Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov
18 noyabr 2024
# 13:05

Kulis.az Əlibala Əhmədovun Rauf Raya həsr etdiyini yazını təqdim edir.

Hər şeyi xatırlayıram, hamısını. Soyuq, küləkli payız, qış gecələrində Yasamalın dik küçələrində dayanıb səni gözləməyimi. Üzü yuxarı qalxan adamların içindən birdən uca boyun görünürdü – iri cüssən, asta-asta yerişin. Ürəyim sevinməyə başlayırdı – saatlarla küçə-küçə dolaşırdıq, hər şeydən danışırdıq əllərimzi cibimizə salıb, titrəyə-titrəyə.

Gur səsini xatırlayıram – səsinin qüvvətində gizlənən qayğıkeşliyi, nəvazişi. Bir misramı oxuyub bəyənəndə əlini alnına çırpmağını, "Nə etmisən, qardaş?" deməyini. Öz yazdığım şeiri mənə özümdən daha yaxşı izah etməyini. Özünü yalandan inancsız adlandırıb hansı gecədə görüşsək İsadan, Məhəmmədən danışmağını.

- Olmaz olsun sənin tək inancsız....

Gülürdün...

Sənə həqiqət tək baxırdım. Yaşadığın heç nəyi balaca, ötəri yaşamamışdın, yaşadığın hər şeyin ağrısını-acısını, sevincini-şirinliyini bütöv duyurdun.

Bizlər bir şeirin, bir misranın sadəcə havasına bayılanda sən bircə misra, bircə detala ilişirdin, sonra açırdın, dayanmadan açırdın, izah edirdin o detalı, axırda anlayırdıq ki, sən danışmazdan əvvəl biz heç nə başa düşməmişik....

Sığınacaq tək baxırdım sənə. Nədənsə iyrənəndə, bezəndə düşünürdüm ki, sən varsan – düşünürdüm gəlib sənə danışacam hər şeyi, yenə bir küncdə, bir kiçik otaqda əyləşəcəyik, siqaret çəkəcəyik, Allahdan, imandan, həyatdan – xalislikdən danışacağıq və sonda yenə sevinəcəyik bu dünyada dost tək bir-birimizi tapdığımız üçün.

Sən bizim hamımızın yarımçıqlığını tamamlayan bir kamillik idin – həyatınla, sözlərinlə, gülüşünlə, duyumunla....

Bir həftə əvvəl görüşəndə sənə Berqmanın "Yeddinci möhür" filmi haqqında sual verdim. Ölümün heç kəsə rəhm etmədiyindən bəhs etdiyini danışdım. Gördüyünü dedin, o filmdən çox şəkillər gördüyünü.

Nə sən, nə mən bilirdik məhz həmin ölümün tezcənə səninlə görüşə gələcəyini....

Aramızda ən tez sən getdin – belə də olmalıydı, səndən başqa hansımızın cəsarəti çatardı buna?.. Səndən çox hansımız bacara bilərdik imtina etməyi? Həmişə bir şairdə, bir adamda ən əsas şeyin imtina edə bilmək bacarığı olduğunu deyirdin....

Sevirdin ətrafındakı dostlarını qorumağı. Sevirdin özünün hamımızdan daha istedadlı olduğunu unutdurmağı...

Qovuşmusanmı öz əllərinlə həyətinizdəki divara rəsmini çəkdiyin Van Qoqla, Tolstoyla?.. Dostoyevski ilə çəkdiyin əzablar haqqında danışırsanmı?..

...Qəbrini doldururlar. Qarşımdakı qırmızı itburnu dənələrinə baxıram. Soyuqdur. Həzin-həzin yağış yağır. Qardaşına, atana baxıram. Sənə nə qədər çox oxşadıqlarını düşünürəm. Ruhuna dua edirəm... İndi bütün bu küçələr, səkilər, bu işıqlar, dəhlizlər – bütün bunlar sənin imtina etdiyin, daha görmək, duymaq istəmədiyin şeylərdir.

Canını qurtarmısan bu fani həyatın ağrısından....

Ruhun şad olsun!

Əlvida, Rauf! Əlvida, əsl dost, əsl insan, əsl şəxsiyyət, əsl sənətkar!

Sən olmayan dünyada yaşamaq adama ayıb gəlir.

# 251 dəfə oxunub

Oxşar xəbərlər

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

12:00 6 noyabr 2024
Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

Bağırovun saxta pulla aldığı məşhur romanımız - O, qızıllarını niyə erməni qızına bağışlamışdı?

09:00 6 noyabr 2024
# # #