Güllələnən azərbaycanlı qadın tərcüməçi

Güllələnən azərbaycanlı qadın tərcüməçi
20 dekabr 2014
# 17:00

Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq, jurnalist və ictimai xadim kimi tanınan Mədinə xanım Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. Maarifpərvər Vəkilovlar nəslində, Mehdi ağa Vəkilovun ailəsində doğulan Mədinə xanım ilk təhsilini valideynlərindən alıb. O, sonralar Tiflisdəki məşhur “Müqəddəs Nina” pedaqoji məktəbini bitirmişdi. Öz ətrafına qadınları toplamaq, onlara təhsil vermək məqsədlə 1905-ci ildə birillik pedaqoji kursu bitirərək müəllimlik şəhadətnaməsi almışdı.

Mədinə xanım təhsilini başa vurduqdan sonra Salahlı kəndinə qayıdaraq yaşadığı evdə ilk kənd qız məktəbini açmaq qərarına gəlib. Tarixçi İ.Umudlu yazır: «Ancaq onlarca mollası, sofusu və əfəndisi olan bir kənddə qızların məktəbə getməsi fikri yaxşı qarşılanmamışdı. Belə olduqda Mədinə xanım işə qohum ailələrdən başlamışdı. Bu yolla yavaş-yavaş uşaqların sayı artaraq 30 nəfərə çatmışdı. Beləliklə, 1906-cı ilin yanvarında Salahlıda kənd yerində ibtidai qız məktəbi fəaliyyətə başlamışdı. Məktəbdə türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı əmək və nəğmə dərsləri də keçirilirdi. Türk dilini Əhməd ağa Gülməmmədov, təbiətşünaslığı-təhsilli meşəbəyi olan atası Mehdi ağa, qalan fənləri isə özü keçirdi. Məktəb tez bir zamanda qəzada məşhurlaşıb özünü təsdiq etdirdi. 1906-cı il oktyabrın 15-də bu təhsil ocağı qəza maarif idarəsi tərəfindən rəsmiləşdirildi. Mədinə xanım Salahlı qız məktəbinin müdiri və müəlliməsi təyin edildi».

Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışan Mədinə xanım Qazax və Gədəbəy bölgələrində məktəblərin təşkilinə də nail olmuş, Salahlı kəndində ilk rus qız məktəbinin yaradıcısı kimi adını ilklər sırasına yazmışdır. Maarifçilik fəaliyyəti ilə məşhurlaşan gənc pedaqoq bir müddət (1918-ci ilədək) Qazax qəzası kənd məktəblərinin inspektoru vəzifəsində işləmişdi.

Bu illərdə Mədinə xanım 20 yaşında ailə qurub Dağ Kəsəmən kəndinə köçmüşdü. İki qızı, bir oğlu vardı.

1917-ci ildə həyat yoldaşı Şəhriyar bəy vərəm xəstəliyindən vəfat edir.

Mədinə xanımın sonrakı həyatı Bakı ilə bağlı olmuşdur. 1919-cu ildə paytaxta köçəndən sonra pedaqoji işini dayandırmamışdı.

“Qohumu Gövhər xanım Usubova (general İbrahim bəy Usubovun xanımı) ilə əl-ələ verərək paytaxtın mədəni həyatına qoşuldu. Gövhər xanım yaşadığı Nikolayevsk küçəsi-5 ünvanda türklər üçün savad kursu açmışdı. Bura 80 nəfərə yaxın qadın-qız cəlb olunmuşdu. Hüseyn Cavid, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə Əhmədova, Nəimə Qazıyeva bu kursda tədris işində idilər. Mədinə xanım bu təşəbbüsdən nümunə götürərək Armyansk küçəsində (Maksim Qorki) yerləşən mənzilində 1920-ci ilin martında belə bir axşam kursu təşkil etdi. Martın 10-da onun rəsmiləşdirilməsinə nail oldu. Mədinə xanımı 2-ci qadın axşam kursunun müəlliməsi təyin etdilər. Qısa bir müddət ərzində bura savadlanmaq arzusunda olan 20 nəfərə yaxın qadın cəlb edə bilmişdi. Kursda Üzeyir Hacıbəyov, Xədicə xanım Ağayeva, Şəfiqə xanım Əfəndizadə dərs deyirdilər.”

Məktəbin müdiri Mədinə xanım, müavini isə Gövhər Usubova oldu. Darülmüəllimatda qızların təhsili üçün hər cür şərait yaradılmışdı. İkinci mərtəbədə sinif otaqları, üçüncü mərtəbədə qızların yataqxanası, alt mərtəbədə yeməkxana, həkim məntəqəsi, əmək təlimi emalatxanası yerləşirdi. Məktəbin öz geyim forması da vardı.

120 nəfər qızın oxuduğu pedaqoji məktəbə Dağıstandan, Gürcüstandan, Türkmənistandan da qızlar təhsil almağa gəlirdi. İlk buraxılış (16 nəfər) 1925-ci ildə oldu. 1926-cı ildə bu nümunəvi təhsil ocağı darülmüəlliminlə (oğlanlar üçün pedaqoji məktəb) birləşdirildi.

Mədinə xanım sonralar Bakıda 33 saylı orta məktəbdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik edib. "Şərq qadını" jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulub. Ardıcıl olaraq tərcüməçilik fəaliyyətilə məşğul olub. Səməd Vurğun A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən onun tövsiyələrindən faydalanmışdı. M.S.Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanını rus dilinə tərcümə etmişdi.

Mədinə xanım 1936-cı ilin dekabr ayının 8-də saxta ittihamlarla 1747 N-li orderə əsasən həbs edildi və 8 sentyabr 1937-ci ilədək 12 dəfə dindirildi.

1936-cı ilin 10 dekabrında leytenant Platonov və serjant Oqanezov tərəfindən keçirilən dindirilmədən:

Sual: İstintaq müəyyən edir ki, siz qeyri-leqal əksinqilabçı müsavatçı təşkilatının üzvüsünüz. Bunu boynunuza alırsınız?

Cavab: Yox, boynuma almıram.

Sual: Siz şəxsən müsavatçılardan kimi tanıyırsınız?

Cavab: Müsavatçılardan aşağıdakıları tanıyıram: Vəkilov Rəhim - dayım oğlu, Müsavat parlamenti üzvü idi. Əksinqilabçı müsavatçı fəaliyyətinə görə sürgündə idi, 1934-cü ildə Solovki konslagerindən qayıdandan sonra özünü öldürdü; Vəkilov İsfəndiyar - atamın əmisi oğlu, Solovki konslagerində sürgündə idi, 1936-cı ilin noyabrında qayıdıb; Vəkilov Zəkəriyyə - dayımdır. Konslagerdə idi, sürgündən 1936-cı ildə qayıdıb; Vəkilov (Baharlı) Məmməd Həsən, sürgündə idi; Rəhimov Əbdülhəsən - müəllimdir.

Fevralın 8-də keçirilən yeddinci dindirmədən:

Sual: İstintaq müəyyən edib ki, siz həbs olunduğunuz günədək əksinqilabçı mövqedə olaraq sovet hakimiyyəti əleyhinə mübarizə edirdiniz.

Cavab: Bunu rədd edirəm.

Sual: Sizi müsavatçılarla nə bağlayırdı?

Cavab: Bizim bir millətçi nəzərimiz, qohumluğumuz və bu adamların mədəniyyəti...

1937-ci il sentyabrın 8-də Mədinə xanım axırıncı on ikinci dindirilmə zamanı müstəntiqin: “İzah edin görək, Azərbaycan əksinqilabi millətçi təşkilatla sizin əksinqilabi əlaqəniz konkret olaraq nədən ibarət idi?” sualına yenə də rədd cavabı verib.

1937-ci il sentyabrın 23-də tərtib olunmuş ittihamnamədə aşağıdakılar yazılmışdı: “Azərbaycanda sovet hakimiyyəti hələ bərqərar olmamışdan əvvəl Mədinə Qiyasbəyli “Müsavat” partiyasının fəal üzvü olub, M.Ə.Rəsulzadə və partiyanın başqa görkəmli başçıları ilə sıx əlaqəsi var idi. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Qiyasbəyli yenə də müsavatçı mövqeyində qalıb, Bakıda olan qeyri-leqal əksinqilabi təşkilatlara daxil idi və Baharlı Məmməd Həsən, Vəkilov Rəhim və başqaları tərəfindən rəhbərlik edilən qeyri-leqal mərkəzlə əlaqə saxlayırdı. Həmin təşkilatın 1927-ci ildə ləğv olunmasından sonra Mədinə Qiyasbəyli öz ətrafına əksinqilabi ruhda gəncləri toplayırdı. 1930-33-cü illərdə Qiyasbəyli İranda olan müsavatçılarla qeyri-leqal əlaqə saxlayırdı. Həbs olunana kimi Qiyasbəyli Mədinə xanım sovet hökuməti ilə mübarizə mövqeyində qalıb, əksinqilabi-millətçi təşkilatın üzvləri Ruhulla Axundov, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxlayırdı. Göstərilənlərə əsasən Qiyasbəyli Mədinə xanım Mehdi qızı, 1889-cu ildə bəy ailəsində doğulmuş, dul, Tibb İnstitutunun müəlliməsi, Azərbaycan SSR CM 72 və 73-cü maddələri ilə təqsirləndirilir. 13506 N-li istintaq bitmiş hesab edilsin, iş Azərbaycan XDİK nəzdində olan Xüsusi üçlüyə verilsin”.

Azərbaycan SSR XDİK nəzdindəki üçlüyün 1937-ci il sentyabrın 26-da keçirilən iclasının protokolundan çıxarışdan:

Eşidildi: Azərbaycan SSR CM-in 72 və 73-cü maddələri ilə təqsirkar sayılan Qiyasbəyli Mədinə Mehdi qızının 13506 N-li cinayət işi.

Qərara alındı: Qiyasbəyli Mədinə Mehdi qızının əmlakı müsadirə edilsin, güllələnsin.

13506 N-li cinayət işinin 202-ci vərəqəsindəki aktdan çıxarış:

“Azərbaycan SSR XDİK Xüsusi üçlüyün 1937-ci il 26 sentyabr tarixli, 45 yaşında olan Qiyasbəyli Mədinə Mehdi qızının güllələnməsi haqda qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 01.25-də yerinə yetirilmişdir. Baş leytenant Suxanov”.

Mənbə:

S.Gəncəli, Hər sətirdə bir tarix . 1994.

A.Şahverdiyev, Azərbaycan mətbuatı tarixi. 2006

Z.Bünyadov, Qırmızı terror.

# 5118 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #