ki... Canlı sənətdir, hər şey ola bilər. Bir dəfə Novruz bayramı ilə bağlı Cırtdan şou göstərilirdi. Birdən pərdə örtüldü, monitor qalxmadı. Proqram atdı. Sonda Cırtdan deməlidir ki, gəlin tonqalı yandıraq. Tonqal da monitorda olmalıdır. Neçə minlik zal, uşaqlar, səs-küy... Biz də mikrofonlayıq. Sən demə, orda deyirlər ki, monitor açılmayıb. Gözümün ucu ilə baxdım ki, monitor bağlıdır. Cırtdan deyir, gəlin tonqalı yandıraq. Dedim, Cırtdan, dayan, buraları yandırarsan. (gülür) Gəlin, Yallı gedək. Beləcə vəziyyətdən çıxmışdım.

– Bu qədər itkilər yaşamısınız. Ən böyük peşmanlığınız nə olub?

– Belə peşmanlığım olmayıb. Ancaq təəssüfləndiyim bir şey olub. Tünzalə bizdə - Musiqili Teatrda işləmək istəyirdi. Layihələri də bitmişdi. Bir dəfə müraciət eləmişdi, ancaq qəbul eləməmişdilər. Çox gözəl tamaşalar qurmaq olardı. Sağ olsun, sonradan İftixar müəllim onu İrəvan Teatrına qəbul elədi. Son günə qədər orda işlədi. O, işi ilə yaşayırdı. İşindən kənarlaşan kimi düşdü. Bir mağaza var idi. Tünzalə ordan nəsə sifariş eləmişdi. Dedi, gətirərsən onu. Dedim, problem yoxdur. Bir də nəyə heyfislənirəm, həmin gün onu Tünzaləyə çatdıranda qrip idim, yuxarı qalxmadım, ona olmazdı. Qaynanası ilə görüşdüm. Kaş ki, necəsə qalxaydım...

– Müəlliminiz Afaq xanım etirazınızı xoş qarşılamadı.

– Məni universitetə Yaşar Nuri qəbul eləmişdi. Sonra İlham Namiq Kamal gəldi. II kursdan Afaq Bəşirqızı bizim müəllimimiz oldu. Hacıbaba Bağırovla birgə bizim kurs rəhbərimiz idi deyə biz Qoçu Əsgərin keçiləri idik. O, bizə müəllim yox, ana olub. Gəlirdik, Afaq xanım hamımızı yığırdı bufetə. Yedizdirirdi, içizdirirdi, sonra düşürdük məşqə. Ona görə də mən heç vaxt onun sözünün qabağına söz demərəm. Sadəcə orda bilməyərəkdən demişdi ki, sənin əsas iş yerin Kukla Teatrıdır, get, ordan istə mükafatı. Mənim əsas iş yerim Musiqili Teatrdır. Kukla Teatrında mən dəvətli aktrisayam.

Səsyazanı söndürüb üzü teatra doğru addımlayırıq. Ülviyyə xanım ara-sıra yadına düşdükcə ürəyini boşaldır:

“Bir nəfər var idi. Adını çəkməyim. Tünzalənin cənazəsində dedi ki, bu boyda ev alınca, pulu müalicəyə verərdi. Söhbətə bax ee. Sən bilirsən Tünzalənin müalicəyə nə qədər xərci çıxıb? Niyə belə haqsız danışırsan?”

Teatrın qabağına çatırıq. Gəlib-keçən insanlara baxıram. Yayın bürküsü hamını haldan salıb:

“Mənə etirazdan sonra nələr demədilər ki... Dedilər ki, səni öyrədiblər. Sən belə deyildin. Sənə nəsə vəd eləyiblər. Belə-belə söz-söhbətlər. Mənim isə niyyətim bu sənətin inkişafı, əvvəlkı tamaşaların qayıtması, yeni tamaşaların qoyulmasıdır”.

Sağollaşıb Bakı gecələrinə doğru addımlayıram...

# 35847 dəfə oxunub

Oxşar xəbərlər

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

Opera və Balet Teatrında ilk dəfə "Nəsimi" operası

09:26 21 noyabr 2024
Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

Gənc Tamaşaçılar Teatrında "CırtdaNino" adlı yeni tamaşa

17:20 20 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıtdı

10:38 15 noyabr 2024
"Cəhənnəm sakinləri"  tamaşası Şəkidə nümayiş olundu

"Cəhənnəm sakinləri" tamaşası Şəkidə nümayiş olundu

17:40 12 noyabr 2024
Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

Kim deyir ki, Simurq quşu var imiş? - Zəhra Həşimova

17:00 12 noyabr 2024
# # #