Yandırılan, cadugər elan olunan qadın filosoflar

Yandırılan, cadugər elan olunan qadın filosoflar
27 yanvar 2014
# 12:58

Layihə-Filosof qadınlar

Antik dövrdən Orta əsrlərə keçid dövrü xristian inancına bağlı düşüncə sisteminin hegemonluğu dövrüdür. Din qavramının get-gedə gücləndiyi bu dövrdə fəlsəfənin rolu getdikcə azalıb. Bu dövrün fəlsəfəsi sxolastik fəlsəfədir.

Sxolastika (yunanca "schole" – elmi söhbət, məktəb) – dini fəlsəfə tipidir. Hərfi mənada "məktəb fəlsəfəsi" deməkdir. Orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmaq və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə onlar antik filosofların ideyalarından istifadə edirdilər. Teologiyaya üstünlük vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən çox Qərbi Avropada inkişaf etmişdir. Sxolastikanın kökləri son antik fəlsəfəsinə gedib çıxır.

Sxolastik fəlsəfəni Aristotelə bağlayır və xristian inancının məntiqi ilə bu fəlsəfəni şərh edirdilər. Bu dövrdə inkişaf etdirilən bütün fikirlər dini doqmalara əsaslanırdı. Orta əsrlərdə qadınlar yenə arxa plandadır. Qadınların skolastik fəlsəfə ilə məşğul olmaları qadağan edilsə də mistizm ilə maraqlanmağa maneçilik törətmirdilər. Mistizimə görə şəxs özünə qapanıb, Tanrıya yaxınlaşa bilər. Mistizmdə mən yoxdur, Tanrı var. Bir insan yalnız bu yolla kamilləşə bilər.

İlk qadın monastırının yaradıcısı – Bingenli Hildegard

“İnsan toza dönsə də sonradan yenidən diriləcəyi üçün hər zaman var olmağa davam edəcək, əlamətləri də hər zaman görüləcəkdir.”

Yuxarıdakı fikirlərin sahibi mistizim cərəyanının tanınmış təmsilçilərindən biri Bingenli Hildegarddır. Bingenli Hildegard 1098-ci ildə doğulub. Həyatının 30 ilini qadınlar üçün nəzərdə tutulmuş bir hücrədə keçirib. Sonradan isə rahibəlik üçün and içmişdir. Onun haqqında ən maraqlı detallardan biri, kişi monastırlarından asılı olmayan, öz müstəqil qadın monastırını qurmasıdır. Bu detal onun güclü xarakter sahibi olmasından xəbər verir.

Eyni zamanda çıxışları və ikinci monastırı qurmaq cəhdi inqilabi hərəkətlər sayıla bilər. Bingenli Hildegard “Scvias” adlı kitabında yazır: “Dünya vəhdətdədir, insan öz mənliyini inkişaf etdirməkdənsə bütövü analiz etməlidir. Dünya tanrı tərəfindən idarə olunan bir təkərdir. İnsan bu təkərin içində müvazinətini qorumalıdır və əsas məqsədi kosmos və tanrı arasındakı balansı yaratmaqdır”.

Hildegardın bu əsərdən başqa davranış haqqında qələmə aldığı “Liber Vintae Meritorium” və insan və kosmos arasındakı oxşarlıqları təhlil etdiyi “Liber Divinorum” adlı əsərləri də vardır. Hildegarda görə dünya və insan iç-içədir. Din həyatın mənasıdır. Ruh və bədən arasında bir-birini tamamlayan bağ vardır. Ruh qədər bədən də önəmlidir. İnsan yaşadığı müddətdə bədəninə də diqqət ayırmalıdır.

Tonqala atılan Marguerite Porete

Orta Əsrlər dövrünün digər qadın filosofu Marguerite Poretedir. 1255-1320-ci illərdə Fransada yaşayan bu düşüncə adamı mistik düşüncənin önəmli simalarından biri hesab edilir.

Marguerite Poretenin də həyatı olduqca maraqlıdır. Dindən çıxdığı üçün yandırılaraq edam edilib. Buna səbəb “Çılpaq ruhun güzgüsü” adlı əsərində önə sürdüyü fikirlərdir. Bu kitabda Marguerite ruhun tamam azad olması fikrini irəli sürür. Buna görə kilsəyə olan bağlardan xilas olmalı, insanla tanrı arasında əlaqə insanın öz içində olmalıdır. Bu düşüncə tərzi Orta Əsrlər üçün olduqca cəsarətli hesab olunduğu üçün cəzasının ölüm olması da labüd idi.

Christine de Pizan – cəsarətli dul

Orta əsrlərin məşhur filosof qadınlarından biri də fransız Kristina Pizankayadır. Pizanın dul olması, toplum içində onun hörmətdən düşməsinə səbəb olub. Həm bu münasibət, həm də gündəlik həyatının ağır keçməsinə baxmayaraq şeirlər, siyasi və fəlsəfi yazılar yazması onun nə dərəcədə cəsarətli və savadlı bir qadın olmasını isbat edir.

Ən vacib əsəri “Qadınlar şəhəri haqqında” adlı əsərdir. Kristina Pizankaya bu əsərində bir utopiyadan bəhs edir. İnancını itirməsə də tənqidi fikirlərini əsərində əks etdirmişdir.

Orta Əsrlərin qadın filosofları haqqında ümumi olaraq demək olar ki, hamısı güclü xarakter sahibidir. Düşüncə sistemlərində isə təbii ki, inanc və xristian düşüncəsi ön plandadır.

İntibah dövrü fəlsəfəsi və intibah dövrünün qadın filosofları

İntibah və ya Renesans - Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdir. İntibah termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, ilk dəfə indiki mənasında XIX əsr fransız tarixçisi Jül Mişle istifadə edib. Bu dövrdə elm və incəsənət inkişaf edib, elm kilsənin inhisarından xilas olub. Fəlsəfi fikir tarixində İntibah Dövrünün fəlsəfəsi mühüm yer tutur. Bu fəlsəfə ənənəvi cəmiyyətin böhranı və ilkin sənaye cəmiyyətlərinin təşəkkülü dövründə (XIV əsr –XVII əsrin əvvəli) Avropada (xüsusilə İtaliyada) kilsəyə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir. İntibah fəlsəfəsi Antik dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbiət fəlsəfəsinin nümayəndələri sxolastikaya və sxolastik aristotelçiliyə qarşı çıxırdı. Elmdəki yeni meyllər öz əksini Leonardo Da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapmışdır. Dünyanın elm, mədəniyyət və fəlsəfi fikir tarixində Leonardo Da Vinçi böyük rol oynamışdır. O. İntibah dövrünün dahi rəssamı, böyük riyaziyyatçısı və mexaniki idi. Leonardo dünya gerçəkliyinin elmi surətdə dərk edilməsini fəlsəfənin başlıca vəzifəsi hesab edirdi. O, deyirdi ki, həqiqət birdir, o da dinə deyil elmə əsaslanır.

İtalyan intibahının ən görkəmli filosofu, təbiət fəlsəfəsinin banilərindən biri də Bernardo Telezio olub. O yazırdı: “Bütün şeylər cisimdir, maddidir, hərəkət və dəyişmə bir-birinə əks olan iki fəal qüvvənin – isti və soyuğun mübarizəsi nəticəsində meydana gəlir.”

Onun fikrincə “hərəkətin mənbəyi təbiətdən kənarda deyil, təbiətin özündədir”.

İtalyan mütəfəkkiri Cordano Bruno intibah dövrünün fəlsəfi fikrini daha yüksək zirvəyə qaldırmışdır. O, “Səbəb, prinsip və vahidlər haqqında”, “Sonsuzluq, Kainat və dünyalar haqqında” əsərlərində aləmin sonsuzluğu, onun dinamik birliyi və əbədiliyi problemini qoymuşdur. Kainatın yeni materialist konsepsiyasını yaratmışdır. C.Brunonun fikrincə, kainat vahiddir, maddidir, sonsuzdur və əbədidir. O sonsuzluğu qəbul edir və eyni zamanda göstərirdi ki, kosmosdan kənar heç bir şey yoxdur. O əbədidir, Allah tərəfindən yaradılmamışdır. Cordano hərəkəti təsadüf deyil, zərurət kimi qəbul edirdi.

İntibah dövründə bir sıra təlimlər də meydana gəlmişdir. Bu təlimlərin meydana gəlməsində feodal dünyasının iqtisadi, siyasi, və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərin xüsusi rolu olmuşdur.

XVI əsrdə meydana gəlmiş utopik təlimlər, birinci növbədə, ingilis humanisti Tomas Morun və italyan monarxı-rahib Tommazo Kampanellanın adı ilə bağlıdır.

Tomas Morun fikrincə, yüksək səviyyəli hökmdarın köməyi ilə ideal cəmiyyət yaratmaq olar.

Kampanella cəmiyyətdə böyük ictimai dəyişikliklər edilməsinin zəruriliyindən danışır, yer üzərində Allahın hökmranlığını qəbul etməyi, xüsusi mülkiyyətin və istismarın ləğv edilməsini lazım bilirdi.

Fahişə və cadugər – Tulliya d’Araqona

“Xüsusi bir hədəfə doğru hərəkət edən bir şeyin bu hədəfə çatdıqdan sonra hərəkəti dayandırması və bunun sonuçda artıq hərəkət etmədiyi ilə bağlı şübhə ola bilməz. Çünki onu hərəkətə gətirən və hərəkətin hədəfi olan səbəb ortadan qalxdığı üçün məcburi olaraq təsiri də, yəni hərəkət də ortadan qalxır. Elə isə alışılmış biçimdə sevən və sevilən nəsnəyə fiziki olaraq sahib olmaqdan başqa arzusu olmayan hər kəs, arzusunda olduğu birləşməyi əldə edər, etməz hərəkət dayanır və artıq sevmir”.

Yuxarıdakı fikirlər intibah dövrünün qadın filosoflarından birinə, Tulliya d’Araqonaya aiddir.

Tulliya d’Araqona, məşhur “Eşqin sonsuzluğu haqqında” əsərində sonsuz və böyük eşq haqqında düşüncələrini dilə gətirmişdir. O, platonçu ənənənin davamçısıdır. İtaliyada yaşayan xanım filosof çox güclü təhsil alıb. Fəlsəfi çıxışları ilə tanınsa da, fahişə və cadugər kimi ittiham olunmaqdan canını qurtara bilməyib.

Qadın kişi bərabərliyindən danışan qadın filosof

İntibah dövrünün digər populyar filosof qadını Marie Le Jars de Gournaydır. 1565 – 1645-ci illər arasında yaşayan xanım filosof fəlsəfədən başqa fizika, həndəsə və tarixlə də yaxından maraqlanıb. Marie Le Jars de Gournayın həyatında dönüş nöqtəsi filosof Michel de Montaigne ilə tanış olmasıdır. Bu tanışlıqdan sonra o düşüncələrini açıq şəkildə dilə gətirməkdən çəkinməmişdir. Dilin önəmi haqqında apardığı araşdırmalar maraqlıdır. Şah əsəri sayılan “Kişilərin və qadınların bərabərliyi haqqında” əsərində kişilərin və qadınların ruhən bərabər olduğunu müdafiə edir. Nəzəriyyə və praktikanın vəhdətindən yaranan əsərlərində cəmiyyət də tənqid olunmuşdur.

İntibah dövrü qadınlar üçün bir qədər təhlükəli olsa da, azad düşüncənin yenidən ortaya çıxması baxımından önəmlidir. Bu dövrün filosof qadınları Platondan və Sokratdan təsirlənərək sxolastik düşüncə formasından azad düşüncə tərzi yarada biliblər.

İstifadə edilən mənbələr:

1. Sinem Doğan, “Düşünce dünyasının gölgede kalanları: Kadın filozoflar”, “Açık Bilim” dergisi, noyabr 2013

2. Peter Burke, “ Rönesans”, Türkiye, Babil yayınları 2007

I yazı - Daşqalaq edilən, fahişə filosoflar

# 5421 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #