1389-cu il iyunun 15-də Kosovo çölündə Balkan krallıqlarının 100 minlik birləşmiş ordusu Serbiya kralı Lazarın başçılığı altında Osmanlı sultanın 40 minlik ordusu ilə üz-üzə gəldi. Döyüşdən öncə Osman Qazinin nəvəsi Sultan Murad öz ordusu qarşısına çıxdı və əsgərlərinə müraciət etdi:
«Biz ideyamız uğuruna savaşırıq, məqsədimiz qarşımızdakılar kimi işğalçılıq deyil. Biz zülm və qanunsuzluğun hökm elədiyi ərazilərə ədalət daşıyırıq. Bizim arxamızca torpaqlara qanun, sülh, asayiş və yüksəliş gəlir. Bizim qılıncımız ədalət üçün qınından çıxır. Ona görə də Kosovo çölündə 100 minlik orduya qalib gələcəyik. Bundan əmin olun».
Öncə yeniçərilər düşmən üzərinə yürüdü. Arxasınca türk süvariləri Lazarın ordusunu qaçmağa vadar etdi. Bir neçə saat sürən döyüşdən sonra Sultan Murad döyüş meydanını gəzir, yaralılara ürək-dirək verir və onların çadırlara daşınması üçün əsgərlərə yardım edirdi.
Sultan inilti eşitdi və yerdə uzanan serb döyüşçüyə doğru əyildi. Yerdə uzanıb inildəyən «Əjdəhalar» ordeninin üzvü serb knyazı Miloş Obiliç idi. Sultan yaralıya yardım olunmasını əmr etdi. Birdən Obiliç yerindən sıçrayaraq əlindəki xəncəri sultanın sinəsinə soxdu. Yeniçərilər Obiliçi qılıncla doğradılar.
Az sonra Sultan Muradın ölümcül yaralanması xəbəri hər tərəfə yayıldı. Lazar vəziyyətdən istifadə edib ordunu topladı və türklərə öldürücü zərbə vurmaq üçün geri döndü. Sultan Muradın oğlu isə vəziyyəti Bəyazid bəyləri ilə müzakirə etdi. Vəziyyət fəlakət həddindəydi. Xristian ordusu öz gücünü qoruyub saxlamışdı.
Düşmən döyüş meydanından qaçsa da, çox cüzi itki vermişdi. Sultanın ağır yaralanması isə türk ordusunda ümidsizliyə yol açmışdı. Bəylərdən bir neçəsi təcili evə dönməyi doğru saysa da, Bəyazid bu fikirləri qətiyyətlə rədd elədi. Lazar onların arxasınca gələcək və uyğun bir yerdə Osmanlı ordusunu bitirəcəkdi.
Lazarın ordusu yaxınlıqda idi. Onlar türk ordusu üzərində möhtəşəm qələbə qazanmaq və adlarını tarixə yazmaq üçün sabahın açılmasını gözləyirdilər. Bəyazid axınçılarına hərəkət əmrini verdi. Gecə qaranlığında yeniçərilər sakitcə xristian ordusuna yaxınlaşdı.
Səhər açılanda artıq Lazarın ordusundan heç kim qurtula bilməmişdi. Qırılan qırılmış, qırılmayan əsir alınmışdı. On minlərlə əsirin içində birləşmiş ordunun komandanı serb despotu Lazar da vardı. Səhər açılanda can verən Sultan Muradın qarşısında, Bəyazid Lazarın başının kəsilməsini əmr etdi. Serb kralının qanı Sultan Muradın ayaqlarına doğru axarkən Sultan oğlunun əlindən tutub son nəfəsini verdi.
Bu döyüşdən sonra Bəyazidə İldırım adını verdilər…
Orxan Qazini qəhr edən ölüm
1362-ci ildə Orxan Qazi Bursada canını tapşıranda Anadolunun əxi təkkələri yenidən Bursada toplandı. Onlar Orxan Qazinin oğlu Murad bəyi hökmdar elan etdilər. Murad bəy bu ərəfədə Rumelində savaşırdı və atasının ölüm xəbərini alınca Bursaya gəldi.
Əslində taxtın ilkin varisi Murad bəy deyildi. Orxan Qazinin böyük oğlu Süleyman Paşa 1357-ci ildə qardaşı Muradla birlikdə kiçik bir ordu ilə Rumelinə girmişdi. Böyük sərkərdə və döyüşçü olan Süleyman Paşa ordusunu boğazdan sallarla keçirdi və Rumelinə yerləşdi. Lakin kor tale Süleyman Paşanın bir heçdən ölümünə yol açdı. Bir dəstə atlı ilə ova çıxan Süleyman Paşa atdan yıxıldı və belinin sınması nəticəsində öldü.
Bu acı xəbər Orxan Qazi çox üzdü. O, Anadolunun fəthini dayandırıb Bursaya gəldi və bir neçə il tək-tənha yaşayandan sonra dünyasını dəyişdi.
Qardaşının ölümündən sonra Rumelindəki orduya Murad bəy başçılıq etdi və bir çox şəhərləri alaraq Balkanlara doğru yönəldi.
Asilər yeni sultana qarşı
Murad bəy Bursaya gəlib taxta oturduqdan sonra səltənətin hər yerindən üsyan səsləri eşidilməyə başladı. Öncə Ankara əxiləri ayağa qalxdılar. Onlar Bursada verilən qərarla razılaşmadılar və taxta Murad bəyin böyük qardaşı İbrahimin keçməsini doğru bildilər. Ardınca Muradın Rumelindən çıxışını fürsət bilən Bizans imperatorluğu hərəkətə keçdi. Bizanslılar fəth olunan bir çox torpaqları yenidən geri aldılar. Bunun arxasınca isə yeni hökmdarın qardaşları İbbrahim və Xəlil öz qardaşlarına qarşı üsyan bayrağı qaldırdılar. Bizans imperatorunun qızı ilə nişanlı olan və ana tərəfdən daha əvvəlki Bizans imperatorunun nəvəsi olan Xəlil bizanslılarla anlaşıb qardaşının üzərinə getmək üçün ordu hazırlamağa girişdi. Və ən nəhayət Osmanıların əzəli rəqibi Qaraman bəyliyi ətrafdakı bəylikləri ətrafına toplayaraq Osmanlı səltənətinə qarşı ittifaq yaratdı.
Qardaşlarını qətlə yetirir
Yeni sultan bəyləri və mütəfəkkirləri toplayaraq onlardan məsləhət istədi. Qərara alındı ki, öncə Ankara əxiləri cəzalandırılsın.
Murad Bursa ətrafında əsgər toplayıb Ankaraya doğru yönəldi. Bu arada Bizans ordusu Çorlu, Burqaz və Malqapını yenidən işğal etdilər. Bununla Muradın 3 illik Rumeli fəthləri demək olar ki, havaya getmiş oldu. Ankaranı mühasirəyə alan Murad qısa zaman içində şəhəri alıb əxiləri bu şəhərdən qovdu. Ankarada Osmanlı ordusunun bir hissəsini qoyub qardaşı Xəlilin üzərinə yürüdü.
Böyük qardaşı İbrahim Murada qarşı savaşmaq üçün Biləcikdə Xəlillə birləşib Muradın üstünə getdi. Biləcikdə baş verən döyüş Osmanlı xanədanın ilk qardaş savaşı idi. Savaşı qazanan Murad qardaşlarını həbs elədi. Murad ona xəyanət edən qardaşlarına qarşı o qədər qəzəbli idi ki, onlara rəhm olunmasını istəyən üləmaları divandan qovmuşdu. Hər iki qardaş Sultanın gözü qarşısında fərraşlar tərəfindən boğulub öldürüldülər.
Bu qətl Osmanlı səltənəti tarixində ilk axıdılan qardaş qanı idi. Ondan sonra sultanlar qardaşlarını, atalarını, oğullarını öldürəcəkdilər. Osmanlı sarayı üçün qardaş qanının axıdılması norma hala çevriləcəkdi.
Qardaşlarını qətlə yetirməyi bəylərbəyi vəzifəsi boş qaldı. Bu vəzifəyə Osmanlı adətinə görə sultanın qardaşı otura bilərdi.
Amma qardaşlarını qətlə yetirən Sultan Murad məcburən bu vəzifəyə ən yaxın dostlarından biri olan Lələ Şahin paşanı gətirdi.
Biləcikdə qardaşlarını boğan Murad xanədanın əsas rəqibi olan Qaramanoğullarının üzərinə hücuma keçdi. Öncə Bursaya dönüb ordunu hazırladı və yol üstü bütün şəhərlərdən ləşkər toplayan Muradın ordusu Qaramana gələndə 50 mini ötmüşdü. Varsaq, tatar və türkmən bəylərinin dəstək verdiyi Qaramanoğullarının ordusu da kifayət qədər gücə sahibdi.
Döyüş həddindən artıq qanlı oldu. Zamanın ən böyük savaş strateqlərindən biri olan Murad Qaramanlı bəyini məğlub edə bildi. Qaramanı bəyi döyüş meydanından qaçsa da, Murad Alaəddin bəyi və qardaşlarını yaxaladı.
Müzəffər ordu ilə Konyaya girən Murad burda Qaraman bəyi ilə müqavilə imzaladı. Müqaviləyə əsasən özünü Səlcuqların varisi kimi təqdim edən və öz ərazisində başqa qanunlar tanımayan Qaraman bəyliyi Osmanlı səltənətinə daxil oldu. Bu müqavilə İkinci Məhmətin vaxtına qədər qüvvədə qaldı.
Qardaşlarını qətlə yetirən Murad Qarman bəyini öldürə bilmədi. Aləddin bəyi və onun qardaşlarını sadəcə bir qalada əsir saxladı. Lakin Qaramanın üsyan edəcəyini bildiyindən onları sərbəst buraxdı.
Balkanlara doğru axın
Qaramanlıları yenib Anadoluda asayişi təmin edən Murad bəy Hüdavəndigar, ya da Qazi Hunkar ünvanını aldı. Bu ünvan artıq faktiki olaraq onun sultanlığını bütün Anadolu tərəfindən qəbul olunmasının simvolu idi. Qaramandan dönən Murad Bağdada qiymətli hədiyyələr göndərib xəlifədən onun adına sultan olaraq xütbə oxunmasını istədi. Xəlifə xahişi qəbul etdi və Murad ilk Osmanı sultanı olaraq tarixə düşdü.
Anadoluda asayişi təmin edən sultan Rum elində Bizansın geri aldığı torpaqları geri almaq üçün boğazı keçdi. Bizansın aldığı torpaqları bir həmlə ilə geri qaytaran Sultan Murad Ədirnə qapılarına qədər gəldi. Burda məsləhətləşmələr aparan sultan, Lələ Şahin paşanın yeni ordu birləşmələri ilə gəlməsini gözlədi.
Osmanlı birlikləri bizans - bolqar birləşmiş qüvvələri ilə Sazlıdərədə üz-üzə gəldi. 1362-ci ildə gerçəkləşən döyüşdən sonra Ədirnə qalası Osmanlı xanədanının tərkibinə keçdi. Artıq Balkanların qapısı Osmanlı ordusunun üzünə açılmışdı. Artıq hədəf Bizans deyil, Balkan ölkələriydi. Üstəlik Rumelini tamamən fəth edib Konstantinopolu mühasirəyə alan Sultan Murad Bizans imperatorluğundan xərac alırdı.
Papa səlib yürüşü elan edir
Bizansın mühasirəyə alınması, Bolqarıstan, Serbiya, Bosniya, Macarıstan və Yunanıstan dövlətlərinin təhlükəli vəziyyətə düşməsi Avropada böyük təşviş yaratmışdı. Macar kralının müraciətinə cavab olaraq papa V Urban səlib yürüşü elan etdi. Lakin Qərbi Avropanın katolik dövlətləri provaslav Bizansa köməkdən imtina etdilər. Qərbi Avropanın özünün böyük problemləri vardı. Amansız vəba hər gün yüzlərlə insanı məzara daşıyırdı.
Buna baxmayaraq papanın çağırışı ilə Şərqi Avropa dövlətləri bir araya gələrək böyük xaçlı ordusu yığdılar. Əldə olunan anlaşmaya görə, xaçlı ordusuna macar kralı Layoş rəhbərlik edəcəkdi.
1364-cü ildə səlibçilərin ordusu Balkanlardan çıxaraq Meriç dərəsinə endi. Xaçlı ordusu Meriç çayı boyunca irəliləyərkən Sultan Murad Bursada idi. O xanədan bilginləri ilə birlikdə dövlətdə islahatlar aparır və yeni qurumlar yaradırdı.
Səlibçilərin xəbərini alan Sultan təcili Rumelinə gəlib ordunun başına keçdi. Arxasınca ordu toplayan Lələ Şahin paşa gəlirdi.
Sultan Ədirnəyə çatdıqdan sonra irəliyə kəşfiyyat dəstəsi göndərdi. Onların gətirdiyi xəbər Sultan üçün göydəndüşmə idi. Sultanın uzaqda olduğunu bilən xaçlı ordusu Meriç çayı sahilində düşərgə quraraq eyş-işrətlə məşğul imiş.
Vəziyyəti dəyərləndirən Sultan Murad çox düşünmədən qərar verdi. 1364-cü il sentyabrın 26-da Sultan Muradın ordu birliklərindən birinə başçılıq edən Hacı İl bəy sübh açılanda eyş-işrətdən yorğun düşüb yatan xaçlı ordusunun düşərgəsinə girdi.
Basqın o qədər gözlənilməz oldu ki, xaçlı ordusu əlinə silah almağa belə macal tapmadı. Minlərlə serb, bolqar, macar, bosniyalı öldürüldü, qaçanların böyük əksəriyyəti isə Meriç çayında boğuldu.
Zəfər o qədər böyük və möhtəşəm idi ki, Sultan Murad gözlərinə inana bilmirdi. O, böyük xaçlı ordusunun bu qədər asanlıqla və bu tezliklə darmadağın olunacağını ağlının ucundan belə keçirə bilmirdi. Artıq Balkan da Osmanların ayaqları altında idi.
Bolqarıstana doğru irəliləyən Osmanlı ordusu bir çox qalaları ələ keçirdi. Vəziyyəti dəyərləndirən Bolqar kralı Şişman İvan Sultana elçi göndərdi. Osmanlıların vassalı olmağı qəbul edən Şişman İvan həmçinin müqavilənin təminatı kimi bacısı Mariyanı Sultan Murada ərə verdi.
Qarşıda Serbistan vardı. Osmanlı ordularının torpaqlarına doğru irəlilədiyindən xəbər tutan serb despotu Lazar Sultan Murada böyük miqdarda vergi verməyə razı oldu. Serbistan da vassallığı qəbul etdi. Artıq Balkanların üç böyük dövləti, Bizans, Bolqarıstan və Serbistan Osmanlı xanədanının vassallığını qəbul etmişdi.
Vassal dövlətlər lazım olanda Sultan Murada ordu dəstəyi də verəcəkdilər. 1373-cü ildə üsyan edən Çandaroğulları bəyliyinə qarşı savaşda Bizans imperatoru ordu ilə Sultan Murada kömək etmişdi.
Oğlunu işgəncəylə öldürür
Sultan Muradın Balkanları fəthi 9 il çəkir. Sultan fəthləri davam etdirmək, Macarıstanı öz torpaqlarına qatmağı planlaşdırırdı. Lakin Anadoludan gələn xəbərlər Sultanı evə dönməyə məcbur etmişdi.
Qara dəniz sahilində, Kastamonuda səltənət quran Çandaroğulları bəyliyi xanədana qarşı üsyan bayrağı qaldırmışdı. Bizans imperatoru ilə birlikdə Kastamonuya girən Sultan Murad burda həyatının ən ağır xəbərini aldı. Sultan Muradın Bursadan çıxarkən taxtda əyləşdirdiyi oğlu və vəliəhdi Savcı bəy atasının əmanətinə xəyanət edərək özünü Sultan elan etmişdi. Hələ xanədan tarixində belə bir şey görülməmişdi. Onun bu şəkildə davranması hər kəsi şok vəziyyətinə salmışdı. Sultan bu xəbəri alanda qəzəbindən hər kəsi divandan qovmuş və səfəri yarımçıq buraxıb Rumelinə dönmək əmrini vermişdi. (Sultan Murad bir neçə il öncə paytaxtı Frakiyəyə köçürmüşdü).
Taxt varisi vəliəhd Savcı bəy Bizans imperatorunun varisi ilə anlaşmış və hər iki imperiyanın varisi atalarını taxtdan endirərək xanədana sahib olmağa qərar vermişdilər. Bizans imperatoru V Yanis Sultan Muraddan ayrılıb evə dönəndə oğlu tərəfindən həbs olunmuşdu və qalalardan birində saxlanırdı. Savcı bəy də atasına özünü Sultan etmiş, adına xütbə oxutdurmuşdu. Atasını həbsxanaya atan yeni Bizans imperatoru Andranik ona hərbi dəstək verəcəyinə söz vermişdi. Savcı bəy öz adına xütbə oxutduranda, Sultan Murad hələ Kastamonudan ayrılmamışdı.
Şahzadə Savsı bəyin 14 yaşı vardı və hərbi təcrübəsi yoxdu. Sultan Murad tabeliyindəki ordunu Rumelinə gətirdi. Şahzadə Savçı bəyin və bizanslı şahzadə Andranikin rəhbərlik etdiyi ordu Sultan Muradın ordusu ilə «Apikridium» deyilən ərazidə qarşılaşdı. Bir neçə saat sürən savaş nəticəsində Sultan Murad qarşısındakı ordunu darmadağın etdi. Şahzadə Savcı bəy Dimetokaya qaçdı, amma arxasınca düşən axınçılar tərəfindən yaxalanıb Sultanın hüzuruna gətirildi.
Sultanın qəzəbi yerə-göyə sığmırdı. Yeniyetmə şahzadənin bağışlanması üçün təkkə şeyxləri belə Sultana minnətçi düşsələr də, Murad oğlunun qətlə yetirilməsi əmrini verdi. 14 yaşlı yeniyetmə şahzadəyə ağır işgəncələr verildi. Öncə atası şahzadənin gözlərinə mil çəkilməsini istədi. Sonra kor şahzadəni Bursaya apardılar. Qəzəbini yenə bilməyən Sultan Murad burda şahzadənin boğulması əmrini verdi. Eyni cəzanı Bizans imperatoru asi oğlu Andranikə tətbiq etdi.
Savcı bəy dramı romantik dastana çevrildi. Xalq ozanları uzun illər boyu Savcı bəy üçün ağılar dedilər. Sultan Muradın talesiz oğlu haqqında Avropada romanlar belə yazıldı və 14 yaşlı şahzadə uzun illər şer və dastanlarda yaşadı.
İkinci Qaraman savaşı
Oğlunun faciəsindən sonra Sultan Murad yenidən paytaxtı Bursaya köçürdü. Burda dövlət işləri ilə məşğul olan Sultan 5 il müddətində səfərə çıxmadı. Artıq 50 yaşa çatmışdı. Oğlunun faciəsi isə təbii ki, onu sarsıtmış və yormuşdu. Lakin Sultanın dəli qəzəbi hələ ki, sönməmişdi. Bursada oturaraq Anadoluda torpaqlarını genişləndirməyə davam edirdi. Oğlu Bəyazidi Germiyanoğulları bəyinin qızı ilə evləndirib bu bəyliyin torpaqlarını demək olar ki, öz imperiyasına qatdı. Bundan başqa Sultan babasının və atasının vəsiyyətinə uyğun olaraq Anadoluda torpaqlarını genişləndirmək üçün hərbi gücdən çəkindi. Daha çox diplomatik danışıqlarla bir sıra bəylikləri özünə tabe etdi. Bir çox şəhərləri isə pulla aldı.
Sultan Murad Bursada otursa da, axınçı bəyləri Balkanlarda fəthləri davam etdirdilər. Axınçılar Makedoniyanı, Qərbi Trakiyanı, Albaniyanı fəth edə bildilər. Anadoludan gətirilən türkmən köçləri ilə Balkanların türkləşməsi prosesinə start verildi.
Sultan Muradın Anadolu bəyliklərini bir-birinin ardınca silahsız fəth etməsi Qaraman bəyi Alaəddini ciddi narahat etməyə başladı.
Artıq Osmanlıların sərhədləri şərqə doğru xeyli irəliləmiş və Qaraman bəyliyi faktiki olaraq mühasirəyə alınmışdı. Alaəddin bəy bu duruma dözə bilməyib 1381-ci ildə Osmanlı sərhədini keçərək Bəyşəhrə hücum etdi. Qaramanoğullarının yenidən yuvalarından çıxmaları 60 yaşlı Sultanı narahat etdi. Sultan ordu toplayıb Konyaya doğru irəlilədi. Osmanlı və Qavramanlı orduları Konya önündə qarşılaşdılar. Qaraman bəyi məğlub olub qalaya sığındı.
Murad Konyanı mühasirəyə aldı. Çox keçmədən şəhər fəth edildi.
Qaraman bəyinin arvadı, Sultan Muradın qızı Nəfisə Mələk Xatun atasının ayaqlarına yıxılıb ərinə əfv dilədi. Çox qəribədir ki, qardaşlarını və oğlunu ağır işgəncələrlə öldürən Sultan Murad xanədanın əsas rəqibi hesab olunan yeznəsi Alaəddin bəyi ikinci dəfə bağışlayıb Bursaya döndü. Bəlkə də Sultan oğlunun faciəsindən çox əzab çəkirdi deyə bir daha qohum qanı tökmək istəmədi. Amma əsas səbəb şübhəsiz ki, Avropada fəthləri davam etdirə bilmək üçün Anadoluda asayişin təmin olunmasıydı.
Sultan Muradın şəxsiyyəti
I Sultan Murad Osmanlı xanədanını imperiyaya çevirən dövlət adamıdır. O, 27 illik səltənəti boyunca Anadolu və Balkanlarda 37 önəmli müharibəyə girmiş, hamısından qalib çıxmışdı.
Xarici görkəmini anladanlar onun orta boylu, uzun boyunlu, sarışın, seyrəkdişli, şahin baxışlı olduğunu qeyd edirlər. Hər bir savaşdan öncə İsgəndər kimi ordunun qarşısında çıxış edir və əsgərlərinə ruh yüksəkliyi verirmiş.
Sultan Murad çox ziddiyyətli bir şəxsiyyətə sahibdi. Həm həddindən artıq dindar, xeyirxah və ədalətli hökmdardı, həm də hakimiyyətinə qarşı çıxdıqlarına görə iki qardaşını və 14 yaşlı oğlunu öldürmüş bir despotdur. O, bütün ömrünü demək olar ki, səfərlərdə, at üstündə keçirmişdi. Eyş-işrətə aludə deyildi. Ən çox sevdiyi əyləncə ovdu. Buna görə də zərif ov itləri saxlayar, onlara qızıldan halqalar taxardı.
Böyük islahatlar aparmışdı, adına pul basılan ilk Osmanlı hökmlarıdır. Yeniçəri institutu onun zamanında çox inkişaf etdirilmiş, yeniçəri süvariləri yaradılmışdı. Osmanlı dövlət qurumlarının bir çoxunun əsası onun zamanında qoyulmuşdu.
Anadolunun fəthində böyük rol oynayan torpaq islahatı da onun dönəmində həyata keçirilmişdi. Fəth etdiyi torpaqlarda lüzumsuz qan axıtmaz, ədaləti ilə hər kəsin könlünə girərdi. Fəth etdiyi ölkələrdə asayişin olması onun üçün hər şeydən vacib idi. Fəth etdiyi hər bir yerdə məscidlər tikdirir və dinin xurafata çevrilməsinə imkan vermirdi.
Savaşda ölən tək Osmanlı sultanıdır. Öldüyü zaman 63 yaşındaydı. Atası Orxandan 95. 000 kvadrat kilometr torpaq qalmışdı, o, ərazini 500. 000 kvadrat kilometrə çatdıraraq oğlu Bəyazidə həvalə etmişdi. Avropalılar ona «kübar cəngavər» deyirmişlər.
Azər QARAMANLI